“Heç bir partiyaya Müsavata qoşulmağı təklif etməmişəm” - MÜSAHİBƏ
Arif Hacılı: “Azərbaycanın suverenliyi haqqında bu şəkildə pessimist düşüncələrə qapılmaq lazım deyil”
Regiondakı vəziyyət özünün gərginliyi ilə müşahidə olunur. Mövcud şərait Azərbaycan siyasi düşərgəsinin, cəmiyyətinin adekvat addımlar atmasını tələb edir.
Qarabağ regionu hansı proseslərə şahidlik edir və müxalifət partiyaları hansı siyasəti yürüdür?
Versus.Az xəbər verir ki, bu və ya digər məsələlərlə bağlı müsahibə verən Müsavat Partiyasının sədri Arif Hacılı mübahisəli və maraqlı nüanslara diqqət çəkib.
- Arif bəy, 30 illik işğaldan sonra 27 sentyabrdan başlayan əks-hücum əməliyyatı və zəfər tarixindən bir il keçdi. Beynəlxalq ictimaiyyətin bu istiqamətdə sərgilədiyi bəlli bir mövqe var. Bu gün də ATƏT-in Minsk Qrupunun fəallaşdırılması, status-kvonun bərpası ilə Azərbaycanın qələbəsinə kölgəsalınma cəhdləri var. Proseslər hansı yeni mərhələdədir?
- Azərbaycan dünyanın çox mühüm geopolitik məkanında yerləşir. Avrasiya məkanında bir çox kommunikasiyaların, eyni zamanda enerji daşıyıcılarının Azərbaycanın üzərindən keçməsi, Azərbaycanda olan enerji daşıyıcılarının həcmi və onun üzərində ölkəmizin transfer hüquqlarının olması bir çox dünya dövlətlərini narahat edir və Azərbaycan üzərində öz təsir imkanlarını artırmağa çalışırlar. İstər Rusiya, istər İran, xüsusilə Ermənistan Azərbaycanın 44 günlük müharibə ərzində əldə etdiyi nailiyyətləri Azərbaycan xalqından oğurlamaq xətti götürüblər və bu məsələlərdə açıq şəkildə Azərbaycana qarşı olan bir mövqe tuturlar. Onlar Azərbaycanın bu məsələlərdə olan xoşməramlı mövqeyinə heç də adekvat cavab vermirlər. Belə bir situasiyada Azərbaycan hakimiyyəti diplomatik təşəbbüskarlığı artırmalı idi. Və Minsk Qrupu həmsədrlərinin yenidən bu prosesə nəzarət etməsinə imkan verməli deyildi. Bunun üçün biz müxtəlif yollar təklif etmişdik. Təklif etmişdik ki, Minsk Qrupunun həmsədrləri ratasiya qaydasında dəyişdirilsin. Və ya bu regionda maraqlı olan digər dövlətlərin-Böyük Britaniya və Türkiyənin hesabına tərkibi genişləndirilsin. Və burada Rusiya Ermənistanın beynəlxalq havadarı kimi çıxış edirsə, Azərbaycana daima dəstək verən Türkiyə də Minsk Qrupu həmsədrlərin tərkibinə daxil edilsin. Ancaq hakimiyyətin bu istiqamətdə hansısa ciddi təşəbbüsləri olmadı. Vaxtilə Fransanın Minsk Qrupuna daxil edilməsi, Türkiyənin bu prosesdən kənarda qalmasna razılıq verilməsi buraxılan çox ciddi səhv olub. O səhvin nəticələri nizamlanma prosesində daim özünü biruzə verib. Bu səhvi aradan qaldırmaq üçün yaranmış uğurlu müddətdən zamanında istifadə edilmədi. Ona görə də Azərbaycan diplomatik sahədə xeyli dərəcədə sıxılmış vəziyyətdə görünür. Hesab edirəm ki, Türkiyə birbaşa bu prosesdən xeyli dərəcədə kənarlaşdırılıb. Ancaq açıq-aydın Ermənistanın tərəfini tutan Fransa kimi bir dövlət nizamlanma prosesində yenə də orbitr rolunu oynamaq imkanları əldə edib.
