Sümüklərdə infeksiyalaşma - ƏLAMƏTLƏR və MÜALİCƏ
Nərminə Abbasova: “İltihabın əmələ gətirdiyi simptomlar əksər xəstələrdə eynidir”
Bu gün oxucularımıza xalq arasında sümük iltihabı və ya sümük iliyi iltihabı kimi də adlandırılan infeksiyon xəstəliklərdən biri - Osteomielitdən bəhs edəcəyik. Osteomielitə əsasən bakteriya və ya göbələk infeksiyalarının səbəb olduğu qeyd edilir.
Mövzumuzla bağlı versus.az-a danışan MayoMed Klinikasının Baş həkimi, terapevt Nərminə Abbasova bildirdi ki, iltihab sınıqlar, yaralanmalar, cərrahi əməliyyatlar və ya bədənin fərqli bir yerlərində rastlanan infeksiyaların sümük iliyinə yayılması nəticəsində yarana bilir:
“Bəzi hallarda isə xroniki xəstəliklər və ya zərərli vərdişlərə bağlı olaraq da sümüklərdə infeksiyalaşma gedə bilir. Əsas şikayət ağrı olmaqla bir çox ağırlaşmalara gətirib çıxara bilir. Sümük iltihabı qeyd etdiyim kimi, sümüklərdə yaranan infeksiya mənşəli iltihablaşma Osteomielit adlanır. Sümüklərin infeksiyalaşmaya gətirib çıxaran mikroorqanizmlərə məruz qalması sümük nahiyəsində yaralanma və əməliyyat sonrası birbaşa sümüyün içinə girə biləcəyi kimi bədənin fərqli bir yerindən qan vasitəsi ilə gətirilə bilər”.
Ailə həkimi vurğuladı ki, sümüklərdə infeksiyalaşmaya şərait yaradan bir çox amillər var. Onun sözlərinə görə, hər yaş qrupunda rast gəlinə bilir, uşaqlarda ən çox qol və qıç kimi uzun sümüklərdə, böyüklərdə isə ən çox çanaq, çiyin və ayaq sümüklərində rastlanır:
“Keçmişdə uzun illər müalicə edilə bilinməyən bu xəstəlik günümüzdə inkişaf etmiş tibbi avadanlıqlar və farmakologiyanin vermiş olduğu imkanlarla uğurlu bir şəkildə müalicə edilə bilir. Xəstəliyi ilkin dövrdə təsbit edərək müalicənin gecikdirmədən dərhal başladılması xəstəliyin irəliləyişinin və daha ciddi bir hal almasının qarşısını almaqda vacib şərtlərdəndir. Sümük iltihabı əlamətlərinə gəlincə, sümük iltihabı heç də hər zaman əlamətlərlə büruzə vermir. Bəzi hallarda xəstəlik heç bir əlamət göstərmədən gizlicə irəliləyə bilir. Belə hallarda xəstəlik adətən daha ciddi səviyyəyə çatdıqda əlamətlər görünməyə başlayır və ya digər səbəblərdən aparılan tibbi araşdırmalarda təsadüfən təsbit edilir”.
Terapevt deyir ki, əlamətlər olduğu zaman sümük iltihabının əmələ gətirdiyi simptomlar əksər xəstələrdə adətən eynidir:
“Ən çox yayılmış əlamətləri diqqətinizə çatdırmaq istərdim. Bunlar infeksiyalaşma bölgəsində qızartı, şişkinlik, istilik, sümük ağrısı, sümüyün yerləşdiyi bölgəyə basdıqda artan ağrı, hərarət, titrəmə, iltihablı sümüyün yerləşdiyi nahiyənin hərəkəti zamanı gücsüzlük və hərəkət məhdudluğu, yorğunluq və halsızlıqdır. Qeyd edim ki, sümük iltihabının ilkin və ən aşkar simptomu ağrıdır. Sümüyün yerləşdiyi yerə basarkən ortaya çıxan və ya sümüyün yerləşdiyi nahiyənin hərəkəti zamanı hiss edilə bilən ağrılar sümük iltihabından xəbər verir. Bu baxımdan hər hansı bir məcburiyyət və ya hərəkətsizlik səbəbindən meydana çıxmayan, bir neçə həftə ərzində öz-özünə sağalmayan, uzun müddət davam edən sümük və oynaq ağrıları ciddi şəkildə diqqətə alınmalı və dərhal müayinə üçün müraciət edilməlidir”.
