Pensiya yaşı dəyişdiriləcəkmi?

13:00 08-06-2023 | icon 1368 | Siyasət
 Pensiya yaşı dəyişdiriləcəkmi?

Musa Quliyev: “Pensiyaya çıxandan sonra da işə davam etmək imkanları yaradılmalıdır”

 

Dövlətin sosial siyasəti Vətəndaşın hərtərəfli sosial-iqtisadi təminatını özündə əks etdirən və üzərində qlobal yükü, məsuliyyəti daşıyan, eyni dərəcədə məsuliyyətli əmək, ciddi yanaşma tələb edən əsas xətt olaraq daim nəzarət, yenilənmə tələbi ilə bu sisteminin düzgün və işlək olması zərurətini ortaya qoyur. Sosial Dövlət anlayışı sistemində əhalinin daha yaxşı yaşam təminatını hədəfləyən qanunların icraası bu günkü reallıqda da mühüm amil olaraq önə çəkilir.

 

Vətəndaş sosial sferada hansı problemlərlə üzləşir və onun aradan qqaldırılması üçün hansı addımlar atılır?

 

Versus.Az xəbər verir ki, bu istiqamətdə müsahibə verən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bir çox məsələlərə aydınlıq gətirib.

 

- Musa müəllim, bu gün ölkə əhalisinin sosial, ictimai, iqtisadi, mədəni həyatının mənzərəsi hansı mühüm amilləri ilə diqqət çəkir. İndiki mərhələdə sosial sferada həllini gözləyən əsas prioritetlər nədir?

 

- Azərbaycan sosial dövlətdir və onun daxili siyasətində sosial siyasət həmişə prioritet istiqamətlərdən biridir. Cənab Prezident öz çıxışlarında, müraciətlərində də söyləyir ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun sosial rifahı dayanır. Amma hər bir dövlətdə olduğu kimi, Azərbaycanın da daxili siyasətində  əsas prioritetlər müxtəlif dövrlərdə dəyişir, yeni prioritetlər ortya çıxır. Yaxud, inkişaf prosesində əvvəlkilər özünün əhəmiyyətini itirir, yaxud da həllini tapmır. Hazırda bizim dövlətin daxili siyasətində qarşıda dayanan əsas məsələ Qarabağın və Şərqi Zəngəzurun bərpası, təhlükəsizliyinin təmin olunması, ərazilərdə minaların təmzlənməsi, məskunlaşma prosesinin sürətlənməsi, məcburi köçkün bacı-qardaşlarımıza yaşayış yerləri ilə yanaşı iş yerlərinin açılmasıdır və sair...  Digər prioritet istiqamətlər də var ki, bunlar ölkənin müdafiə qüdrətinin artırılması, milli təhlükəsziliyin qorunması, strateji sahələrin, o cümlədən su, enerji, yol və sair infrastruktur layihələrin həyata keçirilməsidir. Bu mənada son dövrlərdə qəbul etdiyimiz qanunlar, qərarlar, proqramlar əsasən  qeyd etdiyim strateji məsələlərə yönəlmişdir. Heç şübhəsiz ki, ilkin olaraq Zəngilanın Ağalı kəndinə məcburi köçkünlərimizin köçürülməsi artıq burda sosial, mədəni infrastruktrun, iş yerlərinin  yaradılması ilə yanaşı, həm də ən müasir şəkildə qurulması Azərbaycan dövlətinin gücünün göstəricisi, həm də cənab Prezidentin sosial sahəyə nə qədər həssas yanaşmasının ifadəsidir. Bilirsiz ki, artıq Laçına ilk köçürülmə baş tutdu. Təbii ki, burda məsələ təkcə sakinlərin işğaldan azad edilmiş ərazilərə köçürülməsi deyil, o insanların daimi yaşamasından ötrü iş yerlərinin açılması, sosial infrastrukturun qurulması, eyni zamanda təhlükəsizliyin təmin edilməsi vacib məsələlərdir.

