"İran artıq bütün qırmızı xətti keçib"
Milli Cəbhə Partiyası (MCP) Güney Azərbaycan mövzusunda tədbir keçirib. Tədbirdə Milli Məclisin üzvləri, siyasi şərhçilər, ictimaiyyət və media nümayəndələri iştirak edib.
Versus.Az xəbər verir ki, tədbiri MCP sədrinin müavini Ehtiram Mehdiyev açıb. O, Cənubi Azərbaycanla bağlı keçirilən tədbirin məqsədindən danışıb.
Partiya yetkilisi qeyd edib ki, Milli Cəbhə Partiyası Cənubi Azərbaycanla bağlı mütəmadi olaraq tədbirlər keçirir, oradakı soydaşlarımızın hüquqlarının müdafiəsi ilə bağlı geniş müzakirələr aparır:
"Bu gün də Cənubi Azərbaycanla bağlı tədbir keçirməyimiz təsadüfi deyil. Bu gün Pişəvərinin rəhbərliyi ilə Milli Hökumətin yarandığı gündür”.
Deputat Ceyhun Məmmədov çıxış edərək, mövcud gərgin vəziyyətin yaranmasında səbəbkarın birbaşa İran olduğunu deyib:
“İran bütün qırmızı xətləri keçəndə ona qarşı münasibətin bu cür olması normaldır. Azərbaycan hər zaman qonşuluq münasibətlərinin inkişafında maraqlı olub. Azərbaycanda hər kəsin mövqeyi eynidir. Bu gün İrana qarşı iqtidarın münasibəti necədirsə, müxalifətin də münasibəti o cürdür. Bundan əvvəl də bir neçə bu mövzuda olan tədbirdə iştirak etmişəm. Bu gün müxalif Milli Cəbhə Partiyası Cənubi Azərbaycanla bağlı tədbir keçirir. Bəzən hər şeyi dövlətdən gözləyirik. Doğrudur, dövlətin üzərinə böyük məsuliyyət düşür, amma digər qurumların, təşkilatların, partiyaların da dövlət və millət məsələsində üzərinə ciddi məsuliyyət düşür. Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın hüquqlarının qorunması lazımdır, vacibdir. Biz də bu istiqamətdə çalışmalıyıq. Əgər İranda rejim devriləcəksə- hələ ki, bu real görünmür- amma postrejim dövründə biz hansı işləri görməliyik, onunla bağlı da bu gün iş görməliyik”.
Bütöv Azərbaycan Ocaqlarının başqan yardımçısı Faiq Ələkbərli Güney Azərbaycanda Milli Hökumətin yaranmaması səbəbindən danışıb:
“Bizim o zaman gücümüz yox idi və Azərbaycanın bölünməsində birinci səbəb idi. Türkiyə də o zaman bizə kömək edəcək qədər güclü deyildi. Tehran rejiminə isə ABŞ və İngiltərə dəstək verirdi. Təbrizə, Urmiyaya olan hücumların səbəbkarı ABŞ idi. İndi ABŞ özünü “demokratiya carçısı elan edib. O dövrdə milli hökumətin bütün strukturları, kadrları var idi, amma son addım atılmadı. Çünki gücümüz yox idi. Güneydə Azərbaycan Milli Hökuməti ona görə də milli dövlətə çevrilmədi”.
Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli qeyd edib ki, vahid Azərbaycan ideyologiyası Rəsulzadədən başlayıb:
“O zaman Təbrizi, Urmunu gəzəndə deyirdi və əsaslandırırdı ki, bura Azərbaycandır. İndi yeni mərhələ başlayır və gənclərimizin üzərinə böyüş iş düşür. Əvvəl deyirdilər ki, SSRİ İranın şimalını işğal edib, amma sonra Cənub məsələsi gündəmə gətiriləndə fikirlər dəyişdi. Etiraf olundu ki, Azərbaycan özü İran və Rusiya arasında bölünüb. Bu gün gənclərə arzumuz odur ki, böyük, Bütöv Azərbaycan qursunlar. Bilirik ki, bu, çox çətin prosesdir, amma mümkünsüz də deyil. Biz ilk növbədə özümüz milli dövlət olmalıyıq ki, soydaşlarımızda da bir cazibə yaransın”.
