KƏLBƏCƏR FACİƏSİ: Nədən 2-ci plan və nədən?..
"Sanki nə Sivas kimi şəhər dağıdılıb, nə Ərtoğrul kimi oğul öldürülüb"
26 mart - 3 aprel 1993-cü il - KƏLBƏCƏR dardadır!!! 1992-ci ilin yayında cəbhənin şımal qərb istiqamətlərində dönüş yaratmaq məqsədilə 2 plan hazırlanır. 1-ci plan məqbul olduğu halda, 2-ci plana üstünlük verilir. Nə idi 2-ci plan?
Plana görə Ağdərə və Kəlbəcər istiqamətindən qüvvələr Laçın ərazisinə yeridilir. Qısamüddətli toqquşmalar istisna olmaqla Laçın rayonunun Vağazin, Pircahan və Mişni kəndlərinədək döyüşsüz irəliləyən qüvvələrimiz bundan sonra iki istiqamətdə - Qırxqız-Sarıbaba və Hoçazdağ-Zabux-Ermənistan istiqamətində düşmənin bütünlüklə üstün qüvvələrinə qarşı qəhrəmanlıqla döyüşərək Laçın koridorunu praktiki olaraq tam nəzarətə götürürlər. Koridorun nəzarətə götürülməsində cənubdan Qubadlı istiqamətindəki qüvvələrimiz də qəhrəmanlıqla döyüşərək Laçına yaxınlaşırlar. Bu, Laçının işğaldan azad olunması idi.
Ancaq nədənsə rəhbərlik orduya koridorun bağlanmaması əmrini verərək, siyasi və hərbi qətiyyətsizlik göstərir. Gözlənilmədən 1992-ci ilin qışına yaxın bir neçə könüllü batalyon ləğv edilir. Şübhəsiz ki, bu amil cəbhədə özünü göstərməli idi.
1993-cü ilin yanvarından başlayan düşmən hücumunun sonucu olaraq fevralda strateji əhəmiyyətli, minlərlə vətən fədaisinin canı və qanı hesabına azad olunmuş Ağdərə rayonu süqut edir. Bu da özlüyündə Kəlbəcər və işğaldan azad olunmuş Laçının mühasirəyə düşməsi idi. Siyasi və hərbi hakimiyyətin ciddi səhvləri (səhv demək mümkünsə) öz nəticəsini verməyə başlayır. Bu zaman Laçındakı qüvvələrin bir hissəsinin Kəlbəcər-Ağdərə arasındakı müdafiəsiz qalan əraziyə gətirilməsi baş vermir. Laçındakı qüvvələrin böyük potensialı və döyüş təcrübəsi olsa da, ancaq bu amildən də şüurlu surətdə istifaqə olunmur. Düzdür, əvvəl Laçındakı bölmələrdən az bir hissə Ağdaban-Çərəkdar istiqamətinə gətirilsə də, ancaq sonradan həmin qüvvələr geri qaytarılır. Bütün cəbhə boyu qanlı döyüşlər gedir (26 martdan - 03 aprelə qədər).
Laçın ərazisindəki qüvvələrə geri çəkilmək əmri verilir. Kəlbəcərdə özünümüdafiə dəstələri, polis və 701-in bir batalyonu Ermənistanla dövlət sərhəddi və Ağdaban-Çərəkdar istiqamətində düşmənin çox-çox üstün qüvvələrinə qarşı qəhrəmanlıqla döyüşmələrinə baxmayaraq Ağdərə istiqamətində mövqelərimiz itirilir. Bu da martın 31-də Qamışlı körpüsünün və Tunelin bağlanması ilə nəticələnir.
Laçından gələn qüvvələrin döyüşərək geri çəkilmələri zamanı öz aralarında koordinasiya və rabitə (bu və ya digər formada) əlaqəsinin olmaması, yaxud pozulması bu qüvvələrin istər Laçın ərazisində, istər Ağduzdaq-Tunel arasında, istərsə də Tunel-Qamışlı-Qılıclı körpüləri arasında parçalanmasına gətirib çıxarır. Bu da ordu qüvvələrinin və yerli əhalinin bir hissəsinin mühasirəyə düşməsinə səbəb olur. Laçındakı qüvvələrin bir hissəsinin vaxtında Ağdərə istiqamətinə gətirilməsi baş versəydi bu istiqamətdə müdafiə döyüşlərinin vaxtı uzanardı və arxada, yəni Laçından gələn qüvvələrimizin maneəsiz Tuneldən keçərək bu istiqamətdəki qüvvələrimizlə birləşməsinə, eləcə də ətraf kəndlərin əhalisınin təhlükəsiz keçməsinə səbəb olardı. Əfsuslar olsun ki, bu da baş vermədi. 2 apreldə düşmən əsas qüvvələrin Qamışlı və Qılıclı körpüləri arasında cəmləşdirdi.
Onu da qeyd etmək istərdim ki, dövlət sərhəddi istiqamətində düşmən qüvvələrinin tərkibində rus hərbiçiləri də iştirak edirdi. Artıq Kəlbəcərin süqutu demək olar çatmışdı. Bakıdan köməyə gələn qüvvələr də ərazini tərk edir, hətta bəzi ərazilərdə düşmən maşınları saxlayıb, bizim vətəndaşları, qadınları, qocaları, uşaqları yerə tökür, bizim əsgərlər bu dəhşəti müşahidə edir. Məsafənin uzaqlığı və əsgərlərin vəziyyəti müdaxiləyə imkan vermir! Bir çox qüvvələrin ərazini döyüşsüz tərk etdiyi halda, az saylı qüvvələrin müqavimət və dirənişinə baxmayaraq düşmən qüvvələri 3 istiqamətdən birləşərək Murovdağ istiqamətində hərəkət edir.
3 aprel 1993-cü il MUROVDAĞda təbiət də qan ağlayır, dağın o üzündə qalanlar sonadək döyüşəcəklər, bu üzdəki qüvvələrimizin əsas cəmləşmə itiqamətləri hara olacaq, bilinmir? Bu anda Toğanada bir döyüçü əlində PK pulemyotu, üstündə 100-lük sink, boynuna, boğazına, belinə doladığı 150-lik dolu lent, son gülləsinədək döyüşüb, axırıncı çıxdığını deyir. Əfsuslar olsun ki, bu qəhrəman dönüb arxasına baxmadan deyir bu sözləri! Bu anda döyüççü bir GENERAL yadıma düşür - ruhunuz şad olsun cənab GENERAL!!! Və bir də dahi Hüseyin Cavidin Yıldırım Bəyazidin dili ilə dediyi bir kəlam yadıma düşür - "Çal, xoşbəxt Çoban, çal! Sanki nə SİVAS kimi şəhəri dağıdılb, nə ƏRTOĞRUL kimi oğlu öldürülüb!!!
ŞƏHİDLƏRİMİZ, NAMƏLUM və NIGARAN RUHLARIMIZ, qarşınızda baş əyərək deyirəm: bizi bağışlamayın! Qanınız axdığı Vətən torpaqlarını azad edəndə bizlərə QAZİ adını SİZ verərsiniz!!! XƏTANI ƏFV EDİN, XƏYANƏTİ ƏSLA!!!
ETİBAR HƏSƏNQULİYEV
/ehtiyatda olan mayor/
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"