Ötən ilin sonlarında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Naxçıvanın Gömrük Komitəsində əməliyyat keçirərək qaçaqmalçılıq və milyonlarla vəsaitin mənimsənilməsi faktını ortaya çıxardı. Eləcə də, digər qurumlarda. Daha sonra Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov vəzifəsindən kənarlaşdırıldı. Muxtar Respublikaya Prezidentin xüsusi nümayəndəsi təyin edildi.
Versus.az xəbər verir ki, Naxçıvan gündəmi ilə bağlı sualları ADP sədri Sərdar Cəlaloğlu cavablandırır:
– Sərdar müəllim, Naxçıvanda Ali Məclisin keçmiş sədri Vasif Talıbovun vəzifədən kənarlaşdırılması və bir çox şəxsin dövlətin milyonlarla vəsaitini mənimsəməkdə ittiham olunaraq istintaqa cəlb edilməsi məlumdur. Bu bölgənin gələcək taleyi üçün hansı yeniliklər hazırlayır?
– Vasif Talıbov vəzifədən kənarlaşdırılıb və Prezident Naxçıvan Muxtar Respublikasının idarəçiliyini özünün nəzarətinə götürüb. Düşünürəm, orada baş verənlər təkcə iqtisadi cinayətkarlıq deyil, həmçinin siyasi məsələlərdir.
– Vasif Talıbov dönəmi Naxçıvana nə verdi və ondansonrakı addımlar necə olmalıdır?
– Əslinə baxsaq Vasif Talıbov siyasətçi deyildi. Onun vaxtında orada müşahidə olunan əsas iki məsələ diqqəti cəlb edib. Birincisi, yaxşı mənada Naxçıvanda ideal bir təmizlik yaradılmışdı. İkincisi, Naxçıvanda yun şəbəkəsi və digər infrastruktur istiqamətində çox ciddi işlər görülmüşdü. Amma bunların da arxasında, təbii ki, Vasif Talıbovun və onun adamlarının milyardlarla pul qazanması dururdu. Yerdə qalan məsələlər xalqın, dövlətin, millətin əleyhinə olan məsələlərdir.
Talıbovdan sonra atılacaq addımlara gəlincə, Naxçıvan Azərbaycan Dövlətinin suverenliyinə qaytarılmalıdır. Faktiki olaraq orada əhalinin işlə təmin edilməsi, sosial hüquqların bərpası təmin edilməlidir. Son 30 ildə orada kimlərin əmlakı əlindən alınıbsa, kimə qarşı ağır cinayətlər törədilibsə, hamısının haqqı bərpa olunmalıdır.
– Naxçıvanda bu günədək baş verənlər və hazırda məlum istefa və həbslərin səbəbi nədir? Naxçıvan əhalisi məlum idarəçilik sistemində hansı hüquq pozuntuları, yaxud əksinə, hansı üstün həyatla təmin olunmuşdu?
– Naxçıvanda indiki hadisələrin səbəbi Türkiyə Dövlətinin birbaşa müdaxiləsi ilə baş verib. Naxçıvandakı məlum hadisələrin Azərbaycan Dövlətinin, həm də Türkiyə Dövlətinin maraqlarına zidd olması, eləcə də Zəngəzur yolunun Naxçıvandan təhlükəsiz keçməsi ilə bağlı müəyyən narazılıqlar olub. Eyni zamanda, Naxçıvan rəhbərliyinin İran və Rusiya ilə separatçı, gizli əlaqələrinin olduğunu ehtimal edirəm. Həbslər isə oradakı hakimiyyət dəyişikliyinə qeyri-siyasi don geyindirmək məqsədi güdür. Bir səbəb budur.
Digər məsələ; Naxçıvanda istintaq altında adamların əmlaklarını qeyri-qanuni əllərindən alıblar, sökdürüblər, insanların haqları pozulub....
– İnsanlar arasında Naxçıvan, az qala, “Bir qalanın sirri” filmindəki “Simnar xanın Qanlı qalası” kimi xatırlanırdı. Belə fikirləri yaradan səbəb nədir?
– Naxçıvan anklav ərazi idi və Azərbaycanla əlaqələri kəsilmişdi. Bir tərəfdən İran, digər yandan da Ermənistanla həmsərhəddir. Təbii ki, son 30 ildə Naxçıvanla bağlı informasiyanın ötürülməsinin qarşısı alınıb və Naxçıvanla bağlı məlumatların Azərbaycan xalqına çatdırılmaması ona gətirib çıxarmışdı ki, doğrudan da Naxçıvan “Sirli Qala” şəklini alırdı. İnsanlar orada nə baş verdiyindən, hansı proseslərin getdiyindən məlumatsız idilər. Xüsusən müəyyən qrup naxçıvanlının Azərbaycan hakimiyyətində təmsil olunması belə bir illüziya yaratmışdı ki, Naxçıvan camaatı Azərbaycanın əsas hissəsindən yaxşı yaşayır. Əslində, Azərbaycanda insan hüquqlarının pozulması ən çox Naxçıvanda baş vermişdir.