Nərminə xanım bildirdi ki, sümükdə iltihaba bəzi hallarda az da olsa göbələk infeksiyası da səbəb ola bilir. Həkimin sözlərinə görə, bu mikrobların sümüklərə girişi fəqli şəkillərdə ola bilər:
“Bunlardan birincisi və ən çox yayılmış halı qan dövranıdır. Bədənin hər hansı yerində mövcud olan bir infeksiyalaşma vaxtında müalicənin aparılmaması və xəstəliyin şiddətlənməsi zamanı qan yolu ilə müxtəlif bölgələrə yayıla bilir. Nümunə üçün ağciyərlər pnevmoniyası xəstəliyini törədən infeksiyalar və ya sidik kisəsində mövcud olan sidik yolu infeksiyalarının qan yolu ilə sümüklərə yayılmasını göstərmək olar. Digər səbəb yaralanmalarda birbaşa sümüyün yerləşdiyi bölgə infeksiyalaşmaya yol aça bilən mikrobların girişinə açıq olur. Bədənin hər hansı yerində baş verən ağır deşilmə, qırılma və ya kəsiklər bu baxımdan sümük iltihabı üçün risk yaradır. Sümük və oynaq xəstəliklərində zədələnmiş bölgələrin müalicə edilməsi və ya sınıqların bərpası məqsədilə aparılan cərrahi əməliyyatlar da həmin sümük və oynaqlarda infeksiyalaşmaya zəmin hazırlaya bilir”.
Terapevt qeyd etdi ki, sümük iltihabına yoluxma riskinə müəyyən hallar daxildir. Məsələn, yuxarı yaş, qan dövranı pozğunluqları, doğru nəzarət olunmayan diabet xəstəliyi, diabet xəstələrində yaranan ayaq xoraları, siqaret çəkmək, dializə girmək, sidik yolu kateterləri, uzun müddət intravenöz yol və ya kateter istifadəsi, uzun müddət qəbul edilən bəzi dərmanlar, immun sistemi zəiflədən hallar.
Nərminə xanımın sözlərinə görə, Osteomielit xəstəliyini göstərən simptomlarla müraciət edən xəstələrdən ilk öncə ətraflı anamnez toplamaq lazımdır:
“Uzun müddət qəbul edilən dərmanlar, xroniki xəstəliklər və ailədə rast gəlinən xəstəlik haqqında məlumat alındıqdan sonra tərəfimizdən fiziki müayinə aparılır. Bu müayinə əsnasında ağrının hiss edildiyi bölgənin vəziyyəti, həmin bölgədə istilik, şişkinlik və ya qızartı kimi əlamətlərin olub-olmadığı gözdən keçirilir. Sümüyün yerləşdiyi nahiyənin hərəkət qabiliyyəti də qiymətləndirilir. Bundan sonra diaqnozu dəqiqləşdirmək və digər xəstəliklərlə diferensasiya aparmaq məqsədilə qan testləri və tibbi görüntüləmə testləri aparırıq. Bu zaman infeksiyaya bağlı bəzi qan parametrlərində artma və azalmalar ola bilir. Əlavə olaraq ağrının hiss edildiyi və infeksiyalaşmadan şübhə edilən bölgəyə Ultrasəs, Rentgen, MRT, CT kimi tibbi görüntüləmələrin aparılması bizim diaqnoz qoymağımıza yardımçı olur. Diaqnoz qoyulduqdan dərhal sonra müalicəyə başlanılmalıdır”.
Terapevt bildirdi ki, sümük iltihabı diaqnozu qoyulmuş xəstələrdə xəstəliyin daha da irəliləməsinin qarşısını almaq məqsədilə müalicəyə dərhal başlanılmalıdır:
“Müalicənin sxemi xəstəliyin şiddətinə görə təyin edilir. Sümük iltihabı müalicə edilmədiyi və daha çox irəlilədiyi hallarda sümüyün yerləşdiyi nahiyənin cərrahi əməliyyatla amputasiya edilməsi nəzərdə tutula bilər”.
QEYD:
Həkim terapevt Nərminə Abbasova sümük iltihabı ilə əlaqəli xəstəliklərdən əziyyət çəkənləri MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinə dəvət edir. Burada sizi mütəxəsislər qarşılayacaqlar.
Maraqlananlar aşağıda göstərilən əlaqə nömrələri ilə əlaqə saxlasınlar:
TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96
ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.
PƏRİ
Versus.Az
Xəbər lenti
NATO-ya qarşı sərt ETİRAZ AKSİYALARI
Polis gözyaşardıcı qaz və güc metodları...