“AMOR Təqaüdü” müsabiqəsində 18 azərbaycanlı tələbə qalib gəlib
Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən “AMOR Təqaüdü” müsabiqəsində 18 azərbaycanlı tələbə qalib gəlib.
RAGB tərəfindən artıq ikinci il keçirilən müsabiqə çərçivəsində Rusiya Federasiyasında təhsil alan əlaçı-tələbələrə maliyyə yardımı göstəriləcək. Cari ildə koronavirus qlobal pandemiyası ilə əlaqədar olaraq müsabiqənin miqyası genişləndirilmiş və 18 tələbə təqaüd qazanıb. Qeyd edək ki, 2019-cu ildə keçirilən müsabiqədə 13 tələbə təqaüdə layiq görülüb.
Müsabiqədə iştirak üçün sənəd qəbulu təşkilatın vebsaytı və sosial şəbəkələrdəki rəsmi səhifələri vasitəsilə elan olunub. Bütün müraciətlərə RAGB komandası tərəfindən müsabiqənin tələblərinə uyğun şəkildə baxılıb. Daha sonra, müvafiq ixtisaslar üzrə məzunların və Rusiya Federasiyasının gənclər sahəsində qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə müsahibələr keçirilərək qaliblər müəyyən edilib.
Müsabiqədə Rusiya Federasiyasının ali təhsil müəssisələrində əyani formada bakalavr və ya magistr təhsili alan, əlaçı olan azərbaycanlı tələbələr iştirak edə bilərdi.
Rusiya Azərbaycanlı Gənclər Birliyi Rusiya Federasiyasında yaşayan azərbaycanlı gənclərin həmrəyliyi və onlara sosial, yaradıcılıq və təhsil sahəsində dəstəyin göstərilməsi məqsədilə 2009-cu ildə Leyla xanım Əliyevanın təşəbbüsü ilə yaradılıb.
Sözügedən layihə, təhsildə fərqlənən gənclərə tam dəstəyin göstərilməsi və gənclərin təhsilə olan marağının stimullaşdırılması məqsədilə RAGB tərəfindən hər il həyata keçirilir.
Gəncləri RAGB-ın fəaliyyətini təşkilatın vebsaytı və sosial şəbəkələr vasitəsilə daim izləməyə və gələcəkdə həyata keçiriləcək bütün layihələr haqqında məlumatlı olmağa dəvət edirik.
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"