Antalyada Türk Dili Çalıştayı
İki günlük Çalıştayda önəmli məsələlər gündəmə gətirildi
Ötən ayın sonunda Antalyada düzənlənən Türk Dili Çalıştayında iştirak etməkdən çox məmnun oldum. Türkiyənin məşhur elm xadimlərinin, alimlərin, araşdırmaçıların, tarixçilərin, jurnalistlərin, ictimai-siyasi isimlərin qatıldıqları və çıxış etdikləri çalıştay Yurdum Türkməneli Dərnəyinin təşkilatçılıgı ilə Antalya Falez Uygulama hotelində gerçəkləşdi. Dəvətə görə sözügedən dərnəyin başkanı Yunus Bayatlıya təşəkkürümu bildirirəm.
Çalıştay Dövlət himninin səslənməsindən sonra iki günlük işinə başladı. Türk Dil Qurumu başkanı professor Gürer Gülseven calıştay iştirakçılarını salamlayaraq, çıxış etdi. Dilimiz kimliyimizdir deyən Gürer Gülsevən türkcənin qədim bir dil olaraq zənginliyindən danışdı, fərqli mədəniyyətlərə təsirini vurguladı. Eyni zamanda da, diqqətə çatdırdı ki, günlük danışıqlarda alınma sözlərin sayı hər gün artmaqdadır, bu tərcih isə təhlükə yaradır. Milli kimliyin qorunmasında ana dili çox böyük önəm kəsb edir.
Türkiyənin keçmiş dövlət naziri, Türk dili uzmanı professor Abdulhaluk Çay qədim dövrlərdən bu günə türkcənin önəmindən, müxtəlif cografiyalarda işlənməsindən və formalaşmasından danışdı.
Türkiyənin müxtəlif universitetlərindən çalıştaya dəvət alan professorlar Ali Aker, Yusuf Tepelki, Suphi Saatçı, Ramazan Durmaz, Babek Cavanşir, Zeki Kaymaz, Mahir Nakip, İsmail Dogan, Alican İnayet, Ümit Yılmaz və araşdırmaçı Osman Sertkayanın çıxışları böyük maraqla izləndi. Çalıştayın əsas nüanslarından biri də müzakirələr və suallar idi. Bütün suallar çıxışçılar tərəfindən ətraflı çavablandırılırdı. Çalıştayda çıxış edənlər Yurdum Türkməneli Dərnəyinin xüsusi təşəkkür bəlgəsi ilə təltif olundular. İki günlük toplantının sonunda iştirakçılar Yurdum Türkməneli Dərnəyinin başkanı Yunus Bayatlıya çalıştayın yüksək səviyyədə təşkili üçün minnətdarlığlarını bildirdilər. Qərara alındı ki, bütün Türk Dünyası üçün böyük önəm kəsb edən, bu qəbildən olan çalıştaylar davamlı olaraq düzənlənsin.
Toplantıda eyni zamanda Türkiyənin məşhur yazarlarının kitablarının təqdimatı və imza günü keçirildi.
Aganisə Sultanova
/Antalya, Türkiyə/
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"