İlham Əliyevin Qoşulmama Hərəkatının Yüksək Səviyyəli Toplantısında videoformatda ÇIXIŞI

13:48 11-10-2021 | icon 570 | Siyasət
İlham Əliyevin Qoşulmama Hərəkatının Yüksək Səviyyəli Toplantısında videoformatda ÇIXIŞI

"Azərbaycan Qoşulmama Hərəkatına üzv dövlətlərin parlamentariləri arasında əməkdaşlığın inkişafı ilə bağlı addımlar atır"

 

Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantı öz işinə başlayıb.

 

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev tədbirin rəsmi açılış hissəsinə sədrlik edib.

 

Dövlətimizin başçısı tədbirdə videoformatda çıxış edib.

 

“Hörmətli Prezident Vuçiç.

Xanımlar və cənablar.

İlk növbədə, mən Serbiya Prezidenti cənab Aleksandar Vuçiçə Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıya ev sahibliyi etməsinə görə təşəkkür etmək istəyirəm. Bu təşəbbüs Serbiyanın özünün tarixi irsinə və Qoşulmama Hərəkatının prinsiplərinə sadiqliyini nümayiş etdirir.

 

1961-ci ildə Belqradda təsis edildiyi vaxtdan Qoşulmama Hərəkatı qlobal sülh, ədalət və həmrəylik naminə həyata keçirdiyi səylər vasitəsilə beynəlxalq arenada mühüm rol oynamışdır.

 

BMT Baş Assambleyasından sonra ikinci ən böyük təsisat olan Qoşulmama Hərəkatı müxtəlif regionları əhatə edərək fərqli tarixi, siyasi və mədəni mənsubiyyətə malik 120 ölkəni birləşdirməklə, multilateralizmin həqiqi nümunəsi hesab edilir.

 

Suverenlik və ərazi bütövlüyünə hörmət, təcavüz aktlarından çəkinmə, başqalarının daxili işlərinə qarışmama kimi prinsipləri özündə ehtiva edən tarixi Bandunq prinsipləri Qoşulmama Hərəkatının təməlində dayanır. Bu prinsiplər müasir beynəlxalq münasibətlərdə aktual və vacib olaraq qalır. Əgər bütün ölkələr Bandunq prinsiplərinə riayət etsəydilər, onda biz dünyada müharibələr və münaqişələr görməzdik.

 

Zor tətbiq etməklə dövlətlərin ərazi bütövlüyünün pozulması qətiyyən qəbuledilməzdir. Azərbaycan bütün ölkələrin suverenliyi və ərazi bütövlüyü prinsiplərini tam dəstəkləyir.

 

Sülhün, təhlükəsizliyin, beynəlxalq hüququn və ədalətin gücləndirilməsinə töhfə vermək üçün Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatı ailəsinə qoşulmaq qərarına gəldi. Qısa müddət ərzində Azərbaycan Hərəkatın üzvləri arasında böyük etimad və hörmət qazandı, 2016-cı ildə Qoşulmama Hərəkatının liderlərinin yekdil qərarı ilə Azərbaycan 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatının sədri seçildi.

 

Qoşulmama Hərəkatının 2019-cu ildə Bakıda keçirilmiş 18-ci Zirvə Toplantısında mən vurğulamışdım ki, Azərbaycan sədrliyinin prioritetlərini və fəaliyyətini Bandunq prinsipləri əsasında quracaq, ədaləti və beynəlxalq hüququn normalarını qətiyyətlə müdafiə edəcəkdir. Azərbaycan tamamilə müstəqil daxili və xarici siyasət yürüdür, daxili işlərinə bütün müdaxilə cəhdlərini effektiv şəkildə neytrallaşdırır.

 

Dünya 2020-ci ilin əvvəlində COVID-19 pandemiyasına məruz qaldığı dövrdə Azərbaycan Hərəkatda sədrliyinə məsuliyyətlə yanaşmış və pandemiya nəticəsində yaranmış təhdidlərə vaxtında və adekvat cavab verilməsi üçün ciddi səylər göstərmişdir. Azərbaycan pandemiya ilə mübarizədə qlobal səylərin səfərbər edilməsi üçün bir sıra təşəbbüslər irəli sürüb. Biz 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində onlayn Zirvə Toplantısının keçirilməsi təşəbbüsünü irəli sürmüş və onu təşkil etmişik. Zirvə Toplantısının praktiki nəticəsi olaraq Qoşulmama Hərəkatına üzv dövlətlərin əsas humanitar və tibbi ehtiyaclarını əhatə edən məlumat bazası yaradılmışdır. Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatına üzv dövlətlərin mövcud ehtiyaclarının təmin edilməsi üçün həmin məlumat bazasından istinad mənbəyi kimi istifadə edir.

