“Laçın niyə işğal edildi?”
Əlisahib Hüseynov: “Hansı yolla olursa-olsun, Qarabağ müharibəsində son sözü məhz Azərbaycan deyəcək”
28 ildir ki, Laçın işğal altındadır. Bundan əvvəl isə Şuşanın, Ağdamın, Fizulinin ...bu siyahı o qədər uzundur ki, hər ayımıza bir qara gün düşüb...
Versus.Az xəbər verir ki, Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov Laçınla bağlı çox mühüm nüanslara toxunub.
DADP sədri bildirib ki, Laçının işğal olunduğu belə bir gündə “Laçın niyə işğal olundu” sualı hər nə qədər gözlənilən olsa da, bu sualı cavablandırmaq elə də asan deyil:
“Mən bu gün ilk növbədə torpaqlarımızın müdafiəsi uğrunda canlarından keçmiş bütün döyüşçülərimizin, o cümlədən Laçın şəhidlərimizin ruhları qarşısında baş əyirəm”.
Ə.Hüseynov hesab dir ki, bu məsələyə aydınlıq gətirmək üçün əvvəlcə bütövlükdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixinə qısa ekskursiya etməliyik:
“Laçın 1992-ci il mayın 18-də ermənilər tərəfindən işğal edilsə də, ancaq bu işğalın təməli əslində hələ 4-5 il öncədən qoyulmuşdu. Daha doğrusu, hər şey 1987-ci ildə Ermənistan SSR rəhbərliyinin və millətçi-daşnak erməni ziyalılarının Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarılması və Ermənistanın tərkibinə birləşdirilməsi tələbi ilə çıxış etməsindən başladı. Bu tələbin həyata keçirilməsi və muxtar vilayət statusunun dəyişdirilməsi üçün Dağlıq Qarabağ və Ermənistan erməniləri arasında 75 min nəfərin imzası toplanıldı. 1988-ci ilin fevralından etibarən Xankəndində və İrəvanda bu tələbin səsləndirildiyi mitinqlər başladı. Bundan sonra Əsgəran rayonunda iki azərbaycanlı gənc qətlə yetirildi və Sumqayıtda erməni terrorçularının özləri tərəfindən bir neçə erməni öldürüldü. 1988-ci ilin payızında Dağlıq Qarabağda Topxana meşəsinin ermənilər tərəfindən qırılması Azərbaycanda da kütləvi etiraz mitinqlərinin başlanmasına rəvac verdi. Noyabrın 16-da Bakıda Azadlıq meydanında on minlərlə insanın iştirakı ilə xalq hərəkatı başladı. 1990-cı il 20 Yanvar qırğınından sonrakı siyasi proseslər Dağlıq Qarabağ münaqişəsinin get-gedə real müharibəyə transformasiya olunmasına gətirib çıxardı. Mixail Qorbaçov başda olmaqla o vaxtkı mənfur sovet rəhbərliyi Azərbaycana qarşı xain mövqe tutdu, torpaqlarımızın ermənilər tərəfindən qəsb edilməsi üçün maksimum münbit şərait yaratdı. 1992-ci ilin əvvəllərində Xankəndi ətrafında yerləşən yaşayış məntəqələrimiz (Kərkicahan, Qaradağlı, Meşəli ermənilərin işğalına məruz qaldı. Fevralın 26-da Xocalı soyqırımı törədildi. Bundan bir neçə ay sonra, 1992-ci ilin mayın 8-də Şuşa işğal edildi. Şuşanın işğalı Laçının işğal edilməsinin son astanası oldu, zəmin yaratdı. Yəni ki, Laçının işğal edilməsi birdən-birə baş vermədi. Hadisələrə ümumi kontekstdən baxmaq lazımdır. Bəli, istər Şuşanın, istərsə də Laçının işğal edilməsində o vaxt Azərbaycanda cərəyan edən ictimai-siyasi proseslərin, hakimiyyət uğrunda mübarizənin də kifayət qədər ciddi təsiri olmuşdu. Həmin vaxt bildiyimiz kimi ölkədə ikihakimiyyətlilik mühiti hökm sürürdü. Bir tərəfdən martın 6-da istefa vermiş Ayaz Mütəllibov nəyin bahasına olursa-olsun, yenidən hakimiyyətə qayıtmağa can atırdı. Digər tərəfdən isə AXC-Müsavat cütlüyü hakimiyyətə gəlmək üçün “Qarabağ kartı”ndan istifadə edirdi. Əslində isə Şuşa və Laçın kimi strateji əhəmiyyətli məntəqələrimizin müdafiəsi Ayaz Mütəllibov hökuməti tərəfindən etibarlı şəkildə təmin edilməli, müxalifət isə ona bu işdə hər cür dəstək verməliydi. Təəssüf ki, hər şey tamamilə bunun əksinə idi. Bu isə ermənilərin öz işğalçılıq planlarını daha da rahat surətdə həyata keçirmələrinə əlverişli imkan yaradırdı. Həmin dövrdə əfsuslar olsun ki, beynəlxalq vəziyyət də Azərbaycan üçün ürəkaçan deyildi. Hətta qonşu İran dövləti də təcavüzkar Ermənistana bu və ya digər formada dəstək nümayiş etdirirdi. Azərbaycan faktiki olaraq təklənmişdi”.
