Bakı Ali Neft Məktəbində Beynəlxalq Müəllimlər Günü qeyd edilib
Bakı Ali Neft Məktəbində (BANM) 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibəti ilə tədbir keçirilib.
Versus.Az xəbər verir ki, tədbirdə Ali Məktəbin rektoru Elmar Qasımov, BANM-in professor-müəllim heyəti, əməkdaşları, tələbələri, media nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Tədbirdə çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov "Beynəlxalq Müəllimlər Günü" münasibətilə bütün müəllimləri təbrik edib, onlara pedaqoji və elmi fəaliyyətlərində uğurlar arzulayıb. Rektor UNESCO və Beynəlxalq Əmək Təşkilatı tərəfindən 1966-cı ildə beynəlxlaq səviyyədə müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd qəbul olunduğunu, 1994-cü ildən isə 5 oktyabr tarixinin Beynəlxalq Müəllimlər Günü kimi təsis edildiyini diqqətə çatdırıb. O qeyd edib ki, Beynəlxalq Müəllimlər Günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır.
"Mən dünyada müəllimdən şərəfli ad tanımıram" deyən Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalıb. Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, Möhtərəm Prezidentimiz İlham Əliyevin bu amili dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsindən xəbər verir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun dövlətin bu fəaliyyət proqramına verdiyi dəstək isə əvəzsizdir".
E.Qasımov həmçinin bildirib ki, təhsil işçilərinin əməkhaqlarının artırılması, onların mükafatlandırılmaları, fəxri adlarla təltif edilmələri, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan məqsədyönlü addımlardır.
Tədbirdə təhsil sahəsindəki səmərəli fəaliyyətinə görə Ali Məktəbin bir qrup qabaqcıl təhsil işçisi Fəxri Fərman və Təşəkkürnamə ilə təltif olunub.
Tədbir ədəbi-bədii hissə ilə başa çatıb.
Versus.Az
Xəbər lenti
Delimitasiya prosesinə mane olan SƏBƏBLƏR
"Erməni tərəfi 3 kəndi geri qaytarmamaq üçün..."