Prezidentliyə gedən uğurlu yol

11:24 25-12-2022 | icon 437 | Siyasət
Prezidentliyə gedən uğurlu yol

Qüdrətli Azərbaycan yaradan Qlobal Lider

 

 

 

Asif ƏSGƏRLİ
/Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü/ 

 

Xalqımızın tarixi yaddaşında milli taleyimizin Heydər Əliyev mərhələsi möhtəşəm dirçəliş, quruculuq illəridir. Yarım əsrdən artıq siyasi - dövlətçilik fəaliyyəti ərzində Heydər Əliyev duhası, Ulu Öndərin qətiyyəti və əzmi sayəsində milli şüur inkişaf etdi, mədəniyyətimiz, iqtisadiyyatımız, elm və təhsilimiz çiçəkləndi, müstəqil dövlətçiliyimiz quruldu. Ən əsası, Ümummilli Liderimiz gələcək inkişafın sarsılmaz təməlini yaratdı, sağlam dövlətçilik prinsiplərinin, milli ideologiyanın xalqın mənafeyinə xidmət edən varisliyini təmin etdi.

 

Heydər Əliyev idarəçilik məktəbinin, azərbaycançılıq fəlsəfəsinin layiqli davamçısı Prezident İlham Əliyevin fitri liderlik xüsusiyyəti, yeni dövrə uyğun praqmatik fəaliyyəti bu tarixi – milli varisliyin təzahürü və qarantı oldu.

 

Ulu öndər Heydər Əliyev 2003-cü ildə xalqa müraciətində “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” deməklə fikir və ideyalarında bir daha yanılmadığını və üzaqgörən dahi siyasətçi olduğunu göstərdi. Cənab İlham Əliyev əzmkar fəaliyyəti ilə Azərbaycanı ən yüksək zirvələrə qaldırmaqla ulu öndərin və ümumiyyətlə, xalqımızın inamını qazandı və etimadın doğrultu.

 

Mükəmməl təhsil, peşəkar bacarıq, dövlətçilik təcrübəsi, siyasi iradə və ən əsası xarizmatik liderlik xüsusiyyətləri cənab İlham Əliyevə prezidentliyə qədər fəaliyyətinin bütün mərhələlərində özünü bariz göstərdi. Dövlət Neft Şirkətinin 1-ci vitse prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti, Milli Məclisin deputatı, Avropa Şurası PA-nın vitse-prezidenti və baş nazir kimi çoxşaxəli və uğurlu fəaliyyəti cənab İlham Əliyevin dövlət başçısı kimi ali və şərəfli vəzifəni layiqincə icra etməsinə böyük inam yaratdı və xalqın bu etimadı onu milli qururumuz və iftixar mənbəyi kimi tariximizə daxil etdi.

 

Sözünü imzaya çevirən Lider

 

Prezident İlham Əliyevin əsas strateji məqsədi ondan ibarətdir ki, Azərbaycanın bütün bölgələri monolit dövlət modelinin qurulması prosesində fəal iştirak etsin. Məhz bu məqsədə nail olmaq üçün Prezident İlham Əliyev tərəfindən regionların inkişaf etdrilməsi üçün 4 (2003-2008, 2009-2013, 2014-2018, 2019–2023-cü illər) Dövlət Proqramları təsdiq edilib. Bundan başqa regionların inkişafı ilə bağlı Prezident 40-dan çox sərəncam imzalayıb. Ölkə başçısının regionlara davamlı səfər edib proqramın icrası vəziyyəti ilə şəxsən maraqlanması, yüzlərlə istehsal müəssisəsinin, sosial obyektin təməlqoyma, açılış mərasimində iştirak etməsi bu işin daimi onun nəzər diqqətində olmasından xəbər verir.

 

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının qəbul edilməsi regionlarla paytaxt arasında fərqin azaldılmasına, bölgələrin sürətli inkişafına, yerli potensialdan səmərəli istifadə etməklə iqtisadiyyatın ayrı-ayrı sahələrinin tərəqqisinə, ixrac yönümlü məhsul istehsalının stimullaşdırılmasına, sahibkarlığın inkişafı yolu ilə əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına yol açıb.Bu müsbət irəliləyişlər Azərbaycanın iqtisadi rayonlarının hamısında baş vermişdir. Bütün bunlar xalqımızın ümummilli lideri Heydər Əliyevin iqtisadi siyasətinin də Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilməsi deməkdir.

