Dərsliklər ictimai müzakirədə: Təhsil Nazirliyi hədəflərini açıqladı - MÜSAHİBƏ
Cəmiyyətdə ən çox müzakirə olunan təhsil problemlərindən biri də dərsliklərdir
Orta məktəblərdə tədris olunan dərs proqramı bəzən akademikliyi ilə nəinki şagirdləri, valideynləri, hətta müəllimləri də yorur. Cəmiyyəti düşündürən bu məsələ həm ekspertlər, həm də mətbuat səviyyəsində dəfələrlə müzakirə olunub, müxtəlif rəy və təkliflər bildirilib, iradlar səsləndirilib. İctimaiyyəti düşündürən məsələləri daim diqqət mərkəzində saxlayan Cebhe.info mövzunun aktuallığını nəzərə alaraq, bu istiqamətdə görülən işləri təqdim etmək qərarına gəlib.
Xüsusilə də nəzərə alsaq ki, Təhsil Nazirliyi bu istiqamətdə islahatlara başlayıb, deməli, mövzu ilə bağlı müzakirələr daha geniş dairəni əhatə edəcək. Belə ki, 2020-2021-ci tədris ilinə ölkənin dövlət ümumtəhsil müəssisələrinin I, V və IX sinifləri üçün yeni hazırlanmış və ya təkmilləşdirilmiş dərslik, eləcə də metodik vəsaitlərə dair ictimai rəyin öyrənilməsi prosesinə başlanılıb. Bu məqsədlə Təhsil Nazirliyi tərəfindən layihələr həyata keçirilir. Layihəyə elm adamları, təhsil işçiləri, valideynlər, aidiyyəti dövlət qurumları və bütün maraqlı tərəflər cəlb edilərək, müzakirəyə çıxarılmış dərsliklərlə bağlı rəy, irad və təkliflər alınır.
Təhsil Nazirliyinin Tədris resursları şöbəsinin baş məsləhətçisi Vüsalə Əliyeva Cebhe.info-ya müsahibəsində məktəblər üçün hazırlanan dərsliklərdəki problemlər, dərsliklərin yenilənməsi, bu sahədə olan çatışmazlıqlar və gələcək planlardan danışıb. Versus.Az həmin müsahibəni təqdim edir.
- Bu gün məktəblər üçün hazırlanan dərsliklərin müəllifləri kimlər ola bilər? Müəllif seçimi ilə bağlı hər hansı qadağa varmı?
- Əvvəlcə onu bildirim ki, məktəblərdə istifadə edilmək üçün hazırlanan bütün dərsliklər məzmun keyfiyyətinin təminatı prosedurundan keçirilir. Keyfiyyəti təmin olunmuş dərsliklərlə bağlı daha sonra ictimai rəy öyrənilir, eləcə də nəşrqabağı ekspertiza həyata keçirilir. Bu proseslərdə Təhsil Nazirliyi, Dövlət İmtahan Mərkəzi, müxtəlif təhsil qurumları, elmi-tədqiqat institutları, aidiyyatı dövlət qurumları və ictimai təşkilatlar, eləcə də bir sıra xarici və beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Daxil olan bütün rəylər əsasında dərsliklər təkmilləşdirilir, bir daha yoxlanılır və daha sonra onlar çap edilir. İzah etdiyim prosedurdan da göründüyü kimi burada əsas diqqət dərsliyin məzmununa, yüksək keyfiyyətli dərsliyin seçilməsinə və təkmilləşdirilməsinə yönəlir. Bu baxımdan, nəşriyyatlar müəllif seçməkdə sərbəstdir. Amma burada bizi maraqlandıran digər məsələ də var. Biz keyfiyyətin təminatı prosedurundan keçə bilməyən dərsliklərlə qarşılaşmamaq üçün Təhsil İnstitutuna da ehtiyat dərsliklərin hazırlanması sifarişini veririk. Bu zaman artıq müəlliflərin seçilməsinə və bu istiqamətdə digər məsələlərə müdaxilə edə bilirik. Məsələn, ibtidai siniflər üçün “Azərbaycan dili” və “Riyaziyyat” fənləri üzrə ehtiyat dərsliklərin hazırlanmasında iştirak üçün Təhsil Nazirliyi tərəfindən verilmiş elan əsasında müraciət edən namizədlər arasında üç mərhələli müsabiqə keçirilib. Dərslik hazırlığına ali məktəb və universitetlərdə çalışan alim və pedaqoqlar cəlb edilib. Tədrisi xarici proqramlar əsasında qurulan bir çox beynəlxalq məktəblərdə görüşlər keçirilib, onların təcrübələri öyrənilib, həmin məktəblərdə çalışan müəllimlər müsabiqəyə dəvət olunub və s.
