"Azərbaycan 3+3 formatında maraqlıdır, amma..." - MÜSAHİBƏ

18:34 10-12-2021 | icon 504 | Siyasət
"Azərbaycan 3+3 formatında maraqlıdır, amma..." - MÜSAHİBƏ

Aydın Quliyev: “Bu iki dövlətin arasında sülh sazişinin imzalanmasında maraqlı olmayan tərəf...”

 

Bu gün 44 günlük vətən savaşından sonra yaranan zəfər çətirinin kölgəsi sanki yavaş-yavaş çəkilir. Bir çox ekspertlər hesab edirlər ki, zəfər çətirinin kölgəsindən çıxdıqca, ölkədəki sosial-ictimai-siyasi sferada olan mövcud problemlər və onların həlli məsələsi aydın şəkildə özünü büruzə verir. Üstəlik, ölkəmizin geosiyasi, geoiqtisadi, geostrateji reallıqlar fonunda suverenliyini pozan maneələrdən yaxa qurtara bilmədiyi ortada. “Bir kəmər, bir yol”un qurşağında yerləşən Azərbaycanda gərginliyin yaranması kimlərəsə maraqlıdır və sərhəddə sabitliyin pozulması davam edir. Bütün bunlarla yanaşı 10 dekabr tarixi Azərbaycan və region üçün maraqlı proseslərə şahidlik edir. 10 dekabr həm də Azərbaycanın Zəfərdən sonra Hərbi Paradının 1 ilidir. 

 

Bu və ya digər məsələlərlə bağlı Versus.az-a müsahibə verən siyasi şərhçi Aydın Quliyev ayrı-ayrı məsələlərlə bağlı maraqlı nüanslara diqqət çəkib.

 

- Aydın müəllim, 44 günlük müharibədən keçən 1 il ərzində zəfər çətirinin kölgəsi üzərimizdə. Bu gün həm də Azərbaycanın 10 dekabr Hərbi Paradından 1 il ötür. Region nəyə şahidlik edir?

 

- Əvvəla onu qeyd edim ki, biz gərək Zəfər çətirini sönməyə qoymayaq. Onun kölgəsi daim bu cəmiyyətin, xalqın üstündə olmalıdır. Çünki o zəfər çətiri camaatı ruhlandırır, sabahına inam hissini yaradır, onun mübarizlik, döyüş ruhunu gücləndirir. Ona görə də onu sönməyə qoymaq olmaz. Onun sönməsi sabahkı təhlükələri daha da böyüdə bilər. Xüsusilə də nəzərə almaq lazımdır ki, qulağımızın dibində düşmənlərimiz var. Cəmiyyətimizi, millətimizi o zəfər çətirinin aurasından çıxmağa imkan versək, sabahkı günlərdə bizim müqavimət gücümüz zəifləyə bilər.

Zəfərdən sonra Hərbi Parada gəlincə, 8 noyabr zəfəri bizim tariximizin çox böyük hadisəsidir. Açıq deyək ki, cəmiyyətimiz bütünlüklə ruhdan düşmüşdü, Qarabağın ətrafındakı işğal olunmuş rayonlarımızın nə vaxtsa özümüzə qaytaracağımıza inanmırdı. İnanmırdı ki, həmin əraziləri ermənilərin təcavüzündən azad edəcəyik. Əgər cəmiyyətdə mümkünsüz kimi görünən bu iş reallaşdısa, bunu xırda hadisə hesab etmək olmaz. Amma düşünürəm ki, Zəfər Paradının hər il keçirilməsinə lüzum yoxdur. Paradın keçirilməsi dövlət  başçısının siyasətində olan bir şeydir. Bunun hər il keçirilməsi onu insanların gözündə adiləşdirə bilər.  Hesab edirəm ki, müəyyən əlamətdar günlərdə, tarixlərdə onun ildönümlərinin keçirilməsi pis olmazdı. Bu, özlüyündə bu dövlətin, cəmiyyətin öz tarixinə bağlılığını göstərir. Bəyan edir ki, biz o Zəfəri labüd edən tarixi unutmamışıq. İkincisi, bu bizim dövlətimizin özü ücün əhəmiyyətlidir. Çünki Zəfər tədbirlərinin keçirilməsi cəmiyyətin ictimai olaraq ora cəlb olunmasıdır və həmin gün cəmiyyətlə dövlətin gücü həmin gün birləşir. Həmin gün Zəfər günü dövlətin hərbi gücü, texnoloji imkanları nümayiş olunur. Bu da həm dostlara, həm də düşmənlərə bir mesajdır. 