 

İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz misilsiz iqtisadi nailiyyətlər qazanmış, elm, təhsil, mədəniyyət sahələrində köklü yeniləşmə başlamışdır. Bu təcrübə yalnız bugünümüzə deyil, gələcəyimizə də yönələn və elmi- publisistik, siyasi-ideoloji dərkini tələb edən böyük dövlətçilik məktəbidir. İlham Əliyevin yeni tipli lider kimi özünütəsdiqi, bu şəxsiyyətin tariximizdə müstəsna rolu gerçək faktlarda özünü göstərir. Şəxsiyyət və millətin, rəhbər və vətəndaşın belə mənəvi vəhdətdə dərkiİlham Əliyev siyasi xəttinin xəlqi mahiyyətini,digər tərəfdən,yaxın tariximizin gerçək məzmunudur.

 

Tariximizin ən gərgin dövründə, keçid mərhələsində, ərazilərimizin bir hissəsinin işğalı şəraitində xalqın israrlı tələbiylə milli - dövlətçilik missiyasını öz üzərinə götürmüş Heydər Əliyevin və yenə də xalqın istəyi ilə bu missiyanı daşımaq seçimini etmiş İlham Əliyevin fəaliyyəti Azərbaycan xalqıüçün bir tarixi şans olaraq qiymətləndirilməlidir.

 

 Dövlətçilik ideologiyası və metodologiyası, idarəçilik sənəti, milli prioritetlər – İlham Əliyevin fəaliyyəti məhz bu fundamental anlayışlar üzərində qurulub. Tariximizin keçid məhələsində milli birliyi, əslində, həm də dövlət quruculuğunu təmin edən ideoloji əsas - azərbaycançılıq məfkurəsidir. Azərbaycançılıq ideallarının dünya azərbaycanlılarını birləşdirən siqləti, Azərbaycan Respublikasının bütün azərbaycanlıların, o cümlədən, onillərlə xaricdə yaşayan soydaşlarımızın vətəni elan edilməsi, diaspor siyasəti sahəsində gərgin fəaliyyət, ana dili, milli mənlik və mədəniyyətin qorunması, əlifba məsələlərində qətiyyətli mövqe müstəqillik dövrünün mühüm nailiyyətləridir.

 

Prezident İlham Əliyev və ölkədə siyasi dialoq və milli həmrəylik

 

Ulu Öndərin siyasi və dövlətçilik kursunu davam etdirən cənab İlham Əliyev prezident seçildikdən sonra Heydər Əliyevdən miras qalan siyasi dialoq və milli həmrəylik ənənəsini   davam etdirərək, müxtəlif partiyaların ictimai-siyasi proseslərdə, hüquqi, mədəni və sosial fəaliyyətlərdə aktiv iştirakına şərait yaratdı.

 

Bu 19 il ərzində 18 partiyanın siyasi sistemə qədəm qoyması ilə yanaşı siyasi partiyaların daha geniş fəaliyyətinə təkan verən “Siyasi partiyalar haqqında” yeni qanun qəbul edildi. İlk dəfə Azərbaycanda seçkilərə qatılan və parlamentdə təmsilçilik əldə edən siyasi partiyalara dövlət tərəfindən maliyyə dəstəyi göstərilməsinə başlanıldı.

 

Dövlət başçısı bu müddətdə böyük siyasi iradə nümayiş etdirərək, siyasi partiyaları istənilən milli məsələlərdə dialoq, həmrəylik və əməkdaşlığa dəvət edən çıxışlar etdi və ölkənin müstəqil inkişafı və güclü dövlətçiliyin formalaşmasında siyasi partiyaların rolunu yüksək qiymətləndirdi.

 

Bu dövrdə cənab İlham Əliyev tərəfindən ölkdə siyasi dialoq və həmrəyliyə böyük rəvac verən milli səviyyəli siyasətlər həyata keçirildi ki, müxtəlif siyasi qüvvələr bu addımların yalnız Azərbaycan dövlətçiliyinin inkişafına və regional gücə çevrilməsinə hesablandığını qəbul etməli oldular.