Ə.Hüseynov Laçının işğal faktının aradan qaldırılması ilə bağlı hər hansı beynəlxalq müdaxiləyə istinad etmədən torpaqların işğaldan azad edilməsinin çətin olacağını deyib. Qeyd edib ki, təbii olaraq ayrıca Laçının işğaldan azad edilməsi mümkün deyil:
“Burada söhbət bütün Qarabağın erməni işğalından azad edilməsindən gedir. Laçının işğaldan azad edilməsi də bu prosesin tərkibinə daxildir. İndiki halda isə beynəlxalq təşkilatların iştirakı, həmsədr ölkələrin vasitəçiliyi olmadan bu münaqişəni həll etmək mümkün deyil. Ümumiyyətlə, dünya müharibələr tarixinə nəzər yetirsək görərik ki, heç bir müharibə, münaqişə vasitəçilərin iştirakı, dəstəyi olmadan sülhlə nəticələnmir. Odur ki, bu gün beynəlxalq vasitəçilərsiz hansısa bir “yol xəritəsi”dən danışmağımız mümkünsüzdür. Qarabağ münaqişəsi artıq çoxdan beynəlxalq əhəmiyyətli problemlərdən birinə çevrilib. Bu münaqişənin hazırda sırf Ermənistanla Azərbaycanın ikisinin öz arasında məhəlli münaqişə kimi çözülməsi qeyri-mümkündür. Çünki biz özümüz vaxtilə beynəlxalq müşahidəçilərin, vasitəçilərin münaqişənin həlli prosesinə cəlb edilməsinə razılıq vermişik. Odur ki, biz hazırda bu münaqişənin çözülməsi prosesində beynəlxalq aktorların potensialından maksimum səmərəli istifadə etməyə çalışmalıyıq. Söhbət heç də “Allahdan, beynəlxalq təşkilatlardan buyuruq” gəlməsini gözləməkdən getmir. Biz ümumiyyətlə, nəyisə oturub gözləmirik. Rəsmi Bakı münaqişənin çözülməsi üçün kifayət qədər fəal diplomatik siyasət yürüdür. Tarixi özümüz yazmalıyıq məsələsinə gəldikdə isə, şübhəsiz ki, tarixi özümüz yazmalıyıq. İstər diplomatiya sahəsində, istərsə də hərbi müstəvidə tarix yazmaq görəvi bizim öz üzərimizə düşür. Ümumiyyətlə, hansı yolla olursa-olsun, Qarabağ müharibəsində son sözü məhz Azərbaycan deyəcək”.
“Azərbaycanın öz torpaqlarının bir qarışından da vaz keçməyəcəyi ən ali səviyyələrdə dəfələrlə bəyan edilib”
Partiya sədri aparılan danışıqlarda Laçınla bağlı ortaya qoyulan məqamlara diqqət çəkib. Qeyd etməliyik ki, danışıqların əsas müzakirə mövzularından biri də “Madrid prinsipləri”nə uyğun olaraq Laçın dəhlizinin ermənilərin nəzarətinə verilməsi idi. Bilirik ki, uzunluğu 10 kilometrdən artıq olan Laçın dəhlizi həm də Laçın rayonunun önəmli hissəsini əhatə edir.