 

Bundan əlavə, Zirvə Toplantısındakı təklifimə əsasən, – bu təklif daha sonra 150-dən artıq ölkənin dəstəyini almışdır, - 2020-ci ilin dekabr ayında BMT Baş Assambleyasının koronavirusla mübarizəyə həsr edilmiş, dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyası təşkil olunmuşdur. Azərbaycan, həmçinin Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi etmişdir ki, onun yarısı Qoşulmama Hərəkatının üzvlərinə birbaşa yardım idi. Bununla yanaşı, koronavirusa qarşı mübarizələrini dəstəkləmək üçün biz Qoşulmama Hərəkatının üzvləri daxil olmaqla, 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərmişik. Azərbaycan təmənnasız olaraq dörd ölkəyə 150 min doza peyvənd ianə etmişdir.

 

Azərbaycan “peyvənd millətçiliyi”nə və peyvəndlərin zəngin ölkələr tərəfindən öz ehtiyaclarından daha artıq miqdarda alınmasına qarşı narazılığını açıq şəkildə ifadə etməkdədir. Belə hərəkətlər Qoşulmama Hərəkatına üzv ölkələri öz əhalisini qorumaq imkanından məhrum edir. Peyvəndlərə çıxış sahəsində fərq çox böyükdür. Beynəlxalq hesabatlara əsasən, dünyada mövcud olan peyvənd dozalarının 75 faizi 10 zəngin ölkə tərəfindən alındığı halda, aşağı gəlirli ölkələrdə isə peyvəndlənmə 2 faizdən azdır.

 

Cari ilin mart ayında Azərbaycanın təşəbbüsü əsasında BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından peyvəndlərə bərabər və universal çıxışın təmin edilməsinə dair qətnamə qəbul edilib. BMT Baş Assambleyasının cari sessiyası çərçivəsində də Azərbaycan eyni mövzuda qətnamə layihəsini irəli sürməyi planlaşdırır və biz sizin dəstəyinizə arxalanırıq.

 

Xanımlar və cənablar. Təəssüflər olsun ki, beynəlxalq hüququn normaları və beynəlxalq təşkilatların qərarları ilə bağlı ikili standartlar və selektiv yanaşmanın tətbiqi dünyada münaqişələrin ədalətli həllinə mənfi təsir göstərir. Azərbaycan da son 30 il ərzində belə selektiv yanaşmaya məruz qalıb.

 

Beynəlxalq münasibətlərdə tüğyan edən ikili standartlardan istifadə edən Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq təqribən 30 il ərzində Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlaya bildi. Həm öz ərazisində, həm də işğal etdiyi Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirdi. 1992-ci ilin fevralında Xocalı soyqırımını törədərək yüzlərlə mülki şəxsi, o cümlədən 106 qadın və 63 uşağı qətlə yetirdi. Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün doğma evlərinə qayıtmaq hüququ da daxil olmaqla, əsas insan hüquqlarını pozdu.

 

Lakin hərbi təcavüzə və 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən və Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamənin icrasından imtina etməsinə baxmayaraq, Ermənistana qarşı sanksiyalar tətbiq edilmədi. Təcavüzkar dövlətlə işğala məruz qalan dövlət arasında fərq qoyulmadı. Əksinə, Ermənistan işğalı möhkəmləndirir, hərbi cinayətlər törədir, qanunsuz məskunlaşdırma və təbii sərvətlərimizin qeyri-qanuni istismarını həyata keçirir, Azərbaycan xalqının mədəni və dini irsini məhv edirdi.

 

Cəzasızlıqdan həvəslənən Ermənistan daha da irəliyə gedərək Azərbaycanı yeni torpaqlar uğrunda yeni müharibə ilə hədələyir, dövlət sərhədi və keçmiş təmas xətti boyu hərbi təxribatlara əl atırdı.

