"Türk Dövlətləri Təşkilatı Avropa İttifaqı bənzəri olacaq"
Turan Rzayev: "Bu baş versə, Rusiyanın yox, “Türk Dövlətləri Təşkilatı”nın sülhməramlıları olacaq"
"“Türk Dövlətləri Təşkilatı” “Avropa İttifaqı” bənzərində formalaşmalı, ortaq sülhməramlı qüvvələr yaradılmalıdır".
Bunu noyabrın 12-də İstanbulda baş tutan və artıq başa çatan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşünü şərh edən politoloq Turan Rzayev bildirib.
Politoloq qeyd edib ki, gözlənildiyi kimi, sonda bir sıra mühüm qərarlar verilib. Onun sözlərinə görə, verilən qərarlar içərisindən dördüncü xüsusi ilə mühüm idi:
"Birincisi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adının “Türk Dövlətləri Təşkilatı”na dəyişdirilməsi haqqında qərar qəbul edildi. Prinsip etibarilə bu qərarın gec-tez veriləcəyi məlum idi. Söhbət təkcə təşkilatın adından deyil, həm də adı ilə paralel onun statusunun dəyişdirilməsindən gedir. Dünya praktikasına nəzər salsaq, bu gün bir çox beynəlxalq və regional təşkilatların fərqli ad və statuslarda yaradılıb daha sonra adı ilə birlikdə statusunda dəyişdiyini görə bilərik. Misal üçün bu gün “Avropa İttifaqının” olaraq bildiyimiz təşkilat vaxtı ilə “Avropanın Polad və Kömür Birliyinin” adı ilə yaradılmış Avropada polad və kömür sənayesinin tənzimlənməsi, iqtisadi münasibətlərin formalaşmasını özündə ehtiva edirdi. Halbuki bu gün “Avropa İttifaqı” təkcə iqtisadi deyil, sosial, hüquqi, mədəni, siyasi, diplomatik, hətta müəyyən mənada hərbi məsələləri də özündə ehtiva edir".
Bu mənada politoloq hesab edir ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adının “Türk Dövlətləri Təşkilatı”na dəyişdirilməsi yaxın illərdə təşkilatın “Avropa İttifaqı” bənzəri bir təşkilata keçidi ilə müşahidə ediləcək:
"Xüsusilə bunun olmasında Türkiyə və Azərbaycan daha maraqlıdır. Türkiyə onsuz da uzun illərdir Avropa İttifaqına daxil olmaq istəsə də bu və ya başqa səbəblərdən süni maneələr və ikili standarlara məruz qaldığı üçün hər dəfəsində müraciəti nəticəsiz qalırdı. Rəsmi Ankara buna görə Avropa Birliyinə üzv olmaq yerinə, vaxtı ilə Avropa ölkələrinin etdiyini etmək, yəni soykökü, dili bir türk dövlətlərinin özünəməxsus təşkilatının yaranmasını istəyir".
Politoloq Türkmənistana Türk Dövlətləri Təşkilatında müşahidəçi statusunun verilməsi haqqında qərar qəbul edilməsinə də münasibət bildirib. Qeyd edib ki, bu, mühüm hadisədir:
"Çünki Türkmənistan digər türk ölkələrindən fərqli olaraq beynəlxalq təşkilatlara, hərbi alyanslara, hətta dövlətlərarası iki münasibətlərə qapalı bir ölkədir. Digər türk ölkələri müstəqillik sonrası bir çox beynəlxalq təşkilata üzv olub dünyaya inteqrasiya etsə də, Türkmənistanla vəziyyət heç də belə olmadı. Rəsmi Aşqabatın xarici siyasətdə ehtiyatlı davranması təəssüf ki, uzun müddət soykökü bir olan türk ölkləri üçün də belə oldu. Bu mənada bu gün Türkmənistanın təşkilata üzv olması olduqca vacib bir hadisədir. Türkmənistanın təşkilata üzv olması təşkilatın və ümumilikdə türk ölkələrinin iqtisadi potensialını ciddi ölçüdə artıracaq. Məsələ ondadır ki, Türkmənistan dünyanın ən böyük təbii qaz rezervlərinə sahib ölkələrdəndir. Bunu həm Türkiyə, həm də Azərbaycan yaxşı bilir. Xüsusilə Azərbaycanın son illərdə ərsəyə gətirdiyini TAP və TANAP layihələri ilə Avropa bazarına təbii qaz nəql edən daşıyıcı və ixracatçı ölkə olmaq istəyir. Hazırda həmin layihələr ilə Avropaya Azərbaycan 10 milyard kubmetr qaz nəql edir. Türkmənistanın “Türk Dövlətləri Təşkilatı”na qatılması sonrası Avropaya nəql olunacaq qazın həcmi 30, hətta 50 milyard kubmetrə çatdırıla bilər. Digət tərəfdən Türkmənistanın təşkilata üzv olması həm də Transxəzər Beynəlxalq Şərq-Qərb Dəhlizin reallaşmasını sürətləndirə biləcək. Bu türkmən qazının Xəzər dənizi vasitəsilə TAP və TANAP layihələrinə qoşulması beləcə Avropa bazarına nəqlini sürətləndirəcək".
