"O qırılan Türk Xəttinin 1 əsrdən sonra bərpa prosesi başlayıb - MÜSAHİBƏ

18:22 08-10-2021 | icon 693 | Siyasət
"O qırılan Türk Xəttinin 1 əsrdən sonra bərpa prosesi başlayıb - MÜSAHİBƏ

Fəzail İbrahimli: "Günlərin bir günü siz də “Zəngəzur dəhlizi açıldı” xəbərini verəcəksiz"

 

44 günlük Vətən Müharibəsindən sonra Zəngəzur dəhlizinin açılması məsələsinin aktuallaşması vaxtilə onun qapanmasında iştirak edən və uzun illərdir öz imperialist siyasətinin hesabına özünə kifayət qədər iqtisadi, siyasi mənfəət götürən, regionda öz iqtisadi-siyasi nüfuzunu artıran bir çox dövlətləri, o cümlədən İranı qıcıqlandırır. Azərbaycan və Türkiyənin Zəngəzur dəhlizinin açılmasına doğru diplomatik müstəvidə atdığı hər bir addım regionda maraqları görünən qatı düşmən və erməniyə himayə edən qonşu dövlətləri qıcıqlandırır. Diplomatik savaşda daha çox önə çıxıb Azərbaycanla münasibətləri gərginləşdirməyə çalışan İran nə qədər çabalayıb Azərbaycandan keçən Dəhliz vasitəsi ilə Türk Dünyasının birliyini pozmağa çalışsa da, proseslərin uğurla davam edəcəyi istisna edilmir. Zəngəzur dəhlizinin açılması kimləri narahat edir və niyə?

 

Versus.az xəbər verir ki, bu istiqamətdə müsahibə verən Milli Məclisin deputatı Fəzail İbrahimli maraqlı nüanslara diqqət çəkib.

 

- Fəzail müəllim, Zəngəzur dəhlizinin açılması məsələsi bəzi dövlətləri yaman narahat edir. Bu açılım regionda kimlərin yollarını “bağlaya” bilər, nədən belə narahtdırlar?

 

- Zəngəzur Dəhlizinin açılmasından kimlərin narahat olmasını Zəngəzurun tarixini araşdırdıqca daha aydın görə bilərik. Məlumdur ki, Zəngəzur Azərbaycanın tarixi ərazisi olub. 1920-ci ilin dekabr ayının 1-də Zəngəzur Kommunist Partiyası Mərkəzi Komitəsinin təşkilat və siyasi bürosu tərəfindən bölünüb və bir hissəsi Ermənistana verildi. Zəngəzurun Ermənistana verilən hissəsi demək olar ki, Türkiyə ilə Azərbaycan ərazisindəki quru sərhədi bağladı. Düzdür, bunun günahını Nəriman Nərimanovun üstünə atmağa çalışırlar, amma o zaman onun bu məsələdə zərrə qədər də rolu ola bilməzdi. Çünki o, Azərbaycan hökumətinin başçısı idi, bunu isə Mərkəzi Komitənin təşkilat və siyasi bürosu edirdi. Sadəcə, çıxardıqları qərarla bağlı Nərimanova bir kağız verdilər və o da bu qərarı oxumalı oldu. Ona görə də tarixdə Nərimanov Zəngəzurun verilməsi prosesinə qoşulan bir insan kimi daxil olub. Əslində belə deyil. Zəngəzurun bir hissəsinin alınıb Ermənistana verilməsi sadəcə Ermənistan ərazisinin genişləndrilməsi deyil. Bu, dünyada gedən çox böyük geosiyasi maraqlardan doğan bir məsələdir. Vaxtilə Avrasiyada Vahid Türk Xətti olub. O Xətt Altaydan başlayıb, ta Orta Asiyaya qədər gəlib. Bu Türk Xəttinin parçalanması, türk dövlətlərinin, türklərin bir-biri ilə əlaqələrinin qırılması böyük dövlətlərin maraqlarında olan bir siyasət olub və tədricən həyata keçirilib.

