“Deputatın yiyəsi yoxdur” deyən Tahir Kərimli niyə seçicilərinə yiyə çıxmır?
Padar sakinləri: “Ay mənim deputatım, niyə bizə sahib çıxmırsan?!”
““Deputatın yiyəsi yoxdur” deyən Tahir Kərimli niyə öz seçicilərinə yiyə çıxmır? Elə bizim də yiyəmiz yoxdur”.
Versus.Az xəbər verir ki, bunu Ağsu rayon Padar kəndinin sakinləri bu günlərdə barəsində istintaq işi açılan deputatla bağlı deputat Tahir Kərimlinin “ürək dağlayan”çıxışından heyrətə gələrək deyiblər.
Kənd sakinləri deputat Tahir Kərimlinin qaydaları pozan deputat Eldəniz Səlimovu necə can-başla müdafiə edib ona necə sahib çıxmasını görəndən sonra dərdləri yenidən yadlarına düşüb.
Padar kənd sakinləri bildiriblər ki, əgər Tahir Kərimlli elə sahib çıxandırsa, deputat seçildiyi kəndə niyə sahib çıxıb yiyəlik eləmir. Deyirlər ki, Tahir Kərimli seçkilər zamanı kəndə gələndə ağızdolusu danışıb kəndin problemlərini həll edəcəyini deyirmiş. Amma seçiləndən sonra bir dəfə də üzünü görməyiblər. Kəndin problemləri isə həll olunmamış qalıb. Kəndlilər dedilər ki, insafən deputat bir iki dəfə dilucu da olsa Padarın yol problemindən danışıb. Amma məsələnin üzərinə gedib həllinə çalışmır. Camaat deputatın seçicidən çox özünü və özü kimilərini müdafiə etməyə gücünün, səsinin yetdiyini deyiblər.
Görünən odur ki, ölkənin siyasi gündəmində münasibətlər dəyişib və ictimai fikir, ictimai qınağın daha dinamik şəkildə özünü biruzə verdiyi müşahidə olunur. Kəndlilər Prezidentin çıxışlarına istinadən hər zaman öz problemlərini aidiyyatı orqanlara çatdırmaqla həllinə ümid edirlər. Çünki prezident hər dəfə çıxışında məmurları, aidiyyatı orqanları öz işində məsuliyyətli olmağa çağırır, insanları, vətəndaşları incitməkdən çəkinməyə dəvət edir. Eyni zamanda, camaatı öz problemini açıq şəkildə deyib, onu xəbərdar etməyə çağırıb.
Padar camaatı deyir ki, bu gün onları cəsarətləndirən də məhz Prezidentin bu yöndə olan çıxışlarıdır. Padar kənd sakinləri deyirlər ki, uzun zamandan bəri 500 evi olan kəndin yolu yoxdur. İllərdir bu barədə aidiyyatı orqanlara müraciət etsələr də, heç bir nəticəsi olmayıb. Seçdikləri deputat Tahir Kərimli də kəndin yol probleminə əncam çəkməyib. Heç and içmək üçün bir maşın daş da tökdürməyib kəndin yoluna. Yollara daş tökülür, sonra yağış yuyub qobunu aparır, ortada qalan daşlar gediş gəlişi çətinləşdirir.
Qeyd edək ki, padarlılar yoldan narazıdır və narahatdır. Deputat isə Milli Məclisdə oturub oddu-alovlu qanunlardan, haqqdan,ədalətdən danışır. Padarlılar deyir: “Ay mənim deputatım, niyə bizə sahib çıxmırsan?!” /hafta.az/
Tahirə Qafarlı
Versus.Az
Xəbər lenti
Səsli mesajlar mətnə çevrilir
"WhatsApp"dan möhtəşəm funksiya gəldi