 

18 ildə ölkənin sosial-iqtisadi, o cümlədən, regionların inkişafına yönəlik böyük və əhatəli dövlət proqramları, hüquqi-siyasi islahatlar, dövlət qulluğu sisteminin formalaşdırılması, ordu və təhlükəsizlik doktrinasının hazırlanması, diplomatik sferada uğurlar daxildə siyasi sistemin oturuşması, siyasi dialoq və həmrəylik bazasını da formalaşdırırdı.

 

Hər zaman ölkədə siyasi dialoq və milli həmrəylikdə avanqard rol oynayan Yeni Azərbaycan Partiyası son VII Qurultayındakı partiya islahatları və siyasi optimallaşma və təmərküzləşmə addımları ilə opponentlərinə yenə də nümunə olduğunu göstərdi.

 

Daim siyasi inkişafda maraqlı olan YAP yalnız Nizamnamə, Proqram, struktur və heyət yeniliyi aparmadı, ölkə prezidenti və partiya rəhbəri cənab İlham Əliyevin təbiri ilə desək, möhkəm bünövrə, saglam baza ilə yeni dövr və yeni siyasi fəaliyətə də start verdi. Bu isə ölkədə uğurla davam edən siyasi dialoq və milli həmrəylikdə YAP-ın öncül yeri və rolunu  təsdiqləyir.

 

Siyasi baxış və ideoloji yaxınlığı olan 6 siyasi partiyanın YAP birləşməsi hakim partiyaya təkcə kəmiyyət və keyfiyyət artımı gətirmədi, bu prosses ölkədə siyasi təmərküzləşmə və optimallaşmanın da labüdlüyünü göstərdi. YAP-ın bu nümunə olacaq addımı siyasi dialoq və həmrəylikdə daha böyük potensiallı, geniş areallı güclü partiyalarla əməkdaşlığın effektivlik yarada bilməsi üçün digər kiçik siyasi qüvvələr üçün də stimula çevriləcəkdir.

 

Prezidentdən “Qarabağ Azərbaycandır!” xəbərdarlığı... 

 

Müstəqilliyimizin milli məzmunu, Qarabağ probleminin həlli yolunda fəaliyyət, iqtisadi yüksəliş, elm, təhsil, mədəniyyət, idman kimi humanitar sahələrdəki böyük təbəddülat, beynəlxalq aləmdəki ciddi uğurlar - bütün bu mühüm istiqamətlərdə son illərdə İlham Əliyev tərəfindən görülən işlər danılmazdır.

 

Xüsusən, artıq keçmişdə qalan Dağlıq Qarabağ problemi ölkənin taleyüklü məsələsi olaraq cənab İlham Əliyev üçün hər zaman prioritet olmuşdu. Ölkə başçısı dəfələrlə istər beynəlxalq tribunalarda, istərsə də Ermənistanın rəhbərliyi ilə panel diskussiyasında Dağlıq Qarabağ münaqişəsi və həqiqətləri barədə qətiyyətli, cəsarətli, tutarlı faktlarla nümayiş etdirdiyi çıxış-təqdimatı nəinki Azərbaycan ictimaiyyəti, eləcə də dünya siyasi dairələri, media qurumları, ekspertlər tərəfindən yüksək və obyektiv qiymətləndirilmişdir. Prezident İlham Əliyevin 2019-cu ilin oktyabrın 3-də Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasındakı erməni baş nazirin sərsəm bəyanatına “Qarabağ- bu Azərbaycandır. Nida işarəsi” deyərək qəti mövqe bildirməsi ölkə başısının bu məsələdə siyasi iradəsinin göstərisidir. Prezidentin bu çıxışında nümayiş etdirdiyi qətiyyət dünya azərbaycanlılarını möhtəşəm şəkildə qürurlandırmışdı.

 

Yeri gəlmişkən, ölkə başçısnın bu qətiyyətli çıxışı 25 ildən artıq zəngin təcrübəyə malik Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatında (ADTGT) da möhtəşəm addıma, “QARABAĞ AZƏRBAYCANDIR!”  beynəlxalq ictimai dəstək kampaniyasına başlamağa böyük stimul olmuşdur. Azərbaycanda, Avropada, MDB məkanında və eləcə də dünyanın müxtəlif yerlərində ölkəmizin haqlı və ədalətli mövqeyinin təbliği istiqamətində çoxsaylı beynəlxalq layihə və tədbirlər həyata keçirən ADTGT bu kampaniya çərçivəsində xarici tərəfdaş QHT-lərini, əcnəbi vətəndaş cəmiyyəti fəallarını, gənc liderləri bu aksiyaya dəvət etmiş, konkret fəaliyyət və beynəlxalq ictimai dəstək addımlarını həyata keçirmişdi.