- Artıq bir neçə ildir ki, dərsliklərə dair ictimai rəy öyrənilir. Bunun bir faydası varmı?
- Biz dərslik və metodik vəsait layihələrinə dair ictimai rəyin öyrənilməsinə 2016-cı ildən başlamışıq. Artıq 5-ci ildir ki, bu prosesi təşkil edirik. Bilirsiniz, bütün ölkələrdə dərsliklər həssas yanaşılan və daima müzakirə edilən məsələlərdən biridir. İnternetdə sadə axtarış etməklə bunun şahidi olmaq mümkündür. Bu, təbii ki, Azərbaycanda da belədir. Dərsliklər daim müzakirə olunur, onun barəsində müəyyən şərhlər verilir, paylaşımlar edilir və s.. Əvvəllər, yəni ictimai rəyin öyrənilməsi həyata keçirilməzdən öncə, cəmiyyət dərsliklərlə tədris ili başladıqdan sonra tanış olurdu, müxtəlif fikirlər səslənirdi, cəmiyyətin qəbul etmədiyi müəyyən məqamlar olurdu və belə olan halda həmin fikirlər haqlı olsa belə, onun nəzərə alınması mümkün olmurdu. Çünki artıq tədris ili başlamış, dərsliklər şagirdlərin istifadəsinə verilmiş olurdu və təbii ki, bu zaman praktik olaraq ölkənin bütün şagirdlərindən dərslikləri geri almaq, düzəlişlər etmək və yenidən paylamaq mümkün olmurdu.
Sadaladığım bu problemlərlə rastlaşmamaq və ya belə halların sayını minimuma endirmək üçün artıq bir neçə ildir ki, növbəti tədris ilində istifadəsi nəzərdə tutulan yeni və ya təkmilləşdirilən dərsliklərə dair ictimai rəyin öyrənilməsi həyata keçirilir. Qeyd edim ki, bunun faydası olduqca böyükdür, biz cəmiyyətdə yüksələn dinamika ilə dərslikərə dair irad və təkliflərin verilməsinə marağın artdığını izləyirik. Əgər keçən ilin statistikasına baxsaq, 4 və 8-ci siniflərə dair ictimai rəyin öyrənilməsi çərçivəsində çoxsaylı yaxın irad və təklifin daxil olmasını müşahidə etmişik. Əvvəlki illərdə bu rəqəm daha aşağı idi.
İctimai rəyin öyrənilməsi zamanı hələ çapdan əvvəl cəmiyyətin qəbul etmədiyi və yaxud qəbul etməyə hazır olmadığı müəyyən məqamları öyrənmiş oluruq, eyni zamanda, məzmunla bağlı daha da təkmilləşdirmələr aparmaq imkanı əldə edirik. Onu da deyim ki, hazırda 2020/2021-ci tədris ilində ölkənin dövlət ümumi təhsil müəssisələrinin istifadəsinə veriləcək I, V və IX sinif dərsliklərinə dair ictimai rəyin öyrənilməsi prosesinə bir neçə gündür ki, başlamışıq. Bu məqsədlə qeyd etdiyim siniflər üzrə dərslik layihələrinin www.trims.edu.az saytının “İctimai müzakirədə olanlar” bölməsinə yerləşdirilməsi prosesi gedir. Yaxın zamanlarda bütün dərslik layihələrinin sayta yerləşdirlməsi başa çatdırılacaq. Sayta daxil olaraq qeyd edilən bölmədə yerləşdirilmiş layihələrin məzmunu ilə tanış olmaq, orada xüsusi ayrılmış sahədə irad və təklifləri yazmaq mümkündür. İrad və təkliflər [email protected] elektron poçtuna göndərilməklə də bildirilə bilər. Daxil olan hər bir irad, təklif dərslik müəllifləri və ekspertlər tərəfindən nəzərdən keçiriləcək, məqbul hesab edilənlər nəzərə alınacaq və yalnız bundan sonra onlar çap edilərək yerlərə paylanılacaq. Ümid edirəm ki, bu il də ictimaiyyətin bu baxımdan aktivliyi yüksək olacaq.
