Azərbaycan Ombudsmanı bəyanat yayıb
Azərbaycan Ombudsmanı Səbinə Əliyeva Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar bəyanat yayıb.
Versus.Az-ın məlumatına görə, bəyanatda qeyd olunur ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistanın Azərbaycana qarşı uzun illər həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasətinin davamı olaraq Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalını işğal edib, dinc əhaliyə qarşı soyqırımı törədilib.
Bu soyqırımı zamanı etnik mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Eyni zamanda, 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirib. 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb, onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Həmçinin Xocalı şəhərinin işğal edilməsi ilə əlaqədar Azərbaycan dövlətinə və vətəndaşlarına 170 milyon ABŞ dollarından artıq ziyan vurulub.
Bəyanatda həmçinin qeyd olunur ki, BMT-nin “Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyasına görə, soyqırımını törədənlər qanunvericiliyə uyğun olaraq cəzalandırılmalıdır: “75 il öncə Nizamnaməsi qəbul olunarkən BMT-nin elan etdiyi prinsiplərə və 2030-cu ilə qədər dünyanı inkişafa hədəfləyən Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün bu mötəbər beynəlxalq təşkilat tərəfindən qəbul olunmuş konvensiyaların müddəaları, həmçinin Təhlükəsiz Şurasının Qətnamələri qeyd-şərtsiz icra edilməli, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı, bir milyondan çox qaçqın və məcburi köçkün öz doğma torpaqlarına qayıtmalı, əsir və girovlar azad edilməli, Xocalıya ədalət təmin olunmalıdır”.
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"