Versus.az xəbər verir ki, bu və ya digər məsələlərlə bağlı müsahibə verən istefada olan general-leytenant, hərbi ekspert Yaşar Aydəmirov maraqlı nüanslara diqqət çəkib.
- Yaşar müəllim, II Qarabağ müharibəsi təhlil olunarkən Azərbaycan ordusunun qazandığı zəfər, işğaldan azadetmə əməliyyatı dünya üzrə müharibələrin aparılması doktrinasında ciddi dəyişikliklərə rəvac verən hadisə kimi dəyərləndirilir. Bu müharibə Azərbaycan hərbi-siyasi tarixinə hansı yeniliyi gətirdi?
- Hərb tarixini araşdıranlar buna “hərb tarixinin inkişafı” və “sərkərdələrin hərb tarixi” deyirlər. Bu işğaldan azad etmə əməliyyatında birinci növbədə Ali Baş Komandanın sərkərdəlik məharətini qeyd etmək lazımdır. Biz bilirik ki, ordunu idarə edən ancaq zabitlərdir. Bizim ən ali zabitimiz Ali Baş Komandandır. Yəni, zabitlər yaxşı seçiləndə, yaxşı təlimlər keçiləndə yüksək nəticələr əldə eləmək olar.
21-ci əsrdə keçirilən “Dəmir Yumruq” əməliyyatı çox dövlətlər üçün gözlənilməz oldu. Çox dövlətlər müharibə öncəsi fikirləşiridlər ki, Azərbaycan ordu qurur, güclənir və 20-ci əsrin taktikalarından, yəni qarşılıqlı vəziyyətdə artilleriya hazırlığı, artilleriya dəstəyindən istifadə edib düşmən üzərinə tanklarla keçidlər açmaqla ardınca piyada qüvvələrlə hücuma keçməklə hərəkət edəcək. Lakin biz bu hərbi üsuldan kənarlaşdıq. İlk günlər müxtəlif istiqamətlərdə bu üsuldan istifadə edildi. Digər dövlətlər Azərbaycan ordusunun inkişafını diqqətdə saxlayırdılar və ilk müharibə günlərində də Azərbaycanın necə vuruşacağını izləyirdilər. Bu strateji aldatma üsulu idi. İki istiqamətdən - mərkəz və cənubdan klassik, qeyd etdiyimiz hücum planlaşdırıldı. Sonra baxmayaraq ki, orda həmlə taborları çox yüksək səviyyədə iştirak elədi, piyadaların elə bir geniş fəaliyyəti olmadı. Göyün bir neçə qatında Azərbaycan ordusunun müxtəlif təyinatlı, müxtəlif strukturlara daxil olan pilotsuz uçuş aparatları həm kəşfiyyat aparırdı, həm də hədəfi bir neçə saniyə ərzində məhv edirdi. Pilotsuz uçuş aparatları dəqiq atəşə malikdirlər. Hədəfi görüb nişan alan zaman raketin hədəfin kənarına düşməsi mümkün deyildi. Dünyanın elit dövlətlərində belə bir anlayış var. Rus dilində ona “SSO” deyilir - Xüsusi Əməliyyat Qüvvələri. Azərbaycan da o vasitədən istifadə elədi. Ən elit qoşunlar Qarabağın işğaldan azad olunmasına cəlb olundu. Bu, xüsusi təyinatlılardır. Bu, Müdafiə Nazirliyinin, Sərhəd Qoşunlarının, Daxili qoşunların və digər güc strukturlarının tərkibində var. Bu xüsusi təyinatlılar hərtərəfli hazırlıqlıdır. Onlar meşə, dağlıq, yaşayış məntəqələri şəraitində gedən ağır döyüş əməliyyatları aparmaq üçün xüsusi hazırlığa malikdirlər. Fikir verin ki, xüsusi təyinatlılar döyüşlər apararkən, yarım keçidlə Cəbrayıl şəhərini azad etdilər. Cəbrayılın sağ solunda olan yaşayış məntəqələri alınmamışdı. Düşmən üçün onları mühasirəyə almaq şansı yaranmışdı. Amma düşmənin bu imkanı da olmadı. Ermənilər bir istiqamətdə ehtiyyatda olan bir korpusu gətirdilər. Bizim kəşfiyyat vasitələrimiz, həm o pilotsuz uçuş aparatlarında, həm artilleriya bölmələrində, həm o