- Yeni hazırlanan dərsliklərdə nə dəyişir? Dərsliklər niyə dəyişikliyə məruz qalır? Bu minvalla tədricən bütün dərsliklər dəyişəcəkmi?
- Sualınızı cavablamazdan öncə deyim ki, dərsliklər hökumətin qərarına uyğun olaraq 4 il müddətinə istifadə üçün çap olunur. 4 ildən sonra onlar fiziki istifadə müddətini başa vurur, eləcə də məzmun baxımından müəyyən qədər köhnəlməyə məruz qala bilir. Belə olan halda dərsliklər məzmun üzərində görülən işlərdən asılı olaraq ya təkmilləşdirilir, ya da yeniləri ilə əvəzlənir. Yəni əgər 4 il müddəti ərzində daxil olan rəy və təkliflər, dünyadakı, dərsliyin əhatə etdiyi elm sahəsindəki yeniliklər, təhsili tənzimləyən hüquqi-normativ sənədlərin yeni tələbləri, yeni pedaqoji yanaşmalar, eləcə də, müəllif və ekspertlərin mülahizələrinə əsasən nəzərə alınmalı olan məqamlar əks olunmaqla aparılan işlər dərsliyin təkmilləşdirilməsi çərçivəsindən kənara çıxırsa, belə olan halda yeni dərslik hazırlanır. Məsələn, İngilis dili fənni üzrə dərsliklərin hazırlanmasına ümumiyyətlə, yeni yanaşma təklif olunub və qərara alınıb ki, bu dərslik dil daşıyıcıları tərəfindən, eləcə də reytinqli dərsliklər əsasında hazırlansın. Bu istiqamətdə biz hazırda “Macmillan” Nəşriyyatı ilə əməkdaşlıq edirik və onların 1-ci sinif dərsliyinin ölkəmizdəki təhsil proqramlarına adaptasiyasını həyata keçirmişik. Gələcəkdə bu praktikanın davam etdirilməsi və müəyyən dərsliklərin hazırlanmasına xarici şirkətlərin cəlb edilməsi istisna edilmir.
- Dərsliklərin dili ağırdır. Niyə dərsliklər uşaqların rahat anlayacağı dildə yazılmır?