 

- Sərhəddə hərbi gərginlik qalır. Ermənistan tez-tez öz hərbi təxribatları ilə sərhədi pozur, şəhidlər veririk. İctimai mühitdə narahatlıq var ki, niyə Rusiya üçtərəfli sazişə əməl edərək Ermənistan silahlılarının ərazidən çıxarılmasını, düşmənin sülhə gəlməsini təmin eləmir. Müharibə bitibsə, niyə Rusiya razılaşmaya əsasən erməni silahlılarıni susdurmur?

 

- Erməni işğalçılarının bizim ərazilərimizdən çıxarılması bitib. Amma ümumi şəkildə mən müharibənin bitdiyini söyləyə bilmərəm. Ermənistan noyabr ayının 10-da atəşkəs bəyanatına imza atmağa məcbur edilsə də, eynlə də iki dövlət arasında sülh sazişinə imza atmağa məcbur edilməyib. Ona görə də müharibə perspektivi itməyib. Ona görə də ermənilərin sərhədlərdə həmin o təxribatlar formasında özlərini görsətməyəcəyinə qarantiya vermək mümkünsüzdür. Ta Ermənistanın əl-qolunu bağlayacaq sülh sazişi imzalanmayana qədər. O zamana qədər Ermənistan daima sərhədlərdə təxribatlar törədəcək, sərhdələrdə sakitlik olmayacaq. Ermənistan qəti şəkildə sülh sazişinə məcbur edilmədikcə, hətta iqtisadi, nəqliyyat- kommunikasiya xətlərinin də açılmasına inanmıram.

 

- Paralel 10 dekabrda Azərbaycan və Türkiyənin təklif etdiyi Qafqazda daimi sülhün və sabitliyin yaradılmasına xidmət edən 3+3 formatının platformasının ilk iclası keçirildi. Bilirik ki, Gürcüstan işğalçı dövlətlə bir masada olmaq istəmədiyini bəyan edərək, bu formata qoşulmur. Bu formatda bu platformanın baş tutması nə dərəcədə real ola biləlr?

 