 

Beləki, bu beynəlxalq ictimai dəstək kampaniyası çərçivəsində ADTGT-nin çağırışı ilə dünyanın müxtəlif ölkələrindən olan və əməkdaşlıq etdiyimiz xarici QHT-lər, gənclər təşkilatları və əcnəbi fəallar “QARABAĞ AZƏRBAYCANDIR!” sloqanını öz dillərində canlı səsləndirərək və eləcə də yazılı kağızlarda nümayiş etdirərək, bunları video və foto görüntülərə alıb sosial şəbəkələrdə paylaşmışdılar. Eyni zamanda müxtəlif ölkələrdə ADTGT tərəfdaşları tərəfindən fəal gənclərin iştirakı ilə bu sloqan əsasında flaşmoblar da təşkil olunmuşdu. ADTGT tərəfindən həyata keçirilən bu beynəlxalq ictimai dəstək kampaniyasının məqsədi Aərbaycan Prezidentinin sloqan olaraq yekun vurduğu bu qəti fikrə hər kəsi inandırmaq, Ermənistanın bu günə qədər dünya birliyinə söylədiyi saxta və sərsəm bəyanatları ifşa etmək və eləcə də Qarabağın Azərbaycana tarixi və hüquqi məxsusluğunu sübut edən faktları beynəlxalq aləmə çatdırmaq idi.

 

Əslində, Azərbaycan Prezidenti Paşinyanın “nöqtə”sinə nida cavab verməklə Ermənistana, eləcə də həmsədr ölkələrə xəbərdarlıq etmişdi. Bununla Qarabağ məsləsində son sözün kimə aid olduğuna da açıq işarə etmişdi...

 

Əsrlərin acısına son qoyan Müzəffər Sərkərdə

 

Azərbaycan Respublikasının Prezidenti 2020-ci ilin sentyabrın 27-də xalqa müraciətində bildirmişdi: “Bu gün səhər Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutmuşdur. Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər, yaralananlar var...". Bu bəyanat Azərbaycan Ordusunun ədalətli müharibə apardığını bir daha təsdiqləyirdi. Müzəffər Ali Baş Komadanın səyi ilə milli ordumuzun 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanması ilə Azərbaycan haqlı mövqeyini nümayiş etdirdi və Qarabağ məsələsinə nöqtəni də, nidanı da özü qoydu. Ölkə başçısı Böyük Zəfərlə bitən 44 günlük Vətən müharibəsi zamanı xalqımızı dəmir yumruq kimi birləşdirərək əsrlərin acısına son qoyan Müzəffər Sərkərdə kimi tarixə düşdü.

 

Bu gün dünyada yaşayan azərbaycanlılar Prezidentin rəşadətli əmrilə Milli Ordumuzun torpaqlarımızı işğaldan azad etməsinə görə hələ də sevinc hissini yaşayır və azərbaycanlı olmaları ilə milli qürur hissi keçirirlər. 44 günlük Vətən müharibəsi azərbaycançılığımızın-milli kimliyimizin gücünü dünyaya göstərdi. Həmin günlərdə erməni vandallığı insanlarımızı daha da birləşdirdi, siyasi baxışından asılı olmayaraq hər kəs bir çatı altında toplaşdı, ordumuzun göstərdiyi şücaət bizi daha da ruhlandırdı. Bütün bunlar bir daha göstərdi ki, torpalaqrımızın işğaldan azad olunması üçün dünya azərbaycanlıları ayaqda idi. Hər bir azərbaycanlı əzəli torpaqlarımız olan Qarabağ yolunda canını verməyə hazır idi. Ali Baş Komandanın hər hansı çağırışına soydaşlarımız qürur hissi ilə əməl edirdilər.

 

Azərbaycan, eyni zamanda iki düşmən – koronavirus (COVİD-19) və Ermənistanla mübarizə aparırdı.