süni peykin müşahidəçi vasitələri sözsüz ki, o cəmləşmələri gördülər. Və ora güclü, raket, artilleriya zərbələri endirildi, o korpus darmadağın edildi. Çoxu da fərarilik edərək Ermənistana qaçdılar. Bundan başqa bizim xüsusi təyinatlıların hazırlığı elə yüksək səviyyədə idi ki, ermənilərin özlərini də heyrətə gətirib, vahiməyə salmışdı. Ermənilər özləri də yazır ki, bizim əsgəri güllə ilə vurub çiynindən yaralasa da, əsgərimiz dayanmayıb. Əsgərin qələbəyə inamı, vətən sevgisi o qədər yüksək səviyyədə olub ki, daim irəli gedirdilər. Ona görə əfsanələr qoşurlar ki, döyüşən Azərbaycan əsgəri deyildi, bu robotlar idi, xaricdən gətirilən kamekadzelər, muzdlular idi. Əlbəttə ki, bütün bunlar hamısı yalandır. Sadəcə Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu çox yüksək səviyyədə bu əməliyyatlara hazırlanmışdı. Sadəcə olaraq o hazırlıqlar açıqlanmırdı, reklam olunmurdu. Müharibə sözsüz ki, ermənilər üçün gözlənilməz oldu. Nəinki ermənilər, həm də iri dövlətlər üçün. Qoşunlarımızda qarşılıqlı əlaqə də çox yüksək səviyyədə idi. Bizim ordunun hər bir bölməsi düşmənin hər bir hərəkətinə nəzarət edirdi. Qonşu dövlətlər üçün bu taktika çox seçilən bir taktika idi. Bir sözlə, qələbənin əsas səbəbi Ali Baş Komandanın qətiyyəti, yüksək rəhbərliyi, yüksək səviyyədə dəqiq silahlardan istifadə olunması, şəxsi heyətin, əsasən də xüsusi təyinatlıların mənəvi, psixoloji-ideoloji hazırlığı, Qarabağı işğaldan azad etmək eşqi, əzmi, vətən sevgisi idi.
- Ali Baş Komandan çıxışlarında Vətən müharibəsi və əldə olunmuş Böyük Qələbəni strateji planlaşdırma və peşəkar komandanlığın vəhdəti nümunəsi kimi qeyd etmişdi. Müharibədən sonrakı mərhələdə keçilən bu təcrübəyə əsasən hansı islahatlar aparılır və Azərbaycan hərbi sistemində nə kimi yeniliklər müşahidə olunur?
- Şübhəsiz ki, bütün dünya orduları hardasa bir döyüşdə, müharibədə iştirak edirsə mütləq onun müsbət və mənfi tərəflərini araşdıran təhlillər aparır. Ən əsası da odur ki, döyüşən ordunun qazandığı təcrübə, yeni taktiki üsullar, manevrlər, aranda, dağda, meşədə silahdan istifadə qaydalarından istifadə olunma, hamısı bir təcrübədir. Müdafiə Nazirliyinin əmrinə əsasən o təcrübələr, döyüşdə olan bütün nəticələr hamısı araşdırılıb raport şəklində təqdim olunub. O ordu ki, inkişafdan dayanır, sönür. Yəni Ali Baş Komandanın “Azərbaycan Ordusu Türkiyə Ordusunun kiçik bir modeli üzərində qurulacaq” fikri də elə-belə səslənməmişdi. Çünki Türkiyə ordusu dünyanın ən elit orduları sırasındadır. NATO dövlətləri arasında ikincidir. Nizam-intizama görə dünyada birincidir. Çox ölkələr təlimlərdə yeni silah sistemlərini tətbiq edərək, gələcəkdə düzgün istifadə eləməsi üçün hazırlayır, sınaqdan keçirir. O ordu ki, gecə-gündüz təlimlərlə məşğul deyil, təcrübəsini itirir. Türkiyə ordusu həddən atrıq güclü olduğu üçün Azərbaycan Ordusu Türk ordusu ilə xeyli birgə təlimlər keçirir. Müasir silahlar daxil edilməklə həm Türkiyə ərazisində, həm də Azərbaycan ərazisində ildə müxtəlif qoşun növləri üzrə keçirilən təlimlərin sayı, keyfiyyəti daha da artırılır.
