Milli Məclisin Asiya Parlament Assambleyasındakı (APA) Nümayəndə heyətinin rəhbəri Qənirə Paşayeva APA Siyasi Komitəsinin Terrorla mübarizə mövzusuna həsr olunmuş iclasında çıxış edib.
Versus.Az xəbər verir ki, o, Azərbaycanın qardaş Türkiyə Cümhuriyyətinin terrorla mübarizə sahəsində zəruri fəaliyyətini dəstəklədiyini və Türkiyə Nümayəndə heyətinin Komitənin gündəliyinə və yekun sənədlərə təkliflərinin tam şəkildə qəbuluna tərəfdar olduğunu bildirib:
“Biz özümüz terrordan uzun illərdir əziyyət çəkən, böyük itkilər verən ölkəyik. ASALA, “Daşnaksütyün” və digər erməni terror təşkilatlarının ayrı-ayrı zamanlarda və ayrı-ayrı yerlərdə törətdiyi qanlı əməllər, insanlıq əleyhinə cinayətlər danılmaz faktlarla sübut olunub. XX yüzilin 90-cı illərindən Azərbaycanın Qarabağ bölgəsində daha mütəşəkkil və şiddətli şəkil almış erməni terroru Xocalı Soyqırım aktı ilə özünün ən qanlı fazasına keçmişdir. Uzun illər boyu biz beynəlxalq qurumlardan erməni terroruna qarşı dəstək, həmrəylik görmədik. “Mənə toxunmayan ilan min yaşasın” məntqindən - əslində, məntiqsizliyindən və ikilistandartlardan qurtarmaq ümumbəşəri ehtiyacdır. Cavabsız qalan terrorun mənfi təsirləri yayılacaq və günün birində o terrora gizli dəstək verən yaxud biganə qalan ölkələrin də başına bəla olacaq”.
Siyasi Komitəsinin iclasında bir sıra digər məsələlərə də toxunan Q.Paşayeva, Ermənistanın hazırda mina xəritələrini məqsədyönlü şəkildə gizlətməsi ilə mina terroru həyata keçirdiyini, 44 günlük müharibədən sonrakı aylar içində onlarla mülki azərbaycanlının, o cümlədən jurnalistlərin mina terrorunun qurbanı olduğunu bildirib. O, təəssüflə bildirib ki, bir sıra ölkələrin terrorla mübarizədə Azərbaycanın haqlı mövqeyinə səssiz qalması yaxud terrorçuluğu dövlət siyasətinə çevirmiş Ermənistanla terrora məruz qalan Azərbaycanın bir çox hallarda eyniləşdirilməsi cəhdləri qəbuledilməzdir.
Azərbaycan Respublikasının terrorçuluğa qarşı beynəlxalq səylərə fəal dəstək verdiyini bildirən Q.Paşayeva, “terrora münasibətdə ikilistandartlar olmamalıdır və inanıram ki APA da bu anlamda həmişə örnək təşkil edəcək” deyə vurğulayıb. O, belə bir konstruktiv yanaşmanı Asiyanın gələcəyinə xidmət olaraq qiymətləndirib.