 

Bu gün bütün dünyada post-covid dövrünün zərərli  fəsadları  iqtisadi və sosial sahədə xüsusilə yaşanır. Bu mənada Azərbaycanın sosial-iqtisadi mənzərəsindən danışanda ilk növbədə bu istiqamətdə məsələlərin həllində dövlətin niyyət və imkanlarını da nəzərə almaq lazımdır. Qeyd etmək lazımdır ki, Azərbaycanın dövlət büdcəsinin 30 faizindən çoxu sosial sahələrin maliyyələşdirilməsinə yönəldilib. Bu ilin dövlət büdcəsində sosial sahələrin maliyyələşməsinə təxminən 46 faizə yaxın büdcə vəsaiti ayrılıb ki, bu da büdcənin yarısı deməkdir. Əlbəttə ki, çətinliklər də var. Xüsusilə, pandemiyanın yaratdığı ümumdünya maliyyə iqtisadi böhranı və böhranın törətdiyi məhsul qıtlığı, infilyasiya Azərbaycanda da mənfi təsirini göstərir. Dünyada gedən qlobal təbiət hadisələri - istiləşmə, quraqlıqlar, ərzaq qıtlığı, suyun çatışmazlığı məsələləri yxın 4-5 il müddətində ən ciddi problem olaraq qalacaqdır. Bunların aradan qaldırılması üçün dövlətin investisiya layihələri həyata keçirilir, tədbirlər görülür.

 

- Ölkəmizdə müşahidə olunan qiymət artımı, vətəndaşın məşğulluğu, işlə təminatı, maaşları, qocalıqla bağlı pensiyası, xəsətliklə bağlı əlilliyin təyinatı və sair məsələlər dediyiniz kimi, dünyada cərəyan edən qlobal proseslərin fonunda nə dərəcədə adekvat inkişaf edir?

 

- Əlbəttə, pandemiyanın mənfi təsirlərinin aradan qaldırılmasına illərlə vaxt lazım olacaq. İnfilyasiya məsələsi təkcə Azərbaycanın və yaxud da hər hansı bir dövlətin daxili məsələsi deyil. Bütün ölkələr bir-biri ilə iqtisadi, ticari əlaqələrə malikdirlər və bir ölkədə baş verən qiymət artımı, digər ölkələrə də öz təsirini göstərir. Təəssüflər olsun ki, Azərbaycanda çox işlənən malların, o cümlədən ərzaq məhsullarının böyük hissəsi xaricdən gətirilir. Yəni biz bu mənada idxaldan asılı infilyasiyaya məruz qalmışıq. Hökumətimizin ötən ilin sonlarındakı hesabatında və büdcə təqdimatlarında verdiyi proqnoza görə bu il infilyasiya Azərbaycanda birrəqəmli həddə düşəcəkdi, amma dünyada gedən proseslər onu göstərir ki, bu il infilyasiyanın həcmi kifayət qədər çox olacaq. Bunun da müqabilində əlbəttə ki, maaşların, pensiyaların, müavinətlərin artırılması, digər sosial dəstək layihələrin həyata keçirilməsi zəruridir. Bilirsiz ki, bu ilin yanvar ayında cənab Prezidentin fərman və sərəncamları ilə 4-cü sosial islahatlar zərfi qəbul olundu, Büdcədən maliyyələşən bütün təşkilatların əməkhaqları artırıldı, minimum əməkhaqqının 300 manata qaldırılması ilə əlaqədar qeyri-büdcə təşkilatarında, özəl sektorda da əməkhaqqının artırılması prosesi baş verdi. Minimum pensiya qaldırıldı. Orta aylıq pensiya təxminən 15 faiz həcmində yüksəldildi. Əlillərə görə müavinət və Prezident Təqaüdlərinin, o cümlədən tələbələrə verilən təqaüdlərin, alimlərə verilən pensiyaya əlavələrin məbləğləri və sair ödənişlər artırıldı.

