Milyonlarla dollar qazanmaq İMKANI

18:04 15-10-2021 | icon 632 | İqtisadiyyat
Milyonlarla dollar qazanmaq İMKANI

Əli Ağaoğlu: “Limit və məhdudiyyət yoxdur”

 

Dövlət Neft Şirkəti (SOCAR) böyük təlabatı nəzərə alaraq yüksək gəlir vəd edən yeni istiqrazlarını bazara buraxdı. Artıq 20 sentyabr tarixindən etibarən SOCAR İstiqrazlarının abunə yazılışına start verilib və bu proses oktyabrın 29-dək davam edəcək. Yeni SOCAR İstiqrazları 5 illik müddətə buraxılır və onların ümumi həcmi 100 milyon ABŞ dolları təşkil edir. İllik faiz dərəcəsi 4,5 faiz olan istiqrazların hər birinin nominal qiyməti 1000 (min) dollar məbləğindədir. Faiz gəlirlərinin ödənişi isə rüblük qrafiklər əsasında həyata keçiriləcək.

 

Bəs, bu istiqrazları kimlər və necə əldə edəcək? İstiqraz sahibləri hansı imkanlardan yararlana biləcəklər? Ümumilikdə bu emissiya prospektinin maliyyə bazarları və Azərbaycan iqtisadiyyatı üçün əhəmiyyəti nədən ibarət olacaq?

 

Versus.Az xəbər verir ki, SOCAR-ın Maliyyə məsələləri üzrə baş məsləhətçisi Əli Ağaoğlu müsahibəsində bu və digər əhəmiyyətli suallara cavab verib.

 

- Əli bəy, 20 sentyabr tarixindən yeni SOCAR istiqrazlarının abunə yazılışı başladı və bu oktyabrın 29-dək davam edəcək. Hazırda ümumi gedişat necədir və abunə yazılışına investorların marağı hansı səviyyədədir?

 

- Bu, SOCAR-ın ikinci istiqrazlarıdır. İlk istiqrazlarımızı buraxanda artıq ikinciyə qədər mən pensiyaya çıxaram deyə düşündüm, amma hazırda yenisinə abunə yazılışı gedir. Baxmayaraq ki, ilkinə maraq az idi, biz yenə də onu uğurla yerləşdirdik. Həmin dövr iqtisadi cəhətdən bir qədər sıxıntılı idi. Fəqət bizim bir fəlsəfəmiz var idi. SOCAR olaraq inamın az olduğu bir dövrdə istiqrazlarımızın satışını həyata keçirə bildik. Daha sonra proses olduqca sağlam irəlilədi. Heç bir problem çıxmadı. Bütün ödənişlər vaxtında, hətta daha əvvəl edildi ki, vəsait bütün hesablara vaxtında otursun. Bu, əhəmiyyətli bir inam yaratdı. Bu inamı ikinci bazarda da hiss etdik. İkinci bazarda da investisiya şirkətləri və PSG Kapital marketmeykerlik etdi. 

Qazandığımız inamla birgə, gözlədiyimizdən daha böyük təlabatla qarşılaşdıq. Hazırda da yeni istiqrazlarımıza investorların olduqca böyük maraq göstərdiklərinin şahidi oluruq. Çox gözəl bir haldır ki, daha əvvəl istiqraz alanların hamısı yenidən bizə müraciət edirlər. Hətta tələbi daha da artırırlar. Bu müddətin hər kəs üçün uğurlu keçdiyini görürük. Hazırda istiqrazlarımızı üç aydan bir dəfə ödəniş etməklə, 4,5 faizlə təqdim edirik. Tələb yüksəkdir, yüksək olacağını təxmin etmişdik, yanılmadıq.

 

- SOCAR İstiqrazlarının ikinci buraxılışının başlıca səbəbi nədir?

 

- Birinci istiqrazları buraxma səbəbi ilə çox bənzərdir. Birinci istiqrazları buraxma səbəbimiz nə idi? Bazara inamın az olduğu dövrdə yastıq altındakı vəsaitləri iqtisadiyyata qazandırmaq istəyirdik. Bunu necə edə bilərdik? Ya banklara əmanət cəlb etməklə, ya da belə bir istiqraz çıxarmaqla. Biz Azərbaycan vətəndaşlarının büdcəsinə töhfə vermək istədik. Xaricə faiz ödəmək əvəzinə, Azərbaycan vətəndaşlarına bu ödənişi etmək üçün istiqrazları çıxartdıq. Emissiya dəyəri 100 milyon dollar olan bu istiqrazlar Azərbaycan tarixində ən böyük həcmli istiqraz buraxılışı idi. Xaricdə 2 milyard dollardan çox avrobond çıxartmış bir şirkət olaraq, Azərbaycanda 5-10 milyon dollar həcmində emissiya yerləşdirmək SOCAR-a olan inamın azalmasına səbəb ola bilərdi. Ona görə də adımıza yaraşan iş görmək istədik. Biz bu vəsaiti hər hansı layihədə deyil, xaricdəki avrobondların satın alınmasında istifadə etdik.

