Zahid Orucdan TƏKLİF
"Tarixi Yaddaş Mərkəzinin yaradılması məqsədəuyğun olar"
“Ötən il bu vaxt arxa və ön cəbhə birləşdi. Millətin düşmənə qarşı səngəri vahid oldu - tikəsini əsgərlə bölüşən hər bir insan, yaralıya qanını verən istənilən soydaşımız, evini və isti ocağını paylaşan hər bir ailə ordumuzla eyni sırada döyüşdü”.
Versus.Az xəbər verir ki, bunu “Yaddaş kitabı”nın təqdimat mərasimində Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc bildirib.
Onun sözlərinə görə, müharibə başlayanda onun nə qədər sürəcəyi bəlli deyildi:
“Ona görə də savaş təkcə gənclərimizi deyil, həmçinin onların quracağı yeni ailələri, doğulacaq sabahkı övladları da əlimizdən alıb. Lakin qanını torpağa verən oğulların əvəzinə vətən və azadlıq, sevinc və bütövlük doğulub. Ona görə də 8 noyabr həm də yeni müstəqillik günümüzdür. Çünki Azərbaycan xalqı öz azadlığını tam ərazi bütövlüyü çərçivəsində elan edə bilməmişdi.
İndi düşmənin 90-cı illərdə azərbaycanlıları öldürdüyünə görə qəhrəmana çevirdiyi minlərlə işğalçı əsgər və zabiti Ermənistan siyasi liderlərinin avantüralarına qurban gedən şəxslər kimi əvvəlki yüksək status və titullarını itiriblər. 26 sentyabra qədər igidliklərindən bəhs edənlərin geri sayımı başlayıb. Prezident İlham Əliyevin o adamlara “çıxarın ordenləri” çağırışı məhz ədalətsiz qələbə ilə öyünənlərə verdiyi tarix dərsidir”.
O əlavə edib ki, ötən minillikdən miras qalan müharibəni XXI əsrdə qazanmaq, qalib dövlət statusunu əldə etmək, işğala məruz qalan ölkələr üçün inam simvolu olmaq Qələbəni əvəzsiz resursa çevirməyi tələb edir:
“Lakin qələbəmizə qəsd planları müstəqilliyimizin 30 və Zəfərimizin bir ili qarşısında milli ruhun görünməmiş yüksəlişini və qurucu enerjisini azaltmaq cəhdləri hər gün artır. Müharibədən çıxan bir ölkənin üzləşdiyi bütün problemləri siyasiləşdirmək, Qələbənin müqəddəsliyinə kölgə salmaq və onu kiçiltmək səyləri geniş vüsət alır. Döyüş meydanlarında qazandığımız qələbəni mənəvi, siyasi, informativ və digər platformalarda oğurlamağa cəhd edirlər.
Qalibiyyət tarixi “yaddaş siyasəti” ilə qorunub hifz olunur. Tarixi yaddaşın əksi unutqanlıqdır. Ona görə də müharibələrin xalqın mənəvi-siyasi kimliyinə göstərdiyi misilsiz təsir gücünü nəzərə alan dövlətlər tarix, anım, hərbi qələbələrin daşlaşdırılması və gələcək nəsillərə ötürülməsini bir nömrəli məsələyə çevirir. İndi yaradılan elektron resurs bu yöndə xeyirxah təşəbbüsdür”.
Z.Oruc vurğulayıb ki, Zəfər tariximizin yüz illər sonrakı gələcəyimiz üçün yaddaşlara yazılması ilə bağlı Prezidentin çağırışına cavab olaraq Tarixi Yaddaş Mərkəzinin yaradılması məqsədəuyğun olar:
"Azad olunmuş torpaqlarda yaddaş məkanlarının seçilməsi müstəsna əhəmiyyət kəsb edir. Prezidentin Şuşada hər daşa, abidəyə tarixin yadigarı kimi həssas münasibəti təkcə Vaqifin, Üzeyirin, Bülbülün öz mərtəbələrinə qayıdışı deyil, itirilmiş tariximizin bərpası deməkdir.
Yekunda bir daha vurğulayaq ki, şəhidlər bizim bu torpaqda yaşamaq, yaratmaq haqqımızı, azərbaycanlı adlanmaq, bu adla və soyadla tanınmaq hüququmuzu gerçəkləşdirdlər. Ona görə də biz qəhrəman oğulları unuda bilmərik. Keçmişini unudan onu yenidən yaşamağa məhkumdur. Xatırlandıqca, ehtiram göstərildikcə, deməli, biz də varıq, yaşayırıq və həmişə qalib gələcəyik.
İnanırıq ki, hər bir azərbaycanlı Zəfərimizin möhkəmləndirilməsi, onun yeni hədəflərə çatmasında Vətən müharibəsi şəhidlərini özünə ideal seçəcəkdir”.
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”