- 3+3 formatı çox maraqlı bir formatdır. Amma buna dövlətlərin mövqeyindən birmənalı yanaşmaq çox çətindir. Məsələn, Azərbaycan həmin formatın həmmüəlliflərindən biridir və orda axıra qədər iştirak etmək marağındadır. Eləcə də Türkiyə. Müəyyən mənada bura Rusiyanı da əlavə eləmək olar. Rusiyanın da  bu formatda iştirakı mümkündür və maraqlı da görünür. Amma təəssüf ki, birmənalı iştirak imperativini nə İran, nə də  Gürcüstan haqqında demək mümkünsüzdür. Gürcüstanın mövqeyi bəllidir, artıq deyib ki, nə qədər ki, Rusiya ilə müharibə vəziyyətindədir, onun ərazi bütövlüyü təmin olunmayıb Rusiya ilə hər hansı bir formatda əməkdaşlığı mümkünsüzdür. Ona görə də Gürcüsrtan 3+3-ə alternativ bir formatı ortaya çıxarıb. Bu da Gürcüstan, Azərbaycan və Ermənistan üçtərəfli əməkdaşlığıdır. Ermənistan buna meyillənir, çünki Ermənistana Qərbə çıxış lazımdır. Əslində Azərbaycanın da buna narahatlığı yoxdur. Lakin necə ki, Gürcüstan Rusiya ilə problemləri həll olunmadığı müddətdə onunla əməkdaşlıq formatında olmaq istəmir, eynilə Azərbaycan  da Ermənistanla ərazi problemlləri həll olunmadığı müddətdə onunla birlikdə hər hansı əməkdaşlıq formatında iştirak etmək istəməz və bu da tamamilə düzgün bir mövqedir. Ona görə də Azərbaycan Gürcüstanın təklif etdiyi formatı müvəqqəti olaraq kənara itələməkdə haqlıdır. Ta ki, Ermənistan yola gəlsin. Ona görə də 3+3 formatında Gürcüstanın mövqeyi üzündən kəsir yaranır və bu 3+2 formatında ola bilər. Əgər nəzərə alsaq ki, Ermənistanda son vaxtlar bu formatın işlənməsində sona qədər maraqlı deyil, Paşinyan Təhlükəsizlik Şurasının bəyanatında “biz bu istiqamətdə müzakirələr aparmağa hazırıq” desə də, əvəzində regional əməkdaşlığa heç nə vermir. Ermənistan regional əməkdaşlığın tərəfdaşı olan Azərbaycanın hansı mənafeyinə hörmət qoyub: Zəngəzur dəhlizi açılmayıb, sərhədlərdə delimitasiya, demorkasiya yoxdur, sərhəd toqquşmalarına son qoymayıb, ölkənin içindəki İrəvandan idarə olunan qanunsuz silahlı dəstələri tərksilah eləməyib. Bütün bunlardan sonra Azərbaycan  Ermənistanın iqtisadi vəziyyətini yüngülləşdirə biləcək hər hansı layihəyə necə start verə bilər? Azərbaycan 3+3 formatında maraqlıdır, amma bu şərtlə ki, Ermənistan da regional əməkdaşlıq tərəflərinin maraqlarına hörmət qoysun.

İrana gəlincə, təəssüf ki, orda da bu məsələyə birmənalı yanaşma yoxdur. Çünki 3+3 formatında əməkdaşlığın həyata keçirilməsi üçün mütləq şəkildə Zəngəzur dəhlizi açılmalıdır. Ona görə ki, Zəngəzur dəhlizi ilə bağlı söhbətlər 2020-ci il 9 noyabrdan sonra aktuallaşıb. Zəngəzur dəhlizi Vətən Mühribəsinin yaratdığı reallıqdır. Müharibənin yaratdığ reallığı qəbul edib, gərək onun yaratdığı imkanlardan bəhrələnəsən. İran Zəngəzur dəhlizinin açılmasına və işləməsinə dəstək verməsə, demək 3+3 formatının yaranmasında maraqlı deyil. Və hadisələr də göstərir ki, bu dəhlizin İrana sərfəli olub-olmayacağı ilə bağlı İranda müzakirələr gedir ki, bu da prosesə maneə olan məsələlərdir.

 

- Aydın müəllim, Rusiyanın Azərbaycan ərazilərində sülhməramlı adı ilə öz maraqlarını diqtə etməsi müəyyən addımlarında açıq şəkildə görünür. Rusiya çoxlarının qeyri-ciddi baxdığı Jrinovskinin dediyi “Qarabağ Rusyanındır” fikirlərini təsdiqləyən hərəkətlər edir. Rusiya nəyə nail olmağa çalışır?

 