- Siz “Minsk Qrupu həmsədrlərinin yenidən bu prosesə nəzarət etməsinə imkan verməli deyildi” dediniz və Fransanın orbitr rolunda çıxış etməsini önə çəkdiniz. Fransanın orbitr rolunu oynaması özünü nədə göstərir?
- Mən dövlət başçısının “Fransa-24” kanalına verdiyi müsahibəni izlədim. Orada “birbaşa Paşinyanla danışıqların aparılması mümkündürmü, siz ona zəng vura bilərsinizmi” sualına cavab verərkən, İlham Əliyev faktiki olaraq bu prosesin Minks Qrupunun davam etdirilməsinin mümkünlüyündən söz açdı və əvvəllər belə bir təcrübənin olduğunu bildirdi. Bundan başqa, Fransadan xoş meajların gəldiyini bəyan etməklə və bu məsələlərdə Faransanın bundan əvvəl tutduğu mövqeni unudub bu məsələləri qapartmağa hazır olduğunu bildirdi. Eyni zamanda bir çox yerli və beynəlxalq mətbuat orqanlarında, sosial mediada, bəzən saytlar tərəfindən də belə məlumatlar yayılır ki, Minsk Qrupu həmsədrlərinin Xankəndiyə getməsinə icazə verilib. Və faktiki Minsk Qrupu həmsədrləri institutu yenidən fəaliyyətə başlayıb. Bu məlumatlar hələlik birmənalı şəkildə təkzib olunmayıb. Və cənab İlham Əliyevin “Fransa 24” kanalına müsahibəsində bunun mümkünlüyünə işarələr gördüm. Mən də arzulayıram ki, yanlış olsun. Çünki Minsk Qrupu yenidən bu prosesə müdaxilə etmək imkanları əldə edəcəksə, münaqişənin həlli bir qədər də çətinləşəcək. Yox əgər dünya gücləri şərt olaraq bu məsələni irəli sürüb Azərbaycana qarşı sanksiyalar və digər addımlar atmaq istəsələr, Azərbaycan tərəfi Minsk Qrupunun tərkibinin dəyişdirilməsi də ya tərkibinin Türkiyə və Böyük Britaniyanın hesabına genişləndirilməsinə nail olmalıdır. Çünki regionda Böyük Britaniyanın ciddi maraqları var. Eyni zamanda, Azərbaycanın Türkiyə ilə birbaşa sərhəddə olması və burada Türkiyənin ciddi maraqlarının olması da bizə bu dövlətləri Minsk Qrupu həmsədrləri kimi nizamlanma prosesində iştirak etməyə cəlb etməyə məntiqi əsaslar verir. Biz buna nail olmalıyıq. Fransanın konkret olaraq yuxarı Qarabağ məsələsində tutduğu mövqeni unutmaq lazım deyil. Çünki hansı xoş mesajlar gəlsə də, Fransa özünün mövqeyini dəyişməyəcək. Çünki Fransa ilə Ermənistan arasında əsrlər boyu davam edən yaxın münasibətlər var. Fransadan gələn hər hansı mesajlara görə yenidən fransanı bu proseslərin içinə soxmaq Azərbaycanın mənafelərinə ağır zərbə olar.
- Arif bəy, Qarabağ sülh hərbçilərinin əraziyə yerləşdirilməsi ilə xeyli mübahisələrin içindədir. Bununla yanaşı, bəzi ekspertlər belə fikirlər səsləndirirlər ki, Qarabağ münaqişəsi ilə dağılan SSRİ Qarabağ məsələsi ilə dirçələcək.