Tədbirdə çıxış edən MCP sədri, deputat Razi Nurullayev MP qonaqları salamlayaraq tədbir iştirakçılarına təşəkkür edib. O, bildirib ki, Azərbaycan İranla əslində dost olmaq istəyirdi, yaxşı qonşu olmağı arzulayırdı:
"Biz 30 ildə buna çalışdıq, İranın bütün “kaprizləri”nə dözüm göstərdik ki, bəlkə onlar Azərbaycanın suverenliyini qəbul edərlər. Amma keçən 30 il göstərdi ki, İranın belə bir fikri yoxdur. İran artıq bütün qırmızı xətti keçib, ona görə də oxşar cavabı alır. İsrail bu gün 2 min kilometr məsafəni qət edib İranın hərbi zavodlarını vurub geri qayıtması üçün bir məkan axtarışındadır. İran Azərbaycanı bu məkan olmağa vadar edir. İran Azərbaycana qarşı atdığı addımlara görə Türkiyəni, Pakistanı və bütün dünyanı qarşısında görəcək. Heç bir dövlət, hətta Ermənistan belə İranı müdafiə edə bilməyəcək. Cənubi Azərbaycandan olan soydaşlarımız, aktiv siyasilər bu gün mühacir həyatı yaşayır. Təklif edirəm ki, onlar Azərbaycana gəlsin, ofislər tutsun, media resursları yaratsınlar və mübarizələrini buradan aparsınlar. Bu gün İran mediası qərəzli informasiyalar yayır və fikirləri qarışdırmağa çalışır. Bizim də 24 saat peykdən və internet üzərindən yayılan televiziyaya ehtiyacımız var. Bunu gecikdirmək olmaz.
Bilirik ki, bu gün də İranın Azərbaycanda şəbəkəsi var. Onlar elə Azərbaycanın çörəyini yeyənlərdir. İranın dini ideologiyasının təsirinə düşüb zombiyə dönənlərə susmaq tapşırılıb. Hətta bəzən o zombilər gizlənmək üçün İranı belə tənqid edirlər. Zamanı gələndə isə aktivləşəcəklər. Təbii ki, bu məqamlar bizim aidiyyəti qurumlarımıza bəllidir və ciddi tədbirlər görüləcəyinə inanıram”.
Deputat yas məclislərində aparılan İran təbliğatına da toxunub:
“Yas mərasimində mərhum qalır bir kənarda, bir dəfə adı da çəkilmir, amma məclis boyu İran təbliğ edilir. Bu məqama da diqqət etmək lazımdır və yasla bağlı konkret qaydalar müəyyənləşməsidir”.
“Cümhuriyət” qəzetinin Baş redaktoru, Cebhe.info xəbər portalının direktoru Rafail Becanov söz alaraq Cənubi Azərbaycan məsələsi ilə bağlı tədbir keçirdiyi üçün partiya rəhbərliyinə təşəkkür edib:
“Bu gün 21 Azər Hərəkatı ilə bağlı danışanda bir şeyə diqqət etmək lazımdır ki, bu, təkcə anım tədbiri deyil, həm də bir tarixi yaddaş məsələdir. Bu gün İranda bir proses başlayıb və güneyli soydaşlarımız bu proseslərin əsas avanqartlarıdır. Ümid edirəm ki, prosesin gedişatında nəticələr bizim istədiyimiz kimi olacaq. Bu məsələnin ideoloji aspekti var. İranın daxilində bu ideologiyanı parçalamaq istəyirlər.
Bunun üçün İran Güneydə olan azərbaycanlıların sayını azaltmaqla məşğuldur. Şəhərlərimizi parçalayırlar, adlarını dəyişirlər. İran bu gün də Azərbaycan adından qorxur. İranın “Səhər” kanalında da Güney Azərbaycan əhalisinin sayı çox az təqdim edilir və bunun özü də düşünülmüş siyasətdir. Amma bu gün dünya dəyişib, İran özü siyasi baxımdan parçalanmalıdr. Güney Azərbaycanın özünü idarə etməsi məsələsi aktual olmalıdır. Güneydə müstəqil bir dövlətin yaranmasında dünya gücləri də maraqlıdır.
