Separatçılar Xankəndidən QOVULUR
Paşinyan Araiki qurban verərək, rəsmi Bakıya mesaj göndərir
ELÇİN XALİDBƏYLİ
/Siyasi ekspert/
Nikol Paşinyan həm üçtərəfli anlaşmaların icrasına başladığını göstərməkdə, həm də ona xəyanət edən Araik Arutyunyanı səhnədən çıxartmaqda maraqlıdır; Xankəndi və ətraf bölgədə Azərbaycanın suveren hüquqlarının bərpası, ölkə qanunvericiliyinə uyğun şəkildə Bakıdakı mərkəzi hakimiyyətə tabe olan yerli idarəetmə orqanlarının formalaşdırılması qaçılmazdır...
Ermənistanda keçirilmiş növbədənkənar parlament seçkilərinin ilkin nəticələri artıq müşahidə olunmağa başlayıb. Artıq Ermənistan cəmiyyətinin revanşizm əhval-ruhiyyəsindən uzaqlaşmaqda olduğu şübhə doğurmur. Bu baxımdan, “müharibə partiyası”nın seçkilərdə əzici məğlubiyyətlə üzləşməsi o qədər də təəccüblü deyil.
Belə anlaşılır ki, ermənilər “Böyük Ermənistan” sərsəmləməsindən imtina etməyə başlayıblar. Bunun “boş və mənasız xəyal” olaraq, qalacağını qəbul edirlər. Dağlıq Qarabağın Azərbaycanın ərazisi olacağı ilə də barışmaq üzrədirlər. Və hətta Ermənistan cəmiyyəti üçün Qarabağ mövzusunun artıq ön planda olmadığını da iddia etmək mükündür.
Məsələ ondadır ki, Ermənistan cəmiyyətinin aparıcı qüvvələri Qarabağ mövzusunun artıq qapandığını anlayırlar. Bu reallığı Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan seçki dövründə açıq mətnlə ermənilərə anlatmağa çalışırdı: “Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır. Xoşumuza gəlməsə də reallıq budur. Ermənistanı Azərbaycanla sülh sazişi imzalamağa məcbur edəcəklər. Hər şey bitib”.
Göründüyü kimi, Ermənistanın ən təcrübəli siyasətçisi geopolitik proseslərə proqmatik yanaşma qabiliyyətini hələ də qoruyub, saxlayır. Bu, əslində, Ermənistanın bütün siyasi qüvvələrinə örnək olmalıdır. Çünki Ermənistanın həm mövcudluğu, həm də inkişaf şansları hazırda məhz gələcək hədəflərin proqmatik yanaşma ilə müəyyənləşdirmə qabiliyyətindən keçir.
Əslində, Rusiya və prezident Vladimir Putin də bu məsələdə Ermənistana dəfələrlə yardım etməyə çalışıb. Prezident V.Putinin 44 günlük savaşı sona çatdıran 10 noyabr anlaşmasının imzalanmasından dərhal sonra dilə gətirdiyi “Dağlıq Qarabağ beynəlxalq hüquqa görə, Azərbaycan ərazisidir” mesajı Ermənistan üçün müəyyən mənada, “yol xəritəsi” də sayıla bilər. Və Ermənistan öz gələcək taleyini məhz bu “yol xəritəsi”nə uyğun planlamaq məcburiyyətindədir.
Əks halda, Ermənistan üçün Cənubi Qafqaz regionunda tamamilə fərqli “yol xəritəsi” də hazırlana bilər. Amma belə olacağı təqdirdə, həmin “yol xəritəsi” Ermənistanın mövqeyi nəzərə alınmadan hazırlanaraq, reallaşdırılmış olacaq. Və bu, Ermənistanın mövcudluğunun riskə atılmasına bərabər olardı.
Təbii ki, rəsmi İrəvan bu riskləri anlamamış deyil. Hər halda, Ermənistan baş naziri Nikol Paşinyanın seçki qələbəsindən dərhal sonra “Bütün anlaşmalar icra olunacaq” açıqlaması ilə çıxış etməsi qətiyyən təsadüfi deyil. Erməni baş nazir bu açıqlama ilə Azərbaycan və Rusiyaya mesaj verməyə çalışır. Demək istəyir ki, Ermənistana əlavə təzyiq göstərməyə ehtiyac yoxdur, bütün tələblər yerinə yetiriləcək.
Onu da qeyd edək ki, üçtərəfli anlaşmaların əsas tələbləri sırasında Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarətində olan Xankəndi və ətraf bölgədən darmadağın edilmiş Ermənistan ordusunun tör-töküntüləri çıxarılmalıdır. Eyni zamanda, həmin bölgədə erməni separatizmi sona çatdırılmalıdır. Bölgənin erməni əhalisi Azərbaycan cəmiyyətinə inteqrasiya olunmalıdır. Və sərhədlərin demarkasiya prosesi sürətlə başa çatdırılmalıdır.