- Azərbaycan Ordusunun iştirak etdiyi əməliyyat-taktiki təlimlərinin səviyyəsi, əhəmiyyətliliyi barədə nələri söyləmək olar?
- Döyüşdə yaranan çətinlikləri, əmələ gələn sualları həll etmək üçün təlimlər döyüş şəraitinə uyğun qurulmalıdır. Tutaq ki, müəyyən yerlər dağlıqdır, keçilməz qayalıqdır, keçilməz çaylar, meşələr var, müəyyən ərazilər arandır. Təlimlərdə bütün bu şərtlər nəzərə alınır. Bundan başqa qonşular nəzərə alınmalıdır. Erməni həmişə bizə düşmən olacaq. Onlar hansı taktikadan, hansı fənddən istifadə edəcəklər, hansı təxribatlara əl atacaqlar, onlara qarşını almaq üçün o tədbirlər keçirilir. Ən iri təlim də bütün bu məsələləri nəzərə alaraq döyüş atışları ilə keçirilir. Döyüş atışları, döyüş raket buraxılışları ilə keçirilən təlimlər çox bahalı təlimlərdir. Azərbaycanın buna imkanı var. Azərbaycan pilotları bu gün dünyada ən çox uçan pilotlardır. Azərbaycan topçuları ən çox döyüş atışları keçirən topçulardır. Piyadalar və digər qism döyüş növləri də həmçinin. Buna görə də düşmən bizə qarşı hansı ssenari təşkil etmək istəsə onu bacarmayacaq. Çünki Azərbaycan bu məsələləri həll edir. Taktiki hərbi təlimlərdə belə bir anlayış var - döyüş qabiliyyətini təyin edən vəzifələr. Bu tank komandiri, raket qurğusunun buraxılış rəisi, heyət rəisləri, maxelər və gizirlərdir. Bu o deməkdir ki, bunlar profesionallardır. Bu, profesional orduya keçidin əsas amilləridir. Çox dövlətlər buna keçə bilmir. Fransa buna keçə bilmədi, adını çəkmək istəmədiyim digər dövlətlər də keçə bilmədi. Amma Azərbaycan bu istiqamətdə uğurlu addımlar atır.
- Yaşar müəllim, bu gün Azərbaycan Ordusu işğaldan azad olunmuş ərazilərdə necə nizamlanıb, sərhədin müdafiəsi istiqamətində öz işini qura bilir?
- Sərhəddə çıxış var. Sərhəddə çıxışı Müdafiə Nazirliyi qoşunları edir. Orda indi sərhəd zastavaları, digər hərbi birləşmələr yaradılib. Onlar ancaq sərhədi mühafizə edirlər. Ancaq döyüş başlasa, o zastavaları himayə edən hərbi hissələr var. Əgər düşmən sərhədi pozmağa cəhd etsə, Müdafiə Nazirliyinin ərazidə müxtəlif məsafələrdə duran birləşmələri həmin an Sərhəd zastavasının ərazisinə çıxıb o müdafiəni təşkil etməli, aqressiv qüvvələrə kəskin cavab verməlidir ki, sərhədi keçə bilməsin. Müdafiə Nazirliyinin hər bir hərbi hissəsi orda dislokasiya olunub, müdafiədə durub müdafiə etmək tapşırığını alıb. Ona görə də qoşunların bir hissəsi cənubda Araz çayından tutmuş, düz Gürcüstan sərhədinə kimi öz mövqelərindədir.
