“Zəngəzur dəhlizi açılandan sonra mandatın da dəqiqləşdirilməsinə gediləcək”

09:13 20-11-2021 | icon 1024 | Siyasət
“Zəngəzur dəhlizi açılandan sonra mandatın da dəqiqləşdirilməsinə gediləcək”

Fazil Mustafa: “Rusiya ilə münasibətləri gərginləşdirmək indiki məqamda əlverişli deyil”

 

10 noyabr üçtərəfli bəyanatından dərhal sonra Qarabağa yerləşən Rusiya sülhməramlıları artıq 1 ildir Azərbaycan ərazisindədir. Bu müddət ərzində rus sülhməramlılarının mandatı dəqiqləşdirilməyib. Məlumdur ki, rus sülhməramlıların say tərkibi 1960 göstərilsə də, xəbərlərdən də bəlli olduğu kimi, humanitar, tibb, tikinti və digər sosial adlar altında Qarabağa 10 minə yaxın rus kontingenti yerləşdirilib. Ölkə ictimaiyyəti bunun üçün qeyri-müəyyən qalan suallara aydınlıq gətirmək istəyir: Maraqlıdır, sülhməramlıların say tərkibi, fəaliyyət istiqamətləri necə müəyyənləşməlidir? Sülhməramlıların mandat məsələsinin müəyyənləşməsinə nə mane olur? Rusiyanın bu məsələdə istəyi nədir və Azərbaycanın istəyi nədir? Ermənistan bu məsələyə müdaxilə edə bilərmi?

 

Versus.Az xəbər verir ki, bu istiqamətdə şərh verən Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, bu gün regionda hərbi zəfər qazansaq da, Ermənistanın Azərbaycana təcavüzü iqtisadi formada davam edir. Ermənistan beynəlxalq hüquqa zidd olaraq öz büdcəsindən Azərbaycan ərazisi Qarabağa 200 milyon vəsait ayrıb. O, Qarabağda qalan ermənilərin də qeyri-müəyyənlik içərisində qaldığını deyib.

 

Deputat bildirib ki, Azərbaycanın hazırda sülhməramlılarla bağlı məsələni qabardıb gündəm yaratmamasının səbəbi bölgədə möhkəmlənməklə bağlıdır. Onun fikrincə, regionda möhkəmlənəndən sonra bu məsələlər də gerçəkləşdiriləcək:

 

“Bu gün bizim üçün əsas hədəf Qarabağda baş verənlərə reaksiya verməkdən çox, Ermənistanla sərhədlərin tanınması məsələsidir. Əsas gücü o istiqamətə yönəltmişik. Ona görə də mürəkkəb bir tarixi coğrafi situasiyada çalışmalarımız davam edir. Rus sülhməramlıları ilə bağlı təmkinli yanaşmağımızın səbəbi diqqəti digər problemlərin çözülməsinə yönəltməyimizdir. Çünki rus sülhməramlılarının olmamasının alternativi Qarabağda yaşayan erməniləri tamamilə təmizləmək,  orda separatizmin, terrorun kökünü kəsməkdir. Dünyanın böyük gücləri hələ də ikilistandartan əl çəkmir. Bu gün də erməni təxribatı baş verir. Azərbaycan əraziləri işğal olunanda Avropa Birliyinin “bir zəngi” gəlmədi, Ermənistan sərhəddə təxriabat törədir, Azərbaycan ona adekvat cavab verir, üstündən 1 saat keçməmiş Azərbaycan Prezidentinə zəng vururlar. Bu nə deməkdir! Ona görə də biz bu məsələlərdə bütün parametrləri, bütün bizi gözləyən nəticələri hesablayıb ona uyğun da davranırıq. Hazırda yüksəkliklər əlimizdə, Murovdan tunel çəkilir, bir sıra işləri görürük. Hətta bunu heç bir yerdən dəstəyimiz olmadan öz imkanlarımız hesabına edirik. Bütün bunlar hamısı vaxt aparan məsələlərdir. Ona görə də tələm-tələsik hansısa bir qərarla rus sülhməramlı kontingenti və Rusiya ilə münasibətləri gərginləşdirməyimiz indiki məqamda bizim üçün əlverişli sayıla bilməz”.