- Əslində dərsliklərin dilinin ağır olması bir qədər nisbi yanaşmadır. Çünki bununla bağlı müxtəlif, fərqli fikirlər var. Kimlərsə dərsliklərin dilini bir qədər ağır, kimlərsə uşağın yaş səviyyəsinə uyğun hesab edə bilər. İstənilən halda Təhsil Nazirliyi tərəfindən dərsliklərin tərtibində dil və yazı üslubunun şagirdin yaş səviyyəsinə uyğun olması, dil qaydalarına düzgün əməl edilməsi, habelə şagirdlərin söz ehtiyatı və nitq inkişafının nəzərə alınması, istifadə edilən yeni söz və terminlərin izahının verilməsi olduqca vacib hesab edilir. Bu, Təhsil Nazirliyi tərəfindən daim diqqətdə saxlanılan məsələlərdəndir. Bu baxımdan, dərsliklər məzmun keyfiyyətinin təminatı prosedurundan keçirilərlkən onlar müxtəlif meyarlar üzrə, o cümlədən dil və yazı üslubu meyarı üzrə də yoxlanılırlar. Bundan əlavə, dərsliklərə dair ictimai rəy öyrənilərkən onlara dair AMEA-nın Dilçilik İnstitutunun rəyi alınır. Artıq yuxarıda qeyd etdiyim kimi ictimai rəyin öyrənilməsi zamanı cəmiyyətin bütün nümayəndələrinin dərsliklərə dair irad və təkliflərini bildirmək imkanı olur. Daxil olan bütün irad və təkliflər kimi, dil və yazı üslubu ilə bağlı daxil olan irad və təkliflər də dərslik üzərində müvafiq təkmilləşdirmə aparılan zaman nəzərdən keçirilir. Əgər artıq çap edilən dərsliklərin dil və yazı üslubu, ağırlığın olması ilə bağlı haqlı fakt varsa, yaxud bu cür irad və təklif daxil olubsa, həmin fakt dərsliyin növbəti təkmilləşdirilməsi zamanı mütləq nəzərə alınır.
- Bu gün məktəblərdə “Təsviri incəsənət”, “Texnologiya”, “Fiziki tərbiyə” və s. bu kimi fənlər tədris olunur. Amma şagirdə gələcək həyatında bir çox sahələrdə yardımçı ola biləcək “Məntiq” fənni tədris olunmur. Bunun səbəbi nədir?
- Ümumi təhsil müəssisələrində tədris edilən fənlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin tərəfindən təsdiq edilmiş “Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları)” sənədi ilə müəyyənləşir və həmin sənədin ümumi orta və tam orta təhsil səviyyələrinin fənn bloklarında olan fənlər məktəblərdə tədris edilir. Amma onu da nəzərdə saxlamaq lazımdır ki, bu sənədə daxil edilən fənlərin sayı və hansı fənn olması şagirdin yaş səviyyəsinə görə müəyyən edilir və aparılan ciddi təhlillərə, araşdırmalara əsaslanır. Oradakı fənlərin sayının təbii ki, çox olması da mümkün deyil, çünki əks halda bu şagirdin yüklənməsinə səbəb ola bilər. Ümumiyyətlə deyim ki, bu sənəd qəbul edilməzdən əvvəl ciddi müzakirələrdən keçir, həm də ictimaiyyətin müzakirəsinə çıxarılır. Bu yaxınlarda da həmin sənədin yenilənmiş və təkmilləşdirilmiş variantı ictimai müzakirəyə çıxarılmışdı. “Məntiq” fənninin məktəblərdə tədris edilməməsinə gəldikdə isə buna səbəb həmin fənnin qeyd etdiyim sənəddə yer almamasıdır. Amma onu da deyim ki, biz yeni təhsil proqramları tətbiqi ilə yaddaş məktəbindən təfəkkür məktəbinə keçidi qarşıya məqsəd qoymuşuq və bu baxımdan məntiq elementləri, analiz-sintez bacarığı, məntiqi və tənqidi yanaşma tərzi, tədqiqatçılıq və başqa bu kimi kompetensiyalar əslində hər bir fənnin tədrisində nəzərə alınmalıdır.
- Ötən il nə qədər dərslik yararsız hala düşüb və builki vəziyyətlə bağlı nə deyə bilərsiz?
