Arif Hacılıdan Şuşa səfəri ilə bağlı maraqlı İDDİALAR
"Özünə hörmət edən partiya rəhbəri Şuşaya nəzarət altında aparılmasına etiraz etməlidir”
Oktyabrın 7-də 50-yə yaxın siyasi partiya və politoloqlar Şuşaya səfər etdi. Yenə də Müsavat Partiyası, AXCP və Milli Şura nümayiş olunan bu birlikdən kənarda qaldılar. Nə baş verir, niyə adıçəkilən partiyalar belə səfərlərə qoşulmur?
Versus.az xəbər verir ki, bu barədə müsahibə verən Müsavat Partiyasının sədri Arif Hacılı Şuşaya getməməyinin səbəblərini açıqlayıb.
- Arif bəy, niyə digər partiyalarla birlikdə Şuşaya səfər etmədiniz?
- Şuşaya getmək üçün keçən ilin dekabr, yanvar aylarından bir neçə dəfə müraciət etsəm də, bizi bu səfərə çağırmadılar. Mən müraciət edəndə demişdilər ki, baxarıq, həll edərik. Bununla yanaşı, Müsavatın divan üzvü Mustafa bəy Şuşa qazisidir, onunla birlikdə Şuşada döyüşüb şəhid olan ailələrin üzvləri də öz qardaşlarının, övladlarının harda şəhid olduğunu bilmək üçün Mustafa bəylə birlikdə ora getmək istəyirlər. Onlardan müxtəlif sənədlər istəyiblər, bir aydan çoxdur ki, onların da Şuşaya getməsinə imkan yaratmırlar.
- Şuşaya səfərlə bağlı təzəlikdə yeni müraciətiniz olmuşdu?
- Mən müharibədən sonrakı görüşümüzdə bu müraciəti eləmişdim. Eyni zamanda Şuşada Müsavat Partiyasına heç olmasa birotaqlı ofis verilməsini xahiş eləmişdim. Şuşa təşkilatı bizə orda fəaliyətini davam etdirməklə bağlı müraciət eləmişdi. Ancaq hakimiyyət buna müsbət yanaşmadı.
Mən ümumiyyətlə, Şuşa və işğaldan azad olunmuş ərazilərə bu şəkildə gediş-gəlişin monapoliyaya alınmasını qətiyyətlə pisləyirəm. Xüsusilə Şuşa uğrunda döyüşlərdə qazi olmuş şəxslərin, eyni zamanda o döyüşlərdə iştirak etmiş, şəhid olmuş, qazi olmuş şəxslərin yaxınlarının Şuşaya getməsinə məhdudiyyət qoyulması tamamilə ədalətsiz və ağlasığmazdır.
- Məlumdur ki, Ağdama səfər edilərkən hökumət sizə müraciət etmişdi, amma siz bu təklifdən imtina etmişdiniz. Səfərə gedən müxalifət partiyalarını “Hakimiyətin yandaşları” adlanmdırmışdınız, bir “avtobus müxalifəti” fikri də işlədilmişdi. Ola bilərmi, hökumət bu səbəbdən sizə dəfət göndərməsin?
- Əslində nəyə görə Azərbaycan vətəndaşları işğaldan azad olunmuş torpaqlarına kiminsə müşaiyəti, nəzarəti altında getməlidir. Hal-hazırda Azərbaycan vətəndaşları olmayan vətəndaşlar, Azərbaycana qarşı düşmənçilik mövqeyi tutan adamlar Xankəndiyə, Ağdərəyə heç bir maneə olmadan gəlib-gedirlər. Hətta bizə düşmən olan qüvvələr Xankəndi ərazisinə, digər dırnaqarası sülhməramlıların nəzarətində olan ərazilərə gətirilir. Azərbaycanın tanınmış şəxsləri, Azərbaycana rəhbərlik etmiş şəxslər, ziyalılar, parlamentin üzvü olmuş şəxslər, jurnalistlər nəyə görə ora nəzarət altında getməlidir.
- Arif bəy, axı mövcud reallıqlar var. Yəqin ki, minalanmış ərazilər, təhlükəli məqamlar nəzərə alınır. Nəzarət olmadan həmin yerlərə getmək nə dərəcədə uyğundur?