 

F.Mustafa hesab edir ki, Rusiyanın bu məsələdə istəyi 9-10 noyabr bəyanatının həllidir. Deputat bildirib ki, Ermənistan rəhbərliyi daha çox Avropa, ABŞ yönümlü siyasət yürütdüyünə görə, mahiyyətcə Rusiyanın iradəsinə qarşı gücü yetməsə də, ümid edir ki, həmin dövlətlərin dəstəyi ilə hansısa bir pozuculuq işi görəcək. Lakin real sahədə o dəstəklər də işə yaramır:

 

“Ortada Azərbaycan reallığı, gücü, Rusiya, Türkiyə reallığı var. Bunu nəzərə almadan okeanın o tərəfindən hansısa bir xəyali tapşırığı yerinə yetirmək mümkün deyil. Vəziyyət tamam fərqlidir və Azərbaycan bu prosesdən daha ağıllı diplomatiya ilə çıxmalıdır”.

 

F.Mustafa hazırda sülhməramlıların Qarabağda hansısa humanitar addımlar adı ilə işlər görməsinin də qarşısının zamanı gələndə alınacağını deyib. O, bildirib ki, ermənilər Qarabağda özlərinə çox abidələr qurmuşdular, amma gəldik və Azərbaycan abidlərini bərpa elədik.

 

F.Mustafa hesab edir ki, sülhməramlıların mandatının müəyyənləşməsində tərəflərin razılaşması olmalıdır. Lakin üçtərəfin razılaşmada hələ ki, problem var. Onun fikrincə, sərhəd məsələsi həll olunub, Zəngəzur dəhlizi açılandan sonra artıq mandatın da dəqiqləşdirilməsinə gediləcək:

 

“İndiki halda hədəf regionda sülhün bərpa olunmasıdır. Rusiya sülhməramlıları bunu gerçəkləşdirməyə çalışırlar. Amma onların da terrorçularla mübarizə aparıb hamını özünə tabe etmək imkanı o qədər də geniş deyil. Azərbaycan da gücü çatan qədər antiterror əməliyyatlarını gerçəkləşdirir”.

 

O ki, qaldı sülhməramlı missiyanın nə dərəcədə Qarabağda qanuni şəkildə yerləşməsi məsələsi ətrafında aparılan müzakirələrə, F.Mustafa dedi ki, dünyada “mütləq hüquq” deyilən anyayış işləmir:

 

“Məsələn Rusiya, Türkiyə, İran oturub Suriyada. Amma hərə özünə görə bunu qanuni sayır. Bölgədə də təqribən belə vəziyyətdir. Ermənistan Azərbaycan ərazilərini qanunsuz işğal eləmişdi, amma dünya dövlətləri onu işğalçı kimi tanımır. Bu o deməkdir ki, dünyada mütləq hüquq yoxdur. Ona görə də əgər ölkə başçısının imzaladığı bir sənəd varsa, bu sənədə güvənmək zorundayıq. Çünki müharibəni məhz onun liderliyi ilə uda bildik. Hər bir məsələni mütləq qanuniləşdirmədə də çətinliklər var. Bölgə dövlətləri ilə balansı, tarazılığı da düşünmək lazımdır. Onu da qeyd edək ki, bu prosesin içində Azərbaycan tək deyil, öz müttəfiqləri ilə birlikdədir. Sərhəd məsələsi olan kimi Türkiyənin müdafiə naziri bəyanat verdi ki, Azərbaycanın yanındayıq. Heç kəs regiona müdaxilə eləməsin. Ona görə də  əsas reallıqlardır. Məsələlər qanun üzərindən çözülsəydi, biz bölgədə çoxdan normal yaşayışı təmin eləməliydik”. /hafta.az/

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Xuraman Şuşalı “Əcəb oldu” dedi

Bu gecə aeroport yolu BAĞLANACAQ

Deputatlar gələn ayın ilk günü TOPLAŞIR

"Azərbaycan özü diqtə edən dövlətdir indi"

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsinə BAŞLANILDI

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

AB-da da insan hüquqları getdikcə deqradasiyaya uğrayır