Biz Güneydəki azərbaycanlıların nazını çəkməliyik, 40 milyonluq bir xalqa “Gəl, bizə birləş, paytaxtımız Bakı olsun” deməməliyik. Mənim təmsil etdiyim “Cümhuriyət” qəzetinin loqosu Bütöv Azərbaycandır. Yarandığı gündən bu logo ilə tirajlanır, hətta İran 1998-cı ildə bununla bağlı Azərbaycana rəsmi nota verdi. Amma biz yenə də ideologiyamızdan dönmədik. Bu gün bizim ən böyük amalımız o olmalıdır ki, Güney Azərbaycanın müstəqilliyinə qovuşması üçün əlimizdən gələn bütün işləri görək”.
Globalinfo-nun rəhbəri Azər Ayxan çıxışında mövcud münasibətlərin səbəbkarının İran olduğunu bildirib:
“İranın “Səhər” kanalının zərərli tezislərini hər gün görürük. Doğrudur, yerli mediamız bunun böyük ölçüdə cavabını verə bilir. Bu gün İranın öz xətası nəticəsində münasibətlərimiz bu həddə çatdı. Əslində bu, Azərbaycan üçün də fürsət yaratdı ki, gücümüzü dünyaya göstərək. Azərbaycanın bölgədə güclənməsini istəməyən təkcə İran deyil, digər güclər də var. İranın dağılması hesabına Azərbaycanın böyüməsinə böyük güclərin verəcəyi dəstək də müzakirə olunur.
İranda hazırda gedən proseslər SSRİ-nin dağılması prosesinə bənzəyir. Azərbaycanın İranla ideoloji müharibədə qalib gəlmək üçün çox ciddi resursları var. İlk növbədə ola görə ki, Azərbaycan haqlıdır”.
Araşdırmaçı jurnalist Aidə Eyvazlı çıxış edərək Razi Nurullayevin yaslarla bağlı verdiyi təklifi dəstəkləyib:
“Yaslarda mollalar ərəb ideologiyasından danışırlar. Amma bizim tarixi yaddaşımızı təzəməliyik, yaslarda qəhrəmanlarımızı təbliğ etməliyik. Deputatlardan da xahiş edirəm ki, dərsliklərdə də qəhrəmanlar haqqına yazsınlar. Müharibələr bizim sayımızı azaldır, ona görə də dövlət çoxuşaqlılığı təbliğ etməli, onlara müavinətlər verməlidir. Biz xalq olaraq çoxalmalı, artmalıyıq”.
Media üzrə ekspert Azər Həsrət isə çıxışında bir sıra təkliflər səsləndirib:
“Günaz TV-nin Azərbaycanda yerüstü yayımı təşkil olunmalıdır. Ucar bir kənddə olan vətəndaş AzTV ilə yanaşı, Günaz TV-ni də izləməlidir. Eyni zamanda, yerli televiziyalarımız Güney Azərbaycanda əlçatan olmalıdır. Dövlətin etdikləri başqa, amma biz də bu məsələlərə fərqli yanaşmalıyıq. Məsələn, elə Razi Nurullayevdən soruşuram, partiyanızın Güney şöbəsi varmı? Yoxdur... Niyə olmasın, bəs biz Azərbaycanı bütöv görmürük?
Yas mərasimləri ilə Razi Nurullayevin təkliflərini dəstəkləyirəm. Şəhid dəfinlərində “Ya Hüseyn” qışqıranlar bir dəfə şəhidimizin adını çəkmədi, axırda şəhid anası dilə gəldi ki, bir dəfə də heç olmasa mənim şəhid balamın adını çəkin. Çəkmədilər, çünki bu ideologiyadır və onların dərdi şəhid deyil, ideoloji dərddir. Son olaraq hesab edirəm ki, güneyli soydaşlarımız Güney Azərbaycanın müstəqilliyini elan edib və dünyada tanıtmalıdır”.