 

Belə desək, Azərbaycan müharibə içindi müharibə edirdi. Və Prezidentin xüsusi göstəriş və tapşırığı ilə ölkəmizdə koronavirus pandemiyası ilə uğulu mübarizə, dövlətin həyata keçirdiyi tədbirlər, müvafiq strukturların uğurlu fəaliyyəti, beynəlxalq humanitar yardımlar, Azərbaycanın beynəlxalq miqyasda birləşdirici təşəbbüsləri və liderlik fəaliyyəti, vətəndaş məsuliyyəti, cəmiyyətimizdə həmrəylik və birlik bizi bu bəla ilə də mübarizdən qalib çıxardı. Prezidentin “Biz birlikdə güclüyük!” şüarı hər bir azərbaycanlı üçün mənəvi güc mənbəyinə çevirilmişdi.

 

Qlobal pandemiya elan olunan koronavirus infeksiyası ilə mübarizədə ölkəmizin apardığı siyasət, atdığı addımlar cəmiyyətimizin və xalqımızın sağlamlığı, təhlükəsiz və normal həyat tempinin qaydaya salınmasına yönəlmişdir. Bütün bu zəruri tədbirlər nəticəsində hökumət strukturları pandemiyanın geniş arealda yayılmasının qarşısının alınmasını ciddi nəzarətdə saxlamış, virusun əhatə dairəsinin və vətəndaşların həyatına ciddi risk yaradacaq səviyyəyə qalxmasına imkan verməmişdir.

 

Vətən müharibəsində şanlı qələbə və pandemiya ilə mübarizədə Cənab İlham Əliyevin qətiyyətli addımları dünya azərbaycanlılarının ona sevgisini və inamını daha da artırmışdı. Soydaşlarımız hər zaman Azərbaycan dövlətinə və Prezidentə arxalanaraq öz fəaliyyətini qürurla davam etdirirlər.

 

Gənclər siyasətini milli prioritetə yüksəldən dövlət başçısı

 

Prezident İlham Əliyev Şuşada hərbçilərlə görüşəndə demişdi: “Bütün nəsillərdən olan vətəndaşlarımızın bu Qələbədə böyük zəhməti var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi”. Bu, Azəraycan dövlətinin gənclər siyasətinin düzgün həyata keçirilməsinin nəticəsidir. Azərbaycan çox az ölkələrdəndir ki, gənclər siyasətini öz dövlət siyasətinin əsas prioritetlərindən birinə çevirib.

 

Müstəqillik əldə etdiyimiz ilk illərdə ölkəmizdə formal olaraq gənclər siyasəti haqqında qanun olsa da, onun heç bir mexanizmi və icrası yox idi və təbii ki, gənclərə yönəlik heç bir dövlət addımı da atılmırdı. Amma 1994-cü ildən ölkəmizdə gənclər sahəsində dövlət siyasəti və addımları atılmağa başlayandan ta bu günə qədər bu siyasət öz təsirini və effektivliyini göstərməyə başladı. Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir və bütün təbəqələrdən olan gənclər qruplarını əhatə etməklə istənilən maraq və ehtiyacları üzə çıxarır və onların qarşılanmasını təmin edir.

 

Prezident tərəfindən 2005-2009-cu, 2011-2015-ci və 2017-2021-ci illəri əhatə edən "Azərbaycan gəncliyi" Dövlət Proqramları imzalanıb və uğurla icra olunub və növbəti il üçün 2023-2027 illər proqramı da hazırlanmaqdadır.  Prezident İlham Əliyevin 2007-ci ili "Gənclər ili" elan etməsi gənclərə dövlət başçısı tərəfindən verilən böyük önəmin bariz nümunəsidir.

 

“Biz neft gəlirlərini insan kapitalına çevririk” deyən Prezident “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı”nı təsdiqlədi. Bununla gənclərə xaricdə geniş özünütəsdiq imkanları yarandı.Hazırda 2015-2025-ci illəri əhatə edən Azərbaycan gənclərinin İnkişaf Strategiyası uğurla həyata keçirilir. Məhz bunun nəticəsidir ki, Vətən müharibəsində Azərbaycan gəncləri bir yumruq olduğunu göstərdi, vətənpərvərlik hislərini ortaya qoydu, döyüşlərdə qəhrəmancasına iştirak etdi. Yalnız bu günlə deyil, hər an, hər zaman Azərbaycan gəncində bir inam var ki, onun arxalana biləcək, gücünə güc qatacaq, qayğı və problemlərinə diqqət ayıracaq, onun üçün müxtəlif şərait və imkanlar yaradacaq dövləti, Prezidenti var.

