Bəhruz Quliyev: Azərbaycan xalqı Ali Baş Komandanına, Ordusuna güvənir

17:08 03-04-2019 | icon 577 | Gündəm
Bəhruz Quliyev: Azərbaycan xalqı Ali Baş Komandanına, Ordusuna güvənir

 

Azərbaycan Ordusu bu gün öz inkişafı ilə, eləcə də gücü ilə dünyanın ən elitar orduları sırasında yer alır və bu gerçəklik özünü hərtərəfli şəkildə sübuta yetirir.

Versus.Az xəbər verir ki, bunu trend-ə açıqlamasında “SƏS” Media Qrupunun rəhbəri, siyasi ekspert Bəhruz Quliyev Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsində hərbçilərlə görüşündə səsləndirdiyi fikirləri şərh edərkən deyib.

Onun fikrincə, dövlətimizin başçısının Aprel zəfərinin 3-cü ildönümündə XTQ-yə məxsus hərbi hissəyə getməsi bu savaşda qəhrəmanlıq göstərmiş zabit və hərbçilərimizə diqqətin təcəssümüdür: “Məlumdur ki, 3 il öncə Silahlı Qüvvələrimiz işğalçı ermənilərin təxribatlarının qarşısının alınmasında qəhrəmanlıq göstərdi, Xüsusi Təyinatlı Qüvvələr isə öndə gedərək Aprel zəfərinə şücaətlə, canı-qanı bahasına yol açdı. Ali Baş Komandanın məhz bu qoşun növünə aid hərbi hissəni ziyarət etməsi isə bütövlükdə torpaqlarımızın azadlığı uğrunda şəhid olan zabit və əsgərlərimizə ehtiramın göstəricisidir. Əbəs deyil ki, dövlətimizin başçısı öz çıxışında Azərbaycan Ordusunun bu gün ən yüksək keyfiyyətlərə malik olduğunu və istənilən anda istənilən vəzifəni icra edə biləcəyini vurğuladı”.

Ekspert bildirib ki, bu gün istər XTQ-yə, istərsə də digər qoşun növlərinə məxsus hərbi hissələrdə quruculuq işləri davam etdirilir, müvafiq təlimləri keçmək üçün hərbçilərə ən münbit şərait yaradılır: “Əlbəttə, bütün bunlar Ordumuzun sürətli inkişafının bariz göstəricisi olaraq qiymətləndirilir. Elə cənab İlham Əliyev də bu xüsusda qeyd etdi ki, hərbi hissə ilə tanışlıq onda çox xoş təəssürat yaratdı. Bu baxımdan, əminliklə deyə bilərik ki, şanlı Silahlı Qüvvələrimiz dünya miqyasında ən güclü ordular sırasında yer almaqdadır. Zabit və hərbçilərimiz bir sıra antiterror əməliyyatlarında, o cümlədən, NATO standartları səviyyəsində keçirilən böyük hərbi təlimlərdə, habelə ölkələrarası beynəlxalq təlimlərdə, müsabiqələrdə iştirak edərək yüksək hərbi hazırlığa, potensiala malik olduqlarını sübuta yetirirlər. Bu reallıq bizdə sonsuz fəxr və qürur hissi yaradır”.

B.Quliyev vurğulayıb ki, Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli islahatlar proqramı Qarabağ müharibəsi və aprel döyüşlərində şəhid olmuş zabit və əsgərlərimizin ailələrini, qazilərimizi də əhatə edir: “Ölkə başçımız bu görüşdə həmin məsələyə də toxunaraq bildirib ki, yaralı hərbçilərimizin müalicəsi, bərpası üçün dövlət əlindən gələni əsirgəməyib və yaralanmış bütün hərbçilər xoşbəxtlikdən normal həyata qayıdıblar. Onların müalicəsi, bərpası, aktiv həyata qayıtmaları üçün bütün lazımi işlər görülüb. Eyni zamanda, hərbçilərin məişət, sosial problemləri həll olunur, onlara yeni mənzillər verilir və bu proses davam etdirilir”.

O, Prezident İlham Əliyevin çıxışında AXC-Müsavat hakimiyyəti zamanındakı xəyanətlərinə də toxunduğunu xatırladaraq bildirib ki, məhz bu siyasi cütlüyün yarıtmaz fəaliyyəti Ermənistan qoşunlarının ərazilərimizdə möhkəmlənməsinə səbəb oldu: “Lakin Ulu öndərimiz Heydər Əliyevin sayəsində Azərbaycan xalqı bu vəziyyətin daha ağır fəsadlarından qurtuldu, ümummilli liderin qətiyyəti, iradəsi, mübarizliyi sayəsində Qarabağda uğurlu əməliyyatlar keçirildi, Horadiz və s. yaşayış məntəqələrimiz erməni işğalından azad edildi. Deyərdim ki, 2016-cı ilin Aprel və daha sonra əldə edilən Naxçıvan zəfərləri bütövlükdə Qarabağımızın işğaldan azad edilməsinə açılan qələbə yolu oldu. Bu gün Azərbaycan xalqı öz Ali Baş Komandanına, Ordusuna güvənir, hər an torpaqlarının azad olunması üçün mübarizəyə hazır olduğunu nümayiş etdirir”.

Siyasi ekspert deyib ki, artıq beynəlxalq aləm, nüfuzlu təşkilatlar da Dağlıq Qarabağ torpaqlarının Ermənistan tərəfindən işğala məruz qaldığını etiraf edir, müvafiq bəyanatlar, qətnamələr qəbul edirlər:

“Əbəs deyil ki, dövlətimizin başçısı öz çıxışında bu barədə danışarkən bütün mötəbər beynəlxalq təşkilatların müvafiq qərar və qətnamələr qəbul etdiklərini xatırlatdı. Ona görə də Azərbaycan dövləti və xalqı hüququn onun tərəfində olduğunu bilir və işğal altında qalan torpaqlarımızın azad edilməsi üçün daim hazır olduğunu nümayiş etdirir. Hətta Ermənistan rəhbərliyinin bu və ya digər şəkildə danışıqlar formatını dəyişdirmək cəhdləri də heç bir nəticə verməyib, bundan sonra da verməyəcək. Çünki cənab İlham Əliyevin birmənalı və qətiyyətli mövqeyi həmin cəhdlərin qarşısını birdəfəlik alıb. Elə sonuncu Vyana görüşündə də biz bu qətiyyəti gördük. Ölkə başçımızın da vurğuladığı kimi, haqq-ədalət, tarixi həqiqət bizim tərəfimizdədir. O cümlədən, iqtisadi və hərbi güc də bizim tərəfimizdədir, son illərdə görülmüş işlər, hərbi sahədə aparılan islahatlar, hərbi gücümüzün artırılması, həm siyasi meydanlarda, həm də döyüş meydanlarında qələbələr bizi daha da ruhlandırır, daha da gücləndirir. Prezident İlham Əliyev cənablarının bu fikirləri isə əlbəttə ki, həm Azərbaycan Ordusuna, həm də xalqımıza qələbə ruhu, zəfər hissləri bəxş edir”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...