Bu emissiya prospekti ilə Azərbaycanda maliyyə bazarlarının inkişafına önəmli töhfə verdik. Bazarda əhəmiyyətli dəyişikliklərə yol açdıq. Bizdən sonra 6-7 yeni istiqraz çıxdı. Yaratdığımız şərait əsnasında bu platformadan yararlandılar. Çox da yaxşı oldu. Üzərimizə düşən məsuliyyəti artıqlaması ilə icra etdik. İkincisini nəyə görə çıxarırıq? İlk istiqraz sahiblərindən gələn yüksək tələblə bağlı. İlk istiqrazlarımızı ala bilməyənlər də nə vaxt yeni istiqrazların buraxılacağı ilə maraqlanır və onları əldə etməyi səbirsizliklə gözləyirdilər. Nəhayət, ikincisini çıxardırıq. Mən bunun Azərbaycan üçün çox xeyirli olacağını düşünürəm. İkinci istiqrazların da satışından əldə edilən gəlirlə yenə avrobondlara yatırım edəcəyik.

 

- Oktyabrın 17-də ilkin SOCAR İstiqrazlarının 5 illik tədavül müddəti sonuncu kupon ödənişi ilə birgə yekunlaşır. Bu 5 illik müddəti necə qiymətləndirirsiniz?

 

- 18 oktyabr tarixində son kupon ödənişi hər kəsin hesabına keçmiş olacaq. Yerli investorlarımıza ümumilikdə bir illik 5 milyon, beş illik isə 25 milyon dollarlıq bir töhfə verdik. Digər tərəfdən, maliyyə bazarlarının inkişafına dəstək verdik. İkinci bazar əməliyyatlarında satılan istiqrazların 75 faizdən çoxu SOCAR-a aid idi. Başqa bir uğurumuz - repo bazarını genişləndirdik. İstiqrazları girov qoymaqla, banklardan kredit əldə etməyi mümkün etdik. Üstəlik, bu kreditləri sərfəli faiz dərəcələri ilə əldə etdilər. Bu daha ucuz kredit deməkdir. Bununla da bazara yeni alətlər qazandırdıq. SOCAR olaraq ümumi Azərbaycan iqtisadiyyatına töhfə vermiş olduq. Geriyə baxdığımız zaman səylərimizə dəymiş bir uğur əldə etdiyimizi görürük. Bundan sonra da uğurlu layihələrə imza atmağı planlaşdırırıq.

 

- İstiqrazlara abunə yazılışı mexanizmi necə işləyir? Yəni, istiqrazı necə və haradan əldə etmək olar?

 

- Əvvəllər bu proses iki və ya iki gün yarım çəkirdi. Biz bunu 15-20 dəqiqəyə endirdik. ASAN Xidmətə xüsusi təşəkkür borcluyuq. Hazırda 1 və 5 saylı ASAN Xidmətdə SOCAR istiqrazları köşkləri var. İnvestorlarımız həmin köşklərə müraciət edib, sifarişlərini verə bilərlər. Bank hesabları olan köhnə investorların artıq bir şey etmələrinə ehtiyac yoxdur. Oktyabrın 18-də ödəyəcəyimiz istiqrazların pullarını hesablarında saxlayaraq, yeni sifarişlər verə və ya əlavə sifariş edəcəklərsə, həmin hesaba pul transfert etməklə sifarişi həyata keçirə bilərlər. Sadəcə 1 və 5 saylı ASAN Xidmətlərdə deyil, hazırda 10 ədəd investisiya şirkətində hesab açıb, bu hesaba vəsaiti köçürməklə sifarişlərini edə bilərlər. Nəzərə alın ki, biz işə başlayan zaman bu şirkətlərin sayı 5 idi, indi onların sayı 10-dur. Bu bizim maliyyə bazarlarına digər yöndən vermiş olduğumuz bariz bir töhfədir.

 

- İstiqrazların yerləşdirilməsi nə vaxt baş tutacaq və təkrar bazar əməliyyatlarına nə zamandan start veriləcək?

 

- Oktyabrın 29-da sifarişlərin son günüdür. 1-2 noyabr tarixlərində yerləşdirməni edəcəyik. Daha sonra istər MDM-də, istərsə də birjada lazımi qeydiyyat fəaliyyəti tamamlandıqdan sonra, bir-neçə iş günü ərzində ikinci bazar əməliyyatlarına da start veriləcək. Yəni, prosesi uzatmayacağıq. İkinci bazar əməliyyatlarında da birincidə olduğu kimi, “PSG Kapital” investisiya şirkəti marketmeyker olacaq. İnvestorlar istədiyi zaman bu istiqrazları sata, onu repo edə və geri ala biləcəklər.

 

- Təkrar bazardan satın alınan istiqrazların şərtləri birinci bazardan əldə olunanlardan fərqlənəcək?