Faktlara nəzər salaq: Türk Xəttinin sındırılması ilk dəfə Altaydan başlayıb. Buna nail olmaq üçün Sibirdə yaşayan bütün türklər assimlyasiya edilib. Sibir türklərinin assimlyasiyaya uğraması nəticəsində Altay türkləri bölgədən ayrı düşüb. Qafqaz siyasətində də bu Türk Xəttinin sındırılması prosesi gedir. Məsələn,  tatarlar, türkdilli qaraçaylar və bolqarlar Krımdan sürgün edilir. Azərbaycan isə Şimali Qafqazada olan türklərdən tədric edilir. Növbəti xəttin sınması Zəngəzurla bağlı olur. Zəngəzurun bölünməsi ilə Türkiyə ilə Azərbaycan arasındakı əlaqə itir. Altaydan başlayıb gələn Türkiyə-Azərbaycan-Orta Asiya xətti sındırılır. Bax budur, Zəngəzurun verilməsinin fəlsəfəsi.

Unutmayaq ki, 1918-ci il mayın 29-u İrəvan xanlığı, 20-ci ildə də Zəngəzur Azərbaycandan qoparılaraq Ermənistana verilib, daha doğrusu onun üzərində erməni dövləti qurulub. İrəvanın verilmısində də bir tarixi proses var idi. Bu, xristian dünyasının türk dünyasına qarşı yeritdiyi geosiyasi maraqlarının nəticəsi idi. Təsəvvür edin ki, 20-ci ildə erməniyə verilən o torpaqla qırılmış Türk Xəttinin 1 əsrdən sonra bərpa prosesi başlayıb. Zəngəzur dəhlizi təkcə iqtisadi xarakter daşımır. Avrasiyada sındırılmış Türkiyə-Azərbaycan arasındakı o xətt bərpa olunur. Bax bunun fəlsəfəsi, mənası, əsas cəhətləri budur.

 

- 1 əsr əvvəl Qərbi Zəngəzurun Azərbaycandan qoparılması ilə O Türk Xəttini qıranlar bu gün də onun birləşməməyi üçün dəridən qabıqdan çıxırlar.

 

- Kafir öz xoşuna cəhənnəmə getmir, onu döyə-döyə yollayırlar. Sadəcə olaraq, bu gün üstü islam, içi çürük imperialist xristiandan da betər müəyyən qüvvələr var ki, çabalayırlar. Həmin qüvvələr bu gün təşvişə düşüb, narahat olurlar ki, türk xətti birləşərsə bu, türklərin güclənməsi, türk dünyasının ayılması olacaq. “21-ci əsr, türk əsridir”- ifadəsi elə-belə işlənmirdi. Bu gün hər kəs dünya liderləri sırasında türkün böyük lideri Rəcəb Tayyib Ərdoğanın böyük rola malik olduğunu görür. Hər kəs qələbədən sonra cənab İlham Əliyevi yüksək diplomatiyanın, hərbi gücün, dövlətin qüdrətinin, xalqla ordunun birliyinin önündə gördü. Bütün bunlar hamısı təbii ki, maraqlı qüvvələrdə qıcıq yaradır.  Azərbaycan qələbədən sonra 10 noyabr atəşkəs sazişinə qol çəkib, üstəlik məğlub edilən tərəf də həmin sənədə imza ataraq bir sıra öhtəliklər götürüb. Burada Zəngəzur dəhlizinin açılması ilə bağlı öhdəlik də var. Bu prosesdə ağsaqqallıq edən, bu gün Xankəndiyə ermənilərin yerləşdirilməsinə rəvac verən Rusiya da var. Əgər Ermənistan öhtəlikləri yerinə yetirməsə, Rusiyanın nüfuzuna təsir etmiş olur.

Dünyanın məğlub dövlətləri özünün imzaladığı sənədi istiyib-istəməməyindən asılı olmayaraq, həyata keçirməlidir. Türkiyə dövlətinə gəlincə, bu dövlət təkcə regionda deyil, Yaxın Şərqdə böyük nüfuza, dünya siyasətinə təsir etmək mexanizminə malikdir. Bu region Türkiyə üçün hüdudları çox da böyük olmayan ərazidir. İki qardaş əl-ələ verib, məsələləri həll edəcək. Mən çox nikbinəm.

Əgər Ermənistan buna getməsə, belə çıxır ki, bu işlərin arxasında hansısa başqa qüvvələr durur. Ona görə də güman edirəm ki, haqq nazilsə də, üzülməz.

Tam inanıram ki, günlərin bir günü siz də “Zəngəzur dəhlizi açıldı” xəbərini verəcəksiz.

