Stalinlə vidalaşarkən 3 min insan ayaq altında qalaraq ölüb
Moskva belə izdiham görməmişdi. Yüz minlərlə insan kilometrlərlə uzanan növbələrdə İosif Stalinlə son görüşə gedirdi. Təxmini hesablamalara görə, 1953-cü il martın 6-dan 9-a qədər SSRİ-nin 30 illik rəhbəri ilə vidalaşmaq üçün “İttifaqlar Evi”nin sütunlu zalından 2 milyona yaxın adam keçib.
Stalinin vəfatı ilə bağlı ölkədə 4 günlük matəm elan edilib. Vida görüşünə təkcə SSRİ vətəndaşları deyil, xarici ölkələrdən gələnlər də olub. O cümlədən dünyanın bir çox ölkələrinin siyasi liderləri dəfn mərasimində iştirak etmək üçün Moskvaya gəliblər.
Üç gün ərzində “İttifaqlar Evi”nin qapısı gecə-gündüz insanların üzünə açıq olub. Moskvanın mərkəzi küçələrində xüsusi maşınlar istisna olmaqla avtomobillərin hərəkəti məhdudlaşdırılıb. İnsan axını olan küçələrdə yük maşınlarının üzərində projektorlar quraşdırılıb. Xüsusi yaradılmış dəfn komissiyasına Nikita Xruşov sədrlik edib. Dövlət və hökumət dəfnlə bağlı bütün zəruri tədbirləri həyata keçirib, o cümlədən təhlükəsizlik tədbirlərini də. Ancaq bu məsələdə yanlışlığa yol verilib, vida görüşünə gələnlərin sayının bu qədər çox olacağını nə dəfn komissiyasının üzvləri, nə də yerli orqanların əməkdaşları ağıllarına belə gətirə bilməyiblər. Bu isə böyük faciələrə səbəb olub. Dəfndən sonra xalq arasında istehzalı bir fikir də səslənib: “Stalin sağlığında heç bu qədər adam öldürməmişdi...”
“İttifaqlar Evi”nə üz tutan insanların sayı o qədər çox olub ki, bu da dəhşətli bir sıxlıq yaradıb. İnsan kütlələri sanki bir canlı orqan kimi hərəkət edib. Yəni ayrı-ayrı adamlar öz hərəkətlərinə nəzarət edə bilməyiblər, bütövlükdə insan axınının hərəkətinə tabe olublar. Məsələn, kimsə yıxılıbsa, digəri dayanıb onu qaldırmaq imkanında olmayıb, yaxud kimsə sıradan çıxmaq istəyibsə, kütlənin axını buna imkan verməyib.
Ən dəhşətli hadisələr isə Bulvar dairəsində yerləşən Trubnı meydanına gedən yolda baş verib. Bu yol nisbətən üzüaşağı olduğundan insan axını müvazinətini itirib, basabas düşüb, sıxlıq o qədər böyük olub ki, yıxılan, yaxud sadəcə büdrəyən adam ayağa qalxıb hərəkətini bərpa edə bilməyib. Beləliklə, onlar ayaqlar altında qalaraq aldıqları zədələrdən ölüblər.
Eyni hadisələr Puşkin küçəsində və “İttifaqlar Evi”nə sol tərəfdən gələn yolda da baş verib.
Alınan zədələri çox asanlıqla, ilkin tibbi yardım etməklə aradan qaldırmaq mümkün olsa da, buna heç kim cəhd etməyib. Ümumiyyətlə, həmin ərazilərə nəinki təcili tibbi yardım maşınlarının daxil olması, hətta adi bir həkimin girməsi mümkünsüz olub.
Həmin ərazilərdəki binalarda yaşayan sakinlərin söylədikləri də bunu bir daha sübut edir.
İqor Kaspe, mühəndis:
“Evə qayıdırdım. Başqa yol yox idi. Mən insan kütlələrinə qoşulmalı idim. Evə çatanda axından necə çıxacağımı isə ağlıma belə gətirə bilmirdim. Qorki küçəsinə keçəndə sanki sunami baş verdi. 5-6 metr qabaqda bir qız axının sürətinə tab gətirməyib yıxıldı. Bir neçə oğlan ona kömək etmək istəyəndə, onlar da arxadan gələnlərin tapdağı altında qaldılar. Yanımda gedən qadın isə büdrədi. Arxadan bir kişi onun saçından tutub sürüməyə başladı və bununla da onu xilas edə bildi. Dəhşətli bir mənzərə idi və mən bu dəhşətlərin içində məcburi şəkildə “İttifaqlar Evi”nə kimi getdim, arzusunda olmasam da, Stalinlə vidalaşdım...”
Vera Zvonareva, kitabxanaçı:
“Həmin ərəfədə 43 yaşlı xalam ağır xəstə idi. Halı qəfildən pisləşdi. Biz təçili tibbi yardım stansiyasına zəng vurduq. Amma onlar gəlmədi, xalam isə vəfat etdi. Bəli, “böyük” Stalinin ölümü qarşısında “kiçik” insanların ölümü heç kimi narahat etmirdi...”
Natalya Mixaylovna, riyaziyyatçı:
“Ailəmizdə heç kim Stalinlə “görüşmək” arzusunda deyildi. Həm də həmin gün atamın yubileyi idi. Pəncərəmizin önündən minlərlə insan keçib gedirdi. Biz bütün pərdələri çəkib süfrə açdıq. Qədəhlərimizi doldurub məclisimizə başladıq. Stalinin portretini isə başı aşağı qoymuşduq. Atamın ondan heç xoşu gəlmirdi. Çünki yaxın qohumlarını sürgünə göndərmişdi...”
Boris Frolov, həkim:
“Mənzilimiz birinci mərtəbədə idi. Küçədən gələn bütün səslər evimizdə eşidilirdi. Üç gün küçədən ayaq səsləri kəsilmədi. Ağlaşma səsləri də eşidilirdi. İnsanların bəzilərinin üzündə kədər görünsə də, bəzilərində sanki qəzəb hissi var idi. Mənə elə gəlirdi ki, vida görüşünə gedənlərin çoxusunda hələ də Stalin xofu var idi. Arada qışqırıq səsləri, ayaqlar altında qalaraq sümüklərin sınmasının xırçıltısı da eşidilirdi. Bu çox vahiməli idi. Tapdağ altında qalanlar yardım almadıqlarına görə ölürdülər...”
Nadejda Vlasova, evdar qadın:
“Biz Bulvar dairəsinə yaxın yerdə yaşayırdıq. Binamızın qarşısından maşınların hərəkəti üçün kiçik bir yol açmışdılar. Arada bu yoldan yük maşınları keçirdi, həmin maşınların yük yerində insan meyitləri daşınırdı. Mən bunu pəncərədən böyük ürək ağrısı ilə seyr edirdim...”
1953-cü il 6-9 mart tarixlərində ölənlərin hamısı şəhərdən kənarda eyni yerdə dəfn olunub. Onlarının sayının nə qədər olduğu açıqlanmayıb. 1980-ci illərin sonunda araşdırmaçılar bununla bağlı dəhşətli bir statistika açıqlayıblar. Həmin statistikaya görə Stalinlə vida görüşünə gedərkən tapdaq altında qalaraq ölənlərin sayı təxminən 3 min nəfərə yaxın olub...
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"