“Atam mənə göylərdən baxır”
Azərbaycanın 44 günlük haqq savaşı böyük zəfərlə bitdi. Bu qüruru bizə Prezident, Ali Baş Komandan İlham Əliyev və rəşadətli Azərbaycan ordusu yaşatdı. Müharibədə döyüş də var, şəhidlik də... Bizim də gözündə qorxu olmayan, düşmənin başını əzən qəhrəman oğullarımız torpaq uğrunda şəhid oldu. Şəhidlik zirvəsinə ucalan mərd qardaşlarımız əbədi olaraq xalqın yaddaşında yaşayacaq. Onlardan geriyə qəhrəmanlıqları haqqında xatirələr və ailələri, övladları qaldı... O övladlar ki, bizim üçün ən qiymətli əmanət, ən qiymətli sərvətdir.
Ötən gün keçirilən “Mənim atam qəhrəmandır” layihəsinin silsilə tədbirlərinin birində çıxış edən şəhid Ramiq Mikayılovun övladı Ağaseyid Mikayılovun çıxışı bizi bir daha qürurlandırdı. Tədbirin sonunda təşkilatçılar tərəfindən ona təqdim olunan “XarıBülbül” döş nişanının ölkə başçısına göndərilməsini xahiş edən balaca Ağaseyid – “Qoy onlar bu nişanı məndən yadigar saxlasınlar” – dedi.
Daha sonra iştirak etdiyi tədbirin hədsiz xoşuna gəldiyini deyən qəhrəman övladı – “Bu gün hiss etdim ki, atam da mənə göylərdən baxır. Tək atam yox, burda olan bütün uşaqların ataları biz görməsək də bizim yanımızdadırlar. Bu gün yenə hiss etdim ki, mənim atam əsl qəhrəmandır. Burdakı bütün uşaqların ataları qəhrəmanlardır” – dedi. O, atasıyla fəxt etdiyini deyərək, ona layiq övlad olacağına söz verdi.
Tədbirdə çıxış edən “Fire Land Production”un rəhbəri Cəlal Qurbanov başda Prezident, Ali Baş Komandan İlham Əliyev olmaqla, bütün qurumlar tərəfindən qəhrəman şəhidlərimizin bizə əmanət etdiyi ailələrinin daim diqqət və qayğı ilə əhatələndiyini bildirdi. Çıxışının sonunda Cəlal Qurbanov “Mənim atam qəhrəmandır” layihəsinin silsilə tədbirlərinin bununla da artıq Bakı ərazisində yekunlaşdığı və növbəti tədbirlərin Azərbaycanın digər regionlarında keçirilməsinin planlaşdırıldığı haqqında məlumat verdi.
Daha sonra şəhid övladları nəhəng Azərbaycan bayrağını açaraq sevimli sənətkarlarımız Alim və Fərqanə Qasımovlar, Zülfiyyə Xanbabayeva ilə birlikdə “Zəfər marşı”nı ifa etdilər. “Zəfər marşı”nın ifası zamanı şəhid övladları içində atalarına yazdıqları məktublar olan dilək şarlarını havaya buraxdılar.
Qeyd edək ki, “Mənim atam qəhrəmandr” layihəsinin silsilə tədbirləri Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin dəstəyi və “Fire Land Production”ın təşkilatçılığı ilə Vətən müharibəsində şəhid olmuş qəhrəmanların övladları üçün keçirilir. Tədbirlərin məqsədi torpaqlarımız uğrunda canından keçən qəhrəmanlarımızı bir daha anmaq, onların övladlarına xalq qayğısının daimi olacağını bir daha hiss etdirmək, şəhid balalarının səmərəli istirahətini təşkil etməkdir.
Bu zamana qədər Bakı şəhərinin ən görkəmli yerlərində, tarixi məkanlarında həyata keçirilən “Mənim atam qəhrəmandır” layihəsinin silsilə tədbirlərində Azərbaycanın bir sıra tanınmış incəsənət xadimləri, o cümlədən, Alim və Fərqanə Qasımovlar, Zülfiyyə Xanbabayeva, Brilliant Dadaşova, Röya Ayxan, Sevda Ələkbərzadə, Natiq Şirinov, Təranə Muradova, Azərbaycanın xalq artisti Nurəddin Mehdixanlı, aparıcılar Nərgiz Cəlilova, Leyla Quliyeva, Lalə Azərtaş, Xalq artisiti Rasim Balayev, millət vəkili Arzu Nağıyev, din xadimi Hacı Şahin Həsənli iştirak edib.