 

- Fəzail müəllim, kimlərinsə narahatlığına baxmayaraq, Türkiyə bu gün regiondadır. Türkiyə -Rusiya dövlət başçılarının Soçi görüşünün ardınca Putin-Paşinyan görüşü və Ərdoğanın Bakıya növbəti səfəri erməni silahlılarının ərazidən çıxarılması, sərhədlərin müəyyənləşməsi ilə bağlı məsələlərin tez bir zamanda həlli ehtimalını artırırmı və bu prosesdə İran niyə qıcıqlanır?

 

- Əslində, bizim islam dövləti kimi İrandan çox böyük umacağımız var. Dövlət islam qanunları ilə idarə olunur və bu gün islam əxlaqını tapdalayan, müqəddəs yerlərimiz olan məscidlərə donuz bağlayan bir dövlətə qarşı İranın laqeyd manasibəti təəccüb doğurur. Dünyanın harasında islam dövləti varsa, orda məscid var, ora Allahın müqəddəs evidir. Dövlətin öz dövlət siyasəti var, amma elə məsələlər var ki, nə İranındır, nə bizimdir, nə Ərəbistanındır. Əgər biz Məhəmmədi peyğəmbər, dinimizi islam sayırıqsa, bu dinin qanunları ilə idarə olunan dövlət ona zərər gətirənlərə qarşı qətiyyətli münasibət göstərməli idi. Biz bunu İrandan gördükmü, yox! Əksinə, neçə illərdir İran həmin o məscidə donuz bağlayanların müdafiəçisi kimi çıxış edir. İran Ermənistanın regionda boğulmasının qarşısını alır. İndi də, Azərbaycan torpaqları işğaldan azad olunandan sonra ermənilərə ərzaq dolu maşınlar göndərir. İçində Allah bilir başqa nələr var. Ona görə də İranın bu davranışı çox qəribədir. Görünür, siyasət İranın islam əxlaqını üstələyir. Biz də hesab edirik ki, Allah var, hər şeyi nizama çəkir, biz haqq sahibiyik. Biz nə heç kimin torpağına göz dikmirik, nə heç kəsin işinə qarışmırıq. Azərbaycan müstəqil dövlətdir, kiminsə çaldığı hava ilə oynaya bilməz. Hansı dövlətlə istəsə münasibət yarada bilər. Azərbaycana qarşı münasibətlərində dürüst olan, müstəqilliyinə, qanunlarına hörmət edən, ərazi bütövlüyünü tanıyan hər bir dövlət Azərbayacan xalqı üçün əzizdir. Heç kəs buna qarşı bir söz deyə bilməz.

 

- Bir tərəfdən də ATƏT-in Minsk Qrupu aktivləşir. Prezident də müəyyən çıxışlarında, müsahibələrində bu barədə müəyyən mesajlar verdi. Bu müstəvidə Prezidentlə Paşinyanın görüşü məsələsi də aktuallaşıb. ATƏT Minsk Qrupu aktivləşərsə, bundan sonra regiona nəyi vəd edə bilər?

 

- ATƏT-in Minsk Qrupu ona görə yaradıldı ki, o vaxt leksikonda olan “Azərbaycan-Ermənistan-Dağlıq Qarabağ” problemini həll etsinlər. İndi elə bir məvhum yoxdur. Axı bizim dövlət başçımız deyir ki, Dağlıq Qarabağ məvhumu yoxdur. Artıq o ərazilər iqtisadi zonalara ayrılıb. İndi ATƏT-in hərəkətləri ölmüş adam haqqında balladaya oxşayır. ATƏT-in Minsk Qrupu nəyi həll etməyə gəlir, axı bu problem artıq yoxdur?! BMT-nin qərarlarını Azərbaycan yerinə yetirib, ATƏT-in qarşısında duran vəzifələri də yerinə yetirib. Bunların məqsədi odur ki, orda erməniyə muxtariyyat verilsin. Cənab Prezident bütün dünyaya bəyan edib dedi ki, kim istəyir aparıb erməniyə öz ölkəsində muxtariyyat versin, biz də onu tanıyaq. Azərbaycan ərazisində “Dağlıq Qarabağ” məsələsi gorbagor olub, tarixdən silinib.  Minsk Qrupu indiyə kimi nə etdi ki, indi gəlib nə etsin, mən bilmirəm.

