Hüquqşünaslarımızdan erməni vəkilin iddiasına TUTARLI CAVAB

07:47 01-07-2021 | icon 410 | Siyasət
Hüquqşünaslarımızdan erməni vəkilin iddiasına TUTARLI CAVAB

“Azərbaycanda kifayət qədər tərəfsiz, peşəkar vəkillər var

 

Erməni diversantların “hərbi əsir” kimi azad olunması üçün cəhdlər edən Ermənistan hökuməti indi də diversantları məhkəmədə müdafiə etmək üçün öz vəkillərini Azərbaycana görndərmək üçün təbliğat aparır. Artıq Ermənistan vəkillər palatası bəyanat yayıb ki,  əgər valideynlər müraciət edərsə, erməni vəkillər Azərbaycana səfər edib Bakıda məhkəməsi gedən diversantlara hüquqi yardım göstərə bilər. Erməni vəkillər bunun beynəlxalq konvensiyaya əsasən mümkün olduğunu deyirlər. Ermənilər iddia edirlər ki, Azərbaycanda vəkillər erməni məhbusların müdafiəsinin öhdəsindən gələ bilmir. Erməni vəkillərin Azərbaycana gəlib diversantları müdafiə etməsi Azərbaycan qanunvericiliyi ilə  nə dərəcədə mümkündür. Ümumiyyətlə hər hansı xarici vəkil xarici vətəndaşın müdadiəsi üçün Azərvaycana gəlib prosesdə iştirak edə bilərmi?

 

Versus.Az xəbər verir ki, Azərbaycan hüquqşünasları açıqlamalarında erməni vəkillərinin bəyanatına hüquqi aspektdən qiymət veriblər.

 

 

 

“Erməni vəkillərin Azərbaycan məhkəməsinə müdafiə üçün qoşulması mükün deyil”

 

Hüquqşünas Səməd Vəkilov bildirib ki, Azərbaycan Respublikasının Cinayət qanunverciliyinə əsasən Cinayət işində müdafiəçi qismində yalnız Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri iştirak edə bilər:

 

“Vəkillər və vəkillik fəaliyyəti haqqında qanuna görə, Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü ola bilər.

Odur ki, erməni vəkillərin Azərbaycan məhkəməsinə müdafiə üçün qoşulması mükün deyil”.

 

 

 

 

“Ermənilərin bu bəyanatı papulizmdən başqa bir şey deyil”

 

Azərbaycan Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Aqil Layıc bildirib ki, bir ölkədə xarici vətəndaşın, xarici vəkil tərəfindın müdafiə olunması təcrübəsi nəinki Azərbaycanda, dünyanın heç bir yerində yoxdur, bu mümkün də deyil:

 

“Azərbaycanla Ermənistan arasında vəkillik statusunun tanınmasına dair heç bir razılaşma yoxdur. Necə ki, Azərbaycan vəkilləri gedib Ermənistanda hər hansı müdafiə işi ilə məşğul ola bilmir, erməni vəkilləri də bura gələ bilməz. Xatırlayırsızsa, Azərbaycan vəkilləri Ermənistanda Dilqəmlə, Şahbazın məhkəmə prosesində iştirak etməmişdi. Bu, qanunla mümkün olmadığı üçün Azərbaycan tərəfi müdafiənin təşkili ilə bağlı heç cəhd də etmədi. Çünki Azərbaycan qanunlara hörmət edən bir dövlətdir. Ermənilərin bu bəyanatı isə papulizmdən başqa bir şey deyil. Qanun erməni vəkillərin Azərbaycan məhkəməsinə gəlib müdafiədə iştirak etməsinə imkan vermir. Nəinki Azərbaycan, heç Gürcüstana, hətta yaxın münasibətdə olduqları Rusiyaya da getmək imkanları yoxdur. Bir sözlə, cinayət işində təqsirli bilinən erməni məhkumlar yalnız Azərbaycan Vəkillər Kollegiyasının üzvləri olan vəkillər tərəfindən müdafiə oluna bilər. Hətta Avropa Birliyində belə bir ölkədə lisenziyası olan vəkil digər ölkədə vəkillik edə bilməz. Hər bir ölkənin özlərinə uyğun sertifikasiyası olur”.

 

Hüquqşünas hesab edir ki, diversantların məhkəmə prosesi mətbuata tam açıq və şəffaf keçirildiyi üçün ermənilər ancaq müşahidəçi qismində iştirak edə bilərlər. Bunun üçün isə müəyyən şərtlər ödənməlidir.

 

 

 

 

“Bu bəyanat ermənilərin növbəti şou istiqamətində olan fəaliyyətdir”

 

Hüquqşünas Əliməmməd Nuriyev bildirib ki, digər ölkələrin Vəkillər Kollegiyasının üzvlərinin Azərbaycanda müdafiəni həyata keçirməsi üçün qanunvericilikdə hər hansı bir norma yoxdur. Ermənistan Vəkillər Kollegiyasının üzvlərinin bu bəyanatı yalnız populizm xarakteri daşıyır və heç bir əsasa söykənmir:

 

“Ermənistanda Vəkillər Kollegiyasının sədri siyasətlə məşğuldur və baş nazir Paşinyan hökumətinə qarşı açıq şəkildə siyasi bəyanatlar verməklə yadda qalıb. Müharibə dövründə də onun insan hüquqlarını qoruyan bir şəxs yox, təcavüzə, müharibə cinayətlərinə haqq qazandıran bir şəxs olduğunu müşahidə etdik. Ona görə də belə bir şəxsin rəhbərliyi altında olan kollegiyada insan hüquq azadlıqlarının qorunması ilə bağlı verilən bəyanat növbəti şou istiqamətində olan fəaliyyətdir. Bunu ciddi bir yanaşma hesab etmirəm. Hesab edirəm bu siyasi şoudan başqa bir şey deyil”.