Eyni zamanda yeni iş yerlərinin açılması birbaşa investisiya tələb edən məsələdir. Bu sahədə şübhəsiz ki, özəl sektora daha geniş imkanlar yaradılmalıdır.  Vergi güzəştlərinin verilməsi, onların vergilərdən müəyyən müddət üçün azad edilməsi və yaxud da kənd təsərrüfatı sahəsində güzəştli şərtlərlə kreditlərin verilməsi vacib məsələlərdir. Artıq pandemiya təsirlərinin minimuma endirilməsi şərtləri daxilində turizmin inkişafı üçün yeni imkanlar yaradılır və Azərbaycanın qeyri-neft sektorunda ən qabaqcıl, daha çox gəlir gətirən sahələrindən biri turizmdir. Cənab Prezidentin turizmə diqqəti böyükdür və daxili turizmin inkişafına xüsusən müəyyən imkanlar yaradılmalıdır. Fakt odur ki, Azərbaycanın bütün turizm obyektlərində qiymətlər kifayət qədər bahadır, yəni Azərbaycanda hardasa 1 həftə istirahət etməyə çəkilən xərclər Türkiyənin kurortlarında çəkilən xərclərə bərabədir. Və yaxud da Gürcüstanda istirahət yerlərindəki qiymətlər bizdən iki dəfə aşağıdır. Ona görə də aşağı büdcəli istirahət yerlərini də təşviq etmək lazımdır.

Eləcə də məşğulluqla bağlı aztəminatlı ailələrin, daha çox qayğıya ehtiyacı olan qazilərin, ümumi səbəbədən əlilliyi olan şəxslərin, Şəhid ailələri, valideyn himaysindən məhrum olmuş uşaqların işlə təmin olunması, ailə başçısını itirmiş ailələrdə qadınların, yaxud əmək qabiliyyəti olan digər üzvlərin məşğulluğu ön planda olmalıdır. Qeyd edim ki, Şəhid ailələrinin, qazilərin, müharibə veteranlarının işlə təmin olunmasında dövlətin xüsusi layihələri var. Onlar özünəməşğulluq proqramlarına cəlb olunur və yaxud müştərək maliyyələşmə şərtləri daxilində özəl sektorda işə dəvət olunurlar. Amma hesab edirəm ki, bu imkanların daha da genişləndirilməsinə ehtiyac vardır.

 

- Əlilliyin təyinatı üzrə aparılan işlər ölkə əhalisini nə dərəcədə düzgün əhatə edir və əlilliyin verilməsində yaranan problemlərin aradan qaldırılması üçün hansı işlər görülür?

 

- Əlilliklə bağlı ölkədə dərin islahatlar aparılır. Ötən il Nazirlər Kabinetinin qərarı ilə ölkəmizdə əlilliyin təyin olunmasının yeni meyarları tətbiq olundu. Bu bizim üçün yeni olsa da, Ümümdünya Səhiyyə Təşkilatının tövsiyyəsi ilə bütün dünya ölkələrində əlilliyin təyin olunmasının meyarlarının tətbiqi tövsiyə olunur. Azərbaycan demək olar ki, əlillik təyinatında Avropa Standartlarına gəlib çatmışdır. Amma kifayət qədər narazılıqlar da var. Bəzən işin çoxluğu, bəzən obyektiv müayinə aparılmaması, sənədlərin düzgün doldurulmaması, şəxslərin müalicəyə tam cəlb olunmaması səbəbindən əlilliklə bağlı müraciətlərin geri qaytarılması halları olur ki, bu da vətəndaşlarımızı narahat edən başlıca məsələlərdir. Bizə şikayət məktubları, şikayətçilər gəldiyi halda onları Əmək və Əhalinin Sosial Müfadiəsi Nazirliyində Dövlət Əliliyin Ekspertizası və Reablitasiyası xidmətinə yönəldirik. Beləliklə, şəxslərin əyani müayinəyə dəvət olunması, əlilliklə bağlı qərarların vətəndşın özünə elan edilməsi, izahatın verilməsinin təmin edilməsi məsələləri nazirliyin qarşısında əsas tələb kimi qoyulub. Amma əlillik təyin olunmayacağı halda bu insanların gəlirlərinin nədən ibarət olacağını da taleyin ümidinə buraxmaq düzgün deyil. Yəni, əvvəllər əlillik pensiyası almış, sonradan əlilliyin dayandırılması ilə gəlirlərini itirmiş şəxslər işlə təmin olunmalıdır. Bəli, müəyyən müddət ərzində kifayət qədər əsaslandırılmamış əlilliyin ləğv olunmasının bütün vətəndaşlarımız tərəfindən ciddi narazılıqla qarşılandığını düşünmürəm. Amma narazı qalanların da arqumentləri budur ki, hardasa işlə təmin olunmalıdırlar. Bu, cəmiyyəti düşündürən məsələlərdəndir. Amma düşünürəm ki, bu sahədə gərginliklər əvvəlki kimi deyil, şikayətlərin sayı azalıb. Görünür ki, profilaktik tədbirlər öz müsbət nəticələrini verməkdədir.

