ADU-da 31 Mart soyqırımı ilə bağlı tədbir keçirilib
Millət vəkili gəncləri yalanlara qarşı mübarizədə fəal olmağa çağırıb
Ermənilərin xalqımıza qarşı törətdiyi 31 Mart soyqırımının 100-cü ildönümündə Azərbaycan Dillər Universitetində Tərcümə və Mədəniyyətşünaslıq fakültəsinin təşkil etdiyi tədbirdə geniş məruzə ilə çıxış edən millət vəkili, siyasi elmlər doktoru Q.Paşayeva Azərbaycan həqiqətlərinin dünyaya daha geniş yayılmasında gənclərin rolunu və fəallığını daha da artırmaq məqsədilə Dillər Universitetinin həyata keçirdiyi bu cür tədbir və müzakirələrin çox önəmli olduğunu bildirib, universitetin rəhbərliyinə və tədbirin təşkil olunmasında əməyi keçən hər kəsə təşəkkürünü bildirib.
Versus.az-ın məlumatına görə, 31 Mart faciəsi, ermənilərin həyata keçirdiyi bu dəhşətli soyqırım cinayəti ilə bağlı gənclərə geniş məlumatlat verən Q.Paşayeva bu tarixi faktların dünyaya daha geniş yayılmasında, erməni yalanlarına qarşı mübarizədə gəncləri fəal olmağa çağırıb:
“Biz hamımız dünyanın harasında yaşamamızdan asılı olmayaraq ölkəmizin könüllü əsgəriyik. Harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı Azərbaycanın yanında olmalı, həqiqətlərin dünyaya daha geniş çatdırılması üçün çalışmalıdır”.
Millət vəkili gəncləri həqiqətlərin dünyaya daha geniş yayılmasında sosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməyə də çağırıb. O, gənclərimizi sosial şəbəkələrdə keçirdikləri zamanı əylənməyə deyil, oxumağa, öyrənməyə, Azərbaycanın təbliğinə, Qarabağ həqiqətlərinin daha çox yayılmasında iştirak etməyə və ölkəmizə qarşı yalan, böhtan kompaniyalarına qarşı mübarizəyə sərf etməyə çağırıb:
“Azərbaycan tarixini yaxşı öyrənin. Hansı peşənin sahibi olmasından asılı olmayaraq hər bir insan öz ölkəsinin və millətinin tarixini də dərindən bilməlidir”.
Qənirə Paşayeva tələbələrə 31 Mart soyqırımı ilə bağlı, kökləri elə o zamanlara dayanan Dağlıq Qarabağ problemi, Ermənistanın işğal etdiyi torpaqlarımızda törətdiyi soyqırımlar, vandalizm aktları, beynəlxalq təşkilatların ikili standartları ilə bağlı da geniş məlumatlar verib və bildirib ki, hər bir Azərbaycan gənci bunları əzbər bilməli, dünyada daha geniş yaymalı, Azərbaycan əlehinə yalanlara qarşı ciddi mübarizə aparmalıdır. Qənirə Paşayeva qəhrəman şəhidlərimizin qarşısında baş əyirəm deyərək gəncləri onlardan Vətən sevgisi örnəyini almağa çağırıb:
“Bizim üçün müstəqil Azərbaycandan dəyərli heç bir şey ola bilməz. Ölkəmizin daha da inkişafı istiqamətində gənclərin üzərinə düşən vəzifələr var. Dövlətin, millətin inkişafı gənclərlə bağlıdır. Azərbaycanın güclənməsi xalqımızın güclənməsi deməkdir”.
Millət vəkili tələbələrə dil bilgilərindən yararlanaraq Azərbaycanın haqq səsini sosial media vasitəsi ilə dünyaya daha fəal çatdırmağı tövsiyə edib. O, Dillər Universitetinin böyük ənənələri olan təhsil ocağı olduğunu qeyd edib, gənclərin fəallığının əhəmiyyətini vurğulayıb, dövlətçiliyimizin möhkəmlənməsi və inkişafında gəncliyin rolundan geniş bəhs edib. Q.Paşayeva tələbələri universitetdə keyfiyyətli təhsil və xarici dilləri öyrənmək üçün yaradılmış mühitdən lazımınca istifadə etməyə və xalqımız, dövlətimiz naminə gələcəkdə səmərəli fəaliyyət göstərmək üçün hazırlaşmağa səsləyib.
Tədbirin sonunda Q.Paşayeva tələbələrin maraqlandıran sualları cavablandırıb və tədbirdə iştirak edən müəllimlərlə də görüş və fikir mübadiləsi aparıb.
Xəbər lenti
İllərlə müzakirəsi aparıldı, həlli COP29-da TAPILDI
"Tərəfimizdən ilin əvvəlindən etibarən aparılan işin nəticəsi idi"