- Dərsliklərin şagirdlərdən geri yığılması hər tədris ilinin sonunda həyata keçirilir. Bu zaman istifadəyə yararsız dərsliklərin sayı müəyyənləşdirilir, aktlaşdırılır və onlar tədrisdən çıxarılaraq yeniləri ilə əvəz edilir. Təcrübə göstərir ki, hər tədris ili yararsız hala düşən dərsliklərin orta sayı istifadədə olan dərsliklərin 15%-ini aşmır. Bu tədris ilində dövlət ümumi təhsil müəssisələrinin istifadəsində olan dərsliklərin ümumi sayı 18 207 352-dir. Tədris ili hələ sona çatmadığı üçün bu ilin statistik məlumatlarını sizə tam təqdim edə bilmirəm, amma keçən tədris ilinin nümunəsində deyə bilərəm ki, dövlət ümumtəhsil müəssisələrinin istifadəsində olan dərsliklərin ümumi sayı 17831548, tədris ilinin sonunda yararsız hala düşən dərsliklərin ümumi sayı isə 827548 olub ki, burada korlanma faizi təxminən 4,6%-ə bərabərdir. Bu statistikada daha bir maraq doğuran məqam ondan ibarətdir ki, istifadəyə yararsız olan və ya ən çox zədələnməyə məruz qalan dərsliklərin əsasən I sinif dərslikləri, digər siniflər üçün isə həftəlik dərs saatı daha çox olan fənlər üzrə dərsliklərə aid olduğunu göstərir. Məsələn, ən çox yararsız hala düşən dərsliklərin ilk 10-luğunda olan dərsliklərin hamısı I siniflərə aid olub. Bu da kiçikyaşlı şagirdlərin yaş xüsusiyyətlərinə uyğun olaraq daha çox dərslik üzərində əylənərək öyrənmə, səliqəli davranma bacarıqlarının hələ çox olmaması və s. ilə bağlıdır. Hazırda biz bu istiqamətdə də bəzi təkliflər üzərində işləyirik. Onu da vurğulayım ki, dərsliklərlə səliqəli davranma, onları zədələnmələrdən qoruma vərdişlərinin şagirdlərdə formalaşdırılmasında məktəb və valideynlərin rolu böyükdür. Bu istiqamətdə Nazirlik tərəfindən də yerlərlə mütəmadi maarifləndirmə işləri aparılır və hər bir dərsliyin cildinin arxa hissəsində bu barədə şagirdlər üçün xatırlatma da yerləşdirilib.
- Bəzi məktəblərdə hələ də dərslik çatışmazlığı var. Xüsusən “Rus dili” fənni ilə bağlı. Məktəblərə niyə bu fənn üzrə dərslik verilmir?
- Ümumtəhsil məktəblərinin mövcud tədris planlarına əsasən bu gün rus dili həm “Tədris dili”, həm “Əsas Xarici dil”, həm də “İkinci xarici dil” fənni kimi tədris olunur. Əgər Rus dili “Tədris dili” və “Əsas xarici dil” fənni kimi tədris olunursa, onun tədrisinə 1-ci sinifdən başlayırlar. Əgər rus dili “İkinci xarici dil” fənni kimi tədris olunursa onun tədrisi əsasən 5-ci sinifdən başlayır. I sinifdən başlayaraq dövlət ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərin hamısı “Rus dili (tədris dili)” və “Rus dili (əsas xarici dil)” dərslikləri ilə dövlət vəsaitləri hesabına təmin edilir.
“Rus dili (ikinci xarici dil)” fənninin tədrisi üçün bu gün dərslik nəzərdə tutulmamışdır və onun tədrisi müəllim üçün hazırlanan tövsiyələr vasitəsilə həyata keçirilir. “Rus dili (ikinci xarici dil)” fənni üzrə hazırlanmış müəllim üçün tövsiyələr həm elektron, həm də kağız formatda bütün ümumi təhsil müəssisələrində var və bu fənni tədris edən müəllimlər həmin tövsiyələrdən istifadə edərək tədris prosesini düzgün qurmalıdırlar.
Təcrübə göstərir ki, bəzən “Rus dili (əsas xarici dil)” fənninin tədrisi üçün nəzərdə tutulan dərsliklərin “Rus dili (ikinci xarici dil)” fənninin tədrisində də istifadə etmək niyyəti olur ki, bu da doğru deyil. Qeyd etdiyim fənlərin təhsil proqramları (kurikulumları), təhsil dövrləri, həftəlik dərs saatlarının miqdarı və s. fərqlidir və onların eyni vəsaitdən istifadə edilərək tədrisi mümkün deyildir.