 

- Necə hesab edirsiz, büdcəyə dəyişiklik pensiya və maasların, sosial yardımların artırılması, müəyyən katiqoriyadan olan insanların sosial həyat şəraitinin yaxşılaşdırılmasına dəstək baxımından nə dərəcədə əhəmiyyətlidir və sosial gərginliyin, problemlərin aradan qaldırılmasında hansı rolu oynaya bilər?

 

- Büdcə prafsitinə görə, Dövlət büdcəsi, Sosial Müdafiə Fondunun büdcəsi, işçinin sığorta fondunun büdcəsi Milli Məclisdə birinci oxunuşda qəbul olundu. Dövlət büdcəsinin 3 milyard gəlir hissəsində, 3,2 milyard xərc hissəsində artımlar nəzərdə tutulub. Büdcənin profsitinə əlavə olunan bütün vəsaitlər qısa strateji hədəflərə sərf olunacaqdır: Qarabağın və Şərqi Zəngəzurun bərpasına, Ordumuzun qüdrətinin artırılmasına, milli təhlükəsizliyimizin güclənməsinə, eyni zamanda xaricdə beynəlxalq siyasətin həyata keçirilməsi üçün maddi təminatların yaxşılaşdırılmasına və bir sıra strateji investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldilib. Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə 4 milyon manatlıq artım nəzərdə tutulur. Bu artım da əsasən uşağın doğulmasına görə birdəfəlik müavinətin artırılmasına yönəldiləcək. Bilirik ki, cənab Prezidentin sərəncamı ilə bu il yanvar ayının 1-dən uşağın doğulmasına görə müavinətin məbləği 300-manatdan 500 manata qaldırılıb. Digər xərclər isə Dövlət Sosial Müdafiə Fondunun strukturunun saxlanılmasına, maaşların verilməsinə və digər xərclərə yönəldiləcək. İşsizlikdən Sığorta Fondunun büdcəsinə 5 milyon manat gəlirləri və xərcləri artırılır. Xərclərin əsas istiqamətləri İşsizlikdən Sığorta müavinətlərinin artırılması, yeni iş yerlərinin açılmasına və haqqı ödənilən ictimai işlərdə əmək haqqının artırılmasına yönəldiləcək. Amma prafsit büdcənin əsas məqsədi dediyim kimi strateji məqsədlərlə bağlıdır.

 

- Siz Milli Məclisdə səhiyyə və təhsil işçilərinin iş fəaliyyətinin 65 yaş həddində məhdudlaşdırılmasını düzgün hesab etmədiniz və bunun yarada biləcəyi gərginliyi nəzərə alaraq, qanunla vətəndaşın əmək fəaliyyəti müddətinin 70-ə uzadılmasını təklif etdiniz. Bu məsələ o spektr əhali üçün nə dərəcdə zəruridir, əhəmiyyətlidir?

