Malxələf uğrunda gedən döyüş və Murova uzanan yol
Faiq Bəxtiyarov: “Sağalmamış halda qospitaldan yarımçıq çıxdım”
I HİSSƏ
1992-ci ilin yanvarından könüllü olaraq orduya yazılanların bir çoxlarının döyüş yolu 811 saylı Laçın özünümüdafiə batalyonundan başlanıb. Arif Paşanın komandanlıq etdiyi bu batalyonun Laçın rayonunun erməni işğalçılarından qorunması istiqamətində əvəzsiz xidməti olub. Sonradan bu batalyonun ləğv edilməsi istiqamətində o zamankı müdafiə nazirinin atdığı addım və bu addımın mahiyyəti zaman-zaman əsas müzakirə predmetlərindən birinə çevrilsə də, ancaq indinin özünədək bunun nədənləri araşdırılmayıb. O batalyonun döyüşçülərindən biri də FAİQ BƏXTİYAROV olub.
Faiq Bəxtiyarov bu batalyonun tərkibundə bir sıra qanlı döyüşlərdə iştirak edib. Sonradan Laçın ətrafında baş verən siyasi proseslər zamanı Faiq Bəxtiyarovun Bakıya gəlişi onu yeni formalaşan 713 nömrəli hərbi hissəyə bağlayır. Conrakı proseslərlə bağlı 713 nömrəli hərbi hissənin döyüşçüsü Faiq Bəxtiyarov saytımıza ünvanladığı öz döyüş xatirələrində aşağıdakıları söyləyir:
“..Üçtəpə deyilən poliqonda təlim-məşqdə olanda 26 mayda səhər tezdən İbrahimov Zakir adlı bir baş leytenant bizə dedi ki, avtobuslar gəlib, gedirik Arifin polkuna. Uşaqlardan 25 nəfər qabağa çıxdı, mən də onların içində idim və biz getdik Laçına. Çox keçməmişdi ki, 16 iyunda Laçının Malxələf kəndi uğrunda gedən döyüşdə mən yaralandım. Ürək nahiyəmdən aldığım yara ağır olduğu üçün məni vertalyotla yenidən Bakıya qospitala gətirdilər. Yaralarım tam sağalmamış qospitaldan yarımçıq çıxıb Bünyad Sərdarovda yerləşən Laçın qərargahına gəldim.
“Füzuli Rzaquliyev bu zabitlərlə Şuşaya gedəcəyimizi bildirdi”
Qərargaha gələndə Alış mənə dedi ki, bəs Rövşəngili Şamkəndə yola saldım. Beləcə mən 713 nömrəli hərbi hissənin şəxsi heyətinin tərkibinə qatıldım. Məni orada olan döyüşçülərlə birlikdə Şıxovda yerləşən hərbi hissəyə göndərdilər. Bir gecə orada qaldıq. Səhər Bakıdan yola düşdük. Ural maşını ilə Murov dağını aşaraq Kəlbəcərdən Laçına doğru getdik. Qərargah tərəfindən birinci rotanın starşinası Yusifi bizim üzərimizdə başçı qoydular. Biz Piçənis kəndinə gəlib çatanda artıq hava qaralırdı. Qərargahda bizi üçüncü rotanın çəxsi heyətinə qəbul etdilər. Mən Əbilin tağımında artilleriya komandiri kimi qeydiyyata düşdüm.
Bizim üçüncü rotanın şəxsi heyəti tam olmadığı üçün bizi keçirilən hərbi əməliyyatlara buraxmırdılar. Bir neçə gün keçmişdi ki, axşam tərəfi birinci postdan xəbər gəldi ki, bir UAZ maşını kəndə gəlir. Müdafiə Nazirliyinin əks-kəşfiyyat rotasından olan kapitan və bir leytenantı mən ştaba apardım. Mehdi müəllimə raport verdim. Onlar mayor Süleyman Əhmədovun yanına girdilər. Bir azdan Mehdi müəllim məni çağırıb dedi ki, bura 2 nəfər döyüşçü çağır gəlsin. Amma həmin döyüşçülərdən biri Bülüldüzdən olsun Mən Pircahanlı Natiqlə Asifi çağırdım. Kapitan Rzaquliyev Füzuli bizə dedi ki, bu zabitlərlə Şuşaya kəşfiyyata gedirsiniz. Biz ərzaq və döyüş sursatı götürdük. Mayor Süleyman Əhmədov bizə öz tapşırıqlarını verdi. Mehdi müəllim mənə yaxınlaşıb “uşaqlardan muğayat ol, onlar hələ döyüşə girməyiblər” dedi. Biz yola düşdük.