- Bu tamamilə populist açıqlamalardır. Yəni qeyri-mümkün bir məsələldir. Yalnız “Velikarus” şovenistlərin xülyalarından olan bir fikirdir. SSRi-nin bərpa olması mümkün deyil. Əksinə, Rusiyanın özünün içərisindən parçalanma olması ehtimalı, Rusiyada olan respublikaların daha müstəqil, suveren davranmaları ehtimalları SSRİ-nin bərpa olunması ehtimallarından qat-qat çoxdur. Qarabağ məsələsi ilə bağlı vəziyyət indi əsaslı surətdə dəyişib. Əvvəla, Rusiya 90-cı illərin əvvəllərində olduğu gücə və təsir imkanlarına malik deyil. İkincisi, Azərbaycan xeyli dərəcədə inkişaf etmiş, ciddi dövlət yaratmağa nail olmuş bir dövlətdir. Artıq 90-cı illərdə olduğu kimi, bizim ordumuz yalnız Rusiyada təhsil almış və bir çox hallarda elə Rusiya xüsusi xidmət orqanlarında xidmət etmiş zabitlərdən yox, əsasən Türkiyədə, Avropada təhsil almış zabitlərdən ibarətdir. Azərbaycan ordusu NATO standartlarına uyğun olaraq formalaşmış bir ordudur. İndi Azərbaycan ordusunun ciddi gəlirləri, hərbi potensialı var. Yəni 90-cı illərin əvvəllərində olduğu kimi, bizim ölkəmizlə davranmaq mümkün deyil. Elə Türkiyənin proseslərə birmənalı şəkildə müdaxilə etmək imkanlarının yaranması da Pakistanın, Ukraynanın, İsrailin, Böyük Britaniyanın Azərbaycanla bağlı tutduğu mövqeləri nəzərə alsaq, Azərbaycanın suverenliyi haqqında bu şəkildə pessimist düşüncələrə qapılmaq lazım deyil. Azərbaycan üçün əsas məsələ yuxarı Qarabağ ərazisində suverenliyini təmin etməkdir. Buna nail olmaq üçün Azərbaycan birbaşa Ermənistanla danışıqlara başlamalıdır. Ola bilər ki, Prezident elə “Fransa 24” kanalının jurnalistinin təklif etdiyi kimi, telefonla Paşinyana zəng vurmalı deyil. Ancaq Gürcüstanın vasitəçiliyi, digər üsullarla Ermənistanla ikitərəfli danışıqlara başlamaq, Ermənistanla sülh sazişinin bağlanmasına, sərhədlərin delimitasiyası və demorkasiyasına nail olmaq, eyni zamanda yuxarı Qarabağda yaşayan erməni əhalisinin təhlükəsizliyinə təminat verməklə biz bu münaqişənin həllinə nail ola bilərik. İndiki siyasi şəraitdə bu mümkündür və Azərbaycan hakimiyyətini bu istiqamətdə düşünməyə, səylərini artırmağa çağırıram.
- Belə bir şəraitdə siyasi müxalifət partiyaları bu prosesə nə dərəcədə adekvat yanaşırlar və atılan addımlar nədən ibarətdir?
- Digər partiyalar haqqında bir söz deyə bilmərəm. Müsavat Partiyası bu prosesləri daim nəzarətdə saxlayır. Partiyamız müharibə dövründə çox fəal oldu. Ölkədə vətəndaş cəmiyyəti birliyinin yaranması, orduya dəstək, cəmiyyətə ruh yüksəkliyinin yaranması üçün əlimizdən gələni etdik. Sentyabrın 27-də Müsavat Partiyasının Məclisi tərəfindən qəbul olunmuş 27 sentyabr bəyannaməsi yayıldı. Burda həm Qarabağın nizamlanması prosesi, ölkədə islhatların keçirilməsi, eyni zamanda iqtisadi sahədə görüləcək işlər barədə öz fikirlərimizi açıq şəkildə diqqətə çatdırmışıq.
