BSU-da “Gəncliyimiz-gələcəyimiz!” adlı tədbir keçirilib
2 Fevral-Azərbaycan Gəncləri Günüdür. Bu gözəl və əlamətdar gün münasibətilə hazırda ölkəmizdə müxtəlif tədbirlər həyata keçirilir. Həmin tədbirlərdə Azərbaycanda uğurla həyata keçirilən dövlət gənlər siyasətinin müsbət nəticələrindən geniş danışılır, ölkə gəncliyi qarşısında dayanan əsas hədəf və məqsədlər, başlıca vəzifələr haqqında maraqlı və səmərəli fikirlər, təkliflər səsləndirilir. Yanvarın 30-da Bakı Slavyan Universitetində (BSU) 2 Fevral-Azərbaycan Gəncləri Günü ilə bağlı keçirilən tədbir bu baxımdan diqqətəlayiqdir. BSU-nun Heydər Əliyev Tədris Mərkəzində keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Versus.Az xəbər verir Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru, professor Nurlana Əliyeva tələbə-gəncləri 2 Fevral-Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edib, onlara təhsildə və ictimai fəaliyyətlərində böyük uğurlar arzulayıb. Rektor Nurlana Əliyeva bildirib ki, ölkədə gəncliyə böyük diqqət və qayğının əsası müasir Azərbaycan dövlətinin qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin çoxşaxəli vətənpərvər fəaliyyətinin, yüksək milli təəssübkeşliyinin nəticəsində qoyulub. Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə gəncliyin gələcəyinə böyük diqqət və qayğı ilə yanaşan müdrik siyasi xadim Heydər Əliyev ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətinin müəllifi və banisidir.
Rektor Nurlana Əliyeva çıxışında vurğulayıb ki, respublikada çoxsaylı gənclər təşkilatlarının fəaliyyət göstərdiyi bir şəraitdə onların işini əlaqələndirmək zərurəti getdikcə özünü daha çox göstərirdi. Bu işi təmin etmək məqsədilə ulu öndər Heydər Əliyevin xüsusi fərmanı ilə 1996-cı ilin fevral ayının 2-də keçirilmiş Müstəqil Azərbaycan Gənclərinin I Forumunun xüsusi əhəmiyyəti oldu. Forumda gənclərin bütün təbəqələrini: tələbələri, hərbçiləri, jurnalistləri, siyasi partiya və gənclər təşkilatlarını təmsil edən 2 mindən çox nümayəndə iştirak etmişdi. Forumda böyük nitq söyləyən Heydər Əliyev gəncliyin qarşısında çox böyük vəzifələr durduğunu, onun əsas vəzifəsinin isə özünü müstəqil Azərbaycan Respublikasının inkişafına həsr etməkdən ibarət olduğunu qeyd edib. 1997-ci il fevral ayının 1-də ulu öndər Heydər Əliyev gənclər təşkilatlarının nümayəndələri ilə görüşündən sonra, onların xahişini yerinə yetirərək 2 fevralın Gənclər Günü elan edilməsi haqqında Fərman imzalayıb. Həmin vaxtdan 2 Fevral-Azərbaycan Gəncləri Günü qeyd edilir. Hazırda Azərbaycanda Gənclər Günü ilə könüllülük hərəkatı vəhdət halında bir-birini tamamlayır. Ölkəmizdə gənclərlə bağlı böyük işlər, genişmiqyaslı tədbirlər həyata keçirilir, müxtəlif layihələr, dövlət proqramları icra edilir. Azərbaycanda aparılan islahatlar ölkəmizin davamlı iqtisadi inkişafına, xalqın sosial rifahının gücləndirilməsinə, eləcə də gənclərin dövlət idarəçiliyinə cəlb edilmələrinə əlverişli şərait yaradır və bu, xalqımız tərəfindən təqdir edilir, yüksək qiymətləndirilir.
Rektor Nurlana Əliyeva xüsusi qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin 30 dekabr 2019-cu il tarixli Sərəncamı ilə 2020-ci il Azərbaycan Respublikasında “Könüllülər ili” elan edilib. Dövlət başçısının imzaladığı Sərəncamda qeyd edilir ki, Azərbaycan xalqı əsrlər boyu xeyirxahlıq, fədakarlıq, gərəklilik, könüllü və təmənnasız dayaq olmaq ənənələrini yaşatmışdır. Könüllülük cəmiyyətin, xalqın ən xoş niyyətlərinin uğrunda fəaliyyət göstərməyə sövq edən, insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatı, zəngin milli-mənəvi dəyərlərimizin nadir töhfəsidir. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir. Təqdirəlayiq haldır ki, BSU-nun min nəfərdən çox tələbə-könüllüsü respublika və beynəlxalq miqyaslı tədbirlərdə universitetimizi layiqincə təmsil edirlər.
Rektor Nurlana Əliyeva çıxışında deyib ki, XXI əsr inteqrasiya, qloballaşma əsridir. Beynəlxalq çağırışlar sürətlə dəyişir. Ölkə Prezidenti cənab İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyi tədbirində xalqımızın milli-mənəvi dəyərlərinin qorunub-saxlanılmasının, bu dəyərlərə əməl edilməsinin vacibliyini xüsusi vurğulayıb. BSU-nun tələbə-gəncləri dövlət başçımızın bu tövsiyəsinə sadiq qalmalı, xalqa, dövlətə, dövlətçiliyə sədaqətlə xidmət etməlidirlər.
Sonra tədbirdə Pedaqoji fakültənin I tədris ili tələbəsi Rəfiqə Nəcəfova ”Ümummilli lider Heydər Əliyevin gənclər siyasəti”, Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin III tədris ili tələbəsi Sergey Danilov ”Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət gənclər siyasəti və qeyri-hökumət təşkilatlarının rolu”, BSU-nun Tələbə Gənclər Təşkilatının (TGT) sədri Cəfər Adilov “2019-cu ildə BSU-da TGT-nin və BSU könüllülərinin fəaliyyəti”, Azərbaycan multikulturalizmi və ölkəşünaslıq kafedrasının müəllimi Nərmin Elyasova ”Gənclər siyasətinin multikultural dəyərləri” mövzusunda çıxış ediblər. Onların çıxışlarında ulu öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın gəncliyə göstərdikləri ali diqqət və qayğı, ölkəmizdə uğurla həyata keçirilən tolerantlıq və multikulturalizm siyasəti, həmçinin BSU-da tələbə-gənclərə göstərilən diqqət və qayğı konkret faktlar əsasında öz geniş əksini tapıb.
Tədbirdə BSU-nun 35 nəfər tələbəsi 2 Fevral-Azərbaycan Gəncləri Günü münasibətilə və universitetin ictimai həyatında göstərdikləri fəallığa və təəssübkeşliyə görə təşəkkürnamə ilə təltif ediliblər. Bayram əhvali-ruhiyyəli tədbir tələbə və müəllimlər tərəfindən böyük maraqla qarşılanıb.
Sonda dövlət gənclər siyasətinə həsr olunmuş film təqdim edilib.
Versus.Az
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"