– Bir naxçıvanlı olaraq, siz əvvəllər Naxçıvana gedəndə orada qəbul etmədiyiniz hansı çətinliklə qarşılaşırdınız, hansı problemlər mövcud idi?
– Naxçıvana gedəndə ən çox diqqətimizi çəkən məsələ insanların həddən artıq qorxu içində yaşamaları idi. İnsanların öz hüquqlarını müdafiə etməkdən çəkinmələri, ümumiyyətlə, yaşamaq üçün heç bir şəraitin yaradılmaması və əhalinin böyük bir hissəsinin Naxçıvanı tərk etməsi daha çox diqqət cəlb edib. Bu məsələlər olduqca ciddi problemlər yaradırdı. Xüsusən də ailələrin dağılması, əxlaqi, mədəni mühitin məhv edilməsi, tarixin məhv edilməsinə aparırdı. Yəni mən orada yüzlərlə problemi müşahidə edirdim. Dəfələrlə bu barədə çıxışlarımız olub. Təəssüf ki, bu çıxışlarımıza heç kəs məhəl qoymurdu.
– Naxçıvanın idarəetməsi Azərbaycanın digər bölgələrindən nə ilə fərqlənirdi?
– Naxçıvanda idarəetmə parlament üsulu idi, Azərbaycanda isə Prezident idarəetmə üsuludur. Bu, əsas prinsipial fərq idi. Bu da ona imkan verirdi ki, Naxçıvanda Azərbaycandan tamamilə fərqli bir idarəetmə sistemi olsun.
– Zəngəzur dəhlizi açılandan sonra Naxçıvanın taleyi necə olacaq?
– Zəngəzur dəhlizi açılacağı və həmin yol işləyəcəyi təqdirdə Naxçıvanda çox ciddi iqtisadi yüksəliş olacaq. Ən azı, həmin yolun ətrafında infrastruktur yaradılacaq, əhali orada bu və ya başqa şəkildə xidmət sahələrində fəaiyyət göstərəcək. Eyni zamanda, həmin yol Naxçıvan ərazisindən keçdiyinə görə, onun büdcəsinə torpaqhaqqı olaraq gəlir daxil olacaq. Naxçıvanda ticarət genişlənəcək, Naxçıvan özü bir logistika mərkəzi olacaq. Naxçıvandan sonra, artıq Avropaya gedən yol açılır. Bu baxımdan, Naxçıvanın özünün də statusu həddən artıq artacaq.
– Naxçıvanın muxtariyyətinin ləğvi mümkündürmü və bu, bütövlükdə nə vəd edir?
– Azərbaycanın yeni Konstitusiyasında Naxçıvana Muxtar Respublika deyil, muxtar dövlət statusu veriblər. Bu da əvvəlki sovet dönəmində olan statusdan tamamilə fərqlənir. Bu, Azərbaycan Konstitusiyasında nəzərdə tutulan unitarlıq prinsipinə ziddir. Bu, ən azı, Konstitusiyaya uyğun olmadığına görə, “Naxçıvan Muxtar Dövləti” anlayışı Konstitusiyadan çıxarılmalıdır və mənə elə gəlir çıxarılacaq. Bu da ləğv olunduqdan sonra, Naxçıvan camaatından, ən azı, Azərbaycan camaatı kimi idarəçilik yükü götürüləcək. Naxçıvan Muxar Dövlət olduğuna görə, naxçıvanlılar hər məsələdə Azərbaycanın digər vətəndaşlarından fərqli olaraq, ikiqat idarəçi orqanların nəzarəti altındadır. Məsələn, Naxçıvan camaatı həm Naxçıvan Daxili İşlər Nazirliyinin, həm də Azərbaycan Daxili İşlər Nazirliyinin nəzarəti altındadır. Eləcə də digər nazirliklər də bu qəbildəndir. Bu faktın özü Naxçıvan camaatını Azərbaycanın digər rayonlarında yaşayan əhalidən qeyri-bərabər hüquqi vəziyyətə salır. İnsanlar ikiqat idarəetmə ilə yüklənirlər.(Həftə içi)
Tahirə Qafarlı