“İslam sivilizasiyası və elm: tarix və müasirlik” mövzusunda konfrans keçirilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hər il 27 mart tarixinin "Elm günü" kimi təsis edilməsi haqqında Sərəncamının icrası məqsədilə Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Elm günü”nə həsr olunmuş Tədbirlər planı hazırlanaraq təsdiq edilib.
Versus.Az trend-ə istinadən xəbər verir ki, institutdan verilən məlumata görə, tədbirlər planına uyğun olaraq, Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə “İslam sivilizasiyası və elm: tarix və müasirlik” mövzusunda konfrans keçirilib.
Aİİ rektoru Ceyhun Məmmədov konfransı giriş nitqi ilə açaraq, ali təhsil müəssisəsində güclü elmi mühitin yaradılmasına, gənc nəslə elmə marağın artırılmasına və elmi fəaliyyətin stimullaşdırılmasına xüsusi önəm verildiyini diqqətə çatdırıb. C.Məmmədov, həmçinin elm və təhsilin inkişafında ulu öndər Heydər Əliyevin, Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müstəsna xidmətlərinin olduğunu vurğulayıb.
C.Məmmədov müasir dövrdə ilahiyyat sahəsində görülən işlər, eyni zamanda, qarşıda duran hədəflər haqqında ətraflı məlumat verib. Aİİ rəhbəri gənc kadrların intellektual səviyyəsinin artırılmasında daha böyük nəticələrin əldə olunması məqsədilə elm və təhsil əlaqələrinin möhkəmləndirilməsi istiqamətində görülən işlərdən bəhs edib.
AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik katibi, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli bildirib ki, Prezident İlham Əliyevin “Elm günü”nün təsis edilməsi haqqında Sərəncamı Azərbaycan elminə göstərilən diqqət və qayğının təcəssümüdür. T.Kərimli elmi-tədqiqat müəssisələrində gənc alimlərin elmi axtarışlara qoşulduqlarını, AMEA-nın ictimai-siyasi həyatında gənclərin rolunun yüksəldiyini xüsusi vurğulayıb, Azərbaycan elminin inkişafında böyük rol oynadıqlarını diqqətə çatdırıb.
Qafqaz Müsəlmanları İdarəsinin ictimaiyyətlə əlaqələr və ailə problemləri üzrə sədr müavini, filologiya üzrə fəlsəfə doktoru Qəmər Cavadlı islam və elmin qarşılıqlı münasibətləri haqqında bəhs edib. “Qurani-Kərim”də elmə böyük əhəmiyyət verildiyini, Müqəddəs Kitabda biliyin önəminə dair çox sayda ayənin olduğunu vurğulayıb.
Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Famin Salmanov gənclərin elmə cəlb olunması, ölkəmizdə ziyalı potensialının artırılması, dünya elminə inteqrasiya, mühüm elmi nailiyyətlərin qazanılması məqsədilə görülən işlərdən bəhs edib.
Daha sonra fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədovun “Elm anlayışı: müasir Qərb və müsəlman nöqteyi-nəzərlərinin təhlili”, tarix üzrə fəlsəfə doktoru Elnur Həsənovun “Gəncə şəhərinin tarixi-dini memarlıq abidələri multikulturalizm və tolerantlıq ənənələrinin mühafizəçisidir”, tarix üzrə fəlsəfə doktoru Sevinc Nəsirovanın “İslam dininin tətbiqi sənət nümunələrinə təsiri”, Nərgizxatun Həsənovanın “Beytülhikmət və Darülhikmət nümunəsində islamda elmi və fəlsəfi institutlar”, Zeynəb Həcəmovanın “İslam dünyasında elm və fəlsəfə məktəbləri” mövzularında məruzələri dinlənilib.
Konfrans məruzələr ətrafında müzakirələrlə davam etdirilib.
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"