Ona müsbət yanaşıram ki, hakimiyyət 44 günlük müharibə dövründə irəli sürdüyümüz təkliflərin çoxunu həyata keçirdi. Təəssüf ki, müharibədən sonra verdiyimiz təkliflər, bu məsələ ilə bağlı ictimaiyyətə açıqladığımız mövqelər hakimiyyət tərəfindən diqqətə alınmır. Biz xarici siyasət sahəsində də fəal olmağa çalışırıq. Azərbaycana düşmən mövqe tutan dövlətlər, mərkəzlər barədə öz mövqeyimizi açıq şəkildə bildiririk. Rusiyanın Qarabağdakı davranışları ilə bağlı həmişə açıq şəkildə ortaya mövqe qoymuşuq və Rusiyanın Azərbaycandakı səfirliyi qarşısında bu müddət ərzində piketlər keçirmişik. Və bu tip aksiyalarımızın bundan sonra da davam etməsi gözlənilir.
- Verdiyiniz əməkdaşlıq təkliflərinin hakimiyyət tərəfindən qəbul edilmədiyini dediniz. Amma bizə bəllidir ki, siz də hakimiyyətin müharibədən sonra Qarabağa təşkil etdiyi səfərlərdən, iqtidar-müxalifət dialoqu kontekstində müzakirələrə qatılmaqdan imtina etmisiz. Hətta son onlayn konfransla bağlı çağırışlara da məhəl qoymadınız. Müharibədən sonra hakimiyyətin dəvəti bir araya gələn digər 48 partiya ilə bir yerdə olmaq istəmədiniz. Bu, müxalifətin özündə də xoş qarşılanmır. Sual olunur, bu prosesdə niyə bir neçə partiya kənarda qalmalıdır.
- Biz heç bir prosesdən kənarda qalmamışıq. Əgər siz internetdə, sosial şəbəkədə, o dövrdə çıxan saytlarda axtarış aparsanız görərsiniz ki, 27 sentyabr müharibəsinin başlanması ilə əlaqədar ilk bəyanatları verməklə Müsavat Partiyası mövqeyini bildirib. İqtidardan bizə müəyyən sənədlərə imza atmaq təklif olunub. Azərbaycan müxalifəti adından verilən sənədlərdə hakimiyyətin təriflənməsi prembula qoyulursa, bu partiyaları həmin sənədə imza atdırıb, sonra da beynəlxalq aləmdə yayıb müxalifətin mövqeyi kimi açıqlama verilirsə, təbii ki, bu çox qeyri-səmimi görünür. Müxalifətin işi hakimiyyəti tərifləmək deyil. Siz həmin dövrdə Prezident Aparatında hazırlanmış, YAP da daxil olmaqla 48 partiyaya imzalandırılmış sənədlərlə Müsavat Partiyasının həmin məsələlərlə bağlı yaydığı sənədləri müqayisə etsəniz, bizim sənədlərin daha aydın və düzgün olduğunu görərsiz. Müsavat Partiyası Azərbaycandan başqa bir çox post-sovet ölkələrində olan partiyalarla əməkdaşlıq edir. Tamamilə nüfuzunu itirmiş, nəinki beynəlxalq ictimaiyyətə, eləcə də Azərbaycan ictimaiyyətinə məlum olmayan partiyalarla birgə eyni bayağı məzmunlu sənədə imza atsaq, o zaman Müsavat Partiyasının mövqeyi beynəlxalq birlik üçün maraqlı olmaz. Biz bu amili də nəzərə alırıq.
- Amma siz də işğaldan azad olunan rayonlara getməkdən imtina etdiniz?
- Mən Şuşaya getməklə bağlı istəyimi hakimiyyətin nümayəndələrinə çatdırmışam. Mənim qardaşım Mustafa Hacıbəyli I Qarabağ müharibəsində, Şuşa uğrunda döyüşlərdə yaralanmış qazidir. Xeyli müddətdir ki, Şuşaya getmək üçün müraciət edib, ancaq hələ ki, imkan yaradılmayıb.