 

- Büdcədən maliyyələşən təşkilatlarda işçilərin son iş həddi 65-yaşa qədər müəyyən olunub. 65 yaş tamam olduqdan sonra Əmək Məcəlləsinin 10-1-ci maddəsinə görə işçi işdən çıxarılaraq pensiyaya göndərilir. Amma özəl sektorda çalışan eyni yaşda olan işçilər üçün belə bir məhdudiyyət yoxdur. Mən də hesab edirəm ki, əmək qabiliyyəti, peşə bilik bacarığı qaydasında olan yaşlı insanların yalnız yaşa görə məcburi pensiyaya göndərilməsi doğru deyil, bu, onların əmək hüququnun məhdudlaşdırılmasıdır. Bu mənada hesab edirəm ki, bu məhdudiyyətlərlə bağlı bir qədər yumşaldılma aparılmalıdır. Digər tərəfdən, əgər gənc insanlar özlərinə iş tapmaq imkanlarına malikdirlərsə, yaşlı insanların belə imkanları olduqca məhduddur. Eləcə də, qeyd olunan peşə sahələri üzrə bölgələrdə olan boş iş yerlərində gənclərin gedib çalışması, adaptasya olunması daha rahat olar, nəinki yaşlı insanların. Əsas arqumentim ondan ibarətdir ki, əgər işçinin bilik, bacarıq vərdişləri yerindədirsə, sertifikasiyadan keçibsə, yaş onun işini davam etdirməsinə əngəl yaratmalı deyil. Ona görə də təklif etdim ki, bu yaşda insanlar da sertifikasiyadan keçsin, kimin yüksək balı varsa, qalıb işləməldir. Yaxud, kim lazım olan balı toplamırsa, yaşından asılı olmayaraq onu başqa işə keçirtmək, yaxud işdən kənarlaşdırmaq daha ədalətli olar. Bu fikirlər təəssüflər olsun ki, cəmiyyətə bir qədər təhrif olunmuş şəkildə təqdim olundu və bəzi hallarda sosial şəbəkələrdə, bəzi saytlarda bunu pensiya yaşının 70 yaşa qədər artırılması kimi təqdim etdilər. Bu yanlışdır. Bu təklif pensiya yaşı ilə bağlı deyildi. Təklifim ondan ibarətdir ki, insanlar pensiyaya çıxandan sonra da onlara işlərinə davam etmək imkanları yaradılmalıdır.

 

- Hazırda göstərilən pensiya yaş həddinin çox olduğu, hətta insanların o yaşa çatmadan dünyasını dəyişdiyi deyilir. Bu sahədə hansı islahata ehtiyac var? Qadınların 56-59, kişilərin 62 yaşda təqaüdə çıxarılması barədə fikirləri necə dəyərləndirirsiz?

 

- Pensiya yaş həddi barədə ekspertlər müxtəlif fikirlər söyləyir və bunu özləri bildikləri kimi arqumentləşdirirlər. Amma bu gün nə hökumətdə, nə də parlamentdə pensiya yaşının dəyişdirilməsi məsələsi müzakirə mövzusu deyil.

 

- Tibbi İcbari Sığortanın tətbiqi ilə bağlı vəziyyət sizi qane edirmi? İcbari sığortanın düzgün tətbiqi, o cümlədən vətəndaşın bundan düzgün yararlanması üçün hansı imkanları var?

 

- Tibbi İcbari Sigorta bu gün dünyada səhiyyənin idarə olunması, tibbi xidmətlərin göstərilməsi, maliyyələşdirilməsi sahəsində ən uğurlu modeldir. Amma bu modelin özü də tam mükəmməl deyil, əsas problem maliyyələşdirmə, xərclərin düzgün bölüşdürülməsi ilə bağlıdır. Eyni zamanda problem kadrların yerləşdirilməsi və idarəetmənin şəffaflığı ilə bağlı məsələlərdir.

