Şuşa qalasının alınması ilə işğal tarixlərinin üzərindən xətt çəkildi
Müasir Müsavat Partiyası (MMP) 8 noyabr - Zəfər Günü ilə bağlı bəyanat yayıb.
Versus.Az xəbər verir ki, bəyanatda deyilir:
Azərbaycanın Müzəffər Ordusu müzəffər Ali Baş Komandanın rəhbərliyi, xalqın birliyi ilə 2020-ci il sentyabrın 27-də uğurlu əks-hücum əməliyyatı həyata keçirərək, 30 ilə yaxın müddətində erməni tapdağında, işğalında qalan Azərbaycan torpaqlarını azad etdi. Ermənistan silahlı qüvvələrinin başı Azərbaycan xalqının, Ordusunun “Dəmir Yumruğu” ilə əzildi. Azərbaycanımız öz əsgər və zabitləri, Azərbaycan Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyətli sərkərdəliyi ilə qızıl hərflərlə yeni bir hərb tarixi, zəfər tarixi yazdı. Azərbaycan 200 illik tarixində ilk dəfə məhz 8 noyabrda Şuşa qalasının alınması ilə qara işğal tarixlərinin üzərindən xətt çəkdi.
Bu gün Azərbaycan xalqı, Ordusu başda Ali Baş Komandan olmaqla dünya dövlətlərinin qarşısında qalib bir xalqın, millətin sərkərdəsi kimi qürurla dayanır. Azərbaycan torpaqları qəsbkarlardan azad edilib.
Azərbaycan xalqı bu tarixi zəfər gününü 30 ilə yaxın müddətdə böyük səbirsizliklə gözlədi. Azərbaycanda yaşayan erməni toplumu imperialist, mənfur erməni quldurlarının, terrorçu qruplarının, eləcə də erməniyə silah verən havadarlarının diqtəsi ilə cinayətlər törədərək əliyalın Azərbaycan vətəndaşlarını öz evlərindən, kəndlərindən, şəhərlərindən didərgin saldılar. Əliyalın Azərbaycan əhalisi öz yurdunda məcburi köçkün halında yaşamağa məcbur oldu. Azərbaycanın işğala məruz qalan rayonlarında yaşayan əhali erməni quldurlarının silahlı basqınlarına qarşı dayanmaq üçün hətta əliyalın belə döyüşməyə hazır idilər. Müxtəlif ağır silahlarla silahlandırılmış erməni quldur dəstələrinin, erməni hərbçilərinin qarşısında silahsız qalan Azərbaycan əhalisi xeyli itki verdi. Hələ 1992-93-cü illərdə Ermənistan və havadarlarına qarşı könüllü dəstələr yaradan Azərbaycan igidləri qəhərmanlıqla döyüşdülər, şəhid oldular. Lakin Ermənistan mənfur havadarlarının himayəsi ilə daha çox torpaqlar zəbt edib, daha çox talan edib, daha çox Azərbaycan insanının qanını içmək istədi. Buna nail oldu, 20 mindən çox insanımız I Qarabağ döyüşlərində şəhid oldu, girov, əsir götürüldü, qazi oldu. Ölkə rəhbərliyində hərcmərclik, nizami ordunun olmaması müvəqqəti də olsa bizi öz torpaqlarımızda didərgin düşməyə məcbur etdi.
Azərbaycan diplomatiyasının uğuru sayəsində 1993-cu ildə BMT TŞ-də Ermənistan işğalçı qüvvələrinin qeyd-şərtsiz Azərbaycan ərazilərini boşaltması barədə qətnamələr qəbul olundu. Daha sonra Azərbaycanın torpaqlarının işğalda qalmasına ikilistandartlarla yanaşan beynəlxalq təşkilatlar işğalçı ilə işğala məruz qoyulan dövlətlər arasında bərabərlik işarəsi yaratdı. Qarabağda münaqişənin nizamlanması ilə bağlı yaranan ATƏT-in Minsk Qrupu heç bir iş görmədən, regionda status-kvonu saxlamağa maraqlı oldu. Dünya Birliyi Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğalına göz yumdu. Beynəlxalq ictimaiyyət erməni separatçılarının, cinayətkarlarının 1992-ci ildə Xocalı şəhərində törətdiyi soyqırım hadisəsinə biganə qaldı. Beynəlxalq ictimaiyyət, xüsusən də ATƏT-in Minsk Qrupunda olan Rusiya, Fransa, Amerika kimi böyük dövlətlər erməni özbaşınalığının qarşısında aciz qaldı. Prezident İlham Əliyev bütün beynəlxalq tribunalarda dünya ictimaiyyətini ədalətə səslədi və Azərbaycan torpaqlarının işğala məruz qoyulduğunu bəyan edərək dünya dövlətlərini erməni cinayətləri qarşısında susmamağa çağırdı. Lakin 30 ilə yaxın beynəlxalq ictimaiyyətindən ədalət gözləməyin əbəs olduğunu gördük.
Azərbaycan xalqının səbr kasası doldu. Azərbaycan xalqı 30 ilə yaxın müddətdə torpaqların azadlıq ruhu ilə yaşadı. Nəhayət Ali Baş Komandanın qətiyyətli iradəsi, xalqın birliyi, Ordunun gücü ilə bir “Dəmir yumruq” olaraq torpaqlarını azad etdi. Ermənistan siyahlı qüvvələri məğlub edildi.
Təbii ki, belə bir tarixi hadisədə siyasi partiyalar da Ali Baş Komandanın əmrinə tabe olaraq birlik nümayiş etdirdi.
Müasir Müsavat Partiyası (MMP) Azərbaycan sərhədlərinin bütövlüyünün təmin olunmasında iştirak edən xalq-ordu-Ali Baş Komandan birliyinin daha da möhkəm olmasını və sərhədlərin bütövlüyüyün daha da gücləndirilməsi istiqamətində atılan addımları dəstəkləyir və Ali Baş Komandanın əmrlərinə daim hazırdır.
MMP olaraq 8 noyabr Zəfər günü münasibəti ilə Azərbaycan xalqını təbrik edir, Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı arzulayırıq.
Qarabağ Azərbaycandır! Yaşasın Müzəffər Ordumuz, Yaşasın Azərbaycan!
Versus.Az