Siz Minsk Qrupunda təmsil olunan ölkələrə fikir verin - Rusiya, Fransa, Amerika. Dünyanı qatıb-qarışdıran ölkələr. Deyir, bağa özünü apara bilmir, dayısı oğlunu da belinə götürür. Gəlin görək, Amerika ilə Rusiya bir-biri ilə yola gedə bilirlər ki, gəlib Azərbaycanda da hansısa məsələni həll etsinllər? Dünyanı iqtisadi böhrana qərq ediblər, gedib öz problemlərini həll etsinlər. Fransa isə ümumiyyətlə Azərbaycanla bağlı danışmağa mənəvi, siyasi haqqını itirib. Fransa bunu müharibə dövründə də, müharibədən sonra da göstərdi. Bunlar “demokratiya bayrağı” altında danışırlar, ondan xəbərləri yoxdur. Hələ 100 il əvvəl, 1913-cü ildə Əhməd bəy Ağaoğlunun demokratiya haqqında “Balkan mətbatı və rus vəhşiliyi” adlı bir məqaləsi çıxmışdı. Yazırdı: Hamımızın böyük ehtiyac duyduğu Avropa demokratiyasının rəngi Balkan müharibəsindən sonra bizim gözümüzdə dəyişdi. Məlum oldu ki, Avropa demokratiyası Avropa fabriklərinin İran bazarını dolduran üstü bəzək, içi çürük şeylərindən başqa bir şey deyilmiş.

Bu demokaratiya 28 ildə Azərbaycanın nəzərində dəyişdi. Demokratiya adı altında bu dövlətlər Azərbaycana qarşı mürtəce siyasətii yürütdü. Boz üzlərini və sırtıq sifətlərini göstərdilər. “Demokratiya” adı ilə Azərbaycanın haqq işinə qarşı atılan addımlardan “Demokratiya” adı altında qanlı kitab yazıldı. Bizim gələcək nəsil həmin boya ilə yazılmış kitabı oxuyanda hamısı bir ağızdan deyəcək, “tfu sizin üzünüzə”.

 

- Sizcə, ATƏT-in Minsk Qrupu bu dəfə Ermənistanı sülh sazişi imzalamağa cəlb edə biləcək?

 

- ATƏT-in Minsk Qrupu bizim üçün heç bir iş görə bilməz. Onun qarşıısnda bir məqsədi var, bu da ondan ibarətdir ki, “Dağlıq Qarabağa status” verilsin. Sülh sazişi, sərhədlərin müəyyən edilməsi, sülhməramlıların çıxarılması ilə bağllı heç bir istəkləri yoxdur. Ona görə də ATƏT-in Mİnsk Qrupu ilə bağlı müzakirəyə ehtiyac yoxdur.

 

- 27 sentyabrda Azərbaycan Ordusunun əks hücuma başlamasının 1 ili tamam oldu. Prezident Cəbrayılın işğaldan azad olunması ilə bağlı çıxışında çox məsələlərə toxundu. İrana, eləcə də cinayətkar Sarkisyanın əməllərinə diqqət çəkdi. Bununla hansı mesajı vermiş oldu?

 

- Prezident İrana mesaj verdi ki, hər kəs öz işi ilə məşğul olmaldır. Azərbaycan müstəqil dövlətdir. Özünün daxili, xarici siyasətini yaxşı bilir. Sən müsəlman dövləti kimi mənə təəssübkeşlik eləmirsənsə, heç olmasa mənə ziyan gətirmə. Azərbaycan kiminsə diqtəsi ilə hansısa dövlətlə münasibət qurmur. İran tərəfi bizim İsraillə münasibətlərimizə mənfi münasibət bəsləyir. Amma unutmasın ki, mühüribə dövründə o yox, İsrail Azərbaycanın haqq işini müdafiə etdi.

Sarkisyanın iç üzünü açdı. Boz sifətini, xalqa xəyanət etdiyini, o milləti 20 il “Qarabağ haqqında düşüncələrlə” aldadıb var-dövlətini taladı. Bir daha Ermənistan xalqını ayıltdı ki, siz neçə il bu Serjiklərin əsiri olmusuz. Və əslində isə bu fikirlərlə “böyük ermənistan” ideologiyasının iflasını üzə çıxardı.

Prezident öz çıxışında dəfn etməkdə olduğu "böyük Ermənistn" ideologiyasının tabutuna sonuncu misamarı vurdu. /"Həftə-iç"/

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Xuraman Şuşalı “Əcəb oldu” dedi

Bu gecə aeroport yolu BAĞLANACAQ

Deputatlar gələn ayın ilk günü TOPLAŞIR

"Azərbaycan özü diqtə edən dövlətdir indi"

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsinə BAŞLANILDI

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

AB-da da insan hüquqları getdikcə deqradasiyaya uğrayır