Gürcüstan azərbaycanlıları ana dilindən uzaqlaşdıran məqam - MÜSAHİBƏ
Kamran Əsədov: “Gürcüstanda Azərbaycan dilində universitetin olması olduqca müsbət addımdır”
Bir millətin ən böyük sərmayəsi onun sahib olduğu tarixi, mədəniyyəti və dəyərləridir. Bunları qoruyub saxlayan və gələcək nəsillərə köçürən vasitə isə təhsildir. Təhsil dövlətin, cəmiyyətin inkişafı prosesində ən əsas faktordur. Yaxşı təhsil görmüş, hər sahədə yetişdirilmiş mütəxəssislər bu dəyərlərə sahib çıxa bilir və ölkəsinin, dövlətinin nüfuzunu daim dünyada yüksəkdə tutur. İnkişaf etmiş ölkələr ən böyük sərmayələrini təhsilin inkişafına yönəldirlər. Bu mənada inkişaf etməkdə olan Azərbaycan təhsil sisteminin inteqrasiyası, xarici ölkələrdə yaşayan azərbaycanlıların öz dillərində təhsil almaları ilə bağlı əngəllər və onun həlli yollarına nəzər yetirəcəyik. İlk növbədə Gürcüstan azərbaycanlılarının öz ana dilində təhsil almaları və təhsil müəssisələrində kadr çatışmazlığı ilə bağlı problemlərə toxunacağıq.
Təhsil eksperti Kamran Əsədov “Üç Nöqtə”yə bu və ya digər məsələlərlə bağlı müsahibə verib. Versus.Az həmin müsahibəni təqdim edir.
“Bu rəqəmlər Azərbaycandilli kadr probleminin həlli üçün yetərli deyil”
- Kamran müəllim, məlumdur ki, Gürcüstanda yaşayan azərbaycanlılar orada çoxluq təşkil edən ən böyük etnik azlıq hesab edilir. Azərbaycanlı gənclərin Gürcüstanın ali təhsil müəssisələrinə qəbulu necə aparılır və bu Azərbaycandilli kadr probleminin həllində nə dərəcədə rol oynaya bilir?
- Qeyd edim ki, Gürcüstanda artıq 10 ildir ki, milli azlıqlarla bağlı "4+1" dövlət proqramı hazırlanıb. Bu proqrama əsasən, orta məktəbi Azərbaycan dilində bitirən şagirdlər ana dillərində imtahan verərək Gürcüstan universitetlərinə qəbul ola bilir. Bir il kurs keçərək yaşadığı ölkənin dilini öyrənir və sonrakı təhsillərini gürcücə davam etdirirlər. Qeyd edim ki, azərbaycanlılar 2019-cu ildə Gürcüstanın ali məktəblərinə milli azlıqlar üçün nəzərdə tutulmuş “1+4” proqramı üzrə qəbul olunanlar arasında birinci yerdədirlər.
Azərbaycanlı gənclərin 253 nəfəri Gürcüstan Texniki Universitetinin, 235-i İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin, 192-si isə İlya Dövlət Universitetinin hazırlıq kursuna qəbul olunub.
Daha 49 gənc soydaşımız Gürcüstan Tibb Universitetinin, 34-ü Suxumi Dövlət Universitetinin, 6-sı İ.Qoqebaşvili adına Telavi Dövlət Universitetinin, 5-i A.Tsereteli adına Kutaisi Dövlət Universitetinin, 5-i D.Ağmaşanebeli adına Gürcüstan Milli Müdafiə Akademiyasının, 3-ü Avroregional Təhsil Universitetinin, 3-ü Ş.Rustaveli adına Batumi Dövlət Universitetinin tələbələridir. Amma bu rəqəmlər olduqca azdır. Nəzərə alsaq ki, Gürcüstanda 500 minə qədər azərbaycanlı yaşayır, bu rəqəmlər Azərbaycandilli kadr probleminin həlli üçün yetərli deyil.
- Gürcüstanda orta məktəblərdə əksər halarda azərbaycanlıların gürcü dilinə maraq göstərmədiyi və bu üzdən dili bilməmələri qeyd olunur. Niyə azərbaycanlı şagirdləri gürcü dilini öyrənə bilmirlər?