 

- Texniki olaraq heç bir fərq yoxdur. İstiqrazı birinci bazarda əldə etdiyiniz andan etibarən ilk kupon ödənişi edilənə qədər faiz işləməyə başlayır. İkinci bazarda da istiqrazı aldığınız zamandan etibarən faiz hər gün çalışır. Yəni, bir sonrakı bazar əməliyyatlarında hər kəs faizini alaraq davam edəcək. Hər hansı bir faiz itkisi olmayacaq. İstiqrazları əlinizdə tutduğunuz müddətdə faiz qazanmağa davam edəcəksiniz. Əgər istiqrazı birinci bazarda gecikib ala bilməmisinizsə, ikinci bazarda onu aldığınız zaman yenə faiz qazanmağa başlayacaqsınız. İstiqrazın qiyməti isə arta bilər. Təlabatın yüksək olduğu dövrdə istiqrazın nominal qiymətinin 1050 dollara qədər artığı hal belə olub. Onu da qeyd edim ki, aldıqdan sonra satanlar çox az oldu. Bu, yaxşı nəticədir. Hər kəs istiqrazını əlində tutmaq üçün çox səy göstərdi. Yalnız çox ehtiyacı olanlar satdı.

 

- Təkrar bazarda istiqraz almaq üçün hansısa limit tətbiq olunacaq? Yəni, istənilən şəxs istədiyi qədər istiqraz əldə edə biləcək?

 

- Bəli. İstədikləri qədər əldə edə biləcəklər. Təbii ki, birinci bazarda limitlərimiz olacaq. Üstünlüyü fiziki şəxslərə verəcəyik. Daha sonra qalan vəsaiti hüquqi şəxslər arasında onların təlabatına uyğun olaraq paylayacağıq. Təbii ki, onlar da almaq istədikləri vəsaiti əldə etmək üçün daha yüksək tələb irəli sürməlidirlər. Biz yerləşdirmədə onların irəli sürdükləri tələbata görə bölüşdürülməni edəcəyik. Lakin birinci bazardakı məhdudiyyətlər ikinci bazar üçün keçərli olmayacaq, yalnız bazarın öz şərtləri keçərli olacaq. İkinci bazarda hər kəs istədiyi qədər alıb-sata biləcək. Məhdudiyyət və ya limit yoxdur.

 

- SOCAR-ın ilk istiqrazlarında tətbiq etdiyi repo və bankdan güzəştli kreditlər kimi alətlər yeni istiqrazlarda da olacaq?

 

- Olacaq. Yenə bir neçə bankımızda buna imkan yaradılacaq. Bu dəfə onların sayının daha çox olacağını düşünürəm. Həmçinin investorlar birjada repo əməliyyatlarını da həyata keçirə biləcəklər və istiqrazlardan əldə edilən gəlirlər vergidən azad olacaq.

 

- Qeyd olunduğu kimi, yeni SOCAR istiqrazlarının da təkrar bazarda marketmeykeri olacaq. Bunun istiqraz sahibləri üçün üstünlükləri nələrdən ibarətdir?

 

- Marketmeyker müəssisə və ya hər hansı institut üçün olduqca vacibdir. Beləliklə, investor bazarda hər zaman bir alıcısının olduğunu bilir. Lakin təsəvvür edin, bu gün pula ehtiyacınız var, əlinizdə istiqrazınız var, amma onu satıb, təkrar ala bilmirsiniz. Pula çox ehtiyacınız olduğu təqdirdə istiqrazınıza alıcı tapa bilməməyiniz ilk növbədə müəyyən çətinlik, narahatlıq doğurur. Bu halların yaşanmaması üçün marketmeyker həmişə orada olmalıdır. Bu o deməkdir ki, siz istiqrazınıza həmişə alıcı tapacaqsınız. Marketmeykerin verdiyi üstünlük budur. Satdığınız istiqrazı yenidən almaq istədiyinizdə belə marketmeyker bunu təmin etmiş olacaq.

 

- Əli bəy, SOCAR istiqrazlarının qiymətli kağızlar bazarında bir sıra uğurlara imza atdığı və investisiya aləti kimi əhali arasında böyük maraqla qarşılandığı aydındır. Bunun başlıca səbəblərini necə izah edə bilərsiniz?

 

- Önəmli səbəblərdən biri inamın artmasıdır. İstiqrazların faiz dərəcəsi çox əlverişli idi, investorların qazandığı gəlirin yaxşı olması önəmli səbəblərdən biridir. Bazarda açdığımız yoldan digər isriqrazların da gəlməsi bütün bazarın inkişafına səbəb oldu. Ən əhəmiyyətlisi inamın artması idi. Bu inamı dəstəkləmək üçün marketmeyker var idi, alqı-satqı, repo əməliyyatları rahatlıqla edilə bilirdi, istiqraz girov qoyularaq kredit əldə etmək mümkün idi, bunlar hamısı tətbiq edildi və işlədi. Kupon ödənişləri daim qrafikə uyğun aparıldı. Heç bir problem yaşanmadı. İlk istiqrazların bazarda uğurlu nəticə göstərməsi ikincisinin də yolunu açdı. /oxu.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...