 

Onun ali məqsədi öz vətəndaşlarımızın sosial rifahını yaxşılaşdırmaqdır

 

Prezident İlham Əliyevin ali məqsədi vətəndaşlarımızın sosial rifahını yaxşılaşdırmaqdır. Əhalinin aztəminatlı təbəqələrinə kömək göstərilməsi dövlətin apardığı sosial siyasətin başlıca istiqamətidir. Bu baxımdan əhalinin sosial müdafiəsi sahəsində qəbul edilmiş qanunlar, Prezidentin fərman və sərəncamları, beynəlxalq öhdəliklər bir sıra islahatların keçirilməsi zərurətini yaratmışdır. Bu gün mövcud sosial müdafiə sisteminin bazar iqtisadiyyatının sosial -iqtisadi mühitinə uyğunlaşdırmaqla yenidən qurulması, o cümlədən pensiya sisteminin beynəlxalq normalara və Avropa təcrübəsinə əsaslanan islahatın aparılması - özünü maliyyələşdirən sığorta-pensiya sisteminin qurulması Prezidentin sosial siyasətinin strateji xətti kimi müəyyənləşdirilmişdir.

 

Bu baxımdan insanların yaxşı yaşaması üçün bütün lazımi tədbirlərin görüldüyünü deyən ölkə başçısısının sözlərinə görə ilk növbədə elə olunmalıdır ki, inflyasiyanın səviyyəsi aşağı düşsün. Prezident İlham Əliyev dövlətin maliyyə imkanlarının yaxşılaşması nəticəsində vəsaitlərin ilk növbədə əhalinin maddi rifah halının yaxşılaşmasına yönəldəcəyini əmin edir: “Adambaşına düşən büdcə xərclərinə görə Azərbaycan bütün MDB məkanında qabaqcıl yerlərdədir və bütövlükdə dünya miqyasında çox yüksək yer tutur. Biz öz valyuta ehtiyatlarımızı artırırıq... Büdcədən maliyyələşən təşkilatlarda işləyən insanların sosial müdafiəsi daha da gücləndirilməlidir və bunu etmək üçün konkret təkliflər, proqramlar var və ən əsası maddi imkanlarımız da buna şərait yaradır”.

 

Ölkəmizdə əhalinin sosial müdafiəsinin təşkili iqtisadi inkişafın əsas məqsədi kimi müəyyən olunub və bu siyasət artıq bir neçə ildir ki, Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə həyata keçirilir. Nəticədə ölkəmizin aztəminatlı təbəqəsinə dövlət qayğısı ilbəil artır. Artıq bu bir həqiqətdir ki, dövlət bütün aztəminatlı ailələrin - çoxuşaqlıların, pensiyaçıların, tənha və ahılların, əlillərin, müharibə veteranları və şəhid ailələrinin əsas dayağıdır. Və buna görədir ki, aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidenti saysız sərəncam və fərmanlar imzalayıb. Bu sənədlərə əsasən vətəndaşların rifah halını yaxşılaşdırmaq, aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə yaşa və əlilik dərəcəsinə görə sosial müavinətlərin, eləcə də şəhid ailələrinə verilən təqaüdlərin məbləği ilbəil artırılıb.

 

Yeri gəlmişkən, son günlər dövlətin bu istiqamətdə atdığı addımlar daha da intensivləşib. Belə ki, Azərbaycan Respublikasında əhalinin maddi güzəranını yaxşılaşdırmaq və sosial müdafiəsini daha da gücləndirmək məqsədi ilə 2021 və 2022-ci illərdə Prezident İlham Əliyev təhsil işçilərinin əməkhaqlarının artırılması ilə bağlı iki sərəncam imzalayıb. Prezidentin keçən il imzaladığı sərəncamla isə tələbələrin təqaüdləri artırıldı.

 

Təhsil sahəsində çalışanlar üçün bu artımlar çox vacibdir. Yeni əməkhaqqı artımı 165 min təhsil işçisini əhatə edir. Artımların edilməsi məqsədilə 273 milyon manat illik əlavə vəsait nəzərdə tutulub.