Hakimiyyətin siyasi partiya rəhbərlərini avtobusa toplayıb Ağdama aparması heç də xoşməramlı bir aksiya deyildi. Əslində bu partiyaların nə qədər hakimiyyətin tabeliyində olduğunu əks etdirmək, bu partiyaların asılı olmasını göstərən bir mesaj idi. Partiyaların belə səfərdə iştirakı cəmiyyət tərəfindən çox pis qarşılandı. Bizim başqa partiyalardan fərqimiz də ondan ibarətdir ki, biz hadisə baş verəndən sonra onun barəsində düşünmürük, biz baş verə biləcək hadisələri və cəmiyyətdə necə qarşılanacağını, hansı dərəcədə əhəmiyyətli olacağını əvvəlcədən müəyyənləşdirmək imkanına malik olan partiyayıq. Ona görə də o sahədə olan davranışlarımız başqa partiyaların davranışlarından fərqlənir. Əgər bunu düzgün hesab etmirlərsə, bu da onların öz işidir. Siyasi partiyaların fəaliyyətinə qiymət verən də Azərbaycan cəmiyyətidir.
- İqtidarın təşkil etdiyi və siyasi partiyaların da iştirak etdiyi Onlayn konfransda niyə iştirak etmək istəmədiniz?
- Orda hər hansı dialoq mühiti mövcud deyildi. Etiraf olunduğu kimi, söhbət texniki problemlərin, partiya rəhbərliyinə daxil olan şəxslərin problemlərinin həllindən, hakimiyyətin hazırladığı bəyanatlara, eyni sənədə partiyaların imza atmasından söz gedirsə, orda dialoqdan söhbət getmir. Ölkədə müxalifət partiyalarının kim olması hər kəsə məlumdur. Hakimiyyət dialoq istəyirsə, biz Müsavat Partiyasının 27 sentyabr bəyannaməsində açıqladığımız mövzularla bağlı hakimiyyət nümayəndələri ilə müzakirə apara bilərik. O ki qaldı siyasi partiyaların bizim fəaliyyətimizi bəyənməməsinə, bu onların öz işidir. Əgər Müsavat Partiyasını bəyənsəydilər, 100 ildən çox yaşı olan Azərbaycanın əsas partiyası olan Müsavat Partiyasına qoşulardılar, ayrıca partiya yaratmazdılar. Ayrı partiya yaradıblarsa, deməli ayrı məqsədləri, ayrı hədəfləri var.
- Arif bəy, daim ölkə daxilində hansısa “kolon”ların olduğu qeyd olunur. Kimlərinsə Qərbə, İrana, Rusiyaya işlədiyi barədə fikirlər var. Hazırda partiyaların siyasətinə baxanda bu istiqamətdəki vəziyyəti necə qiymətləndirirsiz?
- Mən hər hans partiyanı “5-ci kolon”un partiyası olması ilə ittiham edə bilmərəm. Ən azı ona görə ki, qeyd olunan 52 partiyanın bir neçəsinin rəhbərini tanıyıram, fəaliyətinə bələdəm. Fəaliyyətinə bələd olmadığım siayasi təşkilatların hansı amala xidmət etdiyi barədə isə fikir söyləməyim düzgün olmazdı. Ancaq hazırda Azərbaycanda “5-ci kolon” fəaliyəti xeyli dərəcədə leqallaşıb. Xüsusillə II Qarabağ müharibəsi dövründə və ondan sonrakı mərhələdə sosial medianı izləyən hər hansı şəxs “5-ci kolon”un kimlərdən ibarət olduğunu aydın şəkildə görə bilər. Rusiyanın, İranın Azərbaycana qarşı olan mövqelərini müdafiə edən, ona müsbət görüntü verməyə çalışan şəxslər son dövrlər öz mövqelərini açıq şəkildə ortalığa qoyurlar. Belə şəxslər, qruplar var. Müsavat Partiyasının 27 sentyabr bəyanatında bu da əksini tapıb ki, sosial mediada Azərbaycana qarşı işləyən şəbəkələrə qarşı mübarizə gücləndirilsin. Bu şəbəkələr özlərini gizlətmir. Lakin o adamların hansısa partiyaların üzvləri olması ilə bağlı dərin bilgilərim yoxdur. Azərbaycan hakimiyyətinə məsləhət görərdim ki, “5-ci kolon”u Azərbaycan gercək müxalifətinin içində yox, elə bu mərkəzlərin əsarətində olan qüvvələrin içində axtarsınlar.
