Mitinq dönəmi BAŞLADI?
“Müxalifət geniş anlamda kütləvi aksiyalar keçirməyi ertələyir”
Azərbaycan siyasətindən mitinq anlayışı sanki silinir. Daha müxalifət mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmir. Heç öz aralarında da danışmırlar, “cəmiyyətdən tələb” də yoxdur ki, kütləvi aksiya keçirilsin.
Doğrudur, bu, daha çox koronavirus pandemiyası ilə bağlı oldu. Pandemiya şəraitində kütləvi tədbirlərə qadağa qoyuldu. Əslində bu, müxalifətin də işinə yaradı. O baxımdan ki, müxalifət sosial bazasını itirmişdi, aksiyalara gələn olmurdu. Artıq mitinqlərini, aksiyalarını sosial şəbəkəyə, onlayn mitinqə transfer ediblər.
Bu, getdikcə bütün dünyada belə ola bilərmi? Mitinq, kütləvi tədbirlər ortadan yığışa bilərmi?
Məsələn, bugünlərdə Gürcüstanda keçmiş prezident Mixail Saakaşvilinin məhkəməsi zamanı onun tərəfdarları meydanlara çıxmışdılar. Düzdür, bir nəticə olmadı, amma hər halda, toplaşdılar və hökumətdən tələbdə bulundular.
Azərbaycan müxalifəti üçün necə, bu səhifə qapandımı?
AMİP sədri Arzuxan Əlizadə də o fikirdədir ki, bu proseslərdə pandemiyanın rolu var.
Onun sözlərinə görə, demək olar ki, iki ilə yaxındır ölkədə pandemiya şəraiti hökm sürür:
"Geniş anlamda kütləvi tədbirlərin keçirilməsi qadağalara məruz qalıb. Eyni zamanda ötən ilin sentyabrında başlanmış 44 günlük II Qarabağ savaşı və onun nəticələri, bütövlükdə Qarabağda baş verən proseslər, eləcə də digər məsələlər görünür ki, ölkədə olan iqtisadi, sosial problemləri bir qədər arxa plana keçirib. Müxalifət də köhnə taktika ilə, yəni kütləvi aksiyaların keçirilməsi yolu ilə nəyəsə nail olmağın mümkünsüzlüyünü qəbullanıb. Etiraf etmək lazımdır ki, son olaraq iki il öncə Qarabağla bağlı kütləvi bir tədbir keçirilmişdi. Bu tədbir daha geniş spektri əhatə etmişdi. Ondan sonra müxalifətin kiçik bir kəsimi cəhdlər göstərdi. Nəticə faktiki olaraq uğursuz oldu. Bu uğursuzluq sindromundan nəticələr çıxararaq, müxalifət geniş anlamda kütləvi aksiyalar keçirməyi ertələyir. Əvvəldə də dediyim kimi, pandemiya, Vətən müharibəsi, ondan sonra yaşanan proseslər, hazırda Ermənistan-Azərbaycan münasibətlərindəki gərginlik, Qərbin və Rusiyanın bu proseslərə müdaxiləsi, Zəngəzur dəhlizi ilə bağlı, eləcə də Azərbaycan-Ermənistan sərhədində delimitasiya və demarkasiya, sülh sazişi ilə əlaqədar məsələlər daha vacib olaraq ortalığa çıxıb. Hesab edirəm ki, ölkədə olan sosial-iqtisadi problemlər, işsizlik, qiymətlərin artması müxalifətin diqqət mərkəzində olmalıdır. Proseslər bu şəkildə davam edərsə, müxalif qüvvələr arasında gələcəkdə kütləvi aksiyaların keçirilməsi istisna edilmir”.
VHP sədrinin Mətbuatla İş və İctimai Əlaqələr üzrə müavini Nəsimi Şərəfxanlı tək pandemiyanı əsas götürmür.
Onun fikrincə, çağdaş siyasi mübarizədə kütləvi aksiyalar öz mahiyyətini itirməyib:
"Həm də bu metod yalnız müxalifətə aid deyil. Demokratik ölkələrdə hakim siyasi komanda da seçkilərdə və xalqın dəstəyini ifadə etmək üçün belə aksiyalar keçirir. Azərbaycanın timsalında biz ötən il Tovuz döyüşlərindən sonra ümumxalq mitinqinin şahidi olmuşuq. Yəni mitinqlər, kütləvi aksiyalar siyasi gündəmdən çıxmayıb. Bu gün müxalifətin bu aksiyalardan yan keçməsi tək pandemiya ilə bağlı deyil. İkinci Qarabağ savaşından sonra yaranmış geopolitik durumla bağlı o qədər kövrək, həssas siyasi dönəm keçiririk ki, bu kimi aksiyalar ümummilli maraqlara uyğun olmazdı. Amma etiraf edək ki, müxtəlif sosial məsələlərlə bağlı yaranmış narazılıqlardan dolayı xırda etirazların şahidi oluruq. Eyni zamanda sosial şəbəkələrdə də narazı fikirlər üstünlük təşkil edir. Hakim komanda, məsul şəxslər bütün bunları diqqətə almalı və narazılıqların küçə aksiyaları formasında ifadə olunmaması üçün təxirəsalınmaz tədbirlər görməlidir”. /"Yeni Müsavat"/
Versus.Az
Versus.az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”