Azərbaycan Respublikası Prezidentinin “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilməsi haqqında qərar qəbul edildiyini də vurğulayan T.Rzayev bildirib ki, bu, İlham Əliyevin böyük şəxsiyyətinə, Türk dünyasında Liderliyinə, beynəlxalq miqyasda və türkdilli dövlətlər arasında olan yüksək nüfuzuna, ən əsası, Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edilməsini və ərazi bütövlüyünün bərpasını təmin edərək Türk Birliyinə mühüm töhfə verən, bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi qələbənin əldə olunmasındakı misilsiz xidmətlərinə verilən layiqli qiymətdir:
"Onu da qeyd edim ki, bu medal həm də zəfər əlamətidir. Yəni bundan sonra bu medalı əldə edəcək türk lideri də ən azından 44 günlük müharibə bənzəri bir zəfər əldə etməlidir. Bu medalla ölkə başçısı həm də təşkilat daxilində real döyüş görmüş, müharibəyə komandanlıq etmiş tək lider ünvanına sahib oldu. Bütün bunlara baxmayaraq medalın özü ilə bağlı bir məqamı yanlış hesab edirəm. Medal üzərindəki yazıların ingilis dilində yazılması mənə görə doğru deyil. Məsələ ondadır ki, bu “Türk Dünyasının Ali Ordeni”dir. Türk Dünyasının Ali Ordeni üzərində yazıların əski türk əlifbası ilə yazılması daha məqsədəuyğun olardı".
T.Rzayev Türk Şurası VIII Zirvə Görüşünün Bəyannaməsi, “Türk dünyasına baxış - 2040” sənədinin qəbulu ilə bağlı qərara da diqqət çəkib:
"Türk dünyasına baxış - 2040” sənədi həm də “Türk Dövlətləri Təşkilatı”ın gələcək vizyonunu elan adir. Yəni təşkilat artıq qarşısına 20 illik bir plan qoyub. Qarşıdakı 20 il ərzində “Türk Dövlətləri Təşkilatı”ı ehtimal ki, bunlara nail olmağa çalışacaq: 1. Təşkilata yeni üzvlər və müşahidəçi üzvlərin çəlb edilməsi. Ehtimal ki, gələcəkdə təşkilata daxilində çoxsaylı tük subyektləri və ya əhalisinin yaşadığı qeyri-türk ölkələri müşahidəçi qismində qəbul edilə bilər. Misal üçün Rusiya Federasiyası buna yaxşı misaldır. 2. Təşkilat daxilində ortaq valyuta, viza rejiminin ləğvi və gömrük rümunun azaldılması, hətta tamamilə ləğv edilməsi məsələsi qarşıdakı 20 il ərzində təşkilatın başlıca məsələləri ola bilər. 3. Bir çox ekspertlərdən fərqli olaraq mən düşünürəm ki, hazırda türk ölkələrin və ya “Türk Dövlətləri Təşkilatı”ın ortaq orduya yox, məhz ortaq sülhməramlı qüvvələrə ehtiyacı var. Yəni ortaq ordunun yaradılması həm uzun vaxt tələb edir, həm də dünya ictimaiyyəti nəzdində fərqli anlaşıla bilər. Lakin təşkilatın üzv ölkələrdən ibarət vahid sülhməmralılarının olması həm təşkilatın beynəlxalq aləmdə nüfuzu artıra, həm də müxtəlif münaqişə ocaqlarında münaqişələri tənzimləyə bilər. Prinsip etiabrilə türk ölkələri başda Türkiyə olmaqla, bunu ayrı-ayrılıqda onsuzda edir. Türkiyənin Qarabağ daxil, bir çox regionda apardığı sülhməramlı fəaliyyət təqdirəlayiqdir. Bu mənada bu ideya qarşıdakı 20 il ərzində gündəlikdə olmalıdır. Bu baş versə, Qarabağ kimi münaqişələrdə Rusiyanın deyil, “Türk Dövlətləri Təşkilatı”ın sülhməramlıları yerləşməsinin şahidi ola bilərik".
LƏMAN
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”