Azərbaycanda İcbari Sığorta iki ilə yaxındır ki, geniş tətbq olunur. Onun da tətbiqinin 1-ci ili pandemiyanın ağır dövrünə düşdü. Bu prosesə çox ağır şəraitdə başlandı. Mən deyərdim ki, istər İcbari Tibbi Sığorta Agentliyində, istərsə də TƏBİB-də olduqca fədakar mütəxəssislərimiz çalışır. Mən onların iş prinsipləri, iş şəraiti ilə tanışam, olduqca çətin şəraitdə İcbari Tibbi Sığorta işini qura bildilər. Amma eyni zamanda hesab edirəm ki, İcbari Tibbi Sığortanın inkişafı üçün ona tam dəstək verilməlidir. Xüsusilə, maliyyələşdirmə ilə bağlı xüsusi imkanlar yaradılmalıdır. Çünki müxtəlif cərrahiyyə əməliyyatların xüsusilə çox vəsait tələb edən istiqamətləri var ki, onlarda da özəl sektordakı qiymətlərə yaxın qiymət müəyyənləşməlidir ki, istənilən nəticə real olsun. Digər bir məsələ ondan ibarətdir ki, burda vətəndaşların da əlavə ödəmələrinə imkanlar yaradılmalıdr. Tutaq ki, vətəndaş çox ağır şəraitdə özəl sektora İcbari Sığortaya əsasən minimum qiymətlərlə göndərilir, amma həmin qiymət özəl klinikalardakı xidmətlərə uyğun gəlmədiyinə görə ya vətəndaşı geri qaytarırlar, ya da müxtəlif bəhanələrlə əlavə vəsait alırlar. Amma bu məsələni hüquqi müstəvidə həll etmək olar. Yəni İcbari Sığorta öz imkanları daxilində maliyyə dəstəyini göstərsin, qalan hissəsini isə vətəndaş öz imkanları hesabına hüquqi qaydada ödəsin.

Dediyim kimi, ölkəmizdə İcbari Sığorta cəmi iki ildir tətbiq olunur. İşin gedişi prosesində yəqin ki, bu məsələlər də öz həllini tapacaq. Ən əsası isə odur ki, burada cənab Prezidentin, hörmətli birinci vitse- prezidentin qayğısı, diqqəti və siyasi iradəsi var. Bu işin Azərbaycanda ən uğurlu sosial layihələrdən biri olacağına inanıram.

 

- Azərbaycanın dərman bazarındakı bugünkü vəziyyəti nədir. Bir çox hallarda apteklərdə lazım olan dərmanların tapılmaması, qiymətlərin baha olması, eləcə də bir sıra şirkətlərin ölkəyə keyfiyyətsiz dərmanlar gətirməsi və sair neqativlərin aradan qaldırılması üçün hansı addımların atılmasını zəruri hesab edirsiz?

 

- Bu, hər birimizi narahat edən məsələdir. Burada iki mühüm məsələ hər zaman bir-biri ilə toqquşur: dərmanın keyfiyyəti və qiymətlər. Keyfiyyəti yüksək olan dərmanın qiymətinin də yüksək olması, təbiidir. Amma bu da vətəndaşın imkanları daxilində olmalıdır. Burada obyektiv və subyektiv çətinliklər var. Obyektiv çətinlik ondan ibarətdir ki, Azərbaycan özü dərman istehsal edən ölkə deyil. Dərmanlarımızın 95 faizi xarici ölkələrdən alınır. Həmin ölkələrdəki infilyasiya, bahalaşma, dərmanın qiymətinin yüksək olması, yol-nəqliyyat və sair xərclər Azərbaycanda dərmanın qiymətinin artmasına səbəb olur. Subyektiv səbəblər ondan ibarətdir ki, dərmanların qiyməti Azərbaycanda tənzimlənir və o tənzimlənmənin özündə də müəyyən problemlər var. Ona görə də bir qədər əvvəl Türkiyə və Azərbaycan dərman bazarının birləşdirilməsi təklifini irəli sürmüşdüm. Türkiyədəki dərmanlar kifayət qədər keyfiyyətli və kifayət qədər əlçatan qiymət həddindədir. Amma hər dövlətin də özünün daxili dərman siyasəti var və görünür hökumət bu təklifi məqbul hesab etmədi. Amma reallıq onu göstərir ki, bu gün Azərbaycandan Türkiyəyə gedən insanların əksəriyyəti geri dönüşdə bir-birinə hansısa dərmanların gətirmələrini xahiş edirlər. Hesab edirəm ki, bu reallıqla barışmaq lazımdır. Türkiyə dərmanlarının Azərbaycan bazarına daxil olması üçün hüquqi və texniki imkanlar yaradılmalıdır. /"Həftə İçi", hafta.az/

 

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

Bakı sakinlərinə ŞAD XƏBƏR

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