Ermənilər bu gün sərhədin demorkasiyası, delimitasiyası ilə bağlı müxtəlif təxribatlara əl atırlar. Məqsəd prosesə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını cəlb etməkdir. Lakin heç bir sərhəd problemi yoxdur, Azərbaycan ordusu Ermənistan ərazisinə daxil olmur. Sadəcə sərhədin müəyyənləşdirilməsi məsələləri qalır ki, onlar da araşdırılacaq. Sərhəd dəqiqləşdirilməlidir. Ola bilsin ki, düşmənin asanlıqla keçə bilmədiyi coğrafi çətin ərazilərdə Müdafiə Nazirliyi möhkəmləndirilmiş rayonlar yaratsın. Bu, sərhədçilərin qaşısında da ola bilər, arxasında da. Bu işlər bizdə görüləcək.
- Bu gün Laçın istiqamətindən sərhədə Rusiya sülhməramlılarının dayanmasına baxmayaraq erməni hərbçiləri yenə Qarabağa gəlir, ordu hissələrimizi atəşə tutur. Bu fakt sərhədboyu hərbi vəziyyətin hansı səviyyədə olduğunu və hansı tədbirlərin görülməsini tələb edir?
- Ehtiyatda olan bir hərbçi kimi Laçın dəhlizinin bağlanmasını istərdim. Təbii ki, bu siyasətçilərin müzakirə mövzusudur və düşünürəm ki, müəyyən dövrdən sonra o da olacaq. Xankəndinə giriş də olacaq, Zəngəzur dəhlizi də açılacaq. Qarabağda yaşayan ermənilər Azərbaycan bayrağının altından keçəndən sonra digər təminat məsələləri də həll olunacaq. Yəni bu gün görürük ki, Ağdam ildırım sürəti ilə bərpa olunmur. Yaxud, Şuşa sürətli şəkildə bərpa olunmur. Müəyyən köməkçi tədbirlər keçirilir ki, proses yüksəlsin. Çünki burda “mina” amili var. Mina heç nə tanımır. Ona görə də minaların təmizlənməsinə qədər səbrli olmaq lazımdır.
- Rusiyalı sülhməramlılar nəzarət etdikləri ərazilərdəki erməniləri tərksilah etmirlər. Tovuzda, Kəlbəcərdə baş verən erməni təxribatı, bu günlərdə Ağdamda baş gizirimizin ermənilərin atdığı atəşlə yaralanması faktı erməni silahlılarının heç də sakit dayanmadığını göstərir və təhlükəsizliyimizə, suverenliyimizə təhdid olaraq qalır.
- Ermənilər sərhədə bizim üçün heç bir təhdid yarada bilməz. Azərbaycan ordusu qarşısında dayanan maneəni dəf etməyə qadirdir. İndi hələ ki, sərhəddə müəyyən təxribatları yaratmaqla oyunlar qururlar. Bu da müvəqqəti haldır. Ermənistan heç nəyə qadir deyillər.
Çünki ordunu yüksək səviyyədə qaldırmaq, inkişaf etdirmək üçün pul lazımdır, görək Ermənistanın buna pulu varmı? İkincisi, ideologiya olmalıdır. Ermənilərin “Böyük Ermənistan” ideologiyası çürükdür və heç nəyə yaramır. Bu gün Azərbaycan üçün Ermənistanı azad etmək problem deyil. Mən demirəm işğal etmək, məhz azad etmək. Çünki Qərbi Azərbaycan, İrəvan xanlığı Azərbaycanın olmayıbmı? 1918-20-ci illərdə əvvəlcə 9 min kvadrat kilometr, sonra 30 min kvadrat kilometr ərazimiz verilmədimi Ermənistana. Bir sözlə, hamısı bizim torpaqlar olub.