- Rusiyanın mövqeyi noyabrın 26-da Soçi bəyanatında göstərildi. Rusiya Soçi görüşündə o bəyannaməni Qarabağ münaqişəsi kontekstində məsələlərin həlli prosesini Qərbin, digər strukturların əlindən çıxarmaq xatirinə etdi, yoxsa bölgədə mütərəqqi proseslərə təkan vermək istədi, bunu gələcək göstərəcək. Amma nələrin olmasından asılı olmayaraq Rusiya Soçi bəyannaməsində imzasını atıb, orda da sərhədlərin delimitasiyası, demorkasiyası, bütün kommunukasiya əlaqələrin, dəhlizlərin açılmasını göstərdi. Putin dedi ki, humanitar əməkdaşlıq çərçivəsində olan problemlər həll olunmalıdır və konkret çərçivə qoyaraq dedi ki, gərək 2021-ci ilin axırına qədər bu həll olunsun. Orada aydın bir mexanizm ortaya qoyuldu. Bunu da acı bağırsaq kimi uzatmaq lazım deyil. Gərək ilin axırına qədər bu yaransın. İndi Rusiya sübut eləməlidir ki, Rusiya bütün bunları prosesin Qərbin monapoliyası altına keçməsi xatirinə yox, proseslərə dəstək vermək xatirinə edib. İndi buyursun, Ermənistanı məcbur eləsin. Azərbaycan Prezidenti bəlkə də Rusiyaya bir mesaj verdi ki, bunu siz də deməlisiz. Prezident dedi ki, Zəngəzr dəhlizi mütləq şəkildə açılmalıdır. Əgər açılmasa tarix, qrafik versinlər və biz də ona görə addımlar atacağıq. Necə ki, Şuşanın azad olunmas ərəfəsində Ermənistana Ağdam, Kəlbəcər, Laçınla bağlı konkret vaxt istənilmişdi, indi də eynilə həmin situasiya təkrar olunur. Zəngəzur dəhlizi ilə bağlı belə bir mesaj verildi. İndi o mesaja Rusiyadan dəstək gəlməlidir və Ermənistan məcbur edilməlidir ki, buyur, Zəngəzur dəhlizinin açılması ilə bağlı tarix ver. Və dəhlizin açılmasına yönəlik hərəkətlər edilməlidir. Azərbaycan o hərəkətləri göstərir Hadrutdan ta Ermənistana - Vediyə qədər yolları təmir edirlər, Ordubaddan Naxçıvana gedən yolların təmir prosesi gedir. Amma biz Ermənistandan “46 kilometrlik Zəngəzur Dəhlizi” deyəcəyimiz yerdə onu görmürük. 

İkincisi, Paşinyanın müəyyən bəyanatları göstərir ki, onlar bunu o qədər də xoşluqla getmək fikrində deyil. Paşinyan deyir ki, biz qəbul eləmişik, amma sənəddə “dəhliz” yazılmayıb. Sənəddə yazılıb ki, Azərbaycanın böyük hissəsi ilə Naxçıvanın arasında kommunikasiya bərpa olunsun, maneəsiz keçid təmin olunsun.  “Maneəsiz hərəkətə” dəhliz demək istəmir. Necə olur ki, Laçından 5 km. ərazidə dəhliz alırsız, amma Azərbaycanla Naxçıvan arasında olan o keçidə dəhliz adı vermək istəmirsiz. Baxmayaraq 9 noyabr 2020 ildə imzalanmış sənəddə Naxçıvana maniəsiz gediş-gəlişdən söhbət gedir. Əgər orda dəhliz olmayacaqsa, hansı maneəsiz hərəkətdən söz gedə bilər.

 

- Niyə Rusiya Ermənistana təsir göstərib prosesi istənilən məcraya yönəldə bilmir. Hətta bir sıra ekspertlər hesab edirlər ki, məhz sərhəddə erməni hərbi təxribatının arxasında da Rusiya dayanır. Bu Brüssel görüşünə maneə yaratmağa yönəlib?

 