 

2020-ci il sentyabrın 27-də Ermənistan Azərbaycana qarşı genişmiqyaslı hərbi hücum törətdi. Buna cavab olaraq, Azərbaycan Ordusu öz ərazimizdə əks-hücum əməliyyatına başladı və işğal olunmuş torpaqlarımızı azad etdi.

 

44 günlük Vətən müharibəsi nəticəsində tamamilə məğlub edilmiş Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur oldu. Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının yuxarıda qeyd etdiyim qətnamələrinin icrasını təmin etdi, 30 illik münaqişəyə son qoydu və hərbi-siyasi yollarla ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı.

 

Qoşulmama Hərəkatına üzv dövlətlər tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin daim dəstəklənməsini yüksək qiymətləndirdiyimizi vurğulamaq istərdik. Vətən müharibəsi zamanı BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri olan Qoşulmama Hərəkatının yeddi ölkəsinin bizə verdiyi dəstək olduqca dəyərlidir. Onlar BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrinə istinadın edilmədiyi birtərəfli mətbuat açıqlamasının qəbul edilməsinə imkan vermədilər. Bununla da, həmin ölkələr Qoşulmama Hərəkatının sənədlərindən qaynaqlanan Hərəkatın prinsipial mövqeyinə möhkəm sadiqliyini nümayiş etdirdilər.

 

İşğal dövründə Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində qəsdən şəhər və kəndləri dağıtmış, bütün mədəni və dini abidələri məhv etmişdir. Ermənistanın məqsədi həmin ərazilərdə əsrlər boyu yaşamış Azərbaycan xalqının izini silmək idi.

 

Xanımlar və cənablar. Bu il Hərəkata üzv olan dövlətlər yekdilliklə Azərbaycanın sədrlik müddətinin daha bir il - 2023-cü ilin sonuna qədər uzadılması barədə qərar vermişlər. Biz bunu Azərbaycanın Hərəkata uğurlu və səmərəli sədrliyinə verilən qiymətin əlaməti kimi yüksək dəyərləndiririk. Azərbaycan Qoşulmama Hərəkatı çərçivəsində həmrəyliyin bundan sonra da möhkəmləndirilməsi və Hərəkatın siyasi çəkisinin və qlobal nüfuzunun artırılması istiqamətində fəaliyyətinə davam edəcək.

 

Biz COVID-19-dan sonrakı dövr üçün fikir mübadiləsinin aparılması və Hərəkatın mövqeyinin formalaşdırılması məqsədilə Qoşulmama Hərəkatına üzv dövlətlərin yüksək səviyyəli iclasının keçirilməsini təklif etmişik.

 

BMT-nin COVID-19-dan sonra Qlobal Bərpa üzrə Yüksək Səviyyəli Panelinin yaradılması təklifinin Qoşulmama Hərəkatı tərəfindən təşviq edilməsi məqsədəuyğun olardı.

 

Azərbaycan Qoşulmama Hərəkatına üzv dövlətlərin parlamentariləri arasında əməkdaşlığın inkişafı ilə bağlı addımlar atır. Bir həftə bundan əvvəl Azərbaycan sədr kimi Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin təsis iclasını keçirdi. Mən təklif edirəm ki, Qoşulmama Hərəkatına üzv dövlətlər artıq təsisatlanma ideyası üzərində düşünsünlər. Azərbaycan sədr qismində məsləhətləşmələr apararaq, Hərəkata üzv dövlətlərin bununla bağlı mövqeyini öyrənəcəkdir.

 

Sonda sizi əmin etmək istəyirəm ki, Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan beynəlxalq münasibətlərdəki qlobal çağırışların həlli istiqamətində Hərəkatın rolunun daha da gücləndirilməsi, habelə ədalətin, beynəlxalq hüququn və Qoşulmama Hərəkatına üzv dövlətlərin legitim maraqlarının müdafiəsi istiqamətində səylərini əsirgəməyəcəkdir.

Diqqətinizə görə sağ olun”.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Xuraman Şuşalı “Əcəb oldu” dedi

Bu gecə aeroport yolu BAĞLANACAQ

Deputatlar gələn ayın ilk günü TOPLAŞIR

"Azərbaycan özü diqtə edən dövlətdir indi"

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsinə BAŞLANILDI

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

AB-da da insan hüquqları getdikcə deqradasiyaya uğrayır