“Gürcü dilinə həftədə cəmi beş dərs saatı ayrılıb”
- Gürcüstandakı azərbaycanlılar – dörd milyondan az əhalisi olan ölkənin 300 minə yaxın sakinidir. Azərbaycanlı icma əsasən Kvemo Kartli regionunda kompakt şəkildə yaşayır – özlərinə məxsus həyatlarıyla, ölkə əhalisinin böyük hissəsinin diqqətindən kənarda, gürcü cəmiyyətindən faktiki təcrid olunmuş vəziyyətdə yaşayırlar.
Apardığımız araşdırmalar göstərir ki, yerli məktəblədə üç əsas çatışmazlıq var:
- Gürcü dili tədrisinin aşağı səviyyədə olması;
- Ümumi təhsilin aşağı səviyyədə olması;
- Gürcü məktəbində təhsil çox vaxt problemin həlli deyil, yeni problemlərin yaradılmasıdır.
Misal üçün Kvemo Kartlidə ümumilikdə 78 məktəb var. Onlardan 58-i qeyri-gürcü məktəbidir. Uşaqlar burada əsasən Azərbaycan və ya rus dilində təhsil alır.
Qeyri-gürcü məktəblərində gürcü dili birinci sinifdən tədris olunur. Amma şagirdlərin əksəriyyəti məktəbi gürcü dilində elementar ifadələri öyrənmədən bitirirlər.
Birincisi, gürcü dilinə həftədə cəmi beş dərs saatı ayrılıb. Bu informasiya uşaqların niyə məktəbi gürcü dilində kəlmə kəsmədən bitirdiklərini anlamaq üçün yetərli ola bilərdi.
Amma ikinci səbəb də var – dərslik problemi. Dərsliklər keyfiyyətsiz hazırlanıb, amma hətta onlar da tapılmır. Araşdırmalarımız göstərir ki, uşaqlar bir neçə il davamlı olaraq kitabları bir-birinə ötürürlər və yeni şagirdlər artıq oxunmaz hala gələn kitablardan istifadə etməli olurlar. Amma, hətta bu iki səbəb də ən əsas problem deyil. Ən böyük çətinlik yerli spesifik tələblərə cavab verməyən pedaqoqlardır.
“Gürcüstanda Azərbaycan dilində universitetin olması olduqca müsbət addımdır”
- Dediyiniz “spesifik tələblər”ə cavab verən pedaqoqların hazırlanması hansı məqsədləri qarşıya qoyur?
- Bu durum, Azərbaycan dilində ayrıca universitetə ehtiyacın olduğunu ortaya qoyur. Təəssüflər olsun ki, getdikcə daha çox azərbaycanlı valideynlər uşaqlarını gürcü məktəblərinə qoyur ki, gələcəkdə övladı ali təhsil almaq, yaxşı iş tapmaq, siyasətçi, nazir ola bilmək şansı qazansın. Bu da dogma dilimizin itib batmasına aparır.
- Əslində Gürcüstanda Azərbaycan Pedaqoji Universitetinin yaradılması ideyası var. Sizcə bu, mövcud problemlərin həllində hansı rolu oynaya bilər?
- Bütün bu problemlərin həlli üçün Gürcüstanda Azərbaycan dilində universitetin olması olduqca müsbət addımdır. Bu azərbaycandilli kadrların yetişməsinə, Azərbaycan məktəblərinin kadra olan ehtiyacının aradan qalxmasına gətirib çıxaracaq.
- Kamran müəllim, dərsliklərin azlığı ilə bağlı fikir bildirdiniz. Bu da məlumdur ki, soydaşlarımızın Azərbaycan dilində dərsliklərlə təmin olunması üçün burdan Gürcüstanda olan orta məktəblərimizə dərs vəsaitləri göndərilirdi. Bu proses ana dili ilə bağlı önə çəkilən mövcud problemlərin həllinə nə dərəcədə kömək edə bildi?
- İlk növbədə qeyd edim ki, Gürcüstandakı soydaşlarımızın Azərbaycan dilində dərsliklərlə təmin olunmasının əsası 1994-cü ildə ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu gün ölkə Prezidenti İlham Əliyev də bu işə xüsusi diqqət göstərir. Dövlətimizin başçısının xüsusi tapşırığına əsasən Təhsil Nazirliyi Gürcüstanda yaşayan azərbaycanlıların təhsil problemlərini diqqətlə öyrənib və onların dərsliklərlə təminatı istiqamətində mühüm addımlar atır. 1994-cü ildən bu günədək Gürcüstandakı soydaşlarımıza I-XI sinif şagirdləri üçün 550 minədək müxtəlif adda dərs vəsaiti göndərilib.