“Vağazindən keçib İpək kəndinə doğru irəliləməyə başladıq”
Yolda öyrəndim ki, kapitanın adı Mürvət, leytenantın adı isə Çingizdir. Biz gəlib Pircahan kəndinə çatdıq, Laçın polislərinin olduğu evə getdik. Gecəni orada qaldıq. Səhər saat 5-də qalxdıq. İki qrupa bölündük. Bizim qrup 8 nəfərdən ibarət idi. Kapitan Təvəkkul Agcabədinin Hindarx qəsəbəsindən, kapitan Sabir
Sabirabaddan, leytenant Babək Qərbi Azərbaycandan və leytenant Çingiz də Laçın rayonunun İpək kəndindən idi. Bizim rotadan mən, Natiq, Asif və 2-ci rotadan İsmayıl Vağazin kəndindən idi. Biz yola düşdük.
Vağazin kəndini keçərək İpək kəndinə tərəf irəlilədik...
“Hər tərəf açıqlıq idi, bizi görə bilərdilər”
Biz İpək kəndinə çatanda günortanı keçmişdi. 20 dəqiqə dincəldikdən sonra daga qalxmağa başladıq. Yol çox sərt idi. Qayaların, daşların arasıyla qalxırdıq. Bir-birimizdən 7-10 metr aralı gedirdik. Qabaqda İsmayıl, arxasınca mən, sonra kapitan Təvəkkul, Çingiz və digərləri, ən arxadan isə Natiq çiynində pulemyot gəlirdi. O, Asiflə danışırdı. Kapitan Sabir onlara susmağı işarə elədi. Ayaq səslərindən və ayagımızın altından çıxıb dərəyə yuvarlanan daşların səsindən başqa heç nə eşidilmirdi.
Hər tərəf açıqlıq idi, bizi görə bilərdilər. Çox həyəcan keçirir, dağa qalxdıqca təngnəfəs olurduq. Yorulsaq da, dayanmırdıq. Çox çətinlikdən sonra nəhayət ki, zirvəyə çatdıq, otların üstündə uzanıb bir az dincəldik və dağın o biri üzü ilə aşağı enməyə başladıq...
“Artıq Şuşanın Xanabad kəndi görünürdü”
Biz Xanabad kəndinə iki istiqamətdən girməyi qərara aldıq. Mən, İsmayıl, Təvəkkul və Asif orta hissədən kəndə girməli idik. Çingiz, Babək, Sabir və Natiq isə yuxarı tərəfdən kəndə girməklə həm də bizi muşahidə etməli idilər. Biz kəndə girdik. Bir az irəliləmişdik ki, atəş səsləri eşitdik. Yerə uzandıq. Ermənilər kəndin aşağı tərəfində evləri axtarır, yiyəsiz qalmış toyuqları gullələyirdilər. Təvəkkül evin arxasına keçməyi işarə etdi. İsmayıl məni yanına çağırdı. Hündür otların arasıyla ona tərəf süründüm. Biz ehtiyatla oradan uzaqlaşdıq...
“Qaranlıq düşənə qədər qarşı dağa çatmalı idik”
Mümkün qədər döyüşməmək əmr olunmuşdu. Çünki bizim vəzifəmiz xəritə çəkmək idi. Gecə çox qaranlıq idi. Yaya olmasına baxmayaraq hava da çox soyuq idi....
(ardı var)
İgid Teymurlu
Versus.az
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"