Bərdə-Ağdam avtomobil yolunun tikintisi davam etdirilir.
“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən, Qarabağ və Şərqi Zəngəzurda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yol infrastrukturunun yenidən qurulması istiqamətində genişmiqyaslı tikinti işləri həyata keçirilir. İşğaldan azad edilmiş ərazilərdə icra olunan bu cür yol infrastrukturu layihələrindən biri də Bərdə-Ağdam avtomobil yoludur.
Başlanğıcını Bərdə şəhərindən götürən Bərdə-Ağdam avtomobil yolunun uzunluğu 44,5 kilometr təşkil edəcək. Bərdə-Ağdam avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun olaraq inşa edilir.
Hazırda Bərdə-Ağdam avtomobil yolunun 14-40-cı kilometrləri arasında olan hissələrində torpaq işlərinin icrası davam etdirilir.
Belə ki, Bərdə-Ağdam avtomobil yolunun 25 və 40-cı kilometrlik hissəsində yerləşən 18.2 metr uzunluğa malik 1 aşırımlı körpü və 32.2 metrlik yol ötürücü üçün svay qazma işləri və dayaqların inşası aparılır. Uzunluğu 91.3 metr təşkil edən körpünün hazır olan dayaqları üzərinə isə aşırım tirləri quraşdırılır.
Qeyd edək ki, Bərdə-Ağdam avtomobil yolu işğaldan azad edilmiş Ağdam şəhərinə qədər inşa edilir. Avtomobil yolunun ilk 14 kilometrlik hissəsi Bərdə şəhəri və rayonun bir neçə yaşayış məntəqəsinin daxilindən keçir. Ümumilikdə isə yol Bərdə və Ağdam şəhərləri də daxil olmaqla, sözügedən rayonların 20-dən çox yaşayış məntəqəsini əhatə edəcək.