“Onlar məndən Laçının necə olduğunu soruşanda dilim söz tutmur, gözlərim dolur”
Sinif müəlliməsi Elyanə Zeynalova: "Ali Baş Komandan bir gün bizə qələbə sevincini yaşadacaq!"
Sizə 28 ildir Laçınsız qalan, hazırda "Laçın Obaları"nda Taxta Körpü qəsəbəsində yaşayan sinif müəlliməsinin bir məktubunda bizə yazdığı Laçın xatirələrindən danışacam. O, həmin “Laçın Obaları”dır ki, orda xəyanət və erməni gülləsi ilə hədəfə alınıb öz ata-baba yurdlarıından didərgin salınan laçınlılar yaşayır. O, laçınlılar ki, öz canları hesabına torpaqlarını qorumağa, onun üçün ölməyə hazır idilər. Can da verdilər, qan da tökdülər... Lakin yenə də məkirli erməni xislətli siyasətçilərin qurduğu “tələ”yə, oyuna tuş gəldilər... Və Laçın işğal olundu...
“Laçın Obaları”ndan gələn o məktubda 28 ildir ki, babaların, nənələrin, anaların, ata və oğulların, qız-gəlinlərin qanı, canı ilə yoğrulan, suvarılaraq yaşayan, böyüyən Laçın torpağımızın əsirlik harayı var. Ruhunu, cismini Laçında qoyub gələn və bu gün Taxta körpü qəsəbəsində yaşamağa məcbur olan laçınlılar bədənlərinin Laçında öz ruhları ilə qovuşacağı günü sükutla gözləyirlər...
Bu gün 28 ildir ki, işğal günlərini böyük açı ilə yad edən, “Laçın obaları”ndakı rayon sakinlərinin Laçınsız həyatına 37 saylı tam orta məktəbin sinif müəlliməsi Elyanə müəllimənin “pəncərəsi”ndən baxırıq.
Elyanə müəllimə Laçına bərabər sevdiyi atası Muxtar müəllimi eyni qürur, eyni vuqarla yada salır. Laçında atasını, atasında Laçını görür. Və bu gün onun üçün bir övlad, müəllimə, ana olaraq, Laçının qürurunun, vüqarının yağı düşmən tərəfindən tapdanmasından böyük faciə, əzab ola bilməz... Bu hiss, hər bir vüqarlı laçınlının düşüncəsinə hakimdir...
Bu gün Taxta körpü qəsəbəsində zahirən həyat davam edir - uşaqlar doğulur, böyüyür, evlənir. Vaxt keçdikcə, uşağlar böyüdükcə, ana yurdu, ata ocağını görmək, onu azad etmək, qoxlamaq hissi daha da artır, laçınlılarda. Onları vətən sevgisi böyüdür. Müəllim və valideynlər hər gün öz övladlarına, şagirdlərinə aşıladığı vətən sevgisini öz xatirələri ilə cücərdirlər. Laçınlılar öz övladlarını laçın sevgisi ilə birgə böyüdürlər. Burda böyüyən gənclər, 28 ildir Laçınla bağlı xatirələrdə acı, dərd, niskil ilə boy atır, yaşayırlar. 28 ildir gənc laçınlılar o şəhəri yalnız analarının gözyaşı, atalarının susqun baxışları, dərddən ağarmış saçlarında görürlər. Laçınsız qalan, laçınlılar laçında qalan evlərinə yalnız xəyyallarında gedirlər, hər gün Laçına qonaq gəlir, hər gün onu işğaldan azad etmək üçün mübarizəyə qalxırlar. Laçın onlar üçün ən gözəl xatirədir...
Elyanə müəllimənin çalışdığı 37 saylı orta məktəbdə də LAÇIN ən çox sevilən, kədərlə, inamla izlənən mövzudur....
Sorma məndən haralıyam,
Yurdum yoxdur, yaralıyam,
İşğal olub torpaqlarım,
Yurd-yuvasız laçınlıyam.
Mən elimin harayıyam,
Ah-naləsi, fəryadıyam.