Deputat Bəhruz Məhərrəmov isə çıxışında deyib ki, bu gün bu kimi məsələlərin müzakirəsinin əhəmiyyəti xüsusilə çoxdur:
“Çünki İranda xalqlar hərəkatının fonunda İran faktiki olaraq yenidən azərbaycanlılara münasibətdə buna bir fürsət kimi yanaşır. Oradakı statistikaya baxsaq, öldürülənlər, edam olunanlar türklərdir. Hər dəfə bu ritorik sualı verirəm ki, necə olur ki, orada atılan güllələr daha çox türklərə dəyir? Bu gün İran dövlət səviyyəsində azərbaycanlılara qarşı soyqırım həyata keçirir. Beynəlxalq təşkilat isə başqa vaxt epizotik hadisələrə görə danışır, amma bu məsələyə görə susur.
BMT Təhlükəsizlik Şurası bu məsələ ilə bağlı ayrıca iclas keçirməli və Güneydəki azərbaycanlıların soyqırıma məruz qalması ilə bağlı öz mövqeyini bildirməlidir. İranda rejimin dəyişməsi bizim üçün maraqsız və əhəmiyyətsizdir. Bəli, qonşumuzda demokratik bir rejimin olması bizim üçün arzuolunandır. Biz bu dövrə fürsət kimi baxmalı, Cənubi Azərbaycanın nəhayət ki, istiqlaliyyətinə qovuşması kimi yanaşmalıyıq. Dövlət öz üzərinə düşəni edir və edəcək də, amma biz də vətəndaş cəmiyyəti olaraq ciddi işlər görməliyik”.
Qafqaz Əməkdaşlıq və İnteqrasiya Klubunun rəhbəri Anar Əliyev çıxışında, bu məsələdə beynəlxalq şərtləri qiymətləndirməyin çox vacib olduğunu deyib:
“21 Azər Hərəkatının reallaşmamasının ən vacib şərtlərindən biri Amerikanın o dövrdəki imperialist siyasəti idi. Belə bir fikir səsləndi ki, Cənubi Azərbaycanda Şimali Azərbaycanın birləməsi an məsələsiydi. Cənubi Azərbaycanın işğalı an məsələsiydi. Sovet imperiyası Cənubi Azərbaycanı da işğal etmək istyəyirdi. İndiki situasiyada mən hesab edirəm ki, İranın parçalanması bizim arzumuz olsa da, amma qlobal güclərin orta şərq siyasətlərinin, maraqlarının ən böyük təhtidlərindən biridir. Bəli, biz onları nəzərə alaraq heç bir iş görməyək demirəm, qətiyyən. Amma planlı şəkildə addım atmalıyıq.
İkincisi İrandakı rejimi fars rejimi adlandırmayaq. Bu, molla hakimiyyətinin ideoloji alətlərindən biridir. İranda baş verən hadisələrin, etirazların mahiyyətini, istiqamətini, hədəfini dəyişmək üçün xalqlar arasında intiriqa yaratmaq, bunu etnik münqişəyə çevirmək, özlərini hədəfdən yayındırmaq üçün apardıqları ideoloji hədəfdir, məqəsəddir. Bu sırf molla rejimidir, bir qrupun maraqlarıdır. Bu heç dini rejim də deyil. Bunların islama, şiəçiliyə heç bir aidiyyatı yoxdur”.
Uşaqların Gələcəyi Naminə İctimai Birliyinin sədri Könül Quliyeva çıxışında, Gün.az tv-nin fəaliyyətinin gücləndirilmsini təklif edib:
“Bu məsələdə dövlət dəstəyi olmayacaqsa çox çətin olacaq. Bəli, artıq Güney Azərbaycanın müstəqilliyi gerçəkləşməyə doğru gedir və bu da bütöv Azərbaycan fikrinin reallaşmasına yol açır. Bu gün İiranda baş verən hadisələr bütün xalqların etirazlarıdır. Diktaturanın çökməsidir, din pərdəsi altında fəaliyyət göstən rejimə qarşı etirazlardır. Təsüf ki, bu hadisələrə münasibətdə bizlər üzərimizə düşəni tam yerinə yetirmirik. Çünki dövlətin bu istiqamətdə apardığı siyasətin fonunda bizim üzərimizə düşən san ki, ancaq gedişatı media üzərindən izləməkdir. Bunun üçün də siyasi partiyalar, KİİV nümayəndələri, QHT-lər, hər birimiz, hər kəs üzərimizə düşəni, əlimizdən gələni etməliyik, hadisələrə təsir göstərməliyik”.