- Burda Brüssel görüşünə maneə olmaq məsələsi çox kiçikdir. Rusiyada Brüssel görüşü ilə bağlı narahatçılıq yoxdur. Yaxşı başa düşürlər ki, artıq Soçidə imzalanmış sənədlə Qərbə, Avropaya mesaj verdilər ki, “Qafqaz bizlikdir”.  Qarabağ kontekstində qalan problemlər ancaq bizim trafaretlərlə həll olunacaq. Qərbə mesaj verildi ki, orda müzakirə olunan məsələlərdə “Qarabağın statusu” ilə bağlı bir söz olmadısa, “Dağlıq Qarabağ münaqişəsi” deyilən ifadə işlənilməyibsə, qəbul edəcəyiniz sənəd bizim sənədlə zidd olmamalıdır. Ola bilər ki, Brüsseldə qəbul olunacaq sənəddə yalnız Minsk Qrupu çərçivəsində  gələcəkdə sülh danışıqlarının davam etdirilməsinə oxşar bir fikir olsun. Amma Soçi sənədi ilə daban-dabana ziddi olacaq bir sənədin olmasını gözləmirəm. İkincisi, qəbul olunsa da, yenə Rusiyanın siyasəti, mövqeyi dəyişməyəcək. Və Rusiyanın hazırda hədəflədiyi nöqtə Bürüssel samitinə bağlı deyil. Artıq Qarabağda sülhməramlıların məsuliyyət zonasına buraxılan ərazilərində gedən proseslər onu göstərir ki, Rusiyanın uzunmüddətli planı var. Həmin planların həyata keçirilməsi üçün sərhədlərdə sabitliyin yaranmasında maraqlı deyil. İstəyəcəklər ki, lazım gələndə bu gərginliyin guya Azərbaycan tərəfindən yaradıldlğını göstərməklə Ermənistana təzyiq göstərsinlər. Necə ki, biz bunu Soçi görüşü ərəfəsində gördük. Lazım gələndə də “burda münaqişə həll olunmayıb, sülhməramlılar hələ uzun müddət burda qalacaq” deyə, ideoloji təminat yaradılmasına çalışacaqlar. Necə ki, Putin açıq şəkildə dedi ki, “hadisələr göstərdi ki, iki dövlət arasında münasibətlər hələ sona qədər sabitləşməyib və buna görə də hələ bizim töhfələrimiz böyük olacaq”. Demək, Rusiyanın uzun planları var və bütün bunları həyata keçirmək üçün sadəcə zaman udmaq lazımdır. Tam cəsarətlə deyirəm ki, bu iki dövlətin arasında sülh sazişinin imzalanmasında maraqlı olmayan tərəf məhz Rusiyadır. Sülh müqaviləsi odur ki, artıq Azərbaycanla Ermənistan arasında mübahisəli məsələ qalmır, sərhəddə toqquşmaları olmur, Qarabağda narahatlıq yaradan o silahlı dəstələr tam tərksilah olunur və Qarabağın taleyi ilə bağlı yekun qərar verilir. Amma Rusiya bunu istəyirmi? Rusiya sülhməramlılarla bağlı öz platformasını açıqlamayıb. Təkcə onu bilirik ki, sülhməramlılar 5 il qalmaq istəməyəcəklər, 10-15 il qalmaq istəyəcəklər. Nə qədər ki, sülh müqaviləsi bağlanmayıb, Rusiyanın o platforması qüvvədədir. Görün ruslar Qarabağda neylədilər - 7-8 ay əvvəl məsələ yayıldı ki, orda rus dilini ikinci dil kimi qəbul etdirəcəklər. Bu adi bir məsələ kimi qəbul olundu. Ərləri müharibədə ölmüş erməni qadınlarının sülhməramlı əsgərlərlə ailə qurması da bir dövlət layihəsidir.  Çünki o nigahdan rus vətəndaşı doğulacaq. Bundan sonra orda 10 nəfər yazıçı-dramaturqun heykəlini qoydular. O cümlədən Qafqazın işğalında iştirak eləmiş müəyyən sərkərdələrin heykəllərini qoydular. Orda park açdılar. İndi də rus icmasını yaradırlar. Qarabağda nə qədər rus var? Çar Rusiyasının dövründə orda ruslardan danışmaq mümkün idi. Sovet hakimiyyəti dövründə ümumiyyətlə ruslar azalmışdı. Bir dənə Xocalının yanında Koropatkina kəndi var idi, orda malakanlar yaşıyırdılar. Hadisələr qarışandan sonra onlar çıxıb getmişdilər. Burda rus icmasını yaratmaq kimin marağındadlr, nəyə lazımdır? Demək başa düşülür ki, Rusiya üçün Azərbaycanın gələcəkdə daha inadkar şəkildə apara biləcəyi müstəqil dövlətçilik siyasətinə qarşı separatizm kartını dəyişmək lazımdır. Rusiya bilir ki, o kartın ermənilər üzərində qurulmasının perspektivi yoxdur. Çünki artıq Azərbaycan Ermənistanı tanıdı. Ermənilərin Qarabağda separatçı əməllərinin planı görünən kimi hakimiyyətdə kimin olmasından asılı olmayaraq onun kontr addımlarını quracaqlar. Artıq Rusiyada başa düşürlər ki, ermənilərin separatizminə Qərbdən lazımı dəstək olmayacaq. Ona görə də bu dəfə yeni kart işlənir. Moldovada, Dnestryanı respublikalarda, rus icmasının taleyini qorumaq, rus icması yaratmaq, onların sayını artırmaq lazımdır. Təsadüfən Putin demir ki, biz Qarabağa 57 min adam köçürmüşük. Halbuki bizdə dövlət səviyyəsində ora 20-25 min adam köçürüldüyü deyilir. Onların rəqəmləri şişirtməsi onu göstərir ki, sabah o sayın içərisində rus icmasının da sayını artırsınlar.  Rus icması onlara o imkanı verəcək ki, gələcəkdə desinlər ki, burda bizim rus icması var, qanı, dili bir soydaşlarımız var, onların təhlükəsiziliyini qorumaq lazımdır. Bax sülhməramlıların burda uzun müddətə qalmağı məhz ordakı rus icmasının qismən də erməni icmasının manafelərinə hesablanmış addımdır.