- Qeyd etdiniz ki, bəyənsəydilər, Müsavata qoşulardılar. Yəni, belə çıxır ki, partiyaların sizə qoşulmasını istədiniz, amma siyasi müxalifətin bir araya toplanması, dialoqa gəlinməsi mümkün olmadı.
- Mən heç vaxt heç bir siayasi partiyaya Müsavata qoşulmağı təklif etməmişəm. Mən yalnız konkret hədəflər uğrunda funksional əməkdaşlığın tərəfdarı olduğumu bildirmişəm. Və bu gün də bu mövqedə qalıram. Hesab edirəm ki, konkret hədəflər, konkret məsələlər ətrafında müxalifətin birgə fəaliyyəti mümkündür. Bu birləşmə, müttəfiqlik anlamına gəlmir.
- Bu gün Rusiya-Azərbaycan, Türkiyə-Azərbaycan münasibətlərində dəyişən, irəliyə doğru gedən istiqamətlər nə ilə bağlıdır?
- 10 noyabr atəşkəs bəyanatından sonra deyilirdi ki, Rusiya bu prosesdə hansı səviyyədə iştirak edəcəksə, Türkiyə də o səviyyədə iştirak edəcək. Ancaq təəssüf ki, belə olmadı. Türkiyə nəinki nizamlanma prosesində Rusiya ilə birlikdə iştirak edə bilir, hətta Rusiya-Türkiyə Müşahidə Mərkəzinin özü belə formal xarakter daşıyır. Bu missiyanın Türkiyədən olan nümayəndələri hətta yuxarı Qarabağ ərazisinə buraxılmayıb. Belə olan şəraitdə təbii ki, Ermənistanın hərbi müttəfiqi olan Rusiyanın nizamlanma prosesində hegemonluğu aşkar şəkildə ortalığa çıxır. Hesab edirəm ki, ən böyük uğursuzluq əsasən bu sahədə olub. Ancaq üstün cəhətlər də var. Azərbaycan-Türkiyə-Pakistan hərbi qüvvələrinin birgə hərbi təlimlərinin keçirilməsi, Türkiyənin post-sovet məkanında yalnız Azərbaycanla yox, həm də Qazaxıstan və Orta Asiya ölkələri ilə əməkdaşlıq istiqamətdində atdığı addımlar regionda baş verəcək hadisələrin nikbin perspektivinə inanmağa əsas verir.
Rusiya isə faktiki olaraq Azərbaycanı öz təsir dairəsində saxlamağa çalışan və öz təsir imkanlarını Azərbaycanda daha da artırmaq istiqamətində fəaliyyət göstərən bir dövlətdir. Təəssüf ki, bi siyasət son dövrlərdə xeyli dərəcədə uğur qazanıb. Rusiya hərbi kontingentinin Azərbaycan ərazisinə gətirilməsi Rusiyanın Azərbaycan üzərində hərbi təsir imkanlarını xeyli dərəcədə artırıb. Rusiya hərbçilərinin yuxarı Qarabağda yerləşməsi yalnız Azərbaycanın bu ərazisi üçün yox, bütövlükdə dövlətin suverenliyi üçün təhlükədir. Bunu Azərbaycan cəmiyyəti, xalqı, hakimiyyəti nəzərə almalıdır. Bu təhlükənin qarşısını almaq mümkün olduqca daha tez, ən geci 4 ildən sonra həll olunmalıdır. Rus silahlı qüvvələrin Azərbaycan ərazisindən çıxarılmasına nail olmaq üçün durmadan düşünməli və bu istiqamətdə xarici siyasətdə, xüsusilə diplomatik sahədə təşəbbüskarlığı artırmalıyıq. /hafta.az/
Tahirə Qafarlı
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”