Viran olub elim, obam,
Elsiz qalan laçınlıyam.
Qəribliyin ünvanıyam,
Vətənimdən aralıyam.
Ayrı düşüb dost-tanışım,
Tənha qalan laçınlıyam.
Sanma məni zavallıyam,
Əsli-kökü ziyalıyam.
Tanınardı atam, babam,
Kökü itmiş laçınlıyam.
İgid oğullar yurduyam,
Xəyanətin qurbanıyam.
Laçınımı unutmaram,
Ölənəcən laçınlıyam.
/Pərviz Məlik/
"Mən o xatirələri hər gün yaşayram"
Elyanə müəllimə LAÇINlı günlərindən danışanda hər zaman rayonun ziyalılarından olan atasını özünə bir arxa, dayaq, qürur və onu fəxarət hissi ilə xatırlayır, yada salır. Laçınla atasının adını həmişə qoşa çəkir. Laçını atasının obrazında, xarakterində, şeirində, ruhunda görür. O, 28 ildir Laçının cismində tapdanan vüqarı, ruhunda əzilən mənliyi düşmənə, işğalçıya qarşı böyük nifrəti və qisas məqsədini özündə böyüdür və Qələbəyə inanır…
Laçınlı günlərindən - məktəbli qızın öz atasına, Laçına layiqli olmaq, məktəbdə nümunəvi şagird, tələbə olub, sonra bir müəllimə kimi təhsil aldığı orta məktəbdə müəllimə kimi fəaliyyətə başlaması ömrünün ən gözəl və məsuliyyətli anları kimi yaddaşına həkk olub. Elyanə müəllimə deyir ki, indi üzərində daha böyük bir məsuliyyət yükü var - Atasının canı qədər sevdiyi Laçını azad görmək üçün apara biləcəyi mübarizə, bir müəllimə kimi bu istiqamətdə əlindən gələni edə bilməsi…
“Mən o xatirələri hər gün yaşayıram… O günləri heç nəyə dəyişmərəm. Laçınımdan danışdıqca, övladlarım da mənimlə birlikdə, amma çox təəssüf ki, ancaq xəyalən görə bilirlər doğma Laçınımızı. Qəribədir, insan harda dünyaya göz açsa da, uşaqlığı harda keçsə də, aid olduğu torpağı, ata-baba yurdunun özləmini hər zaman çəkir.
Həmişə qışda Laçının qarından, yazda açan bənövşəsindən, nərgizindən, yasəmənindən, yayda bir az isti, bir az sərin keçən havasından, gözəl mənzərələrindən, “şəhərin ayağı”, “şəhərin başı”, “poçt məhləsi, "erteyis məhləsi" -deyilən yerlərdən o qədər danışıram ki... Artıq onlar da o yerləri əzbər bilirlər, bəzən Laçını gördüklərini deyirlər. Hətta söhbətimə elə qoşulurlar ki, sanki Laçından çıxanda 11 aylıq olan oğlum və qaçqınçılıq dövründə dünyaya gələn digər iki oğlum o küçələri, o yerləri mənimlə birlikdə gəzirlər.
Hər fəslin gözəlliyini Laçınla müqsyisə edirəm. Yaxud, hansısa televiziya kanalında qar yağan hər hansı bir ölkə və ya rayon görəndə, artıq buna vərdiş edən uşaqlarım özləri məni qabaqlayıb, “mama, Laçında da belə qar yağırdı, orda belə dağlar, mənzərələr, belə çaylar vardı?” deyə soruşurlar... Mənim sevə-sevə danışacağım mövzu olduğunu bilirlər, ona görə kefsiz olanda, Laçını məndən soruşurlar.
Həm öz övladlarıma həm də məktəbdə dərs dediyim şagirdlərimə Laçında oxuduğum 2 nömrəli məktəbdən danışıram. "Raykomun binası", deyilən binadan da hündürdə yerləşən, 198 pilləkənli yolu olan, şəhərin demək olar ki, yarı hissəsinin gözlə görülə bilən 3 mərtəbəli böyük, doğma 2 saylı məktəbimdən... Uşaqlığımı, sinif yoldaşlarımı, müəllimlərimi, sonunda isə dərs dediyim sinif otaqlarını... xatırlayıram və xəyalımda müqayisələr aparır elə hey laçınlı günlərimi düşünürəm.