- Minalanmış ərazilərin yeri göstərilib. Ona qalsa dağa istirahətə gedən adam dağdan yıxıla bilər, yaxud dənizkənarı bulvara gedən suya yıxılıb ölə də bilər. Məyər sahilə gəzməyə gedən vətəndaşları kiminsə müşaiyəti ilə aparırlar? Yəni bunlar hamısı bəhanədir. Digər tərəfdən, artıq minalanmış ərazilər müəyyənləşib, o sahələrin haralar olduğu bilinir, işarə qoyulub ki, orda minalar var. Əgər o işarələrə baxmayaraq kimsə gedib minanın üstünə çıxıb partlayacaqsa, bu onun işidir. Bəyəm dənizə, bulvara gedənlərə qadağa qoyurlar ki, gedib yıxılıb batarsan?! Tamamilə məntiqsiz bir yanaşmadır. Orada 4 min hektara yaxın ərazi əkilib, taxıl səpilib, taxıl biçilib. Orda işlər gedir. Bundan başqa, artıq 1 ilə yaxındır ki, elə yanvar ayından etibarən Şuşaya gediş-gəliş daimidir, minlərlə adam var ki, gedib-gəlirlər. Niyə Şuşaya getməyə qadağa qoyurlar.
- Müsahibələrinin birində Sərdar Cəlaloğlu maraqlı fikri işlətdi, dedi ki, əgər Müsavatla, AXCP hökumətə müraciət edərsə ki, biz də getmək istəyirik, biz də konfransa qatılmaq istəyirik və bundan sonra hökumət onların səfərinə qadağa qoyarsa, o zaman buna etiraz edib, sizə qoşulacaqlar. Partiyalar tərəfindın sizi dəstəkləyən belə təşəbbüslər varmı?
- Şuşada 89-cu ilin oktyabrından başlayaraq dəfələrlə olmuşam. Orduya ərzaq aparmışam, silahlı müqavimət göstərmək üçün adam aparmışam. Heç vaxt məni heç kəs müşaiyət eləməyib. İndi Şuşa azad olunandan sonra, atəşkəs 10 noyabr sazişi imzalanandan sonra nəyə görə mən ora kiminsə müşaiyəti ilə getməliyəm? Hesab edirəm ki, özünə hörmət dən şəxs, xüsusilə siyasi partiya rəhbəri Şuşaya avtobusa yığılaraq nəzarət altında aparılmasına etiraz etməlidir. Mən nəyə görə Şuşaya o şəkildə getməliyəm.
- Axı belə bir vəziyyətdə səfərə pərakəndə də getmək olmaz. Vəziyyəti niyə nəzərə almırsız?
- Niyə olmaz, nəyi bəllidir. Niyə Yevlağa getmək olur, Şuşaya yox. 30-50 manat rüşvət verən adam Şuşaya da gedə bilir, Cəbrayıla da, Füzuliyə də... Bir dostu-tanışı olan adamlar o tanışlıqdan istifadə edib Şuşaya da gedirlər, başqa yerlərə də. Yəni yüzlərlə adam ora gedib-gəlir. Belə yollardan istifadə etməyi nəinki özümüzə, heç başqalarına da rəva görmürük. Bunlar hamısı bəhanədir, belə bir görüntü yaratmağa çalışırlar ki, bu ərazilər bunların tam nəzarəti altındadır, heç kəs ora gedə bilməz. Orda döyüş əməliyyatları getmir, müharibə yoxdur. Mən Laçında da, Füzulidə də, Ağdərədə də, Şuşada da bombalar atılanda dəfərlərlə olmuşam. İndi bombalar atılmır, təhlükə yoxdur, amma hakimiyyət məni ora getməyə qoymur.
- Arif bəy, siz bir seçilən partiya sədri olaraq hökumətə müraciət edib bir neçə siyasi patiyanın Qarabağa səfərini təşkil edə bilərsiz?
- Mən ora getmək üçün heç kəsdən icazə almalı deyiləm. Heç kəs də ora getməki üçün icazə almamalıdır. İşağaldan azad olunmuş yerdə postlar var. Sadəcə o postlarda vətəndaşa izah oluna bilər ki, filan ərazilərə getmək olmaz, filan ərazilər minalanıb... Məsələlər bu şəkildə həll olunmalıdır. Bu qaydanın ləğv olunmasını, vətəndaşların bu şəkildə alçadılmasının əleyhinəyəm. Şuşanın sakinləri var ki, onun hətta gedib bir gecə orda qalmasına icaz verilmir. O sakinlər də ora seçmə üsulu ilə aparılır. Şuşalılar var ki, orda anadan olublar, ataları, babaları şuşalıdır, amma siyasi mövqələrinə görə və yaxud hər hansı məsələlərlə bağlı onların Şuşaya getməsinə icazə verilmir. Burada da bir seçmə üsulu var. Yalnız hakimiyyətə yaxın olan adamlar, hakimiyyəti dəstəkləyən, publik olaraq hakimiyyəti müdafiə edən şəxslər o ərazilərə aparılır. Bu da insan haqlarına, Azərbaycan Konstitusiyasına ziddir. /hafta.az/
Tahirə Qarfarlı
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”