 

- 10 dekabrda Amerika “Demokratiya” sammiti keçirdi. Azərbaycan, Türkiyə ora dəvət olunmadı. Görünən odur ki, ziqzaqlı proseslər gedir.

 

- O samittə iştirak eləmək üçün dövlətlərin seçilmə prinsipi qüsurludur. Əgər “Türkiyədə, Azərbaycanda, Orta Asiya respublikalarında avtoritar rejimdir” prinsipi ilə samitə dəvət edilmədiksə, bu tamamilə yanlış yanaşmadır. Əvvəla hər kəs bilməlidir ki, soyuq müharibənin bitdiyi dövrlərdə, 90-cı illərin axırlarında insan haqları, demokratiya tələbi ilə ölkələrin daxili işlərinə müdaxilə etmək imkanları bitdi. Dünya gördü ki, burda ikilistandartlar var. Çünki bir ölkədə demokratiya qurmaq üçün qoşunu çəkib ölkəni dağıdırlar -Suriyanı, İraqı, Liviyanı, Yəməni. Başqa bir ölkədə diktator rejimləri ilə qucaqlaşıb görüşürlər. Dünya gördü ki, bu sırf demokratik ideologiyadan əmələ gəlmir, burda geosiyasi maraqlar var. Ona görə də dünya başa düşüb ki, demokratiya və insan haqlarını müdafiə etmək prinsipi ilə ölkələrin daxili işlərinə müdaxilə etməyin heç bir perspektivi yoxdur. Yaxid, ABŞ Azərbaycan, Türkiyə sammitə dəvət edilməli və orda deyiləndə ki, sizdə insan haqları və demokratiya bu formada pozulur, o zaman bizim prezident də onalrın cavabını verəydi. O zaman kimin arqumentlərinin güclü olduğu görünərdi. Amma indi faktiki olaraq orda birtərəfli tribuna işləyəcək, birtərəfli ittiham edəcəklər. Ona görə də orda qəbul olunan qərarların Azərbaycan, Türkiyə dövlətlərinin siyasətinə heç bir aidiyyatı olmayacaq. Baxırlar ki, Azərbaycan, Türkiyə kimi dövlətlərdə demokratiyanın inkişaf etməsinə baxmayarq, ora elə dövlətlər təmsil olnub ki, ölkəsində bir partiya da yoxdur. Həmin dövlətlər ora dəvət olunubsa, bu artıq demokratiya sammiti deyil, bu geosiyasi maraqlar sammitidir.

 

T.Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Xuraman Şuşalı “Əcəb oldu” dedi

Bu gecə aeroport yolu BAĞLANACAQ

Deputatlar gələn ayın ilk günü TOPLAŞIR

"Azərbaycan özü diqtə edən dövlətdir indi"

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsinə BAŞLANILDI

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

AB-da da insan hüquqları getdikcə deqradasiyaya uğrayır