Laçında vəziyyət pisləşən ərəfədə yenicə başlamışdım müəllimlik həyatına. O qədər qürurverici idi ki, uşaqlığının keçdiyi, təhsil aldığım məktəbdə müəllim kimi fəaliyyətə başlamaq... Hər şey qırıldı…
İndi "Laçın obaları"nda, “Taxta Körpü” qəsəbəsində yaşayıb, həmin kiçik qəsəbədə yerləşən 37 saylı tam orta məktəbdə müəllimə işləyirəm. Ölkəmiz üçün “kiçik fidanlar” yetişdirirəm. Onlar sabahın həkimi, müəllimi, alimi, döyüşçüsü olacaqlar.
Nəyə təəssüf edirəm, qəsəbənin kiçik olmasına baxmayaraq bəzi valideynlər uşaqlarını məktəbə maşınla gətirib aparırlar. Laçında isə belə deyildi. Nə qədər imkanlı, nə qədər imkansız ailənin uşaqları olsalar da, hamı o 198 pilləkənli məktəb yolunu piyada gəlirdi məktəbə. Məktəbə maşın yolu olsa da, biz bu pilləkənləri qalxırdıq, həm də sevə-sevə. Hazırlıq sinfindən tutmuş, ta 10-cu sinfə qədər olan bütün uşaqlar qalxırdı o 198 pilləni.
Hərdən Laçının köhnə şəkilləri ilə rastlaşıram. Hərdən də bu günün uçuq, yanıq, dağıdılmış vəziyyətdə olan şəkilləriylə. İlahi, bir şəkillə insan əvvəllər yaşadığı o qədər illəri anbaan necə xatırlayar... Heç yaddan çıxdımı ki, yox...
İndi düşmənlərimiz Laçının keçmişini bizə unutdurmaq üçün, "özlərini Laçına sevdirmək" üçün Laçına o qədər bəzək düzək vurublar ki... Laçın isə bunların heç birini QƏBUL etmir. Yanmır, alışmır, selin, daşqının altında qalmır, nə də Laçını bizdən, bizi Laçından edən düşmənləri sevmir. Çünki bizi gözləyir…
Xəyalımda hərdən Laçında körpə uşaq oluram, həyətdə bacılarımla oynayıram, hərdən çantamı əlimə alıb məktəbə yollanıram, hərdən qonşu qızla həyətdə durub söhbət edən vaxt atamın işdən gəldiyini görəndə tez evə qaçıb girirəm. Hərdən də qış olur, gecə qar yağanda gizlincə bir-birimizi yuxudan oyadıb, küçə işıqlarının altında parıldayan qara ilk izləri biz salırıq…
Nə acı? Nə acı... Nə acı! Laçında olmasam da, xəyalımda Laçında "yaşayıram". Nə acı, atam Laçın həsrəti ilə dünyadan köçdü. Nə acı, mən övladlarımı gözəl yurdumda böyüdə bilmədim, məktəb yaşlarına çatanda əllərindən tutub o 198 pilləni qalxıb öz oxuduğum məktəbə apara bilmədim. Laçının mənə doğma olan küçələrini gəzdirə bilmədim. Soyuq bulaqlarını, gözəl mənzərələrini, füsunkar gözəlliyini göstərə bilmədim. Nə acı..., onlar məndən Laçının necə olduğunu soruşanda, səsim titrəyir, dilim söz tutmur, göz yaşımda boğuluram... Nə acı!..
Amma inanıram, inanıram ki, Ali Baş Komandanımız bir gün bizə qələbə sevincini yaşadacaq. Bir gün biz o yerlərə qayıdacağıq. Və bir gün mən övladlarımı apara bilmədiyim o məktəbə nəvələrimi apara biləcəm. Allah nəsib etsin İnşaAllah!…”
T.Qafarlı
Versus.Az
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"