Mövlud Çavuşoğlunun həmsədrlərlə görüşü erməniləri narahat edib
Tofiq Zülfüqarov: "Türkiyənin daxili siyasətində Ermənistan-Azərbaycan münaqişəsinin əhəmiyyətli yeri var"
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ATƏT Minsk qrupu həmsədrləri ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib.
Versus.Az xəbər verir ki, görüşdən sonra M.Çavuşoğlu bu barədə öz “Twitter” səhifəsində yazıb. O bildirib ki, ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində daha aktiv fəaliyyət göstərməlidir:
“Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll olunmalıdır”.
Türkiyə Xarici İşlər nazirinin ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü Ermənistan cəmiyyətində ciddi narahatlığa səbəb olub. Sosial şəbəkələrdə paylaşdıqları şərhləri ilə ermənilər Türkiyənin danışıqlar prosesinə müdaxilə etdiyi iddiasını ortaya atıblar.
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov açıqlamasında bunun tərəflər arasında ilk görüş olmadığını xatırladıb. Onun sözlərinə görə, Türkiyə ATƏT-in üzvü olduğundan ənənəvi şəkildə bu qurumun məşğul olduğu münaqişələrin həlli proseslərində iştirak edir:
“Hamı başa düşür ki, Rusiya ilə yanaşı, Türkiyə də bu bölgədə dominant ölkələrdən biridir. Türkiyə faktoru Qarabağ münaqişəsinin tərəfləri, o cümlədən həmsədrlər üçün də vacib məqamdır. Türkiyə ilə sərhədlərin açılması Ermənistanın işğal olunmuş əraziləri azad etməsi üçün ciddi təzyiqlərdən biridir. Hər kəs Ankara ilə münasibətlərin normallaşmasına gedən yolun Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsindən keçdiyini dərk edir. Buna görə də Türkiyənin hər zaman bu mövzu ilə məşğul olmaq və Qarabağ münaqişəsinin həllində iştirak etmək hüququ var”.
Zülfüqarovun fikrincə, Türkiyənin daxili siyasətində Ermənistan-Azərbaycan münaqişəsinin əhəmiyyətli yeri var:
"Qardaş ölkədə seçkilər zamanı istər iqtidar, istərsə də müxalifət partiyalarının proqramlarına diqqət yetirsək, Qarabağ münaqişəsinin həllinə münasibəti ifadə edən ayrıca bənd qeyd edildiyini görərik.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir müddət öncə bildirib ki, Türkiyə ilə Rusiya arasındakı münasibətlər konsepsiyası Ermənistan-Azərbaycan münaqişəsinin müzakirəsini də nəzərdə tutur. Bu, ATƏT-in Minsk Qrupu həmsədrlərinin Türkiyə nümayəndələri ilə görüşünün səbəbini izah edən məqamlardan biridir".
Politoloqun sözlərinə görə, Rusiya ilə Türkiyə arasında münasibətlərin kəskinləşməsinə baxmayaraq, bu durum Qarabağ probleminin həllinə təsir göstərməyəcək:
“Birincisi, Rusiyanın informasiya sahəsi ermənilərlə doludur. Bu da Moskva ilə Ankara arasındakı münasibətlər haqqında yazılanların heç birinin reallığı əks etdirmədiyini göstərir. Rusiya-Türkiyə münasibətlərindən danışarkən başa düşməliyik ki, SSRİ dağılandan sonra Rusiya Qərblə üzləşməyə və qlobal gücə çevrilməyə çalışır”. /modern.az/
Versus.Az
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"