Ə.Hüseynov hesab edir ki, “Madrid prinsipləri”ni Azərbaycanın maraqlarına zidd olan sənəd kimi təsəvvür etməməliyik. Bu prinsiplər münaqişənin mərhələli həllini nəzərdə tutur və bu da Azərbaycanın maraqlarına tam cavab verir:
“Burada söhbət “Laçın dəhlizi” deyilən sözügedən ərazinin ermənilərin nəzarətinə verilməsindən yox, istifadəsinə verilməsindən gedir. Bunlar tamamilə fərqli anlayışlardır və burada Laçının masaya qoyulmasından, “ticarət” predmeti olmasından söhbət belə gedə bilməz. “Laçın dəhlizi” Azərbaycanın da razılığı əsasında yalnız beynəlxalq güclərin nəzarətində ola bilər. Bununla əlaqədar “Praqa prosesi” çərçivəsində və “Madrid sənədinə”, “Madrid prinsipləri”nə çevrilən baza prinsipləri əsasında müzakirələr də aparılıb. Lakin Ermənistan tərəfi danışıqlar prosesində həmişə qeyri-konstruktiv mövqe tutduğuna görə “Laçın dəhlizi” məsələsində də hələlik tam yekun razılaşma əldə edilməyib. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə çıxışlarında qeyd edib ki, bu gün danışıqlar masası üzərində bütün işğal edilmiş Azərbaycan torpaqlarının qaytarılması və məcburi köçkünlərin öz doğma ev-eşiklərinə qayıdışının təmin edilməsi məsələləri qoyulub. Ermənistan tərəfi danışıqlar prosesini hər vasitə ilə süni şəkildə uzatmağa çalışsa da, Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanın mövqeyi birmənalıdır və biz bütün təzyiqlərə baxmayaraq öz mövqeyimizi sonadək müdafiə edəcəyik. Göründüyü kimi Azərbaycanın öz torpaqlarının bir qarışından da vaz keçməyəcəyi ən ali səviyyələrdə dəfələrlə bəyan edilib”.
Partiya sədri qeyd edib ki, torpaqların, elə Laçının işğaldan azad olunması prosesində kimin hansı şərtlərlə çıxış etməsindən asılı olmayaraq, Azərbaycanın bir tələbi var - Azərbaycanın ərazi bütövlüyü tam şəkildə bərpa olunmalıdır:
“Hazırda işğal altında olan torpaqlarımızın, o cümlədən Laçının da işğaldan azad edilməsi üçün ilk növbədə BMT Təhlükəsizlik Şurasının qətnamələri mövcuddur. Bildiyiniz kimi, BMT Nizamnaməsinə görə, Təhlükəsizlik Şurasına (TŞ) dünyanın müxtəlif nöqtələrində mübahisəli məsələləri, o cümlədən münaqişələri həll etmək üçün kifayət qədər geniş səlahiyyətlər verilib. TŞ-in qətnamələri məcburi mahiyyət kəsb etməsə də, tövsiyyə xarakteri daşısa da belə bu qətnamələr yerinə yetirilmədikdə və məsələ beynəlxalq sülh üçün təhlükəli xarakter daşımağa başladıqda, o zaman Şuranın məcburi qərarlar qəbul etmək hüququ vardır. BMT Nizamnaməsində o da qeyd edilib ki, hər bir dövlətin ərazi bütövlüyü toxunulmazdır və bu prinsipi pozanlar beynəlxalq hüququn normalarının ziddinə hərəkət etmiş olurlar. Göründüyü kimi, beynəlxalq hüquq hər iki aspektdən bizim tərəfimizdədir və Ermənistanın dünyanın gözü qarşısında beynəlxalq hüquq normalarını pozmasının qarşısını almaq üçün real təzyiq mexanizmləri də mövcuddur. Lakin çox təəssüflər olsun ki, bu gün beynəlxalq birlik bu məsələdə laqeydlik nümayiş etdirir və təcavüzkarın cəzalandırılması istiqamətində heç bir real addım atmır. ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərinin hazırki mövqeyi də heç şübhəsiz ki, bizi qane edə bilməz. Ölkə başçısı İlham Əliyev öz çıxışlarında həmsədrlərin fəaliyyətinin sönüklüyü və səmərəsizliyini də dəfələrlə vurğulayıb. Sözün açığı, Azərbaycan sülh danışıqlarının davam etdirilməsindən də, həmsədrlərin vasitəçilik xidmətlərindən də imtina edə və münaqişənin hərbi yolla həlli prosesinə günü bu gün də start verə bilər. Buna bizim hüququmuz çatır. Ancaq münaqişənin hərb yoluyla tam da bizim maraqlarımıza uyğun şəkildə həll olunacağına bu gün heç kim zəmanət verə bilməz. Bu olduqca riskli məsələdir. Bu barədə korkoranə qərarlar qəbul etmək olmaz. Biz bu məsələdə qonşu Gürcüstanın və strateji müttəfiqimiz sayılan Ukraynanın da acı təcrübəsini nəzərə almalıyıq. Hər iki ölkənin öz ərazi bütövlüyünü hərbi yolla təmin etmək cəhdlərinin fiasko ilə nəticələndiyi hər kəsə məlumdur. Biz bunu bilə-bilə Qarabağın taleyini risk altına ata bilmərik. Odur ki, bu gün ən real həll variantı sülh danışıqlarının davam etdirilməsidir. Biz istəsək də, istəməsək də, hələlik sülh danışıqlarından daha yaxşı heç bir əlverişli alternativ yoxdur. Münaqişənin hərbi yolla həll edilməsi hüququnu isə şübhəsiz ki, hər zaman özümüzdə saxlayırıq”. /ucnoqta/
LƏMAN
Versus.Az
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"