Bu gün ilk dərs günüdür!
Uzun müddətdən sonra ilk dəfə məktəblər uşaqların üzünə açılır. Bu gündən, yəni sentyabrın 22-dən etibarən orta məktəblərin I sinfinə 158 608 şagird gedəcək. Təhsil Nazirliyindən verilən məlumata görə, 2021-2022-ci tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 589 829 şagird təhsil alacaq. Ümumtəhsil məktəblərinin I sinfində 158 608, IX sinfində 132 881, XI sinfində isə 91 538 şagird təhsil alacaq. Respublika üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında isə 117 176 şagirdin təhsilə cəlb olunacağı gözlənilir.
Orta məktəblərdə yeni dərs ilinin ilk dərslərinin həsr olunacağı mövzu da artıq müəyyənləşdirilib. Belə ki, ilk dərslər I-XI siniflərdə “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunacaq. Bu barədə təhsil naziri Emin Əmrullayevin imzaladığı “2021-2022-ci tədris ilində ümumi təhsilin fəaliyyət istiqamətləri barədə” əmrdə qeyd edilib. Əmrdə həmçinin rayon (şəhər) təhsil şöbələrinə ənənəvi tədrisə keçidlə əlaqədar ümumi təhsil müəssisələrində rast gəlinə biləcək problemlərin operativ və şəraitə uyğun şəkildə həllinin təmin edilməsi barədə tapşırıq verilib. Həmçinin yerli təhsili idarəetmə qurumlarına ümumi təhsil müəssisələrində sanitar-epidemioloji vəziyyətin nəzarətdə saxlanması, işçilərin qoruyucu maskalardan istifadə etməsi, təhsil müəssisələrində aidiyyəti dövlət qurumları tərəfindən vaxtaşırı dezinfeksiya işlərinin aparılmasının təşkili tapşırılıb.
Versus.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) mətbuat xidmətinin rəhbəri Bəşarət Məmmədov isə “Yeni Müsavat”a bildirib ki, BŞTİ-nin tabeliyindəki məktəblər üzrə isə 471 661 şagird təhsil alacaq: “Yeni tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə ümumilikdə, 471 661 şagird təhsil alacaq”.
B.Məmmədov son günlər məktəblərdə tədrisin ikinövbəli təşkili ilə bağlı səsləndirilən fikirlərə də münasibət bildirib: “Məktəblərdə siniflərin növbələri müəyyənləşdirilərkən pedaqoji şura tərəfindən məktəbin iş rejimi, şəraiti və sinif otaqlarının sayı nəzərə alınaraq qərar verilir. Mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar yoluxma hallarının qarşısının alınması, sıxlığın yaranmaması məqsədilə 20 nömrəli məktəb-liseydə də tədrisin ikinövbəli şəkildə həyata keçirilməsi barədə qərar verilib. Mövcud sıxlığın qarşısını almaq və tədrisin normal təşkili məqsədilə ikinövbəli sistem zərurətdən irəli gələn seçimdir və ənənəvi olaraq dünya praktikasında da tətbiq edilir. Xüsusilə indiki pandemiya şəraitində bu, ilk növbədə şagirdlərin sağlamlığı və pedaqoji kollektivin müvafiq qaydalara daha dolğun əməl etməsinə şərait yaratmaq məqsədlərinə xidmət edir. Dövlət tərəfindən təhsilverənlərin və təhsilalanların sağlamlıqlarının qorunmasına yönəlmiş tədbirlərə valideynlər də dəstək verməlidir”.
Valideynləri daha çox maraqlandıran suallardan biri isə məktəblərə müəllimlər üçün gül buketinin aparılıb-aparılmamasına icazənin verilməsi ilə bağlıdır. Çünki ötən tədris ilində Təhsil Nazirliyi ilk dərs günü məktəbə çiçək buketləri aparılmasına icazə verməmişdi. Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirib ki, bu il birincilərin məktəbə gül buketi aparması ilə bağlı hər hansı bir qadağa yoxdur.
Son günlər şagirdlərin maska taxması məsələsi də müzakirə edilir. Düzdür, nazirlik tərəfindən maska ilə bağlı tələb qoyulmasa da, həkimlər, infeksionistlər məktəblərdə uşaqların maskadan istifadə etməsini vacib sayır, buna əməl etməyi tövsiyə edirlər.
Bəzi şagirdlər isə ilk dərs gününü həyəcanla keçirir, ağlayır, valideynindən aralı düşəcək deyə stress yaşayır. Azərbaycan Tibb Universitetinin Uşaq xəstəlikləri kafedrasının professoru, tibb elmləri doktoru Hüseyn Qabulov bizimlə söhbətdə məktəblə tanışlığın ilk təəssüratlarının müsbət olması və sağlamlığına mənfi təsir etməməsi üçün bir sıra tövsiyələr verib: “Övladınızı məktəbə qabaqcadan zehni və fiziki hazırlamağa başlayın. Məktəbdə oxumağın niyə vacib və zəruri olduğunu izah edin. İdeallaşdırmadan, eyni zamanda məktəb haqqında mənfi danışmadan maraqlı, maarifləndirici, əyləncəli məktəb təcrübələrinizi paylaşın. Tədricən gələcək şagirdə dərslərə vaxtında gəlmək üçün səhər tezdən qalxmağı, arzu olunan oyanma vaxtına yaxınlaşdırmağı öyrədin. Tədris ili başlamazdan öncə, məktəbin həyətində gəzintiyə çıxın, onu gələcək müəllimi ilə tanış edin, sinfi göstərin. Bu, uşağın yeni mühitə alışmasını asanlaşdıracaq. Eyni amanda evdə, əyləncəli formada bir məktəb dərsinin səhnəciyini yaradın: stullar qoyun, potensial bir şagirdi, bacı-qardaşlarını otuzdurun, əgər yoxdursa, uşağın sevimli oyuncaqlarından istifadə edin və s. Sadə suallar verin, uşağınızı düzgün cavab verməyə təşviq edin, məktəbdə və dərs zamanı partada davranış qaydalarını izah edin. Ümumiyyətlə, hər şey valideynlərin təxəyyülündən və yaradıcılığından asılıdır. Uşağa qabiliyyətli olduğunu və məktəbdə onun böyük uğurlara nail ola biləcəyini demək vacibdir. Məktəb ləvazimatlarını mütləq şəkildə uşaqlarınızla birlikdə alın. Məsləhətləşin, dinləyin, lazım gələrsə izah edin və əsaslandırın ki, niyə siz bu və ya digər dəftəri, qələmi, qovluğu, çantanı almağı üstün tutursunuz. Gələcəkdə bu, uşağın ehtiyac duyduğu malları şüurlu şəkildə istifadə etməsini və almasını stimullaşdıracaq”.
Professor qeyd edib ki, övladınızın ilk məktəb günü unudulmaz, rəngarəng və əhəmiyyətli bir bayram kimi keçməsi vacibdir: “Uşağınızla bu gün hansı yeməyi bişirəcəyinizi, bu əlamətdar hadisəni qeyd etmək üçün sevdiklərinizdən kimləri şam yeməyinə dəvət edəcəyinizi, harada gəzintiyə çıxacağınızı müzakirə edin. Birinci sinif şagirdini həddindən artıq yükləmək məsləhət görülmür, xüsusən də birinci tədris ilinin əvvəlində, xarici dildə əlavə dərslər, musiqi və s. Bu, psixikaya düşən yükü artırır və uşağın görmə orqanını gərginləşdirir”.
Versus.az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"