 

Ə.Nuriyev bildirib ki, Azərbaycan Vəkillər Kollegiyasının üzvləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada təqsirləndirlən şəxslərin hüquqlarını yetərli qədər müdafiə edirlər:

 

“Azərbaycanda erməni diversantlarına, terrorçularına qarşı aparılan məhkəmə prosesi çox şəffaf, çox açıq keçir. Hər gün o prosesi izləmək imkanımız olur. Orda iştirak edən vəkillərin də öz müvəkkillərinin hüquqlarının qorunmasını yüksək şəkildə həyata keçirdiyini görürük. Vəkillərimiz öz vəzifələrini Avropa İnsan Haqları konvensiyasına uyğun olaraq həyata keçirirlər. Bu prosesdə siyasi müdaxiləyə ehtiyac yoxdur. Burda şəxslər müəyyən cinayət əməllərinə görə təqsirləndirilib və onların əməlləri məhkəmədə qiymətləndiriləcək. Proses açıqdır və iştirakla bağlı heç bir maneə yoxdur, lakin Covid 19-la bağlı insan sayında məhdudiyyət var. Ermənilərin müşahidəçi qismində Azərbaycana gəlməsinə gəlincə, bu, texniki məsələdir. Azərbaycanla Ermənistan arasında diplomatik əlaqələr yoxdur. Ermənistan Azərbycanın ərazi bütövlüyünü tanımır. Ermənilər Azərbaycana yalnız müəyyən qaydalara riayət etməklə gələ bilər”.

 

 

 

 

“Kənardan gələn vəkil prosesdə rəsmi təmsilçi ola bilməz”

 

Hüquqşünas Ələsgər Məmmədli bildirib ki, Azərbaycan qanunvericiliyində “Vəkil, vəkillər və vəkillik haqqında” qanunun 4-cü maddəsi deyir ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlüyünə qəbul olunan və vəkil statusunda tanınan şəxs vəkillik fəaliyyətini həyata keçirə bilər. Bu o deməkdir ki, şəxsin seçəcəyi vəkil Azərbaycan Vəkillər Kollegiyasının üzvü olmalıdır və kənardan gələn vəkil onu prosesdə rəsmi şəkildə təmsil edə bilməz:

 

“Müdafiə hüququ Konstitusiya və konfidensial hüquqdur. Hər kəsin hüquqi müdafiəsini təmin etməsi üçün istədiyi, seçdiyi vəkilə müraciət etmək hüququ var. Bu həm Azərbaycan Konstitusiyasında, Avropa İnsan Haqları Konvensiyasında, həm də Vəkillik Haqqında Qanunda yazılıb. Məsələyə bu aspektdən baxsaq, şəxs öz müdafiəsi üçün vəkil seçə bilər. Amma önəmli olan məsələ vəkilin kim olmasıdır. Beynəlxalq müstəvidə  fərqli təcrübələr var. Xatırlayırsızsa, Ramil Səfərov Macarıstanda mühakimə olunanda Azərbaycandan Adil İsmayılov onun vəkili idi və o prosesə gedirdi. Əlbəttə Ramil Səfərovun vəkili var idi, Adil İsmayılov sadəcə köməkçi funksiyanı yerinə yetirirdi. Azərbaycan reallığında bundan öncə “Lapşin prosesi” var idi. Lapşin hadisəsində də Rusiyadan hansısa vəkil prosesə qatılmaq istəmişdi, prosesdə iştirak etmişdi. Amma söhbət rəsmi iştirakçılıqdan yox, daha çox qeyri-rəsmi hüquqi yardımdan getdi”.

 

Hüquqşünas bildirib ki, Azərbaycanın indiki qanunvericiliyi  Ermənistandan gələcək hər hansı bir vəkilin prosesdə təkbaşına kimisə müdafiə etmsinə imkan vermir:

 

“Çünki onlar Azərbaycanda Vəkillər Kollegiyasının üzvü deyil.  Azərbaycanda ancaq Vəkillər Kollegiyasının üzvləri bu hüquqa sahibdirlər. Hətta digər yerli hüquqşünaslar da bunu edə bilmir. İndiki halda Ermənistan iddia edə bilər ki, vətəndaşlarının yaxşı müdafisəni qurmaq üçün kənardan vəkil gəlməlidir. Amma hüquq müdafisəində şəxsin milliyyəti vacib deyil, önəmli olan peşəkar olmasıdır.  Azərbaycanda kifayət qədər tərəfsuz, peşəkar vəkillər var.   Azərbaycanda milliyəti  yəhudi, rus olan Azərbaycan vətəndaşı vəkillərimiz də var. Əgər ermənilər azərbaycanlılara çox güvənmirsə, qeyri-türk Azərbaycan vətəndaşı olan vəkillərdən də tuta bilər. Digər tərəfdən, Azərbaycanda əgər şəxs özünə vəkil tuta bilmirsə, dövlət hesabına vəkil tuta bilir. Bu da dövlətin hüquqi öhtəliyidir. Məsələyə bu aspektdən yanaşsaq, əgər özlərinə vəkil tuta bilmirlərsə, məhkumlar dövlət hesabına pulsuz vəkillə təmin ediləcəklər. Burda da hüquqi baxımdan bir boşluq görmürəm”. /“Həftə içi”/

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

"Azərbaycan özü diqtə edən dövlətdir indi"

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsinə BAŞLANILDI

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

"Beynəlxalq ictimaiyyətin Azərbaycana qarşı təzyiqləri yersiz və ikili standartdır"

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?