- Ekspertlər hesab edirlər ki, Qarabağın rusiyalı sülhməramlıların nəzarətində olan ərazilərində özlərini çox rahat hiss edərək həyasızlaşan ermənilərlə Ermənistan arasındakı Laçın dəhlizi kəsilməyincə, bugünkü insidentlər davam edəcək. Belə bir şəraitdə sərhəd necə qoruna bilər və bu Azərbaycanın sərhəd müdafiə və təhlükəsizlik sistemi üçün necə bir təhdiddir?
- Sülhməramlılar heç bir zaman qoymazlar ki, Azərbaycan ordusu Qarabağda xırda bir əməliyyat aparsın. Baxmayaraq ki, Azərbaycan kiçik dövlətdir, kifayət qədər həm siyasi, həm hərbi, həm də dost gücünə malikdir. Yəqin ki, döyüşlər zamanı Ali Baş Komandanın etdiyi çıxışlar yaxşı yadınızdadır. Və o zaman kimlər bu prosesə müdaxilə etmək istəmədi. Fransa o yandan, o biri bu yandan, hamsı bizim işimizə barmaq soxmaq istəyirdilər. Barmaqlar hamısı kəsildi. Amma Azərbaycan nə qədər kiçik olsa da, onu gücləndirəcəyik, dirçəldəcəyik.
Digər tərəfdən, müəyyən vaxt keçəndən sonra Laçın koridorundan kim keçirsə, Azərbaycanla razılaşdıracaqlar. Bu gün Azərbaycan ordusunun, Azərbaycan dövlətinin kifayət qədər texniki imkanları var ki, sərhəddən kimin keçdiyini, hansı şəraitdə keçdiyini öyrənsin. Müəyyən bir vaxtdan sonra o məsələ də həll olunacaq. Demorkasiya, delimitasiya məsələsi, Laçın dəhlizi, Zəngəzur dəhlizi məsələsi, Qarabağda Xankəndində qalan bir qrup silahlıların məsələsi öz həllini tapacaq.
- Türkiyə-Azərbaycan arasında keçirilən birgə hərbi təlimlər və birgə qurulan əməkdaşlıqlar prosesi iki ölkə arasında hərbi ittifaqın bağlanmasına gedən yolu nə dərəcədə yaxınlaşdırır. Buna nə dərəcədə zərurət var və bizə nə verə bilər?
- Bu iki qardaş ölkə arasında müxtəlif formalı əməkdaşlıqlar var. Bu müqavilə olmasa da, Türkiyə bizə hər zaman kömək etməyə hazırdır. Düşünürəm ki, gələcəkdə bu müqavilə bağlana bilər. Türkiyənin təhlükəsizliyi Azərbaycanın təhlükəsizliyi, Azərbaycanın təhlükəsizliyi Türkiyənin təhlükəsizliyidir. Hər iki ölkənin prezidentləri bu sözü deyib. Bundan yüksək hansı söz verilə bilər.
- Regionun “məsuliyyətini” öz üzərinə götürən Rusiya faktoru buna imkan verəcəkmi?
- Rusiyanın bu regionda müəyyən oyunlar qurması da müəyyən vaxta qədərdir. Vaxt var idi bizi dövlət olmağa qoymurdular. Yadımdadır ki, ATƏT-in Minsk Qrupunun üzvü var idi, Kazimirov. Mən korpusda komandir olanda gəlmişdi, onu kənardan müşahidə edirdim. O deyirdi ki, “mı ne dadim, çto bı Qarabağ zabrali”, nə oldu?! Onlar deyirdiər ki, icazə verin Rusiyanın ordusu gəlib Azərbaycanda dislokasiya olunsun, Qarabağı qaytaracağıq. Lakin Azərbaycan özü Qarabağı qaytardı. Eyni zamanda bu gün dünyanın bir çox dövlətlərini qısqandıran Rusiya-Türkiyə münasibətləri qurulub. Danışıqlarla çox məsələləri həll edirlər. Ona görə də biz güclü olmalıyıq, Azərbaycan ordusu güclü olmalıdır. Vaqif babamız demişkən -mənim ac-susuz qalan günlərim çox olub, ümidsiz qalan bir anım da olmayıb. /Həftə-içi/
Tahirə Qafarlı
Versus.Az