Arif Hacılının söylədiklərini qəbul edə bilmərəm, yaxşı olardı ki..." - MÜSAHİBƏ
Qabil Hüseynli: “Şuşaya gedən siyasətçilər dünyaya bir daha mesaj verdilər ki..."
Oktyabrın 7-də baş tutan siyasi partiya rəhbərlərinin və politoloqların Şuşa səfəri növbəti iqtidar-müxalifət dialoqunun inkişafı kontekstində dəyərləndirilməklə yanaşı dünya ictimaiyyətinə növbəti mesajlarını vermiş oldu.
Versus.az xəbər verir ki, Şuşa səfərində iştirak edən politoloq Qabil Hüseynli müsahibəsində təəssüratlarını bölüşməklə, bir sıra məqamlara da diqqət çəkib.
- Qabil müəllim, bir qrup siyasətçilərlə birlikdə Şuşaya səfər etdiniz, təəssüratlarınız nədir, orda nəyin şahidi oldunuz?
- Şuşada sovet dövründə, hələ 4-cü sinifdə oxuyarkən pioner düşərgəsində olmuşdum. Ondan sonra da cəmi bir dəfə getmişdim. Bu səfər isə qeyri-adi bir səfər idi. Amma bu səfərə əvvəlki ənənəvi Ağdam, Ağdərə yolu ilə yox, yeni çəkilmiş zəfər yolu ilə gedirdik. Zəfər yolu çox çətin dağ şəraitində çəkilmiş mükəmməl bir yoldur. Bu yol sözün əsl mənasında özü bir xariqədir. Həmin gün dağların arasında ilan kimi qıvrıla-qıvrıla qalxan bu yol çox dumanlı idi. Maşınlarımız o dumanları yara-yara Şuşaya qədər gedib çatdı. Bu dağ yolu o qədər müəkəmməl çəkilib ki, orda bir dənə qüsur tapmaq mümkün deyil. Bu yolla irəliləyərkən döyüşçülərimizin nə qədər fədakarlıq göstərdiyini bir daha görürsən. O yollara, ətrafa, bağlara, dağın ətəyindəki məkanlara baxanda görürsən ki, ordumuz sözün əsl mənasında göyün 7-ci qatını fəth ediblər. Çünki Şuşa çox çətin relyefi olan bir ərazidir. Şuşanın sıldırımlı qayalarıına baxanda düşünürsən ki, bizim əfsanəvi xüsusi təyinatlarımız o qayalara necə dırmanıblar, oranı necə azad ediblər. Bir yerdə oxumuşdum ki, Şuşanın azad olunması tarixi hərb elminə daxil olub. Həmin mənzərəni görəndən sonra əmin oldum ki, bu, məhz belə olmalıdır. Bütün bunlara diqqət yetirərkən, mən Şuşanı azad edən, əsasən də yüngül silahlarla silahlanmış qəhrəman xüsusi təyinatlılarımızın necə çətin bir yol keçdiyini, necə böyük xariqələr yaratdığını bir daha yəqin etdim. Mən Allahdan şəhidlərin ruhuna rəhmət oxudum, qazilərimizə isə canlarının sağlam olmasını istədim.
Şuşa doğrudan da uğrunda can qoyulası bir məkandır. Azərbaycanlıların dilində bir söz var: "vətənə gəldim, dinə imana gəldim...” Adam Şuşaya gələndə də eyni sözləri təkrar etmək istəyir. Dağların qoynunda nadir bir cənnətdir, sanki bir muzeydir.
- Necə hesab edirsiz, bu səfərlə dünyaya, ölkəmizi istəməyən qüvvələrə hansı mesaj verildi?
