"Qələbəmizin beynəlxalq legitimliyi əleyhimizə qərar və qətnamələrin qəbulunu çətinləşdirir"
"Vətən müharibəsinin başlanmasının 1-ci ilinin şərəfli hesabatı qarşısındayıq. Çox minillik tarixmizdə 44 günün bənzərsiz hərbi-siyasi yekunu əsrə bərabər dövr hesab olunur. İtkilərə baxmayaraq, müharibədə qələbə qədər milləti ucaldan ikinci hadisə yoxdur. Xalqımızın işğal keçmişini qapatması və dünyada qazandığı “qalib dövlət” obrazı bizə sonsuz hörmət gətirir, separatizmə və ədalətsizliyə qarşı mübarizdə Azərbaycanı nümunəyə çevirir".
Versus.az xəbər verir ki, bu fikirləri Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, millət vəkili Zahid Oruc parlamentin bu gün keçirilən iclasında deyib.
Millət vəkili qeyd edib ki, sülh və təhlükəsizlik istəyən hər kəs prezident İlham Əliyevin elan etdiyi “Qafqazda barış və dialoq” kursunu alqışlayır:
"Qələbəmizin bir ili qarşısında hesabat verərkən şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi, yaralıların sağlam həyata qaytarılması və tarixi torpaqlara “Böyük Qayıdış”ın başlanmasını fərəhlə qeyd edirik. Ağdam, Kəlbəcər, Zəngilan, digər azad torpaqlarda və nəhayət, Şuşada quruculuq tədbirləri, Zəfər yolunun inşası 30 il işğalda qalan torpaqlara “yeni həyat” bəxş edir. Tarixdə ilk dəfə, Füzulidə istifadəyə verilən hava limanı cəmi 30-35 dəqiqəyə Qarabağın azad səmasından doğma torpaqlara qayıdışa imkan verir.Bu 30 dəq-lik yol düz 30 illik mübarizədən keçdi. İndi vaxt uduşundan çox itkilərin sürətlə bərpası başlayır.
Hərbi Zəfərimiz Qafqazda yeni münasibətlər mərhələsinin başlanması deməkdir. Sülh və təhlükəsizlik istəyən hər kəs prezident İlham Əliyevin elan etdiyi “Qafqazda barış və dialoq” kursunu alqışlayır".
Zahid Oruc vurğulayıb ki, dünya dövlətlərinin mütləq əksəriyyəti müharibənin nəticələrini qəbul edir:
"Bu çox önəmli hadisədir. Qələbəmizin beynəlxalq legitimliyi əleyhimizə qərar və qətnamələrin qəbulunu çətinləşdirir. Fransa ilə münasibətlərdəki pozitiv dəyişiklik çox əhəmiyyətli dönüşdür.
Ermənistanda 20 iyunda məğlubiyyətə uğrayan Baş Komandana təkrar talelərini bağlamaları erməni xalqının mühüm bir hissəsinin müharibənin nəticələrini qəbul etdiyini göstərir. Erməni anaları öz oğullarını yeni müharibələrə və keçmiş liderlərə vermək istəmirlər.
Ən nəhayət, Qarabağ ermənilərinin acınacaqlı durumu göstərir ki, Xankəndinin gələcəyi, orada yaşayanların rifahı yalnız Azərbaycanla bağlıdır! Bu fikrin alternativi yoxdur. Ordumuzun bütün sərhədlərdə strateji yüksəkliklərdə möhkəmlənməsi bu perspektivi daha da möhəmləndirir".
Komitə sədri sonda deyib ki, qələbəmizin bir ili qarşısında ədəbi əsərlərin, mədəniyyət nümunələrinin, marşların, simfoniyaların və kitabların azlığı təəssüf doğurur:
"Axı yaddaşı satın almaq olmur, onu itirəndən sonra çətin bərpa edilir. Tarixi qaliblər yazır, sözü əbəs deyilməyib. Şoloxov, Simonov, Erenburq və digər görkəmli qələm sahibləri kimi Azərbaycanın ədəbiyyat və sənət adamları Zəfərimizin daş abidələrini yaratması mühüm milli vəzifə kimi qarşıda durur. Siyasətçilər, diplomatlar və ordumuzun səngərdəki davasını qələm savaşında da davam etdirməyə borcluyuq!"
Versus.az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”