““Sülhməramlılar” Qarabağda çox çirkin siyasi oyunlar aparır”

12:19 18-11-2021 | icon 910 | Siyasət
““Sülhməramlılar” Qarabağda çox çirkin siyasi oyunlar aparır”

Könül İsmayılova: “Gərginliyi hələ də “sovetlər ittifaqı” eyforiyasını yaşayan Rusiya yaradır”

 

 

Xəbər verdiyimiz kimi, noyabrın 16-da Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində ölkəmizə qarşı genişmiqyaslı təxribatlar törədib. Yeddi şəhidimiz, 10 yaralımız var. Görünən odur ki, nəinki Ermənistan sülhə gəlmək istəmir, Rusiya sülhməramlıları da bunda maraqlı deyillər.

 

Bu kimi məsələlərlə bağlı Versus.Az-a açıqlama verən Müasir Müsavat Partiyasının (MMP) sədr müavini Könül İsmayılova bildirdi ki, Rusiya Ermənistanı Qərbə verməmək üçün sərhəddə vəziyyətin bu dərəcədə gərginləşməsində qərarlıdır.

 

Partiya yetkilisinin sözlərinə görə, hələ də “sovetlər ittifaqı” eyforiyasını yaşayan rəsmi Rusiya üçün Qərbin Ermənistana uzanan “caynağ”ı qorxulu yuxuya çevrilib:

 

“Bildiyimiz kimi, Paşinyan Qərbə daha çox meyillidir, demək olar ki, bu mövqeyi ilə Rusiyanı təhdid etmiş sayılır. Rusiya isə “sülhməramlı” missiyasından istifadə edərək sərhəddə təxribatlara rəvac verməklə Ermənistana Azərbaycanla növbəti müharibə qorxusunu yaşadır. Yəni son hadisələrdə istər Azərbaycan, istərsə də Ermənistan tərəfindən itkilər oldu. Bu hadisələrdə xəyanətkarın kimliyi açıq görünür, Rusiya bu ölkələrin sülh sazişi bağlamasını istəmir”.

 

K.İsmayılova vurğuladı ki, məlum 10 noyabr bəyanatında vasitəçiliyi üzərinə götürən Rusiyanın yeganə məqsədi mandatı məlum olmayan “sülhməramlı”larını bölgəyə yerləşdirmək idi ki, buna da nail olub:

 

“Mandatına uyğun isə heç bir iş görmür bu “sülhməramlılar”. Əminliklə deyə bilərəm ki, bu təxribatları da elə onlar törədir. Təxribat törədən ermənini tutub Azərbaycanın mühakiməsinə verməkdənsə, Ermənistana qaytarırlar. Və erməni meyidini də təmtəraqla Ermənistana aparıb təhvil verirlər. Sanki Rusiya deyir ki, “bax, mən olmasam sizi belə öldürəcəklər”. Rusiya Qarabağda çox çirkin siyasi oyunlar aparır. Bir tərəfdən də Köçəryanı oyunun mərkəzinə gətirmək istəyir. Bunun özü də Paşinyana bir hədədir”.

 

Siyasətçi xanım qeyd etdi ki, əslində 10 noyabr bəyanatına bu bir il ərzində əməl olunmalı idi. Amma bəyanatın bəndləri kağız üzərində qalıb:

 

“İndiyədək sərhədlər müəyyənləşməli idi. Ən pisi odur ki, Azərbaycan da gözləmə mövqeyindədir. Gözləyir ki, Rusiyanın vasitəçiliyi ilə erməni silahlıları ərazilərimizdən tamamilə çıxarılacaq. Bəs ruslar nə edir? Baxın görün Xankəndidə, Xocalıda nələr qurub yaradırlar. Bu nədən xəbər verir? Nəyə görə Xocalıda erməni uşağın rus sülhməramlıya gül verən abidəsi ucaldılmalıdır? Niyə erməni hələ də azad etdiyimiz o torpaqlarda istədikləri tikinti işlərini rahatlıqla aparır? Niyə rəsmi Bakı buna kəskin reaksiya bildirmədi, buna qarşı çıxmadı? Axı bu torpaqlar bizimdir, erməninin nə həddinə ki, belə bir abidə ucaldır. Demək ki, arxasında dayanan Rusiyaya güvənir. Bəs biz niyə o torpaqlar bizim ola-ola orada istədiyimiz kimi hərəkət edə bilmirik? Rusiya sülhməramlıları nəyə görə birtərəfli xidmət göstərir? Suallar çoxdur. Bu gün Azərbaycan ictimaiyyətini bu yöndə narahat edən nəsnələr var. 10 noyabr bəyanatından sonra hələ də şəhid veririksə, o bəyanat bir əhəmiyyət kəsb etmir. Qeyd etdiyim kimi, o bəyanatdan sonra sadəcə sülhməramlılar Qarabağda yerlərini bərkidirlər. Sonra təxribatlar törədirlər ki, görək Azərbaycan nə reaksiya verəcək. Azərbaycanın Müdafiə Nazirliyi də çox arxayın görünür. Hadisə baş verir, Türkiyə mətbuatı yayır, ondan sonra müdafiə nazirliyimiz bəyan edir ki, bizdən bu qədər insan ölüb”.

 

K.İsmayılova təəssüflə vurğuladı ki, hələ də Laçın şəhərinin özünə, Kəlbəcərə getmək olmur. Araikə prokurorluq iş açıb, amma o azad gəzir, sülhməramlılarla görüşür, yəni öz işindədir, heç kim dəyib-dolaşmır ona. MMP sədr müavininin sözlərinə görə, sülhməramlıların 4 ildən sonra çıxıb getməsi ilə bu məsələlərin həllini gözləyiriksə, heç onların gedəcəyii də inandırıcı görünmür:

 

“Bir müddət öncə partiyamızın sədri Hafiz Hacıyev çıxışlarının birində demişdi ki, Ermənistan Şuşanı geri qaytarmaq üçün yenidən təxribatlar törədəcək, sülhməramlıların himayəsi ilə yenidən müharibəyə cəhd edəcək. Bugünkü təxribatlar da bunu təsdiqləmiş olur. Bir tərəfdən də Türk Dövlətlərinin birliyinin yaranması Rusiyanı qıcıqlandırır və o, yeganə “kozr” kimi Ermənistan kartını əlində möhkəm tutur. Hər halda proseslər bunu göstərir. Məsələ ondadır ki, Rusiya da, Ermənistan da, digər bizə düşmən dövlətlər də yaxşı gördü və anladı ki, Azərbaycanın iqtisadi gücü var, güclü müzəffər ordusu var, ən müasir silahları var, Türkiyə kimi qardaş ölkəsi var, Pakistan və digər hər an yanımızda ola biləcək dost ölkələr var. Bütün bunları bilə-bilə təxribatlara əl atırlarsa, açıq şəkildə “biz sülh istəmirik” bəyanatını vermiş sayılırlar. Məncə, Azərbaycan bunu nəzərə almalıdır”.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Xuraman Şuşalı “Əcəb oldu” dedi

Bu gecə aeroport yolu BAĞLANACAQ

Deputatlar gələn ayın ilk günü TOPLAŞIR

"Azərbaycan özü diqtə edən dövlətdir indi"

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsinə BAŞLANILDI

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

AB-da da insan hüquqları getdikcə deqradasiyaya uğrayır