Çıxış edən jurnalist, siyasi şərhçi Rövşən Rəsulov çıxış edərək bildirib ki, bir zamanlar İranın bizə qarşı oynadığı oyunlara qarşı hər hansı sərt məqalə ilə çıxış etdiyimiz zaman bəzən bizi qınayırdılar, tövsiyyələr verirdilər ki, bir az ehtiyyatlı yazın, indi isə bütün bunlar artıq geridə qalıb:
“Hazırda hər bir kəsin, mütəxəssisin, media mənsubunun üzərinə böyük məsuliyyət düşür. Cənab prezidentin vurguladığı kimi, türk əsrinin başlanğıcıdır. Bu gün iranda bizim milli hərəkatın başlaması da türk əsrnin yaranmasının bir parçasıdır. Müşahidə edirik hadisələri, azərbaycanlılara qarşı baş verən vəhşilikləri görürük və bunlardan yan keçə bilmərik. Bu problemin aradan qaldırılması üçün biz vahid azərbaycan xalqı olaraq birlikdə mübarizə aparmalıyıq. Orda lidersizlik var. O liderin müəyyən olunması üçün biz maksimum qüvvə ilə dəstək göstərməliyik. Artıq ordakı cənublu soydaşlarımızın bir lideri olmalıdır. Əks halda milli azadlıq hərəkatı böyük fəsadlarla üzləş bilər. Çünki qeyd etdiyim kimi İran rejiminin nə qədər qəddar olduğunu görürük. Və bunun üçün Azərbaycan artıq qırmızı düyməyə basıb”.
TNS İnformasiya Agentliyinin rəhbəri Tural Səfərov, Güneyin müstəqil olmağa, Quzeyə birləşməyə hazır olub olmaması məsələsinin önəmli olduğunu bildirib:
“Uzun illər ərzində ən Quzey, həm güney Azərbaycan fərqli quruluşlarda yaşayıblar, nəsillər dəyişib, oradakı molla rejimi ordakı azərbaycanlılara, yeni nəsilə təsir etmək imkanına malik olub. Mən sizə bir faktı deyim, Naxçıvanda yaşamışam uzun müddət, bizim İranla tez-tez əlaqələriimiz olurdu, orda sərhəd keçid məntəqələrində azərbaycanlılara qarşı elə bir nifrət, kin-küdurət var idi ki, adam çaş-baş qalırdı ki, bir azərbaycanlı bir azərbaycanlıya necə belə münasibət göstərə bilər. Və belə bir fakt ortaya çıxdı. Molla rejimi əslən erməni olan insanları Azərbaycan dilini öyrədərək məhz Azərbaycanla sərhəd keçid məntəqələrinə yerləşdirir və həmin o kökü erməni olan insanlar Azərbaycan dilində danışaraq, Azərbaycanlş olduğunu göstərərək bizim azərbaycanlılara elə bir münasibət göstərirlər ki, biz ordan qayıdanda istər-istəməz düşünürük, biz onlarla necə birləşə bilərik? Buuunun üçün də ilkin olaraq biz təbliğat işini genişləndirməliyik. Azərbaycan mediası hələ dəə Güneyə istənilən qədər yer ayıra bilmir. Təsüf ki, bu gün Naxçıvan televiziyası susur və Azərbaycan-İran qardaşlıq münasibətlərindən danışır. Bu, faciədir”.
Çıxışlardan sonra tədbir qarşılıqlı fikir mübadiləsi ilə davam edib.
Pakizə Babazadə
Versus.Az