Onu xüsusi olaraq vurğulamaq istəyirəm ki, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 35.1-ci maddəsinə əsasən, bu gün dövlət ümumi təhsil müəssisələrində təhsilalanlar dərsliklərlə müəyyən edilmiş qaydada dövlət hesabına təmin olunurlar. Qanunun bu müddəasına əsasən, dövlət ümumtəhsil müəssisələrinin hamısı bütün mövcud dərsliklərlə təmin olunmalıdır. Əgər hardasa, valideynlər tərəfindən dərsliklərin onların öz vəsaitləri hesabına aldırılması faktı varsa, bu birmənalı olaraq qanunazid və yolverilməzdir. Belə faktlarla bağlı müraciətlər Təhsil Nazirliyinin “Qaynar Xətt” Xidmətinə zəng etməklə və ya [email protected] elektron poçtuna göndərilməklə məlumat verilə bilər.
- Şagirdlərdə bədii zövqün formalaşdırılması məqsədilə hansı işlər görülür? Kitabxanalara əlavə oxu ədəbiyyatı verilirmi?
- Təbii ki, bu da bizim nəzərimizdə olan prioritet istiqamətlərdəndir. Məsələn, 2019/2020-ci tədris ili üçün Təhsil Nazirliyi tərəfindən ölkənin dövlət ümumi təhsil müəssisələrinin üç fərqli yaş kateqoriyasının istifadəsinə 40 adda 180 min nüsxə oxu ədəbiyyatı paylanılıb. Həmin oxu ədəbiyyatları həm ölkə daxili ədəbiyyatı, həm də xarici ədəbiyyatı əhatə edir.
- Yanvar ayında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin Təhsil nazirlərinin Azərbaycanda görüşü keçirildi və orada ortaq türk dərslikləri ilə bağlı müəyyən açıqlamalar verildi. Hazırda proses nə yerdədir?
- Bəli, yanvar ayında TDƏŞ-ə üzv dövlətlərin təhsil nazirlərinin Beynəlxalq Türk Akademiyasının Elmi Şurasının III iclası çərçivəsində Bakıda görüşü olub. Əvvəlcə qısa olaraq onu bildirim ki, 2014-cü ildə Türk Şurasının qərarı ilə «Ortaq türk tarixi»nin yazılması məsələsi Beynəlxalq Türk Akademiyasına həvalə olundu. Dərsliklərin hazırlanması prosesində təbii ki, TDƏŞ-ə üzv dövlətlərin Təhsil Nazirlikləri də iştirak edirlər. Qeyd edim ki, hazırda 3 dərsliyin hazırlanması planlaşdırılıb. Onlar “Ortaq türk tarixi”, “Ortaq türk ədəbiyyatı” və “Türk dünyası coğrafiyası” dərslikləridir. Hər 3 dərsliyin hazırlanması istiqamətində üzv dövlətlərin iştirakı ilə Beynəlxalq Türk Akademiyasında görüşlər keçirilib, müzakirələr aparılıb və hələ də aparılır. Ən qədim zamanlardan XV əsrədək ortaq türk tarixini əhatə edən dərsliyin layihəsi artıq hazırdır və Azərbaycan daxilində onun seçilmiş məktəblərdə pilot istifadəsinə başlanılıb. Həm də bu dərslik yuxarıda qeyd etdiyim qaydada ictimai rəyin öyrənilməsi üçün www.trims.edu.az saytına yüklənilib. Ortaq türk tarixi fənninin tədrisində məqsəd gənc nəsildə türk xalqlarının ümumi keçmişi, vahid dil və mədəniyyəti haqqında təsəvvür formalaşdırmaq, türk dünyasında vəhdətlik və qarşılıqlı hörmət hislərini aşılamaqdan ibarətdir.
- Xarici ölkələrdə yaşayan azərbaycanlıların dərsliklərlə təminatına nəzarət necə həyata keçirilir?
