Tbilisidə Azərbaycan dilində fəaliyyət göstərən məktəbə 500-dək kitab hədiyyə olunub
Yeni Azərbaycan Partiyasının (YAP) könüllüləri Tbilisidə Azərbaycan dilində fəaliyyət göstərən 72 saylı ictimai məktəbə 500-dək kitab hədiyyə ediblər.
Versus.Az xəbər verir ki, könüllülərin topladığı kitablar bu gün Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənovun iştirakı ilə məktəbin direktoru Salman Pirməmmədova təqdim edilib.
Həsənov bildirib ki, Gürcüstanda yaşayan soydaşlarımızın təhsili Azərbaycan dövlətinin diqqətindədir:
“Bu aksiya Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci ili "Könüllülər ili" elan etməsi münasibətilə ilin sonunadək davam edəcək və Gürcüstanda soydaşlarımızın yaşadığı Kvemo-Kartli, Şida-Kartli, Kaxeti bölgələrində həyata keçiriləcək”.
Məktəbin direktoru S. Pirməmmədov aksiyanın məktəbin kitabxanasının zənginləşdirilməsi baxımından böyük önəm daşıdığını deyib:
“Bu məktəb Tbilisidə bizim ən qədim məktəblərimizdən biridir. Əvvəllər məktəbin zəngin kitabxanası olub. Lakin latın əlifbasına keçid səbəbi ilə bir sıra çətinliklər yaranmışdı. Bu səbəbdən latın əlifbası ilə nəşr edilmiş kitablara tələbat böyükdür”.
O, öz növbəsində kitablara görə YAP könüllülərinə təşəkkür edib.
Tədbirdə qeyd edilib ki, Gürcüstanda ana dilinin yaşadılması baxımından layihə böyük önəm daşıyır.
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"