Bu bələdiyyələrlə bağlı cinayət işi açılıb
2022-ci il ərzində yerli büdcə vəsaitlərinin səmərəli istifadə olunması, bələdiyyə əmlakının (o cümlədən torpaqların) idarə edilməsi sahəsində qanunçuluğun və şəffaflığın təmin edilməsi, korrupsiyaya və digər hüquqpozmalara şərait yaradan halların qarşısının alınması üzrə inzibati nəzarət qaydasında tədbirlər görülüb.
Versus.az xəbər verir ki, bu barədə Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı 2022-ci il üzrə məruzədə qeyd edilib.
Bildirilib ki, bu məqsədlə aparılan araşdırmalar zamanı 27 halda ciddi qanun pozuntuları aşkar edilərək toplanmış sənədlər hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə istintaq orqanlarına göndərilib, həmin materiallardan 12-si üzrə cinayət işi başlanılıb.
Cinayət işi başlanılan bələdiyyələrin bəzilərini təqdim edirik:
- Qusar rayonu Kuzun bələdiyyəsinin sabiq sədri tərəfindən bələdiyyə iclasının qərarı olmadan təkbaşına icarə müqaviləsi tərtib edilməklə 510 ha örüş sahəsinin qanunsuz icarəyə verilməsi faktı üzrə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanılıb;
- Göygöl rayonu Hacıməlik bələdiyyəsinin sədri tərəfindən kollegiallıq prinsipinə zidd olaraq təkbaşına qərar qəbul edilərək 9,48 ha torpaq sahəsinin icarəyə verilməsi barədə saxta iclas protokollarının və qərarların tərtib edilməsi faktı üzrə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.1-ci və 313-cü maddələri ilə cinayət işi başlanılıb;
- Beyləqan rayonu İmamverdili bələdiyyəsinin sabiq sədri tərəfindən kollegiallıq prinsiplərinə əməl edilmədən təkbaşına qərar qəbul edilərək 7,30 ha torpaq sahəsinin qanunsuz icarəyə ayrılması, təmir-abadlıq işlərinin görülməsi adı altında yerli büdcə vəsaitinin qanunsuz xərclənməsi faktları üzrə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.1-ci və 313-cü maddələri ilə cinayət işi başlanılıb;
- Şamaxı rayonu Günəşli bələdiyyəsinin sabiq sədri tərəfindən bələdiyyə iclasının qərarı olmadan 2,88 ha torpaq sahəsinin real dəyərindən 50 min manat aşağı qiymətə qanunsuz satılaraq dövriyyədən çıxarılması, həmçinin təmir-abadlıq işlərinin görülməsi adı altında yerli büdcə vəsaitinin xərclənməsi faktları üzrə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq), 178.2.3-cü, 308.1-ci və 313-cü maddələri ilə cinayət işi başlanılıb;
- Masallı rayonu Təzəkənd bələdiyyəsinin sədri tərəfindən bələdiyyə iclasında qərar qəbul edilmədən, müvafiq icra hakimiyyəti orqanının rəyləri olmadan, hərrac və müsabiqədən kənar qaydada 44 ha torpaq sahəsinin qanunsuz olaraq ayrı-ayrı şəxslərin icarəsinə ayrılması faktları üzrə Masallı rayon prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) və 313-cü maddələri ilə cinayət işi başlanılıb;
- Zərdab rayonu Dəkkəoba bələdiyyəsinin sədri tərəfindən bələdiyyə iclasında qərar qəbul edilmədən hərrac və ya müsabiqədən kənar qaydada bələdiyyə mülkiyyətinə aid 28 ha torpaq sahəsinin real dəyərindən aşağı qiymətə icarəyə ayrılması faktı üzrə Zərdab rayon prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci, 178.2.3-cü, 179.2.2-179.2.4-cü (mənimsəmə və ya israf etmə), 309.1-ci, 312.1-ci (rüşvət vermə) və 313-cü maddələri ilə cinayət işi başlanılıb.
Bundan əlavə, Qobustan rayonu Qobustan, İmişli rayonu Bəcirəvan, Sabirabad rayonu Qaralar və digər bələdiyyələrin vəzifəli şəxsləri barəsində də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanılıb.
Eyni zamanda Bakı şəhəri Xətai, Abşeron rayonu Masazır, İmişli rayonu Qulubəyli, Biləsuvar rayonu Ağalıkənd və digər bələdiyyələrin vəzifəli şəxsləri barəsində toplanmış sənədlər aidiyyəti üzrə istintaq orqanlarında baxılmaqdadır.
Xəbər lenti
Bakıdan bütün dünyaya ÇAĞIRIŞ
100 milyard dollar məbləğində vəsaitin 250 milyard...