- Xaricdə yaşayan həmvətənlərimizin ölkəmizdə hazırlanan dərsliklərlə təmini ölkələr arasında mövcud olan hökumətlərarası protokol, müqavilə, saziş, habelə diplomatik kanallarla daxil olan müraciətlər əsasında həyata keçirilir. Nümunə üçün deyim ki, Azərbaycan Respublikası ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın yeddinci iclasının Protokolunda qarşılıqlı olaraq Ana dili və ədəbiyyatı dərslikləri ilə təminolunma nəzərdə tutulub. Buna əsasən, hər tədris ili üçün biz Gürcüstanın tədris Azərbaycan dilində aparılan ümumi təhsil müəssisələrini ölkəmizdə hazırlanan “Azərbaycan dili” və “Ədəbiyyat” dərslikləri ilə təmin edirik. Məsələn, cari tədris ili üçün Azərbaycan tərəfindən Gürcüstanın tədris Azərbaycan dilində aparılan ümumtəhsil məktəblərinin I-XI siniflərinə 21 adda 20622 nüsxə “Azərbaycan dili” və “Ədəbiyyat” dərslikləri göndərilib.
Bundan əlavə Türkiyə Cümhuriyyətində fəaliyyət göstərən Azərbaycan Eğitim, Kültür və Sosyal Dayanışma Derneği və Azərbaycan Təhsil və Mədəniyyət Dərnəyinin nəzdində fəaliyyət göstərən Mübariz İbrahimov adına məktəb müraciət əsasında ümumilikdə 4493 nüsxə dərslik və metodik vəsaitlərlə təmin edilib.
Bundan əlavə digər bir nümunə kimi deyim ki, Dağıstan Respublikasında azərbaycanlıların kompakt yaşadıqları ərazilərdə “Azərbaycan dili” fənni tədris edilir. Əfsuslar olsun ki, biz orada yaşayan azərbaycanlıları müvafiq fənn dərslikləri ilə təmin edə bilmirdik. Çünki Azərbaycan Respublikası ilə Rusiya Federasiyası, eləcə də Dağıstan Respublikası arasında dərsliklərlə təmin olunmanı əks etdirən hüquqi sənəd yox idi. Bunun da səbəbi odur ki, Azərbaycanın dövlət ümumtəhsil müəssisələrində istifadə olunan dərsliklər ölkəmizdə qüvvədə olan təhsil proqramları əsasında və təbii ki, latın qrafikalı Azərbaycan əlifbası əsasında tərtib olunur. Rusiya Federasiyasında istifadə olunan dərsliklər isə həmin ölkənin federal dövlət təhsil proqramları əsasında, hansı ki, buna FQOS da deyirlər, “Rusiya Federasiyası xalqlarının dilləri haqqında” federal qanuna görə, kiril qrafikası əsasında tərtib olunmalıdır. Gördüyünüz kimi, burada həm də dilin qrafikası problemi vardı. Bu məsələnin həlli üçün çoxsaylı danışıqlar aparıldı və təkliflər verildi. Bu yaxınlarda Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında hökumətlərarası Dövlət Komissiyasının iclası keçirildi və həmin iclasda razılaşdırıldı ki, Azərbaycan tərəfi Rusiya Federasiyasının ümumtəhsil müəssisələrini latın qrafikalı əlifba əsasında Azərbaycan dili və ədəbiyyatı dərslikləri ilə təmin olunmasının mümkünlüyünü nəzərdən keçirsin. Hazırda bu istiqamətdə müvafiq işlər həyata keçirilir.
Mənim sizə qeyd etdiklərim bir neçə ölkənin timsalında olan nümunələr idi. Ümumiyyətlə, xarici ölkələrdə yaşayan soydaşlarımızın belə deyim, milli dərsliklərlə təmin olunması bizim diqqətdə saxladığımız mühüm istiqamətlərdən biridir və bu baxımdan soydaşlarımızdan dərsliklərlə bağlı daxil olan bütün müraciətlər diqqətdə saxlanılır, onların diplomatik kanallarla həlli üçün təkliflər nəzərdən keçirilir.
Versus.Az
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"