Azərbaycanın Ermənistanla sülh sazişi imzalaması və nəqliyyat-kommunikasiya xətlərini açması ilk növbədə bu şərtlərin yerinə yetirilməsinə bağlıdır. Əgər, bütün bunlar baş verməzsə, rəsmi Bakı sülh sazişini imzalamaz, Ermənistanın blokada vəziyyətindən çıxmasına da imkan verməz. Nəticədə Ermənistan iqtisadiyyatının çöküşü bərpa edilməsi mümkünsüz həddə çata və sosial-siyasi böhran daha da dərinləşərək, daxili xaos təhlükəsi yarada bilər.
Maraqlıdır ki, bütün bunların ilkin əlamətləri artıq Xankəndi və ərtaf bölgədə müşahidə edilməyə başlayıb. Belə ki, Xankəndi əhalisi separatçıların rəhbəri Araik Arutyunyanın “istefa”sını tələb edirlər. Bunun bir neçə səbəbinin ola biləcəyi qətiyyən istisna deyil.
Birinci səbəb odur ki, Xankəndi əhalisinin sosial-iqtisadi problemləri hər ötən gün dərinləşir. Həmin bölgədə sosial-iqtisadi problemlərin həlli Rusiya sülhməramlı qüvvələrinə aid məsələ deyil. Onların missiyası bölgədə atəşkəsi və təhlükəsizliyi təmin etməklə məhdudlaşır. Yəni, Rusiya bölgədəki ermənilərin maliyyə-iqtisadi və sosial problemlərinin həllinə qarışa bilməz.
Ermənistan da bu məsələyə müdaxilə hüquqlarına sahib deyil. Azərbaycan öz ərazisində Ermənistanın sosial-iqtisadi və maliyyə fəaliyyəti göstərməsinə imkan verməz. Üstəlik, Ermənistan belə ağır yükün altına girə biləcək maliyyə-iqtisadi resurslara da malik deyil. İndi rəsmi İrəvanı Ermənistanın özünün analoji problemləri daha çox düşündürür.
Nəticədə bütün problemlərin həlli formal olaraq, Araik Arutyunyanın separatçılarının üzərində qalmış kimi görünür. Halbuki savaşdan öncəki vəziyyətdən fərqli olaraq, separatçılar belə problemlərin öhdəsindən gələ bilməzlər. Çünki Ermənistanın yardımı artıq mümkün deyil.
Deməli, separatçılar Xankəndində artıq lazımsız olduqlarından səhnəni tərk etməlidirlər. Rəsmi Bakının əsas tələblərindən biri də məhz budur. Separatçılar bölgəni tərk etdikdən sonra Xankəndi və ətraf bölgənin erməni əhalisinin Azərbaycan cəmiyyətinə inteqrasiyası başlaya bilər. Yəni yalnız onların Azərbaycan pasportları alaraq, vətəndaşlığı qəbul etməsindən dərhal sonra rəsmi Bakının bölgəyə maliyyə-iqtisadi müdaxiləsi mümkün olacaq.
Əlbəttə, Xankəndidə keçirilən mintinqlərin arxasında Qarabağ klanının da ola biləcəyini düşünmək olar. Ancaq seçkini böyük fərqlə uduzmuş Qarabağ klanının bundan necə faydalana biləcəyi də kifayət qədər şübhəli məsələdir. Çünki Ermənistan cəmiyyəti Qarabağ klanından üz çevirməklə yanaşı, Xankəndində baş verənlərə də laqeyiddir.
Digər variant isə seçkidən sonra “Bütün anlaşmalar icra olunacaq” deyən baş nazir N.Paşinyanın səhnəarxası təlimatı da ola bilər. Hər halda, Xankəndidə mitinqlərin Ermənistandakı seçkilərdən dərhal sonraya təsadüf etməsi müəyyən şübhələr yaradır. Üstəlik, bu mitinqlərin əvvəlcədən hazırlanmış proses olduğu da qətiyyən diqqətdən yayınmır.
Böyük ehtimalla erməni baş nazir bununla Azərbaycan və Rusiya anlaşmaların icrasına başladığını sübut etməyə çalışır. Eyni zamanda, baş nazir N.Paşinyan bu yolla qurban verdiyi Araik Arutyunyanı həm də cəzalandırmaq istəyir. Çünki seçkidən əvvəl A.Arutyunyan bir neçə dəfə Rusiyaya səfər edərək, gizli danışıqlar aparmağa cəhd etməsi barədə məlumatlar var. Bu baxımdan, N.Paşinyanın həm üçtərəfli anlaşmaların icrasına başladığını göstərməkdə, həm də xəyanət etdiyini düşündüyü A.Arutyunyanı səhnədən çıxartmaqda maraqlı ola biləcəyi qətiyyən istisna deyil.
Bütün bunları nəzərə aldıqda, istənilən halda, üçtərəfli anlaşmaların icrası prosesinin başlandığını düşünmək üçün müəyyən əsaslar olmamış deyil. Belə anlaşılır ki, tezliklə separatçıların Xankəndidən həmişəlik qovulma ehtimalı tamamilə realdır. Bundan sonrasa, Xankəndi və ətraf bölgədə Azərbaycanın suveren hüquqlarının bərpası, ölkə qanunvericiliyinə uyğun şəkildə Bakıdakı mərkəzi hakimiyyətə tabe olan yerli idarəetmə orqanlarının formalaşdırılması qaçılmaz olacaq.
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”