Qondarma rejimin xaricdəki ofisləri bağlana bilər?
Legitimliyi dünyanın heç bir ölkəsi tərəfindən tanınmayan qondarma “Dağlıq Qarabağ Respublikası” dünyanın fərqli ölkələrində öz ofislərini açmağa səy göstərir. Əsas hədəf qondarma respublikanın tanınmasına nail olmaq cəhdidir.
Bu “nümayəndəlik”lərin ABŞ, Fransa, Rusiya, Avstraliya və s. ölkələrdə fəaliyyəti barədə zaman-zaman mətbuatda xəbərlər yer alır. Hər halda, qondarma rejimin məqsədi açıq-aydın ortadadır.
Bəs “nümayəndəlik”lərin birgə fəaliyyəti rəsmi formada necə idarə olunur?
Münaqişənin həllinə çalışan dövlətlər qondarma rejimin qeyri-qanuni əməlinə haqq qazandırırmı? Həmin ofislərin fəaliyyətinə qarşı rəsmi Bakı hansı formada mübarizə aparır?
Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri Tural Gəncəliyev saytımıza bildirib ki, bu cür ofislərin idarə olunması qanundankənar formada həyata keçirilir:
“Azərbaycanın Kanada və Çexiyadakı səfirliyində çalışan şəxs kimi deyə bilərəm ki, onların qondarma ofisləri tamamilə qanundankənar və heç bir əsası olmayan ofislərdir. İnsanlar Ermənistan pasportu ilə Ermənistan səfirliyində otururlar. İldə 3, ya da, 4 dəfə, xüsusilə, qondarma erməni soyqırımı vaxtı gəlib deyirlər ki, “biz Dağlıq Qarabağ ermənilərinin nümayəndəsiyik”. Onlar faktiki həmin ölkədən Ermənistan pasportu ilə gəliblər. İkincisi, onlar ofis açanda belə onun nümayəndəliyi kimi yox, qeydiyyatdan keçən Ermənistan ocağı adını qoyurlar. Tədbirlərində guya qondarma erməni icmasının nümayəndəsinin ofisi kimi çıxış edirlər”.
Tural Gəncəliyev vurğulayıb ki, onların təqdimatının əsası yoxdur:
“Çünki reallıq tamam başqadır. Təbii, bu o demək deyil ki, biz onlara qarşı mübarizə aparmırıq. Həmin tədbirlərdə XİN və digər dövlət qurumlarımız olaraq onların özlərini təqdim etmək üçün proqramlarına baxırıq. Məncə narahatlığa heç bir əsas yoxdur. BMT ərazi bütövlüyümüzü tanıyır. Ermənistanın özü qondarma Dağlıq Qarabağın müstəqilliyini tanımır və tanıya da bilməz. Çünki Ermənistan onu etsə, münaqişənin sonudur və Azərbaycan da yenidən müharibə etmək istədiyini açıb ortaya qoyacaq”.
Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva ilə söhbət zamanı bəlli olub ki, ermənilər heç zaman öz ofislərini leqal nümayəndəlik kimi hansısa statusda təqdim edə bilməz:
“Bu mümkün deyil. QHT kimi qeydiyyatdan keçirlər və orada- burada çalışırlar ki, bundan istifadə etdinlər. Həmin qurumlar fəaliyyət göstərdikləri ölkələrin qanunvericiliyinə uyğun olaraq dövlət kimi yox, QHT kimi qeydiyyatdan keçirlər. Bəzən olur ki, onlar separatçı rejimin adını çəkməyə çalışırlar. Belə olan hallarda Xarici İşlər Nazirliyi olaraq etirazımızı bildiririk və qarşısını alırıq. Hətta bu cür məsələləri səfirliyimiz nəzarətdə saxlayır və dərhal bunların qarşısı alınır”.
XİN sözçüsü bildirib ki, əgər həmin tədbirdə özünü Dağlıq Qarabağın nümayəndəsi kimi təqdim edirsə, bunun qarşısı dərhal alınır:
“Çünki onun heç bir statusu olmadığından belə ad altında çıxış edə bilməz. Bəzi hallarda belə səylər olub. Bu da qanunsuz fəaliyyət kimi hər zaman nəzərimizdən keçirilib. Bu kimi hallara dərhal cavab verilir və qarşısı alınır”. /modern.az/
Versus.Az
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"