Xatırladım ki, Gürcüstanda rəsmi rəqəmlərə görə 350 mindən çox, qeyri-rəsmi məlumatlara görə isə yarım milyona yaxın azərbaycanlı yaşayır.
Vacib bir məsələni qeyd edim ki, Azərbaycan tərəfi Gürcüstandakı soydaşlarımızı dərsliklə təmin etsə də, son illərdə qonşu dövlətdəki təhsil islahatlarından xəbərsizlik ortaya anlaşılmazlığı çıxarıb. Bu işin öyrənilməsində Təhsil Nazirliyinin Beynəlxalq Əlaqələr şöbəsi xüsusi rola malik olmalıdır.
- Bir çox ekspertlər Gürcüstanda ilbəil Azərbaycan məktəblərinin sayının azalması, ANA dilinin ölmək üzrə olmasından həyacanla yazırlar. Gələcəkdə bu prosesin daha da ciddi fəsadlar yaratmaması üçün hansı addımlar atılır?
- Lakin qeyd etdiyim kimi, Azərbaycan tərəfindən göndərilən dərsliklər Gürcüstanın təhsil standartlarına və stategiyasına uyğun deyil. Birincisi onlarda artıq təhsil 12 illikdir. Bundan başqa Gürcüstan tərəfindən dərslikər üzrə müəyyən edilmiş meyarlar Azərbaycan tərəfindən yerinə yetirilmir. Onlarda hər bir sinif üçün dərsliklərdə müəyən olunmuş məlumat, informasiya ağırlığı var. Amma Azərbaycan Təhsil Nazirliyi tərəfindən göndərilən dərsliklər o normalara cavab vermir.
Azərbaycan tərəfi eyni ilə bizim öz şagirdlərimiz üçün nəşr etdiyi dərslikləri gürcü dilinə tərcümə edib ora yollayır. Həmin dərsliklər orda heç bir əhəmiyyətə malik deyil. Çünki bizim göndərdiyimiz kitablarla ordakı şagirdlərin əldə etdikləri informasiyanın heç bir əhəmiyyəti yoxdur.
Təhsil nazirliyinin beynəlxalq əlaqələr şöbəsi və dərslik şöbəsi Azərbaycanlıların kompakt yaşdıqları ölkələrədə olmalı, onların təhsil standartlarını öyrənib ona uyğun olaraq dərslikləri çap edib göndərməlidir ki, o şadirdlər üçün faydalı olsun.
Çünki bizim kitablardakı informasoiyalar onların təhsil sitemində yararlı deyil.
“Problem Azərbaycan təhsil sistemində Gürcüstandakı azərbaycanlılara qarşı yaradılan süni problemlərdir”
- Gürcüstanda Azərbaycan məktəblərində Azərbaycan dilində fənləri tədris edən peşəkar kadrlara çox böyük ehtiyac var. Verilən xəbərlərə görə, yaşlı müəllimlərə 2 il ərzində alacaqları maaş məbləğində pul verilərək işdən çıxarılır. Onların yerini dolduracaq cavan kadrlar isə demək olar ki, yoxdur. Xüsusilə Azərbaycan dili və ədəbiyyatından məlumatsız gənclər yetişir. Səbəb nədir, vəziyyəti bu həddə gətirən səbəblər nədir?
- Təəsüflər olsun ki, bu gün Gürcüstan universitetlərində Azərbaycan dilli məktəbləri üçün müəllim hazırlayan fakültələr yoxdur. Əgər olsa, orda yaşayan azərbaycanlı ziyalılar həmvətənlərimiz üçün daha yararlı dərsliklər hazırlayarlar.
Xoşagəlməz digər hal da odur ki, Azərbaycan təhsil müəssisələrinə Gürcüstan azərbaycanlıları qəbul ola bilmirlər. Bunun bir səbəbi fərqli tədris proqramı olsa da, əsas problem Azərbaycan təhsil sistemində Gürcüstandakı azərbaycanlılara qarşı yaradılan süni problemlərdir. Dünyada qəbul olunmuş beynəlxalq qanunlar var ki, xarici ölkə vətəndaşları başqa ölkə universitetlərinə qəbul imtahanı verməyərək müsahibə yolu ilə tələbə adını qazanırlar. Lakin Gürcüstandan gələn azərbaycanlılar xarici ölkə vətəndaşı kimi dəyərləndirilmir və qəbul imtahanlarına cəlb edilirlər. Onlara yalnız ödənişli əsaslarla təhsil almaq hüququ verilir ki, bu da doğru deyil.
T.Qafarlı
Versus.Az
93 × 489
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"