Məktəbli forması nümunələri ilə bağlı ictimai rəy öyrənilir
2020-2021-ci tədris ili üzrə şagirdlərin geyim formalarının təsvirlərini müəyyən edən layihəyə dair ictimai rəyin öyrənilməsinə başlanılır.
Təhsil Nazirliyindən Versus.Az-a bildiriblər ki, layihəyə görə qızlar üçün yay geyim forması qısaqol köynək və ətəkdən, qış geyim forması isə uzunqol köynək, ətək və önü zəncirbəndlə bağlanan cibli jaketdən ibarət olacaq. Oğlanlar üçün yay geyim forması qısaqol köynək və şalvardan, qış geyim forması isə uzunqol köynək, şalvar və önü zəncirbəndlə bağlanan cibli jaketdən ibarət olacaq.
Geyim formaları elementlərinin aşağıdakı rənglərdə hazırlanması nəzərdə tutulur:
- Ətək və şalvar - qara, tünd qəhvəyi, tünd boz, tünd göy və qəhvəyi-yaşıl;
- Köynək - ağ, dəri, mavi, açıq yaşıl və açıq sarı;
- Jaket - tünd boz, qəhvəyi, tünd göy, tünd yaşıl və açıq qəhvəyi.
Geyim formasının rəngi ümumi təhsil müəssisəsinin Pedaqoji Şurasının qərarı ilə müəyyən ediləcək. Ümumi təhsil müəssisəsində yalnız bir geyim forması tətbiq edilə bilər. Dövlət ümumi təhsil müəssisələrinin şagirdləri məktəbdə və təntənəli məktəb tədbirlərində (məktəbdən kənarda olsalar belə) müəyyən edilmiş geyim formasını geyinməlidirlər.
Layihə ilə bağlı rəy və təkliflər yanvarın 31-dək mövzu bölməsinə “Məktəbli forması” yazılmaqla [email protected] elektron poçtuna göndərilə bilər.
Təhsil Nazirliyi valideynləri, şagirdləri, müəllimləri, müxtəlif ictimai birlikləri və bütün maraqlı tərəfləri müzakirəyə çıxarılmış məktəbli formasının layihəsinə dair rəy, irad və təkliflərin göndərilməsində fəal olmağa dəvət edir.
Versus.Az
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"