- Azərbaycanın mədəniyyət mərkəzi olan Şuşa hər bir Azərbaycan vətəndaşının qibləgahıdır. Ona görə də Şuşaya gedən siyasətçilər, partiya başçıları, siyasətşünaslar dünyaya, Azərbaycan xalqına bir daha mesaj verdilər ki, Şuşa bizim qibləgahımızdır, ayağımız o torpaqdan heç bir zaman üzülməyəcək. Biz o torpağa gedib o vətən duyğularını, hisslərini bir daha sınaqdan keçirəcəyik. Düşmənə isə o mesajı verdik ki, siz bu diyarı bizim qədər əzizləyə bilməzsiniz. Burda Azərbaycanın ruhu yatır. Orda ermənilərin dağıtdığı binalardan, abidələrdən başqa bir şeyə rast gəlmədik. Dağıntılar göstərir ki, ermənilər bu torpaqla barbarcasına rəftar etmişlər. Erməni Şuşanın və digər ərazilərin onlara aid olmadığını yaxşı başa düşüblər və ona görə də orda hər hansı bir inşa aparmayıblar, bir ağac belə əkməyiblər. Amma Şuşanın azad olunmasından bir ilə yaxın vaxt keçir. Biz orada əzəmətli quruculuq, yaradıcılıq işlərinin şahidi olduq. Şuşaya su çəkilib, Şuşaya qaz çəkilir, kanalizasiya sistemi yenidən qurulub, artıq yarımstansiya elektrik enerjisi gətirilib. Yəni Şuşa elə bil bir uşaq kimi Azərbaycan xalqının köksünə basılaraq əzizlənir. Və burada o soyuq, ağır şəraitdə işləyən adamlara da qibtə etməmək olmaz. Onlar səhərdən axşama qədər kommunikasiya xətlərinin çəkilişində zəhmət şəkirlər. İnsanlar orda çox böyük fədakarlıq göstərirlər.
-Məlumdur ki, bir necə partiya, o cümlədən Müsavat Partiyası Şuşaya getmədi. Arif Hacılı deyir ki, onları Şuşaya dəvət etməyiblər. Eyni zamanda bildirir ki, Şuşaya səfərlər bu cür nəzarətlə, təşkil olunmuş şəkildə deyil, sərbəst şəkildə gedilməlidir. Onun fikrincə, özünə hörmət edən şəxs, siyasətçi belə təşkil olunmuş səfərlərə etiraz etməlidir. Sizcə, pərakəndə səfərlərin olması real vəziyyətə nə dərəcədə uyğundur?
-Arif Hacılının söylədiklərini qəbul edə bilmərəm. Çünki 50-yə yaxın irili-xırdalı partiyanın nümayəndəsi Şuşaya səfərə dəvət edilmişdi və aparıldı. Müraciət etsəydilər, Müsavat kimi seçilən partiyanı böyük məmnuniyyətlə ora aparardılar. İnanıram ki, dəvət ediblər, ya da partiya elə üz göstərib ki, onları dəvət etmək mümkün olmayıb. O səfərdə əlbəttə ki, ayrı-seçkiliyə yol vermək mümkün deyildi. Ora bütün Azərbaycanın mədəniyyət mərkəzidir. Ora dediyim kimi, siyasi mənsubiyyətindən asılı olmayaraq hamının qibləgahıdır. Ona görə də bu cür yanaşmanı doğru hesab etmirəm. Əgər ən kiçik partiyaların nümayəndələri Şuşaya dəvət edilirsə, Müsavat Partiyası niyə dəvət edilməsin?
O ki qaldı Arif bəyin dediyi kimi, nəzarətsiz şəkildə səfərlərin olmasına, bu mümkün deyil. Əvvəla bu gün hər kəsin ora getməyə imkanı var. Amma Şuşa hələ məskunlaşmayıb. Şuşaya ikiqat nəzarətdən, əsgəri yoxlamalardan keçməklə getmək olar. Ora ermənilər də sıza bilər, təxribatçılar da. Ona görə belə səfərlər nəzarətlə təşkil olunmalıdır. Amma Müsavat Partiyası rəsmi icazə alaraq ayrıca bir səfər təşkil eliyib Şuşaya gedə bilər. Burada problem yoxdur. Amma yaxşı olardı ki, milli birlik xatirinə bu prosesə qoşulaydılar. Hökumət bu səfərlə bağlı 15 gün əvvəl məlumat vermişdi. Əgər Müsavat bu səfərdə belə maraqlı idisə, özləri müraciət edəydilər. Mən bu gün Şuşa ilə bağlı deyilən xoş fikirlərdən sonra tənqidi fikirlər söyləmək istəmirəm. Onlar söylədikləri doğru deyil. Şuşa bizim qürur mənbəyimizdir, bu nə Müsavatın, nə də YAP-ın şəxsi məkanı deyil. Ümid edirəm ki, bundan sonra Şuşaya səfərlər davamlı xarakter daşıyacaq. /hafta.az/
Tahirə Qafarlı
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”