“Torpaqlarımızın işğalı məndən ötrü dəhşətli mənəvi əzabdır” - Müsahibə
Firudin Məmmədov: "İnanır və ümid edirəm ki, möhtərəm Prezidentimizin uğurlu siyasəti nəticəsində tezliklə doğma Ağdama qayıda biləcəyik"
“Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyinin sədri Firudin Məmmədov 50 yaşının tamamında son 1 ildə gördükləri işlərdən və qələbəyə dair arzularında danışıb.
Firudin Məmmədov 30 aprel 1970-ci ildə Ağdam rayonun Seyidli kəndində anadan olub. Ağdam şəhər 6 saylı tam orta məktəbinidə oxuyub. 1988-1990-cı illərdə sovet ordusu sıralarında xidmət edib. Hüquqşünaslıq üzrə təhsil alıb. “Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyinin sədri, Qarabağ müharibəsi 1-ci qrup əlilidir.
- Firudin müəllim, Qarabağ əlillərini bir araya gətirmək naminə ictimai fəaliyyətinizlə kifayət qədər tanınırsınız. Bu yöndə nə vaxtdan və hansı zərurətdən çalışmağa başladınız?
- 1995-ci ildə mərhum qazimiz Etimad Əsədovun yaratdığı “Qarabağ Əlilləri” cəmiyyətinin Bakı şəhəri Nizami rayon şöbəsinin yaradılmasında yaxından iştirak etmişəm. O zaman, həm dövlətimiz həm də insanlarımız mürəkkəb dövrünü yaşayırdılar. Nə qədər ağırlı olsa da, deməliyəm ki, torpaqlarımızın iyirmi faizi bədnam ermənilər tərəfindən işğal edilib. Dağlıq Qarabağda və Ermənistanla həmsərhəd ərazilərdə iki il davam edən gərgin döyüşlərdən sonra düşmənlə təmas xəttində atəşkəsin elan edilməsindən bir il ötürdü. Müharibə ərəfəsində döyüşlərdən birində baş nahiyəmdən aldığım ağır qəlpə yaraları məni çox incidirdi. Sol gözümün görmə qabliyyəti tamamilə itmişdi. Sağ gözümün də dünya işığından məhrum olmaq ehtimalı yaranırdı. Müharibə əlilləri, Qarabağ qaziləri olaraq o zaman ciddi müalicəyə ehtiyacımız olduğu halda işimiz keçən bəzi məmurlar tərəfindən laqeyd qarşılanırdıq. Bir çox hallarda isə onların diqqətsizliyi üzündən vaxtında və tam müalicə oluna bilmirdik. Bu kimi münasibətlər biz əlilləri çox narahat edirdi və nəticədə yeni cəmiyyətin yaradılmasına zərurətin yarandığını görürdük. Beləliklə, 2001-ci ildə rəhmətlik Etimad Əsədovla birlikdə yeni “Qarabağ Qaziləri” Ictimai Birliyini yaratdıq. Bunula yanaşı həmin dövrdə Qarabağ Azadlıq Təşkilatının yaradılmasında da fəaliyyət göstərmişəm və təşkilat sədrinin birinci müavini olmuşam. Hazırda rəhbərlik etdiyim “Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyinin yaranması da zamandan doğan bir zərurət idi. İlk dəfə 2010-cu ildə rəsmi qaydada Ədliyyə Nazirliyinə qeydiyyatdan keçirilməsi üçün müraciət etdik. Əfsuslar olsun ki, həmin vaxt cəmiyyəti yarada bilmədik. Apardığımız gərgin mübarizə öz nəticəsini yalnız Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin son dövrlərdə apardığı məqsədyönlü islahatlardan sonra verdi. Birliyimiz ötən il aprelin 4-də rəsmi qeydiyyatdan keçib. Aprelin 30-da isə məni Ədliyyə Nazirliyinə dəvət edərək “Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyinin qərarını təqdim edərək ad günümü təbrik etdilər.
- Qarabağ müharibəsi və keçdiyiniz döyüş yolu barədə özünüzdən eşitmək maraqlı olardı.
- Ermənilərin məlum hücumlarının qarşısını almaq məqsədilə Ağdamda 1991 ci ildə birinci könüllü ərazi özünümüdafiə batalyonu yaradıldı. Batalyon komandirimiz cəsur döyüşçü, hamımızın sevimlisi, əfsanəvi zabit, Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyev idi. O zaman batalyonun ilk könüllü döyüşçülərdən biri oldum. Minaatan batareyada heyət üzvü kimi xidmətə başladım və batareya komandirinin müavini vəzifəsinə qədər yüksəldim. Həmin dövrdə Ordumuzun keçirdiyi uğurlu hərbi əməliyyatların birbaşa iştirakçısı oldum. Ağdam-Ağdərə-Tərtər istiqamətində gedən döyüşlərdəki iştirakım həyatımın ən ağır və şərəfli anlarıdır. 1993-cü il martın 28-də Ağdərə uğrunda gedən döyüşlərdə düşmənin tank mərmisindən ağır yaralandım. Bu məni döyüşü yarımçıq qoymağa vadar etdi. Sonra Ağdam düşmən tərəfindən işğal edildi və məcburi köçkün həyatım başladı. Qarabağın, Ağdamın hələ də işğal altında olması mənim üçün dəhşətli mənəvi əzabdır. Ancaq inanır və ümid edirəm ki, möhtərəm Prezidentimizin uğurlu siyasəti nəticəsində tezliklə doğma Ağdama qayıda biləcəyik.
- Birlik yarandığı gündən gördüyünüz işlərdən ilk növbədə nələri qeyd edərdiniz?