 

Xüsusilə bazar iqtisdiyyatı şəraitində yaşadığımız bir vaxtda, həqiqətən, dövlətin bu təbəqələrə diqqəti yüksək olmaldır. Nəzərə almaq lazımdır ki, bir neçə ildir ki, bu ənənə var. Prezidentin əsas məqsədi ölkədə uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində əldə olunmuş dinamik inkişafa və davamlı tərəqqiyə əsaslanaraq, təhsil sahəsində çalışanların sosial müdafiəsini gücləndirməkdir.

 

Son günlər, ümumiyyətlə, təhsillə bağlı atılan mütərəqqi addımlar onu göstərir ki, təhsil önəmlidir, dövlətin daxili siyasətinin prioritetidir. Prezident tərəfindən  təhsillə bağlı atılan son addımlar onu göstərir ki, bizdə təhsilin inkişaf strategiyasına uyğun başlanan islahatlar uğurlara davam etdirilir. Bütün bunlar Prezident İlham Əliyevin təhsilə, elmə olan diqqət və qayğısının əyani göstəricisidir.

 

Qüdrətli Azərbaycan yaradan Qlobal Lider

 

Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş, Prezident İlham Əliyevin yüksək peşəkarlıqla həyata keçirdiyi neft strategiyasının yalnız iqtisadi deyil, geniş mənada dövlətçilik - təhlükəsizlik, xarici siyasət, Qarabağ problemi, sosial, humanitar məsələlər baxımından müstəsna rolu, ölkəmizin regionda və bütün dünyada nüfuz sahibinə çevrilməsində, qlobal proseslərə qoşulmasında əhəmiyyəti buna bariz nümunədir. Azərbaycanın bir sıra qlobal iqtisadi lahiyələrin (“Əsrin müqaviləsi”, “Bakı–Tbilisi–Ceyhan boru kəməri”, “İpək yolu”, “Cənub qaz dəhlizi”, TAP, TANAP və s.) əsas təşkilatçısı olması, beynəlxalq təşkilatlarda, xüsusən, Avropa siyasi qurumlarında fəal iştirakı, kosmik ölkələr sırasında yer alması, daxili sabitliyin və tərəqqinin təminatıdır. Nəticə etibarilə, Azərbaycanın regionun lider dövlətinə, iqtisadi inkişaf tempinə görə dünyanın ən qabaqcıl ölkəsinə çevrilməsi İlham Əliyev fəaliyyətinin xalqın mənafeyinə uyğun, alternativi olmayan, böyük perspektivlərə malik siyasi-dövlətçilik konsepsiyası olduğunu bir daha təsdiqləyir.

 

Məhz cənab İlham Əliyevin liderliyi ilə Azərbaycan bu gün Avropanın əsas enerji təhlükəsizliyi təminatçısı rolunu oynamaqdadır və bunu nüfuzlu dövlət başçıları və siyasi liderlər ərklə etiraf edirlər.

 

Cənab İlham Əliyevin dövlətçilik siyasətin əsas strateji məqsədi Azərbaycan dövlətinin müstəqilliyinin möhkəmləndirilməsi, onun dönməz xarakter almasıdır. Bu gün cənab İlham Əliyevin qlobal təşəbbüsləri beynəlxalq qurumlar tərəfindən qəbul olunaraq icra edilir. Böyük sevinc hissi ilə qeyd edirik ki, artıq cənab İlham Əliyev beynəlxalq aləmdə Qlobal Lider olaraq qəbul edilir. Bunu Avropa, Asiya, Afrika və Amerika qitəsinin nüfuzlu siyasətçiləri, dövlət başçıları və siyasi xadimləri çəkinmədən və qururla dilə gətirirlər.

 

Tale bu tarixi missiyanı – milli dövlətçiliyimizi tərəqqiyə aparmaq üçüm üçün qlobal lider İlham Əliyevi xalqımıza bəxş edib.

 

Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan doğma yurdunun sadiq və əzmkar oğlu kimi öz üzərinə düşən tarixi vəzifələri şərəflə və məsuliyyətlə yerinə yetirir.

 

Bu, həqiqi milli dövlətçilik siyasəti, qüdrətli Azərbaycan yaratmaq siyasətidir.

 

Bu, həm də Müasir Azərbaycanın qızıl tarixi dövrünü yazmaq yoludur.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...