23 İyul tarixində saat 19:04-də Daxili İşlər Nazirliyinin “102” Xidməti-zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağdam rayonu, Evoğlu kəndi ərazisində evin həyətində bir ədəd mərminin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Ağdam rayon Polis şöbəsinin və Səhiyyə Nazirliyinin Ağdam rayon Mərkəzi Xəstəxanasının əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Ağdam rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə bir ev və həyətyanı sahəyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bir ədəd kooroziyaya uğramış əl qumbarası aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Əl qumbarasının ətrafında 30 kv.m əraziyə yerüstü, 50 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.