- Bu gün “Qarabağ Əlilərinə Qayğı” İctimai Birliyinin rəhbərliyində təmsil olunanlar Qarabağ döyüşlərində qəhrəmanlıq nümunələri ilə sayılıb-seçilən qazilərimizdir. Sədr müavini Namiq Məmmədov 1993-cü il dekabr ayında Madagiz uğrunda gedən döyüşlərdə fərqlənib. Ümummilli Lider Heydər Əliyevin sərəncamı ilə “Hərbi xidmətlərə” görə medalı ilə təltif olunub. Biz Nazim Quliyev, Hafiz Həmidov, Nəsimi Dadaşlı və başqa cəsur, vətənpərvər Qarabağ əlillərinin, müharibə veteranlarının dəstəyi ilə qısa müddətdə xeyli iş görmüşük. Birliyimizə üzv olanların sayı artmaqdadır. Ötən bir il ərzində respublikamızın otuza yaxın rayon və şəhərində iclas keçirməklə idarə heyətini və şöbələrin sədrlərini seçdik. Paytaxtdan sonra ölkəmizdə ən çox əhalisi olan Gəncə və Sumqayıt şəhərlərində birliyimizin şöbələrini yaratdıq. Onların əksəriyyəti ofisllə təmin olunub. Qalan şöbələr də yaxın zamanlarda ofislə təmin ediləcək. Cari ildə isə otuzdan artıq rayonda şöbə təsis edilməsini nəzərdə tutmuşuq. Mart ayında Şamaxı, Qobustan, Qazax, Ağstafa, Daşkəsən rayon şöbələrinin təsis iclasları keçirilməli idi. Məlum karantin rejimi ilə əlaqədar bu mümkün olmadı. Rayonlara gediş-gəliş bərpa olunan kimi həmin şöbələrin açılışını edəcəyik.
Qarşıya qoyduğumuz əsas vəzifələrdən biri müalicəyə ehtiyacı olan, maddi imkanları zəif neçə-neçə Qarabağ müharibəsi əlilinin, müharibə veteranının və onların ailə üzvlərinin dövlət tibb müəsissələrində müalicə olunmasına kömək etməkdir. Bu missiyamızı ardıcıl şəkildə həyata keçirmək əzmindəyik.
- Bildiyimizə görə, koronavirus pandemiyası ilə əlaqədar dövlətimizin rəhbərinin çağırışına sizin İctimai Birlik də fəal şəkildə münasibət bildirib.
- Təbii ki, biz bu mühüm, nəcib çağırışa həm bir vətəndaş, həm də vətənpərvər insanlar olaraq heç cür biganə qala bilməzdik. Odur ki, möhtərəm Prezidentimizin 19 mart 2020-ci il tarixli fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna ilk qoşulanlardan biri də bizim İctimai Birlik oldu. Fonda iki min manat köçürməklə “Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyi bu çətin günlərdə xalq və dövlətlə həmrəyliyini nümayiş etdirdi.
Birlik olaraq üzvlər arasında maddi imkanları məhdud olan, aztəminatlı ailələrinin siyahsını əvvəlcədən müəyyən etdik. Bakı şəhəri Nizami və Suraxanı rayon şöbələrinin sədrləri, idarə heyətinin üzvlərinin iştirakı ilə ərzaq yardımı paylandı. Bu işdə bizə dəstək verən millət vəkillərimiz də oldu. Göygöl rayonunda Elşad Mirbəşiroğlu, Tovuz rayonunda Qənirə xanım Paşayeva “Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyinin rayon şöbələrinə ərzaq yardımı ediblər. Yerli şöbələrdə sədrlərin və nümayəndələrin iştirakı ilə Qarabağ döyüşçülərinin aztəminatlı ailələrinə ərzaq yardımı çatdırıldı.
- Firudin müəllim, aprelin 30-u doğum gününüzdür - 50 yaşınız tamam olur. Yubileyiniz münasibətilə sizi təbrik edir və gələcəyə dair başlıca arzularınızı öyrənmək istəyirik?
- Təbrikə görə çox sağ olun. Əlbəttə, bu yubiley günlərində birinci növbədə Qarabağın, o cümlədən, erməni işğalı altında olan doğma Ağdamın azad olunmasını arzulayıram. Azərbaycanın ərazi bütövlüyünün bərpa olunduğu və müharibənin başa çatdığı günü tezliklə görmək istəyirəm. Bu bizim bütün vətənpərvər soydaşlarımızın, qazi və veteranlarımızın əsas arzusudur. Bununla yanaşı, Vətən yolunda sinələrini düşmən gülləsinə sipər etmiş igid oğullarımıza layiqincə qayğı göstərilməsini, dövlətin bu yöndəki vacib addımlarını hər kəsin dəstəkləməsini arzulayıram. Çox təəssüf ki, hələ də cəmiyyətdə bunun əhəmiyyətini lazımınca anlamayanlar var. Halbuki atəşkəsə qədər əzmlə döyüşmüş, sağlamlığını bu yolda qurban vermiş vətən övladları günü sabah Ali Baş Komandan döyüş əmri versə, yenə də könüllü olaraq döyüşə gedənlərdən önündə cəbhəyə yollanacaqlar. Mən o günü böyük həsrətlə gözləyirəm. Münaqişənin daha uzanmasını istəmirəm. 50 yaşımı o torpaqlardan uzaqda qarşılayıram, arzum budur ki, növbəti doğum günümü doğma Ağdamda, Seyidlidə keçirim. /525.az/
Versus.Az
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"