“Quran ruha görə nazil olunub”
Sərdar Cəlaloğlu: "Ölüyə Quran oxutmaq olmaz", deyən ilahiyyatçının Qurandan xəbəri yoxdur”
“Biz Qurandan uzağıq. Allahın ilk əmri "namaz qıl!", "Oruc tut!", "Həccə get" deyil. İlk əmri "Oxu, yaradan rəbbinin adı ilə Oxu"dur!".
Bu fikirlər, ilhaiyyatçı Elşad Mirinin yazdığı "İslamda yoxdur" adlı kitabında yer alıb, hansı ki, özünün mətbuata dediyinə görə, Azərbaycanda çapına qadağa qoyulub. Kitabda "Ölüyə Quran oxutmaq olmaz", "İslamda seyid anlayışı yoxdur" və s. kimi cəmiyyət tərəfindən birmənalı qarşılanmayan fikirlər də var.
Versus.Az məsələ ilə bağlı hazrda Qurani-Kərimi təhlil edən kitab üzərində çalışan siyasətçi filosof Sərdar Cəlaloğludan münasibət öyrənib. Sərdar Cəlaloğlu "Ölüyə Quran oxutmaq olmaz", deyən ilahiyatçının nə dindən, nə də Qurandan xəbərinin olmadığını deyib:
“Quranda buyrulur ki, ölülərlə danışdığınız bir kitab nazil eləmişəm. Bu da o deməkdir ki, Quran ölülərlə ünsiyyət vasitəsidir. Biz ikimiz söhbər ediriksə, bu interaktiv - əks əlaqədir. Ölülərlə əks əlaqə yoxdur. O, metofizikadadır, biz isə fiziki aləmdəyik. O, həmin aləmdən bu tərəfə keçə bilmir. Sadəcə olaraq oxuduğumuz Quranın, verdiyimiz ehsanın ölən adamın ruhuna xeyri olur. Amma təşəkkür edə bilmir, çünki interaktiv əlaqə yoxdur. Zəvurda Davud peyğəmbər dedi ki, ya Allah sən ölülərin nəyinə lazımsan, çünki sənin yanına gələnlərin hamısı diridir. Yəni insan bədənindən çıxan bütün ruhlar əbədidir, ölümlü varlıqlar deyil”.
S.Cəlaloğlu bildirib ki, əksər hallarda Quranı oxuyanlar onu düzgün qavramadan təhlil edirlər:
“İndi o ilahətçiyə sual versəm ki, “oxumaq” sözünün mənası nədir bilməyəcək. Bilsin ki, oxumağın iki mənası var: bir, bizim başa düşdüyümüz kitab oxumaq, bir də gördüklərini, eşitdiklərini qavramaq. Məhəmməd peyğəmbər məktəbə getməyib. Amma deyir ki, “oxu”, Allahın varlığını təbiətin özündə axtar və qavra...”
S.Cəlaloğlunun sözlərinə görə, bir çox məsələlər var ki, insanlar Quranda gedən bəzi sözləri dünyəvi kitablarda olduğu kimi məhdud düşünürlər:
“Başqa bir mənbədə Allah təala deyir ki, mən elmi sizin qəlbinizə yeritdim. Qurani-Kərimdə bütün əmrlər fiziki insanın ruhuna əmrdir. Ruh isə ölməzdir, əbədidir. Quran ruha görə nazil olunubsa, istər diri adam, istərsə də ölmüş adam olsun, hər ikisinə də aiddir. Niyə deyilir ki, şəhidlərə ölü deməyin, onlar Allahın yanında diridir. Bir çox hallarda isə Quranda “Yusif” surəsini oxuyanlar elə bilirlər ki, bu Yusif-Züleyxa sevgisindən danışır. Xeyir, bu bir iqtisadiyyat elmidir. “Yusif” - gəlir deməkdir. Halal və haram gəlirin necə olması, sonda halal gəlirin necə qalib gəlməsindən danışır. Və əgər siz yağış yağanda desəniz ki, bunu ulduzlar yağdırır, bilin ki, siz səhv yoldasız. Allah tala deyir ki, mənim xəbərim olmadan yerə bir yarpaq da düşməz”.
Gözəl Nəcəfli
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"